Bundan sonra bir vəzifəmiz var…

Bundan sonra bir vəzifəmiz var…

Kulis.az Vüqar Babazadənin “Zəfərin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Şuşa azad edilən gün “Tarqovu”da oturmuşdum. Dostumu gözləyirdim. Tıxaca görə gecikirdi. Birdən restoranlarda oturan adamlar sevinclə qışqırmağa başladılar. Şuşanın azad olunması xəbəri gəlmişdi. Arıq, cavan bir süpürgəçi oğlan zibilləri yığa-yığa yanıma yaxınlaşıb dedi:

– Qaqa, nə olub ki? Niyə hamı qışqırır?

– Şuşa azad olunub – cavab verdim.

– Hə? Nə yaxşı. Bəlkə, siqaretin ola? – deyib yorğun gözləri ilə mənə baxdı. Onun gözləri deşik vedrəyə oxşayırdı. Siqareti verəndə yanımızdan ağzında siçan tutmuş bir pişik keçdi. Oğlan siqareti yandırıb, ayaqüstə çəkdi. Yüngülvari yağış da atırdı. Bir anda hamı Tarqovunun ortasına yığışıb himn oxumağa başladı. O siqaret çəkə-çəkə uzun müddət adamların sevinməyinə baxdı. Siqareti tüstü-tüstü azalıb havaya qarışdıqca, adamlar meydana doluşur, bir-birini qucaqlayıb sevinirdilər. Dostum gəldi, biz qışqıran, sevinən, ağlayan insanların arasından çıxıb, yeraltı kafelərin birinə içməyə getdik.

***

Bu gün – 8 noyabr Şuşanın işğaldan azad olunması günüdür. Zəfər bayramıdır. Məktəbli gündəliklərimizdə işğal olunmuş rayonların tarixləri vardı. İki rayonun tutulması tarixindən başqa, qalan tarixləri əzbərləyə bilmirdim. Yadımda qalmırdı. Həmin iki rayon da Şuşa və Zəngilan idi. Şuşa 08.05.1992, Zəngilan 25.10.1993. Şuşa ilk dəfə inzibati rayon statusunu da avqustun 8-i 1930-cu ildə alıb. İndi də həmin iki rayonumuzun zəfər gününü bilirəm. Şuşa 08.11.2020, Zəngilan 20.10.2020. Elə adamlar var, bütün tarixləri əzbərləyiblər. Amma mən əzbərləyə bilmədim. Şuşanın işğalı və azadlığı eyni gündədir, mayın 8-də işğal edilib, noyabrın 8-də azad olunub.

Şuşa bizim ruhumuz idi. Ruhumuzu geri qaytarmışıq. Ruhlanmışıq. Bir xalqın ən böyük bəxtiyarlığı itirdiklərini qaytarmağıdır. İndiyə kimi çox şey itirmişdik. Zəfər təkcə torpaqlarımızı yox, itirdiyimiz ruhumuzu da geri qaytardı.

***

Zəfər ölümlərə qalibiyyət yükü qazandırdı, onların boş yerə baş vermədiyini sübuta yetirdi.

Təsəllilərin ən böyüyünü verdi.

İnsanların xarakterinə, xasiyyətinə təsir göstərdi.

Zəfər torpağı basılan kişinin içində gəzdirdiyi boşluğu həyat enerjisi ilə, yaşamaq sevinci ilə, ümidlə doldurdu.

Ruhumuzun zədəsini yamadı, ürəyimizə məlhəm oldu.

Ağrıları, ahları ovutdu. Biz məhz zəfərdən məhrum olduğumuz üçün özümüzü heç vaxt xoşbəxt hiss etmirdik.

2020-ci il sentyabrın 27-də yarım minillik tariximizdə ilk dəfə irimiqyaslı hərbi əməliyyata başlayaraq işğal edilən torpaqlarımızın geri qaytarılması üçün ölüm-dirim savaşına atıldıq. Bu artıq bir xalq olaraq bizim taleyimiz idi. Taleyimizin arxasınca getməli idik. Cəmi qırx dörd günə dörd min dörd yüz ildə edə bilmədiyimizi etdik: ərazi bütövlüyümüz təmin olundu və on illərlə bizə qənim kəsilən düşmən kapitulyasiya imzalamağa məcbur qaldı. Zəfər qapımızı döydü.

Zəfər can verən ruhumuzu oyatdı.

Çörçilin hamının dilində olan cümləsində deyildiyi kimi “Müharibə ilə xəcalət arasında seçim edən bir ölkə xəcaləti seçirsə, həm müharibə, həm xəcalətlə üzləşir”. Nə oldusa, haqqına oldu. Biz qalib ordunun qalib xalqıyıq.

Zəfər bizə güvən gətirdi. Özümüzə güvənməyi, inanmağı öyrətdi.

Bayrağımızı daha ucalarda dalğalandırdı.

Onun rənglərini daha aydın, daha kəskin göstərdi.

Uşaqların üzünə xoşbəxtlik, böyüklərin çöhrəsinə təbəssüm qondurdu.

Çünki Zəfər bir xalqın mövcudluq dəyəridir. Xalq qələbə qazananda var olur.

Zəfər bizim yeni səhifəmiz, yeni tariximiz, yeni ümidlərimizdir.

Biz son yarım minillikdə yaşayan soydaşlarımızdan daha şanslı insanlarıq, çünki belə bir günü yaşamaq qismətimiz oldu.

Bundan sonra bir vəzifəmiz var: hamılıqla bu Zəfərimizə layiq olmaq.

Onu bizə qazandıran şəhidlərin dəyərini bilmək. Onun uğrunda canından keçmiş insanların ruhunu daima yüksəkdə tutmaq.

Onlar olmasaydı, zəfər olmayacaqdı.

Zəfər günümüz mübarək olsun!

Share: