Ziyalı adam kim deyilir? – Orxan Saffari yazır…

Ziyalı adam kim deyilir? – Orxan Saffari yazır…

Kulis.az Orxan Saffarinin “Ziyalı yoxluğu” adlı yazısını təqdim edir.

Çox uzaq keçmişdə yox, elə bu yaxınlarda, təxminən, siz bu yazını oxuduğunuz andan 5-10 gün əvvəl oturub düşündüm ki, kimə inanmaq olar? Ciddi, inanılacaq bir adam varmı? Gəldiyim nəticə: Gördüm ki, yoxdu.

Vallah, özünü ciddi sayan adamlardan da çox-çox üzr istəyərək, demək istəyirəm ki, sizi ya aldadıblar, ya da özünüz özünə bərk yalan danışırsınız. Olmaz belə. Gərək qarşıma qoyub, danlayım? Özünüz anlaya bilmirsiniz? Ayıb deyil?

Həqiqət mövzusunda mən yalançı bəndəniz bir qədər çıxışlar eləmişəm. Həmin çıxışlardan hissələrə qoyub, uzunçuluq eləməkdənsə, ümumi nəticəni sizə deyim:

Həqiqət deyə bir anlayış yoxdu. Hərəmiz bir həqiqətin yalançısıyıq, başımızı bir yalanla orda-burda girələyirik. İndi özümüzə görə olan həqiqətlər də var ki, onlar heç kimə lazım deyil. Elə özümüzə də lazım olmur. Bəs niyə inana biləcəyimiz bir ciddi adam yoxdu? Söhbət təbii ki, ictimai, siyasi, ziyalı sayılan adamlardan gedir. Bu xalqı, bizi aldadan məhz onlardır axı. Səbəblər nədir? Ayrı-ayrılıqda bir neçə səbəb bilsəm də, üzr istəyirəm, amma əsl səbəbi mən də bilmirəm.

Hərdən olub, xam xəyallara düşüb, ziyalı olmaq istəmişəm. Elə bilirəm, bu cəmiyyətin ziyalısı olmaq asandır. Uşaq olmuşam. Yaşım dolduqca da görürəm ki, heç məndən ziyalı düzəltsələr belə, olan deyiləm. Çünki qorxuram.

Adamlar ziyalılarla mırtlaşır. Nə etmədiyindən, nə deməyindən asılı olmayaraq konkret məzələnirlər. Kimliyinin də fərqi yoxdur. Səni elə dolayarlar, xəbərin də olmaz. Tərifləyə-tərifləyə məzələnərlər adamla. Necə ki, belə də edirlər. Bir dəfə Manaf Ağayevi tərifləyən bir yazı yazdım. Yazıda ona ağsaqqal, ziyalı demişdim. Başladılar məni söyməyə. O söyən adamlar da toyuna sonra Manaf Ağayevi çağırır, görəndə də şəkil çəkdirirlər. Mahiyyətləri də Manaf Ağayevdir. Ona görə də bu adamlardan baş açmaq olmur. Manaf Ağayevin dediklərini evdə ataları da deyir, amma ataları onlar üçün ziyalıdır. Di gəl, Manaf deyəndə salırlar hoydu hoyduya.

Potensial ziyalı ola biləcək adamlarla da zamanında elə mırtlaşdılar ki, gəl görəsən. Bəz özümüzə kimi ziyalı seçək? Şairi, yazıçını, ya hansısa intellektualı adamı?

Məsələn, mən aid olduğum ədəbiyyatda da ziyalı görmürəm. Kimdir ziyalı? Anar?

Yoxsa Ramiz Rövşən?

Yoxsa Rəşid Mahmudov?

Sizə bu həqiqəti də açıqlayım ki, dərinə gedəndə qınamıram da. Çünki alternativiniz yoxdur. Kim əl atsanız boş çıxır. Qalmısınız çarəsiz. Yüngülvari klassik həqiqətləri deyən adamı, tutub ziyalı eliyirsiniz, sonrası da heç. Nə bilim. Allah bu xalqa ziyalı göndərsiniz. İmam Zaman zühr eləməzdən əvvəl ziyalı gəlsəydi, bundan da nəsibimizi alıb, rahat ölərdik.

Share: