Kulis.az Günəş Mərdin miniatürçü-rəssam Pəri Miniatürlə olan müsahibəsini təqdim edir:
– Miniatür sənətinin tarixinə qısa nəzər salaq.
– Dünyada bir neçə miniatür növü var. Onlardan ən güclüsü Təbriz məktəbidir. Burada bu sənətin inkişafı 13-cü əsrdən başlayıb. İlk nümunələri də “Vərqa və Gülşa”ya çəkilib. O vaxt bu nümunələr çox kustar olub. Sonrakı nümunələr bunlardan fərqlənib. Çindən gələn Çin, Uyğur rəssamlarının qrafiki ilə Bağdaddan gələn Ərəb, Mesopotamiya rəngkarlığı birləşib və Təbrizdə belə bir məktəb yaranıb.
Ondan sonra 13-cü əsrdən miniatür sənətinin çiçəkləmə dövrü başlayıb və 16-cı əsrdə bu çiçəklənmə kulminasiya nöqtəsinə çatıb. Şah İsmayıldan sonra oğlu Təhmasib hakimiyyətə gəldi. Sənətə dəyər verdiyi üçün onun dövründə yeni miniatür nümunələri yarandı. Amma ondan sonra hakimiyyətə gələn şahların dövründə bu sənət tənəzzülə uğradı. Rəşidəddinin 60 minlik kitabxanası yandırıldı, miniatürləri dinə zidd adlandırıb məhv etdilər. Beləcə təkrarsız sənət əsərlərinin əksəriyyəti sıradan çıxdı. Buna baxmayaraq, dünyanın müxtəlif muzeylərində bir sıra orijinal miniatür nüsxələr qalıb.
– Necə oldu ki, sizdə miniatür sənətinə sevgi yarandı?
– Mən tələbə olanda birgə oxuduğum Faiq adlı dostum var idi. İndi artıq müəllimdir. O, mənə miniatürü sevdirdi. Siyavuş Dadaş adlı elmi rəhbərlə kitab yazırdı. Yeni əsərlər yaradırdı. Onlar çox vaxt miniatür sənəti ilə bağlı elmi diskussiyalar aparırdılar. Bu mənim çox xoşuma gəlirdi. Elə o vaxtdan istiqamətimi müəyyən etmişdim.
– Bu işə başlayarkən hansı çətinliklərlə üzləşdiniz?
– Mən ilk başlarda xalça miniatür fundamental sistemini öyrənmişdim. Onda çoxlu detallar var idi. Əl boyda bir vərəqin üzərinə riyaziyyat daması boyda kvadratlar çəkirdik, sonra onların içinə bir neçə detal yerləşdirirdik.
Daha sonrakı mərhələdə rəngləri keçdik, isti-soyuq rənglərin vəhdətini öyrəndik. Bütün bu proseslərdə öz əl işlərimin hamısını bir qutuya yığmışdım. Sonra Naxçıvana gələndə rəssam dostum var idi . O mənə bu rəsmlərə baxdıqda çox darıxdığını dedi. Və bildirdi ki, bu qədər iş görmüşəmsə, onları üzə çıxarmalıyam, bu sahədəki biliklərimi tətbiq etməliyəm.
Onun dedikləri mənim də ağlıma batdı. Yavaş-yavaş miniatür sənəti ilə bağlı öyrəndiklərimi tətbiq etməyə başladım. Beləliklə, ipin ucunu tapdım. Bu gün əminliklə deyə bilərəm ki, uzun illər boyu işlədiyim yaradıcılığımda özünəməxsus, kəşf etdiyim detallar var. Onlar sırf mənə aiddir. İndi həmin o fərqli sistemlə işləməyə çalışıram. Dostlarımın da dediyinə görə, özümə məxsus bir dəsti-xəttim yaranmağa başlayıb. Bu sevindirici bir haldır. Düzü bir qədər də çətindir. Amma yenə də istədiyimi tapdığımı düşünmürəm. Bundan sonra daha da çox çalışmalıyam.
– Fərqliliyi sevirsiniz?
– Sizə bir işimi göstərəcəm. Orda ayağı ilə dünyaya zəncirlənən bir qadın və dünyanın üzərində günah rəmzi sayılan bir alma təsvir olunub. Bu dünyadakı günahlara, problemlərə qarşı bir üsyandır. Bəlkə də, fərqliliyim bundan irəli gəlir.
Fərqliliyi sevirəm. Heç vaxt bahalı həyat arzulayan biri olmamışam. Amma hər zaman fərqli olmağa çalışmışam. Bu mövzuda həmişə özümə güvənim olub. Bəlkə, artıq heç bir kompleks hiss etməməyim də o güvəndən irəli gəlir. Bu fərqlilik saçımda, geyimimdə, davranışımda da özünü göstərir. İnsan istənilən qədər fərqli ola bilər. Əsas odur ki, kiminsə haqqına girməyəsən, kiməsə haqsızlıq etməyəsən. İnsanları bu narahat edə bilər. Amma mənim saçımın rəngi, geyim tərzim kimisə narahat etməməlidir. Hətta bəzən əzik insanlar modern görüşlü birinin kiməsə yardım etməsini, yaxşı işlər görməsini qəbul edə bilmirlər. Buna təəccüblənirlər. Düşünürəm ki, mənim bu cür görünüşlə vətənpərvər olmağım insanları təəccübləndirir, eyni zamanda, onların streotiplərini qırır.
– Sizə yeganə miniatürçü qadın da deyirlər…
– Mən də istərdim ki, həmkarlarım olsun. Onlarla birlikdə işləyim, müzakirələr aparım. Təəssüf ki, yoxdur.
Bu yaxınlarda dünyasını dəyişən Cəmilə Həsənzadə 500 illik miniatür tarixinin bilicisi, ensiklopedik bir qadın idi. Onun miniatür sahəsi ilə məşğul olanlardan bəhs edən kitabı çap olundu. Orda mənim də əl işlərim var idi. Kitabda bir neçə miniatürçü rəssamın əl işlərinə baxsam da, öz istədiyimi tapa bilmədim.
– Yorucu və məsuliyyətli bir işlə məşğul olduğunuzu düşünürsünüz?
– Təbii ki, düşünürəm. Bəzi adamlar bu işə ağız büzürlər. Hətta bəzilərinin mənim “miniatür” təxəllüsü götürməyim də xoşlarına gəlmir. Anlamırlar ki, bu təxəllüsü özümü mükəmməl miniatür ustası hesab etdiyim üçün götürməmişəm. Bu sadəcə olaraq mənim miniatür sənətinə olan sevgimdən irəli gəlir. Miniatür mənim üçün əvəzolunmaz bir şeydir. Mən “Təbrizin sehrli nağılları”nı həmişə baş ucumda saxlayıram. O kitabı sinəmə sıxıb saxlayıram. Saatlarla oturub miniatür əsərlərindəki detallara baxa bilərəm.
– İşiniz çoxlu səbir də tələb edir…
– Səbir və sevgi. Bu işdə əsasən sevgi önəmlidir. O olmasa, sevgi də olmur. Orduda bir generalın yetişməsi üçün nə qədər vaxt lazımdırsa, miniatür sənətində də yaxşı bir miniatürçünün yetişməsi üçün o qədər vaxt lazımdır. Əvvəl düşünürdüm ki, biz niyə görə bu qədər çox işləyirik? Niyə gözlərimizi incə detallarla kor edirik? İndi başa düşürəm ki, bir sənətçinin əlinin tərbiyə olunması üçün bunların hamısı lazımdır.
Elə miniatür işi çoxlu səbir tələb etdiyi üçün ona üz tutan adamların da sayı azdır. Bir neçə nəfər öyrənmək üçün yanıma gəlsə də, dözməyib, yarımçıq saxlayıb gedib.
– Müsahibələrinizdən birində demisiniz ki, miniatür sənəti xilasınızdır. Niyə belə düşünürsünüz?
– Yenə də elə düşünürəm. Bu sənət mənə meditasiya kimi gəlir. Hətta bir müddət şəxsi problemlərimin öhdəsindən gəlməkdə mənə çox yardımçı olub. Sanki bu işlə məşğul olaraq özümü sağaltmışam, yaralarımı sarmışam. İnsanların məni yaxşı miniatürçü kimi görməmələrinin, əsərlərimi bəyənməmələrinin heç bir fərqi yoxdur. Əsas odur mən bu sənətə xilasım kimi baxıram.
– Əsərlərinizi sosial şəbəkələrdə də paylaşırsınız. Onlara yazılan maraqlı şərhlərdən bir-ikisini deyə bilərsiniz?
– Çox olub. Hamısı yadımda deyil. Məsələn, açıq-saçıq rəsm əsərlərinə bəzən “Bunun üstünü örtsə idin daha yaxşı” olardı yazırlar. Anlamırlar ki, bu sənətdir. Bununla yanaşı bəzən gözləmədiyim insanlar mənə yeni ideyalar verirlər. Tamaşaçı hansısa miniatür əsərimə baxıb diqqətimdən qaçan elə məqamları bildirir ki, özüm heç onun fərqinə varmamışam. Cəld həmin detal üzərində işləməyə başlayıram.
– Sosial şəbəkələrdə haqqınızda xoşagəlməz fikirlər yazanlar da olur. Onlara necə cavab verirsiniz?
– Yaşımın elə bir mərhələsindəyəm ki, məni insanlardan daha çox ideyalar maraqlandırır. Sadəcə görməzdən gəlirəm. Bəzən fikir verməmək elə ən yaxşı cavabdır.
– Sizcə, hazırda ölkəmizdə miniatür sənəti layiq olduğu dəyəri görür?
– Düşünürəm ki, yox. Biz iki il bundan öncə miniatür sənətinin qeyri-mədəni irs siyahısına salınması üçün UNESKO-ya müraciət etdik. Müraciətimizdən bir il sonra keçən il bunu qəbul etdilər. Olduqca sevindirici haldır. Ölkəmizdə isə miniatür sənətinə lazımınca dəyər verilmir. Türkiyə, Osmanlı miniatürünə Təbriz miniatürü birbaşa təsir edib.
O vaxt Sultan Süleymanın dövründə bizim miniatür ustaları müəllimlik etmək üçün Osmanlı məktəbinə aparılıb. Hətta Sultan Süleyman tez-tez Şahqulu adlı böyük bir ustadın emalatxanası baş çəkərmiş. Bu onu göstərir ki, o vaxtlar bu sənətə dəyər verirmişlər.
Bir vaxtlar Təbriz miniatür məktəbinin Osmanlı miniatür məktəbinə təsir göstərməsinə baxmayaraq, bu gün Osmanlı məktəbi daha gözəl inkişaf edir. Bizdə isə indi, ümumiyyətlə, nə miniatür kursu, nə də fakültəsi var. O boyda rəssamlıq akademiyasında belə miniatür fakültəsi açılmayıb. Bu çox acınacaqlıdır. Miniatür sənəti bizə xas olan bir şeydir. Bizim pasportumuzdur. İndi bütün dünyada farslar Farse-miniatür deyə car çəkirlər. Təbriz məktəbinin miniatür nümunələrini isə fars məktəbininki kimi təqdim edirlər.
– Ölkəmizdə miniatür sənəti ilə bağlı məlumatsızlıq da var.
– Əlbəttə ki, belədir. Əvvəla, bizdə miniatür nəzəriyyəsi yoxdur. Bununla məşğul olan çox az adam var. Onlar bu sənətlə bağlı kitab tapa bilmirlər. Bu yaxınlarda biz beynəlxalq foruma dəvət almışıq. Həmin kitabda mənim Nizami Gəncəvi haqqında Fransada çıxmış miniatürlərim də təqdim olunub.
Bir az təvazökarlıqdan uzaq olsa da, yəqin, miniatürlə məşğul olan insan azdır ki, hər yerdə məni görmək istəyirlər. Sıradan bir sərgi olur bu boyda ölkədə ora dəvət etməyə beşcə miniatür rəssamı tapa bilmirlər. Kaş ki, miniatür sənətini daha da dərindən öyrənmək üçün rəssamlara şərait yaradılardı. Mənim ən böyük arzularımdan biri də budur. Artıq bizdə də belə bir sənətin var olduğunu dünyaya eşitdirməliyik. Öz ölkəmizin buna biganə yanaşsa da, dünya buna dəyər verir.
– Miniatürçü rəssamlardan kumiriniz kimdir?
– Səttar Bəhlulzadənin işlərini çox sevirəm. O, mənə daha yaxındır. Amma tam olaraq özümə kumir seçdiyim biri yoxdur.
Əslində, yaxşı ki, yoxdur. Çünki belə olduqda insan istər-istəməz həmin adama bənzəməyə başlayır. Bunu nəzərə alaraq ilk başlarda kimdənsə ideya götürməmək üçün sərgilərə belə getmirdim. Sadəcə öz düşüncəmlə işləmək istəyirəm.
Mən çalışıram. Heç vaxt deməmişəm ki, güclü rəssam, dahiyəm. Sənət elə bir sonsuz yerdir ki, burda heç gedib zirvəyə çata bilmir. Qırmızı xətti saxlayaraq, özümdən modern əlavələr və günümüzdən detallar, obrazlar götürərək yeni bir sistem yaratmağa çalışıram. Klassik miniatürü isə onsuz da, təkrar edə bilmərəm. O təkrarsız və möcüzəvidir.
– Çarli Çaplin qızı Ceraldinaya yazdığı məktubda belə bir fikir qeyd edib:
“İncəsənət insanın göylərə uçması üçün ona qanadlar bəxş etməmişdən əvvəl adətən onun ayaqlarını qırır”.
Bu fikirlə razısınız?
– Çox gözəl məktubdur. Düşünürəm ki, yaradıcı insanların, tarixə düşmüş şəxsiyyətlərin hamısı öz içlərindəki müharibədən sonra yüksəliblər. Xoşbəxt insanlar heç vaxt kənara çəkilib özlərini sorğu-sual etməzlər, həyatı sorğulamazlar. Yaradıcı insanların mütləq hansısa yaraları olmalıdır.
Yüksəliş üçün bu vacibdir. Mənim bir tablom var. Orda ağzı olmayan bir qadın çəkmişəm. Onunla insanların susaraq xoşbəxt ola biləcəyini, susmağın qızıl olduğunu ifadə etmişəm. Bəzən sənətdə də susmaq insanı incidir. Amma xoşbəxt edir.
– Maraqlıdır, niyə bu fikri ifadə etmək üçün məhz qadın obrazını seçmisiniz?
– Ümumiyyətlə, güclü bir feminist olmaqdan daha çox ədalətli olmağın tərəfdarıyam. Qadınları daha yaxşı tanıyıram. Bir az da özümdən nümunə götürürəm. O qadının ağzı yoxdur, susur. Aşağıda qapı çəkmişəm. Yəni susmaqla bir növ ruhunun qapısını açır. Bu o deməkdir ki, insan susduqca öz içinə əyilir. İçinə əyildikcə də ucalır.
Hazırda dünyada ən iyrənc rejimlərdən biri İrandadır. Orda bütün insanlar məcbur öz içinə əyilib. Amma İran mədəniyyətində ən güclü filmlər, musiqilər yer alır. Çünki orda insanlar öz içlərinə əyildikcə işığı kəşf edirlər. Bütün yollar və çarələr insanın içindədir. Sadəcə biz içimizə əyilməyi bacarmalıyıq.
– Əsərlərinizin satışından əldə etdiyiniz gəlir sizi qane edir?
– Əslində, o qədər yox. Digər ölkələrdə rəssamlar cəmiyyətin üst təbəqəsi sayılsa da, bizdə elə deyil. Bizdə sənət adamları o qədər də yaxşı yaşamır. Maddi durumla bağlı yaranan problemlərin hamısı yaradıcılıqda bizim əl-qolumuzu bağlayır. Biz vaxtımızın böyük hissəsini gündəlik problemlərin, qayğıların içindən çıxmağa sərf edirik.
Bu gün ölkəmizdə nə aktyorlar, nə musiqiçilər, nə də rəssamlar yaxşı vəziyyətdədir. Hətta yaxın qonşumuz Türkiyə belə miniatür rəssamlarına ənənəvi sənəti davam etdirmələri üçün pulsuz emalatxanalar verilir. Onlara bahalı müştərilər tapılır. Biz isə burda cüzi qiymətə nələrsə satmaq üçün daim çalışmalıyıq.
– Əlavə işə ehtiyacınız olur, yəqin ki…
– Təbii ki, əks halda mümkün deyil. Əlavə iş zamanı uşaq hazırlaşdırırıq. Bəzən də sevmədiyimiz sifarişləri işləyirik. Onda da bu sənət yox kobud desək xaltura olur.
– Sizcə, bizim insanların sənətə sevgisi azdır?
– Bu birbaşa onların yaşam tərzi ilə bağlıdır. Gününün yarıdan çoxunu işə sərf edən yorğun adamların təbii ki, hansısa sərgiyə getməyə nə vaxtı, nə də halı olacaq.
Biz onlara deyə bilmərik ki, gəlin bizim əsərlərimizdən zövq alın. Amma bəzi dolayı yolla zənginləşmiş insanlar var ki, onların ruhu və hisləri yoxdur. Cəmiyyətimizdə belə bir paradoks var. Məncə, cəmiyyətimiz hələ tam oturuşmayıb. Buna baxmayaraq, sərgilərə gələn insanlar var.
– Sizi ən çox təsirləndirən əsəriniz hansı olub?
– Günah adlı bir əsərim var. O məni daha çox təsirləndirir. Bu iş sırf mənim şəxsi həyatımla bağlıdır. Bəlkə də, buna görə. Bir də şəhid anasının rəsmi. Şəkildə qadın başını boş beşiyə söykəyərək kədərli tərzdə dayanıb. Onun üzünə baxanda yaşadığı ağrını, acını başa düşmək olur.
– Əsərlərinizi işləyən zaman özünüzə hansısa məhdudiyyət qoyursunuz?
– Yox, elə bir xüsusiyyətim yoxdur. Sənətdə heç bir qadağa olmamalıdır. Hansısa rəssamın yaltaq olmasını da qəbul edə bilmirəm. Sən, onsuz da, sənətinlə digərindən bir addım öndəsən kimə yaltaqlanırsan? Ümumiyyətlə sənət adamları siyasi, ictimai baxışına görə dəyərləndirilməməlidir. Bəlkə də, indi kimlərsə hansısa siyasi, ictimai fikrimə görə məni keçirilən tədbirlərə dəvət etmir. Amma əminliklə deyə bilərəm ki, bu ölkəyə vətəndaşdan daha çox bir sənətçi kimi xeyir verə bilərəm. İyirmi ildir ki, bu sənətlə məşğulam. Bir də belə birinin yetişməsi üçün daha iyirmi il lazımdır. Bizim buna zamanımız yoxdur. İndi Təbriz məktəbinin miniatür nüsxələri fars məktəbininki kimi dünyaya təqdim olunur.
– Bəzən yaradıcı insanların yarım qalmış işləri olur. Sizdə də var?
– Bir dəfə bir qadın rəsminə başlamışdım. O əlinin biri ilə torpaqdan, digər əli ilə səmadan güc alırdı. Və torpaqdakı rişələrdən onun sinəsində süd yaranırdı. Böyük həvəslə başlasam da bu əsəri tamamlaya bilmədim. Bəlkə də, hələ tam dərk edə bilmədiyim üçün belə oldu. Görünür onu işləmək üçün daha da çox böyüməyə ehtiyacım var.
– Buradan ölkəmizdə miniatür sənətinə diqqətin artırılması üçün hansı qurumlara müraciət etmək istərdiniz?
– İstərdim, amma onların məni dinləyəcəyinə inanmıram. Çünki məndən xəbərləri var. Demək olar ki, Azərbaycanda miniatür sənətinin davamçısı olan yeganə qadınam. Sənətim ilə ölkəyə daha çox pay verə bilərəm nəinki adi vətəndaş olaraq. Sənətçi kimi dəyərləndirilməyim daha yaxşı olardı. Mən yazıçı deyiləm ki, əsərlərim tərcümə olunsun. Gedib Amerikada da, Türkiyə də işləyə bilərəm. Amma öz sənətimlə ölkəmdə xidmət etmək istəyirəm. Bunun üçün də şərait yaradılmalıdır. Ölkəmizdə sənətçilərin küsdürülməsinə yol verilməməlidir. Bir ölkənin inkişafı üçün orda mütləq sənət adamlarına diqqət göstərilməlidir.
– Son olaraq sənətçilərə və insanlara nə demək istərdiniz?
– Son zamanlar dünya elə bir həddə gəlib ki, sanki heç bir mənəvi dəyər yoxdur. Heç nə yerində deyil. Bütün sənətçilərə və insanlara içindəki işığı tutmağı arzu edirəm. Hər kəs öz işığını tapsa, çox gözəl olar. Keçən dəfə şəhərdə gəzəndə təsirli mənzərə ilə rastlaşdım. Bir qadın yolda gəzdikcə yol boyu harada yerə atılmış sellofan, butulka görürdüsə götürüb zibil qabına atırdı. Bu o qədər çox xoşuma gəldi ki. Bir əsərim yadıma düşdü. Orada qadın bir əlinə yer kürəsini alıb çiynində daşıyır, digər əlində isə tərəzi tutub. Yəni tarazlığı, dünyada ədaləti axtarır. Düşünürəm ki, dünyanı qadınlar idarə etsə idi hər şey ədalətli olardı. Bu qədər problemlər olmazdı. Ümumilikdə isə hər kəs maddi, mənəvi, eləcə də, fiziki olaraq öz üzərinə düşəni etsə, dünya gözəl olar.