Oğlumu pis böyütdüm, indi yenidən… – Faiq Balabəyli

Bu gün tanınmış şair, jurnalist Faiq Balabəylinin ad günüdür.

Teleqraf.com Faiq Balabəyli ilə müsahibəni təqdim edir.

– Bu gün ad gününüzdür. Artıq elə bir yaşa gəlmisiz ki, sizi təkcə öz adınızla yox, məşğul olduğunuz peşələrə görə də tanıyırlar. Bu adlardan hansı sizə daha yaxındır, Şair, jurnalist, dənizçi?

– Dənizçilik öz seçimimdir. Yəni uşaq vaxtlarımdan oxuduğum kitabların, baxdığım filimlərin ardıyca düşmüşəm və səhv də etməmişəm. Şairlik isə özümü tanıyandan məni izləyib. Hələ məktəbli ikən sinif yoldaşlarıma, onların belə deyək də, qocalarına zarafatla, bədahətən həcvlər deməyim, söz toxumağım adımın qarşısında bir şair sözünü əlavə edib. Az olmayıb ki, orta məktəbin aşağı sinflərindən bu adla çağrılmağımı eşitməyim və doğrusu, çox utanmışam, qorxmuşam ki, lağ edərlər. Elə pis oxuyan, dərsdə hay-küy salan sinif yoldaşlarımın lağlağısına da tuş olmuşam. Jurnalistika sahəsi də məni orta məktəbdən özünə çəkib. Yazılar yazıb o dövrün məktəblilər üçün nəzərdə tutulan qəzet və jurnallarına göndərərdim, qonorar alardım. Qaldı ki, hansı daha çox doğmadır, məni hər yedə şair kimi çağırıblar. Məktəbdə də, sonradan təhsil aldığım, işlədiyim yerlərdə də. Hətta məhkumluq həyatımın “poqonya”lası, yәni ayaması “şair” olub. Şairliyi və dənizçiliyi heç zaman tərk edə bilmirəm.

– Bu qədər işlə paralel məşğul olmaq və bir ömrə sığışdırmaq çətin deyilmi?

– Çətindir. Çox çətindir. Bilirsiz, mən təkcə dənizçi olub çox yaxşı da dolana bilərdim. Ailəmi, balalarımı çox yaxşı saxlaya bilərdim. Bunun üçün cəlilabadlılar demiş, bəzi qara-qura işlərə boyun qoymalı idim ki, yaxşı pul qazanım. Bunun müxtəlif yolları var və hamısı da haramçılıqdan, dövlət əmlakına xor baxmaqdan keçir, mən isə bunu edə bilməzdim. Bax ona görə də paralel olaraq jurnalistika ilə məşğul olub əlavə pul qazanmalı idim. Yüksək maaş və qonorar da alırdım. Təkcə jurnalistika ilə də kifayət qədər komfort şərait yaratmaq olardı ki, o yolda da reketçilikdən, soyğunçuluqdan, kiməsə yarınmaqdan, kiminsə mirzəsi olmaqdan, haramçılıqdan keçməli idim ki, bu da mənim bacarığımdan uzaq idi. Mən kifayət qədər enerjili, yorulmaz adam olmuşam. 50 yaşımda 23-25 yaşlı repartyorlardan daha çevik reportyor idim. Elə dənizçi kimi də zəif deyiləm. Amma məcbur idim. Balalarımı yaxşı yaşatmaq istəmişəm, bacardığım qədər də bunu etmişəm. Yazıçılıq mənim üçün sözün həqiqi mənasında içimin yükünü boşaltmaq üçün gərək olub. Bunu da bacarmışam.

– Kimlərin təbriki daha səmimidir, şairlərin, jurnalistlərin, yoxsa, dənizçilərin?

– Sözsüz, dənizçilərin. Deyim, bilirsiz ki, ötən il çox ağır əməliyyat keçirdim. Şair və jurnalist dostlarım yanımda oldu. Mənəvi dəstəklərini əsirgəmədilər. Danışdılar, yazdılar, bu da mənim müalicəmə, adaptasiyama çox kömək oldu. Dənizçi dostlarımdan yanıma gələn əlbəttə az oldu. Məlumdur, səpələniblər, yox, yağış damlası kimi çiləniblər dünyanın sularına. Zəng vurdular, hal-əhval tutdular, dur ayağa, xəstəliyi qulağına da alama dedilər. İfadələri peşələri kimi idi. Kobud dedilər, amma çox böyük təskinlik vermiş olurdu. Təbriklər isə… Nə bilim, şair olsun, dənizçi olsun, hər birinini təbriki ürəyimcə oldu, sağ olsunlar.

