“Bu insanlarda ani ölüm baş verə bilər” — Dr. Seymur Musayev

“Bu insanlarda ani ölüm baş verə bilər” — Dr. Seymur Musayev

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis Dr. Seymur Musayevdir. Müsahibimiz ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni  təqdim edir:

Arayış

Peşəkar ürək-damar cərrahı Dr. Seymur Musayev 1997-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə aspirantura təhsilini başa vuraraq 2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2004-2005-ci illərdə Türkiyə Respublikasının İzmir Xəstəxanasında ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib.

17 ildir ürək-damar cərrahı kimi fəaliyyət göstərən Dr. S. Musayev 2019-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri işləyib. O, ağır və riskli ürək əməliyyatlarını peşəkarlıqla icra edən yüksək ixtisaslı mütəxəssisdir.

Dr. Seymur Musayev hazırda Ege Hospitalda çalışır.

-Ürəyin işemik xəstəliyi nədir?

-Ürəyin işemik xəstəliyi daha çox yaşlı insanlarda rast gəlinən, ateroskleroz  xəstəliyinin, damar divarlarının kirəcləşməsi nəticəsində yaranan xəstəlikdir. Belə ki, ürək damarlarında kirəcləşmə artdıqca damarlar tutulur və  həmin damarın qidalandırdığı sahəyə gedən qanın miqdarı azalır.  Biz bu kirəcləşmənin qarşısını ala, aterosklerozun özünü müalicə edə bilmirik. Çünki müasir tibbdə bu xəstəliyin müalicəsi hələ tapılmayıb. Lakin onun yaratdığı ağırlaşmaları aradan qaldırmaq mümkündür.

Ürək damarlarından keçən qanın miqdarı daha çox azalanda xəstə üçün həyati təhlükə yaradır. Hətta miokard infarktına qədər gətirib çıxara, ölümlə də nəticələnə bilər.

-Kimlər risk qrupuna daxildir?

-Xəstəliyi iki risk qrupuna ayıra bilərik. Dəyişə biləcəyimiz və dəyişə bilməyəcəyimiz faktorlar var. Dəyişə bilməyəcəyimiz faktor genetik amillə bağlıdır. Digər faktorlara isə siqaret istifadəsi, oturaq həyat tərzi, yüksək xolesterinli qida qəbulu və s. daxildir. Eləcə də qanda şəkəri tənzimlənməyən şəkərli diabet xəstələrində bu xəstəlik daha erkən yaşda və aqressiv müşahidə edilir. Bu elə bir xəstəlikdir ki, ondan 100 faiz qorunmaq mümkün deyil. Lakin tövsiyələrə əməl etməklə ən azı yaranma yaşını gecikdirə bilərik.

-Ürəyin işemik xəstəliyinin hansı əlamətləri var?

-Başlıca əlaməti stenokardiyadır. Döş qəfəsinin xüsusilə də sol yarısını, bəzən isə bütün döş qəfəsini əhatə edən ağrı kimi özünü büruzə verir. Ağrılar sol boyuna, sol qola, sol çiyinə doğru da yayıla bilir və daha çox fiziki yük zamanı ortaya çıxır. Bəzən isə uzunmüddətli ağrı verməyə də bilər. Özünü tamam sağlam hiss edən xəstədə döş sümüyü arxasında qəfil şiddətli ağrı yarana və miokard infarktı baş verə bilər.

-Həkimə nə zaman müraciət etməli?

-Əgər xəstədə sadaladığımız əlamətlər varsa, fiziki yük, gərginlik zamanı döş qəfəsində yanma, göynəmə, şiddətli ağrılar yaranırsa, xüsusilə də üzü küləyə doğru soyuq havada addımladıqda tox qarına bu ağrılar daha çox artırsa, vaxt itirmədən həkimə müraciət etmək, angioqrafiyaya (anju) qədərki müayinələrdən keçmək lazımdır. Təcrübəli həkim zəruri müayinə və sual-cavab nəticəsində pasiyentdə stenokardiya olub-olmadığını 70-80 faiz təyin edə bilir. Əgər ehtiyac yaranarsa, xəstəyə angioqrafiya da təklif olunur. Onu da qeyd edək ki, bu xəstəliyin dəqiq diaqnozu üçün yeganə metod angioqrafiyadır.

-Ürəyə bağlı ani ölümlər necə baş verir?

-Biz xəstəliyin əlamətlərini sadaladıq. Bəzən isə xəstəlik kliniki əlamətlər müşahidə olunmadan da inkişaf edir. Pasiyent heç bir şikayəti olmadan həyatına davam edir və günün birində qəfləti ürək dayanması, ani ölümlə üzləşir. Qəfləti ölümlərin 70-80 faizi ürəklə, infarktla bağlıdır. Odur ki, infarkta qədərki müayinə və müalicə çox önəmlidir, insanı ani ölümdən qoruyur.    

-Etdiyiniz əməliyyatlar nədən ibarətdir?

-Əməliyyatın əsas məqsədi işemik bölgəyə qan axınını artırmaqdır. Bunun üçün ayaqdan götürülən yardımçı damarlar, yaxud da qızıl standart sayılan döş qəfəsinin daxili arteriyası vasitəsilə tutulan damarın darlıqdan sonrakı hissəsi baypas olunur.

-Əməliyyat olunan ürəkdə yenidən miokard infarktı riski yarana bilərmi?

-Bəli. Qeyd etdiyimiz kimi, dünyada aterosklerozun müalicəsi yoxdur. Yəni damarların kirəcləşməsinin qarşısını tamam almaq mümkün deyil. Əgər pasiyent əməliyyatdan sonra həyat tərzini dəyişməz, müalicələrə davam etməzsə, zamanla həm sağlam, həm də dəyişdirilən damarda yenidən kirəcləşmə yarana bilər. Kirəcləşmə artdığı halda isə miokard infarktı riski təkrar gündəmə gəlir.

-Gecikmiş hallarda da xəstəyə kömək edə bilirsinizmi?

-Təəsüf ki, gecikmiş, artıq infarkt keçirmiş xəstələrimiz də çox olur. İnfarktdan öncə müraciət edən pasiyentlərdə gördüyümüz əsas iş sadəcə damarları dəyişmək olursa, infarktdan sonra isə yaranmış əlavə ağırlaşmaları da aradan qaldırmalı oluruq. Bu həm xəstə üçün çətindir, həm də əməliyyat riskini xeyli artırır. İnfarktdan əvvəl ölüm riski 1-2 faizdirsə, infarktdan sonra bu rəqəm 3-5 faizə qədər qalxır.

-Ağır xəstələrin əməliyyatında da uğurlu nəticələriniz olurmu?

-Bəli. Hər xəstə üçün əlimizdən gələni etməyə çalışırıq. Önəmli olan doğru diaqnoz və müalicədir. Əməliyyat qərarını ürək komandası konsilium etməklə verir. Əgər cərrahi müdaxilə göstərişdirsə, bunun önəmini xəstə və yaxınlarına izah etməyə çalışırıq. Bəzən xəstənin özü, yaxud da yaxınları əməliyyatdan imtina edirlər. Halbuki əməliyyat yaşama müddətini 2-3 dəfə artıra bilər. Əməliyyatdan imtina edən xəstələrin təxminən 50 faizi bir il ərzində həyatını itirir. Beş il sonra onların yalnız 15-18 faizini sağ tapa bilirik, qalanları isə həyatda olmur. Əməliyyat olunan pasiyentlərin isə 85-90 faizi on ildən də daha çox yaşaya bilir. Bu rəqəm onu göstərir ki, cərrahi müalicə qərar verilən xəstələr üçün əməliyyat nə qədər önəmlidir.

Qeyd: Maraqlananlar Dr. Seymur Musayevlə  (055) 369- 11- 78 və (070) 369-11-78 mobil nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin feysbuk və  instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar. 


Share: