Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.”Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi. Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olan Yeni Azərbaycan Partiyası 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə nail olunmasında böyük nailiyyətlər əldə edib. Bunlar dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s. kimi önəmli məsələlərdir.
YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. dövlətimizin başçısı son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb. Yeni Azərbaycan Partiyasının Vl qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır .
Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir. Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Partiyanın yeni proqramı beş fəsildən – “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar YAP-ın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da gücləndirdi. YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir. İşğaldan azad olunmuş ərazilərdə hazırda geniş quruculuq işlərinin aparılması Vətənini sevən hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərir. YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində hər zaman öndə gedir. YAP hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlayır. Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində daha məsuliyyətlə və fəallıqla çalışacaq.
Məhbubə Şahbazova,
YAP Masallı rayon təşkilatının fəalı