Özbəkistanın Akademik Opera və Balet Teatrı Bakıya qastrola gəlir

Özbəkistanın Akademik Opera və Balet Teatrı Bakıya qastrola gəlir

Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində 14-18 noyabr tarixlərində Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrol səfərinə gələcəkdir.

Kulis.az xəbər verir ki, səfər çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa ilə çıxış edəcəklər.

Teatrın vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən 179 nəfərlik yaradıcı heyətlə Bakıya gələn özbək həmkarlarımız noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini təqdim edəcəklər. Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş – Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Noyabrın 17-də isə Özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ” Ruqoletto ” operasının tamaşası ilə çıxış edəcəklər.

Share: