Türkiyədə qadın işçilərə rəsmi “özəl günlər icazəsi” verilə bilər

Türkiyədə qadın işçilərə və məmurlara özəl günlərdə icazənin verilməsi ilə bağlı qanun təklifi hazırlanıb.

Təklif CHP-dən Mahmut Tanal tərəfindən Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.

Təklifə əsasən, qadın işçilərə və dövlət qulluqçularına özəl günlərinin başlanğıcından etibarən ayda bir iş günü rəsmi şəkildə icazə veriləcək.

İkinci gün üçün icazə isə işəgötürən və ya qurumun istəyi ilə verilə bilər.

Təklifin irəli sürülməsində məqsəd kimi qeyd edilən günlərin bir çox qadın üçün çətin proses olduğu vurğulanıb. İcazənin verilməsi bununla əsaslandırılıb və onun əhəmiyyətinə diqqət çəkilib.

Həmçinin bu amilin iş həyatına təsiri qeyd edilib. Ortaya çıxan fiziki narahatlıqların bəzi qadınların gündəlik və iş həyatında iştirakını qeyri-mümkün səviyyəyə çatdırdığı bildirilib.

Bu baxımdan “özəl günlər icazəsi”nin həm sağlamlıq hüququ baxımından, həm də iş həyatının normallaşdırılması üçün nümunəvi bir təcrübə ola biləcəyi nəzərə çatdırılıb.

Mənbə: Haber Global

Share: