Kulis.az Mahir Əlisahiboğlunun şeirlərini təqdim edir.
Gördüm
Ömür karvanımın keçdiyi yolda,
Bəxti qara gələn nadanı gördüm.
Ədalət yolunda, namərd torunda
Neçə mərdi qəlbi yaralı gördüm.
Ah-nalə içində keçdi hər günüm,
Dağlara yayıldı harayım, ünüm
Soldu çəmənlərdə çiçəyim, gülüm
Ananı baladan aralı gördüm.
Bu vətənin torpağında, daşında
Əl çatmayan qayaların qaşında,
Meşənin qoynunda, çeşmə başında
Köksündən qan axan maralı gördüm.
Qara taleyini varaqlayaraq,
Cavanlıq eşqini soraqlayaraq,
Oğlunun baş daşın qucaqlayaraq
Dil deyib ağlayan ananı gördüm.
Mahirəm, güzarım düşdü ellərə,
Bu pərişan halım düşdü dillərə,
Sözümü deyəndə əsən yellərə
Sinəmdə sızlayan yaranı gördüm.
Çəkə bilsən
Sevginin naxışı var,
Mərdanə baxışı var,
Sulartək axışı var
Nazını çəkə bilsən.
Bağda xarı-bülbüldü,
Baharda qızıl güldü,
Yayda sarı sünbüldü
Nazını çəkə bilsən.
Dağın quzey qarıdı,
Məhəbbət nübarıdı,
Sevənlərin yarıdı
Nazını çəkə bilsən.
Düzdə gəzən ceyrandı,
Göydə süzən tərlandı,
Aləm ona heyrandı
Nazını çəkə bilsən.
Bir duvaqlı gəlindi,
Sənin dərdi-sərindi,
Şirin-şəkər dilindi
Nazını çəkə bilsən.
Ürəyindi, canındı
Damarında qanındı,
Bir sevgi ünvanındı
Nazını çəkə bilsən.
Doğulacaqsan
Saralıb solacaq ömrün gül kimi,
Göz yaşın axacaq üzdə sel kimi,
Saxta gülüşlərin saxta pul kimi
Bir gün də üzünə çırpılacaqdır.
Nə doğmaya baxdın, nə də ki yada
Vuruldun yalançı şöhrətə, ada
Bir gün də gələcək qoca dünyada
Günahlar içində boğulacaqsan.
Halaldan gen durub haramı yedin,
Tanrı dərgahında sən yalan dedin,
Şeytanın, iblisin donunu geydin
Cəhənnəm odunda qovrulacaqsan.
Mahirəm, demişəm, deyəcəyəm mən
Qara saçlarına düşəndə ağ dən,
Xəta edib heç vaxt düşünmə ki,sən
Bir də bu dünyaya doğulacaqsan.
Zəfər günüdür
Ay ellər-obalar, gözünüz aydın,
Sevinc göz yaşları, qəhər günüdü
Şuşa yaylağında, Cıdır düzündə
Azərbaycanımın zəfər günüdür.
Soldu baxçasında düşmənin gülü,
Puç oldu arzusu, diləyi, ünü
Şəhidlər qanıyla yazdı bu günü
Namusun, qeyrətin zəfər günüdür.
Öz ana yurdunun dadına çatan,
Qışın şaxtasında səngərdə yatan,
Düşmənin bağrına ox kimi batan
İgid oğulların zəfər günüdür.
Gecə də, gündüz də bir yerdə olduq,
Cənab Komandanın yanında durduq,
Zərbəni düşmənin başından vurduq
Birliyin, mərdliyin zəfər günüdür.
Qənim çıxdıq bizlərə xor baxana,
Köksümüzə paslı xəncər soxana,
Sədası yayıldı bütün cahana
Haqqın, ədalətin zəfər günüdür.