XX əsrin əvvəllərinədək erməni lüğətlərində “lavaş” sözünə rast gəlinmir. Lakin 2014-cü il noyabrın 26-da Parisdə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan “ənənəvi erməni çörəyi – lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi.
Bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə yenicə dərc olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında əksini tapıb. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl “Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi” adlanırdı.
“İlkin olaraq YUNESKO-nun Hökumətlərarası Komissiyası bu formulu qəbul etmişdi. Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi. Türkiyə Azərbaycanın mövqeyinə dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək faylı belə adlandırdı: “Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi”, – məqalədə bildirilib.
Daha sonra kitabda lavaş haqda maraqlı məlumat əksini tapıb:
“Mayasız xəmirdən hazırlanmış lavaş tarixən Qafqazda, Türkiyədə, İranda, Orta Asiya və Volqaboyu bölgələrində yayılmışdır. Bəzi Şərq ölkələrində isə bu çörəyin öz regional adları vardır. Təkcə elə bu səbəbdən erməni tərəfinin bu məmulatı müstəsna olaraq öz mədəniyyətinə aid etmək cəhdləri heyrət doğurur. “Lavaş” sözü bir çox türk dillərində yayılıb və yalnız çörək adı deyil. Bu kəlmə bir çox nazik, yayılmış, laylanmış qida növlərinə də aid edilir. Erməni dilinin daşıyıcıları isə türk dilinin bu incəliklərini bilmədən “lavaş” sözünü sırf nazik yayılmış çörəyə şamil edirlər. “Lavaş” sözü XIII əsr türk mətnlərində qeydə alındığı halda, erməni lüğətlərində bu sözə hətta XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində də rast gəlinmir. Qeyd edək ki, hələ XX əsrin birinci yarısında erməni mütəxəssisləri öz kitablarında lavaşın türklərə aid edilən mətbəx nümunəsi olduğunu etiraf edirdilər. Məsələn, 1940-cı ildə Moskvada “Azərbaycan mətbəxinin 50 yemək növü” adlı kitab (tərtibçilər S.İ.Mesropyan və V.İ.Sxirtladze) nəşr olunmuşdu. Müəlliflər Azərbaycan mətbəxinə aid olan “lülə kababı” barədə izahat verərkən, hazırlandıqdan sonra onun “Azərbaycan milli çörəyi olan lavaşa” bürünərək süfrəyə təqdim edildiyini yazmışlar.471 Təbii ki, S.İ.Mesropyan və V.İ.Sxirtladze kimi müəlliflər Cənubi Qafqazın mətbəxinə yaxından bələd idilər”.(Kult.az)