– Qələm dostunuz Pərviz Cəbrayıl nəsrə keçəcəyiniz halda daha uğurlu ola biləcəyinizi söyləyib, niyə cəhd etmədiz?

– Mənim Pərvizə bir təşəkkür borcum var. O mənim sayt üçün nəzərdə tutduğum reportajları, lahiyələri böyük bir əsərin tutumu, gücü qədər dəyərləndirib və doğrudan doğruya nəsrə meylləndirib. Niyə ki, hekayətlərim yazıldı. Və adını Pərvizin qoyduğu “Bakirə qayalar” romanım demək olar ki, hazırdı. Bu əsər doğurdan da uğurlu olacaq. Cəhd nədir, Xəzər, əməlli-başlı işləyirəm e…

– Bu yaxınlarda baba olmusuz. Necə hislərdir?

– Baba olmaq, bir elə obaya sahib olmaq kimi zənginlikdir. Nəvəmin adı Dənizdir. Dənizsiz yaşamaq alnıma heç yazılmayıb. Şirindir, həyatda çox ağrılarım, əzablarım olub, fəsadları indi-indi özünü göstərir. 20 Yanvar dəniz savaşı, Qarabağ savaşı, haqsız təqiblər və həbs. Bütün bu ağrıları Dəniz mənə unutdurur. Cavanlaşıram.

– Xəzər dənizini şair kimi sevmək gözəldir, yoxsa, dənizçi kimi?

– Mən Xəzəri dənizçi kimi sevdim, şair kimi özgələrinin bu sevgini duymağını, sevməyini istədim. İnandırıram ki, mən Xəzəri bütün dünyanın dənizlərindən ayıra bilərəm. Yəni istənilən dənizə, okeana atın, kənardan tanıdan olmasın, suyunu dadıb da tanıyaram, suyuna baxıb da tanıyaram. İnsan əsl sevdiyini hansısa nişanəsindən tanıdığın kimi.

– 20 Yanvar hadisələrində ruslara qarşı vuruşan gəmidə siz də olmusuz, necə xatırlayırsız və ondan sonra dənizdə həyatınıza ciddi təhlükə yarada biləcək başqa hadisələr oldumu?

– 20 Yanvar hadisələrində bizim dənizçilərimiz nəinki ruslara, bütün dünyaya sübut etdi ki Xəzər dənizçisi, özü də mülki dənizçi çox böyük hərbi bacarığa sahibidir. Bu hadisələr dənizdəki təhlükə deyildi. Bu, torpaq uğrunda savaş idi, yadelliyə qarşı necə savaşa biləcəyiksə, o idi. Bu haqda “Dəryada gəmim qaldı” və “Kəsilməyən həyacan fiti” ktablarım, 10-larla məqaləm və şeirlərim var.
Təhlükə isə təbii hadisələrin burulğanında olmaq idi və bu hallar daha çox olub. Təsəvvür edin, 15-20 metr hündürlükdə dalğa və saniyədə 38-42 metr küləkdə dəniz neftçilərini mühafizə etmək, qorumaq, təchiz etmək və.s

– Səmimi deyə bilərsizmi, daha neçə il yaşamaq istərdiniz?

– Yaşamaq istəyirəm. Həyatdan zövq almağı bacarmışam. Oğlum, balalarım həyatın nəbzini tuta bilsə, canavarlar arasında yaşamağı bacarsalar, harada qırıldı-qırıldı, deyərəm. Amma indi onların da əvəzində çabalar edirəm. Pis böyütdüm oğlumu. Hər kəsə inan dedim, inandı və gördü ki, ətrafda riyakarlıq baş alıb gedir. Onu yenidən böyüdürəm. Həyatı öyrədirəm. Kitablardakı, nəsihətlərdəki deyilənləri yox, gerçəklikləri… Ömürdü də. Nə qədər varsa alnımızda, o qədər yaşardım.

Müəllif: Xəzər Süleymanlı

Share: