“Qanun” nəşriyyatı tərəfindən türkiyəli yazıçı, akademik, araşdirmaçı, ədəbiyyatşünas İsa Kocakaplanın “Türkü söyləyən şəhərlər” adlı əsəri Azərbaycan türkcəsində çap edilib.
Əsərdə Türkiyədə tarixi əhəmiyyət kəsb edən hadisələrdən, şəhərlərin keçmiş dəyərlərindən, adət- ənənlərindən bəhs edilir. Kitabda Azərbaycana – Bakıya xüsusi yer verilib. Bu bölmədə müəllifin Bakı, onun tarixi keçmişi, gələcəyi haqqında maraqlı fikirləri yer alıb. Kitabı Türkcədən Azərbaycancaya Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin uyğunlayıb.
Kitabın redaktorları “Turan” ədəbi məclisinin sədri, şairə Rəfiqə Şəms və yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlı, korrektoru Jalə Heybətovadır.
“Türkü söyləyən şəhərlər” kitabının arxa üz qabığındakı yazı isə diqqəti daha çox cəlb edib.Yazının müəllifi Gülnarə Cəmaləddin yazıb ki, “İsa bəyin bu əsərini birnəfəsə oxudum və uyğunlamağa qərar verdim.. Uyğunladıqca da yenidən, təkrar- təkrar müəllifin türkcəsinə aşiq oldum, sözlər cümlənin içində elə otuzdurulub ki, birinə toxunsan bütün fikirlər öz mənasını itirər, əvvəlki effektini, gücünü verməyə bilər. Təsvirləri, bənzətmələri o qədər dəqiq və mükəmməldir ki, o yerlərin hər qarışının rəngini görürsən, oxşayırsan. İsa bəy hadisələri özü nəql edir, şərh verir, səni ardınca aparır, tilsimləyir, Ballıca Mağarası kimi sözünün sehrinə salır. Könüllü o cazibəyə qapılırsan, çıxmaq belə istəmirsən o aləmin sehrindən. Şəhərlərin fiziki çöhrələri ilə yanaşı mənəvi dünyası ilə də görüşdürür oxucusunu. O insanların iman dolu, Allah sevgisi ilə yüklü ruhlarının gözəlliyi qarşısında əzilirsən, əriyirsən, itirsən, yox olursan. Yaşadığın dünyayla arandakı bağları qırır, səni ilahi aləmə aparır. O, şəhərlərin kədərli, yanıq türküləri külünü göyə sovurur, tüstünü təpəndən çıxarır, tüklərini biz-biz edir. Ən əsası arınırsan, durulursan, saflaşırsan, Allahına, imanına, dininə, dilinə yeni bir eşqlə, yeni bir atəşlə təzədən, dönə-dönə vurulursan”.