Kulis.az “Hekayə müsakirəsi” layihəsində Şahnaz Kamalın “İt xoşbəxtliyi” adlı hekayəsini təqdim edir.
Ağlı kəsəndən bu həyətdə yaşayırdı. Haradan gəldiyini və ya gətirildiyini, ata-anasının kim olduğunu xatırlamırdı. Elə bu həndəvərin camaatının verdiyi süd, kolbasa, sosiska ilə böyümüşdü. Adı yox idi. Hamı onu “ay it” çağırırdı. Əvvəllər onu, əslində, belə şeylər heç maraqlandırmırdı. Əsas odur yeməyə nəsə tapsın və gecə yatmağa yeri olsun.
Küçə iti idi. Bütün günü özü kimi çirkin-pasın içində itən bir neçə itlə Buxarestskaya, Malaya Balkanskaya, Oleko Dundıç küçələrində dolaşıb, yemək axtarardı.
Gözəl bir gün o statusunu dəyişdi, ev iti oldu. Svetlana Sergeyevna əvvəllər hər gün ona küçədə süd, kolbasa verərdi, sonra bir gün dedi:
– Ey, köpək, gəl gedək, mənimlə yaşa.
O da nə edəcəkdi ki?! Svetlana Sergeyevna ilə onun birinci mərtəbədə olan birotaqlı evinə getdi. Qadın tək yaşayırdı. Dediyinə görə, qızı, kürəkəni, nəvələri vardı. Ancaq onları nə o, nə də qonşular görməmişdi. Heç yeni ildə, Pasxa bayramında da gəlib qarıya baş çəkməzdilər.
Svetlana Sergeyevnanın yaşı səksəni haqlamışdı. İkinci Dünya müharibəsi illərində Leninqradda blokadada qalanlardan olduğundan, onun pensiyası yaxşı idi. Yeməyinə, kommunal xərclərə çatırdı. Hələ bir qədər bank hesabında pulu da var idi. Bu pulu nəvəsinə vəsiyyət etmişdi. Son dəfə onu görəndə Lenanın 10 yaşı var idi. İndi ərə getmiş olar. Yəqin, nənəsini heç tanımaz. Olsun. Svetlana Sergeyevna onu da, qızı Nastyanı da elə beləcə də sevirdi.
Svetlana Sergeyevnanın onunla bağlı gördüyü ilk iş ona ad verməsi oldu.
– Vaska-bu gündən səni belə çağıracam.
Bu çağacan adı olmayan köpək sevindi. Vaska – yaxşı da addır! Əsas odur, onun daha adı var. Sülək köpəklərdən daha bir üstünlüyü də oldu.
Hə, onu deyirdim axı, Vaska o gündən köçdü bu tənha qarıgilə. “Köçdü” deyəndə, canını götürüb getdi ağ günə.
Qarı əvvəlcə onu yaxşıca çimdirdi. Sonra qabağına bir kasa yemək qoydu. Vaska bunu dəqiq xatırlayır-ömründə belə dadlı yemək yeməmişdi. Gecəni mətbəxdə, qarının onun üçün saldığı balaca xalçanın üstündə yatdı.
Səhər tezdən oyananda bir az harada olduğunu anlaya bilmədi. Yan-yörəsinə, altındakı palaza baxıb olanları xatırlamağa çalışdı. Təcili çölə çıxmalı idi. Gedib qapının ağzında hürdü. Onun nə istədiyini anlayan Svetlana Sergeyevna yuxudan durub qapını açdı:
– Vaska, bax, mən hər dəfə çıxıb səni gəzdirə bilmərəm. Get, işini gör, ancaq qayıt evimizə gəl. Daha o biri itlərə qoşulub sülənmə. Daha sənin evin var, ləyaqətli bir itsən.
Vaska qapı açılanda özünü dəhlizə atdı. Bəxtindən qonşu ümumi giriş qapısını açırdı, ona qoşulub çölə çıxdı.
Həyat birdən birə necə dəyişərmiş?! Dünən axşama qədər küçə iti olan Vaskanın bu gün tükləri par-par parıldayırdı. Görən olsa tanımazdı.
Səhər yenicə açıldığından, küçədə yalnız Maksud vardı. Maksud artıq neçə il idi ki bu həyəti süpürür, ətrafın təmizliyinə fikir verirdi. Vaska onu yaxşı tanıyırdı, çünki arada Maksud itə yemək verir, başını sığallayırdı. Digərləri kimi onu vurmurdu. Hərdən Maksud onunla dərdləşirdi də:
– Eh, ay Allahın heyvanı, səninlə mənə bir fərq yoxdu. Sən də küçələrdə yiyəsizsən, mən də.
Onda Vaskanın Svetlana Sergeyevnası yox idi. İndi bu səhər Vaska Maksudun o dediklərini xatırlayıb, ağzını göyə tutub hürdü:
– Kaş, Maksudun da qarşısına bir Svetlana Sergeyevna çıxa!
Sonra da düşündü ki, Maksud lap onlarda ( qarının evi artıq “onların” olmuşdu) da qala bilər. Vaska ilə yatar, lap elə mətbəxdəki divanda da yatmaq olar. Ancaq birdən qarı yeməyi onların arasında bölsə? Yox! Qoy, elə Maksud iyirmi nəfər həmyerlisi ilə birgə kirayələdiyi birotaqlı mənzildə qalsın.
Bu mənzil haqqında da Vaskaya Maksud özü danışmışdı. Əslində, Maksud bütün həyatını Vaskaya danışmışdı.
O, Sankt-Peterburqa Tacikstandan gəlmişdi, özbək idi. Orada anası, xatunu və balaca bir qızı vardı. Hərdən “ anamdan, xatunumdan, Süsəndən ötrü darıxıram” – deyirdi. Artıq beş il idi Peterburqda az maaşa ağır işlər görür, küçələri süpürür, payızda qurumuş xəzəli yığır, yazda ağacların dibini belləyirdi. Əvvəllər gecələri də evlər idarəsinin onlara verdiyi zirzəmidə qalırdı, sonra həmyerliləri ilə kirayə ev tutub zirzəmidən çıxdı. Zirzəmi çox soyuq olurdu.
Burada ondan başqa xeyli Özbəkstandan və Tacikstandan işləmək üçün gələnlər vardı. Duyduqlarına görə, onların maaşı əslində otuz min rubla qədər olmalı idi. Amma, təbii ki, bu pulun üçdən bir hissəsi gəlib əllərinə çatmırdı. Yuxarıdan bölünə-bölünə gələn pulun on min rublunu ala biləndə sevinirdilər. Etiraz edə bilməzdilər, nə deyib etiraz edəcəkdilər ki? Gəmidə oturub gəmiçi iləmi savaşacaqdılar?
Nəzarətçi – siqaret tüstüsü və ucuz araq iyindən yanında durulası olmayan Marina onları elə təhqir edir, alçaldır, minnət yükləyirdi ki, bunu öz ellərində onlara qarşı edən olsa, qan davası düşərdi.
– İndi burada bir rus qancığının əlində qalmışıq – yediyi hisə verilmiş balığın sümüklərini Vaskaya ata-ata o zaman, hələ Vaska yox, adsız küçə iti olduğu zaman danışmışdı bütün bunları Maksud ona.
– Sənə nə var e, itsən, heç nə düşünmürsən, bala dərdi çəkmirsən, üçdə alacağın, beşdə verəcəyin yoxdur. Mən ailə dolandırmalıyam, anamı müalicə etdirməliyəm, Süsənə paltar alıb məktəbə yollamalıyam, onun qardaşı da olmalıdır. Qoyun almalıyam bir az. Sürüm olsa, heç bura da gəlmərəm. Heç bu qancıq Marinanın iylənmiş sözlərini də eşitmərəm. Eh, sənə nə var?!
Balığın başını köpəyə atıb dərindən köks ötürmüşdü Maksud. Niyəsə, əmin idi ki, köpək onu başa düşür. Bir də, heç başa düşməsin, əsas odur, dinləyir, Maksudun sözünü kəsmədən ona qulaq asırdı.
Əslində, Vaska Maksudu çox yaxşı başa düşürdü. Onun kədərli gözləri, hüzünlü səsi, titrəyən barmaqları Vaskaya çox şey deyirdi.
Vaska indi bu tisəkli payız səhəri Maksudu görəndə sevincini onunla bölüşmək istədi, Maksudun ayaqlarına sürtünməyə başladı. Maksud onu başa düşmədi:
– Ay Allahın heyvanı, sənə verəcək yeməyim yoxdur. Özüm dünən gecəni ac yatmışam. Get, gör o yanlarda nə tapırsan.
Vaska ondan incimədi. Anladı ki, Maksud onu başa düşmür. Vaskanın bu dünyada ən zəhləsi gedən bir varlıq vardı- Semyon Semyonoviç!
Semyon Semyonoviç qonşu Marusiya nənənin arıq pişiyi idi.
Vaska ömründə çox pişik görmüşdü, ancaq bu Semyon qədər həyasız, abırsız, bic pişik görməmişdi. Əslində, Marusiya nənə Semyona yaxşı baxırdı. Mağazadan onunçün xüsusi yeməklər alır, veterinara aparırdı. Ancaq nankor Semyon yenə sümsüklüyündən qalmır, qonşu-qonşu dolaşır, gözünü qonşuların əllərinə zilləyərək yazıq-yazıq miyoldayırdı. Semyon o qədər yeməyin qabağında yenə bir dəri idi, bir sümük. Marusiya nənəni tanımayan elə bilərdi, qarı Semyonu gecə asır, gündüz düşürür, gündə də bir öynə yemək verir. Nankor Semyon!
Bu zəvzək xarakterinə görə Vaskanın ondan zəhləsi gedirdi. Hətta bir dəfə həyətdə görəndə onu qovub uzaq bir yerə aparmaq, azıtmaq da istədi. Hiyləgər Semyon onun məqsədini göydə tutub ağaca dırmandı. Vaska ağacın dibində bir az hürüb, bu həyasıza heç nə edə bilməyəcəyini başa düşüb, nifrətlə Semyonun bic-bic parıldayan gözlərinə baxıb uzaqlaşdı.
Bu axmaq Semyon Marusiya nənəni bütün binada biabır etmişdi. Bir gün qonşular blokun giriş qapısında bir bildiriş gördülər.
“HÖRMƏTLİ QONŞULAR! Pişik Semyona İNANMAYIN! Semyon ev pişiyidir, evdə yemək yeyir. Ancaq forması elədir ki, arıq və yazıq görünür. Onun toruna düşməyin, yazıq görünüşünə aldanmayın, ona yemək verməyin- sahibi çox utanır!(( Semyon Semyonoviç evsiz-eşiksiz (bomj) deyil, sadəcə avantürist – fırıldaqçıdır!!!”
Bildirişin sonunda Semyonun şəkli də vardı. Vaskaya ömründə bu bildiriş qədər ləzzət edən heç nə olmamışdı. Həmin gün dəfələrlə ağzını göyə tutub ulayıb-gülmüşdü. O gün hətta Maqsud da gülmüşdü. Özü də, ürəkdən, gözündən yaş gələnə qədər gülmüşdü. Vaska bir az da Maksudun gülməyinə baxıb sevinib-gülmüşdü. Semyonu da bağışlamışdı hələ. O fırıldaqçı necəsə bu yazığın üzünə gülüş qondura bilmişdi.
Hamı düşünmüşdü, Semyon bərk utanar, bu bildirişdən sonra bir müddət çölə çıxmaz. Ay-hay! Onda utanan üz olsa Semyon olmazdı ki!
Səhəri günü Semyonu quşlara tökülən çörək qırıntılarını yeyən gördülər. Həyasız!
Vaskanın həyatında hər şey yolunda gedirdi. Adı vardı, evi vardı, qarın dolusu yeməyi vardı. İt xoşbəxtliyi üçün daha nə lazım idi ona? Heç nə! Maksudla müqayisədə bəy balası kimi dolanırdı Vaska. Maksudun təkcə adı vardı, onu da heç olduğu kimi çağırmırdılar. Gah Maks deyirdilər, gah Mişa. Bir dəfə Maksud özü Vaskaya pıçıldamışdı ki, əslində, öz adından xoşu gəlirmiş, istəyirmiş hamı onu öz adı ilə çağırsın. Ancaq indi ona fərqi yox idi. Nə çağırırlarsa çağırsınlar onu, lap elə Vaska çağırsınlar. Ancaq başını salmağa bir künc, qarnını doydurmağa bir tikə kolbasa-çörək olsun. Bir də, hər ayın başı ailəsinə yollamağa on min rubl pulu. Vəssalam!
Elə Vaska ağ günə çıxandan bir həftə sonra Maksudun qara günü başladı. Ev yiyəsi qəfl gəlib evində 20 özbəyi bir yerdə tutmuşdu və hamısını da yükü qarışıq çölə atmışdı. Payızın soyuğunda yazıqlar qalmışdı düzdə. Tanışlarının yanında ev tapanlar çıxıb getmişdilər, beş nəfər isə iki saat idi Marinaya yalvarırdılar ki, icazə versin, ev tapana qədər zirzəmidə gecələsinlər. Marina da Nuh deyirdi, peyğəmbər demirdi-razılıq vermirdi.
Maksud elə pilləkəndəcə başını pilləkənin beton qoluna söykəyib büzüşüb oturmuşdu. Vaska bu vaxt Svetlana Sergeyevna ilə gəzməyə düşürdü. O, Maksudun gözlərindəki az qala adam batacaq dərin kədəri görüb ayaq saxladı. Bu kədər ona tanış idi. Çox sevdiyi bir iti maşın vurub öldürəndə Vaska onun başının üstündə bax elə bu cür büzüşüb oturmuşdu. Gözündə də bu dərinlikdə kədər vardı.
Maksuda tərəf dartındı. Svetlana Sergeyevna Vaskanın ipini bir az boşaltdı. Vaska üzünü Maksudun ayaqlarına, əllərinə sürtməyə, əlini yalamağa başladı. Maksud Vaskanın başını qucaqlayıb hönkürdü. Oturacaqda oturan həmyerliləri də, bir əlində “Baltika”, digərində siqaret tutan Marina da, Svetlana Sergeyevna da Maksuda baxıb donub qaldılar. Maksudun hönkürtüsü Vaskanın ulamasına qarışmışdı. Ətrafdakılar isə bu mənzərəyə baxa-baxa donub qalmışdılar.
Vaska Maksuddan aralanıb Svetlana Sergeyevnaya yaxınlaşdı. Onun ətrafında vurnuxmağa, əl-ayağını yalamağa, üstünə şırvanmağa başladı. Vaska ön pəncələrini Svetlana Sergeyevnanın dizlərinə qoyub düz gözlərinin içinə baxdı.
– Burada nə baş verir?- Svetlana Sergeyevna Marinadan soruşdu.
– Ev yiyəsi gəlib, görüb mənzili vağzala döndəriblər, kürüyüb bunları töküb çölə. Qalanları özlərinə yer tapıb, bu beşi qalıb burda. İndi məni dilə tutmağa çalışırlar ki, ev tapana qədər zirzəmini onlara verim.
– Həəə. -Svetlana Sergeyevna susdu. Bu sükut Maksudla Vaskaya bir il kimi gəldi.
– Yaxşı, neynək?! – yenə qeyri-müəyyənlik Maksudla Vaskanı qamçıladı.
– Belə edək,- Vaskanın gözləri parıldadı, dilini eşiyə çıxardıb ləhləməyə, qarının dörd bir yanına dolanmağa başladı- Maks, sən bu gündən mənim evimdə qalarsan. Həm evimi təmizləyər, bazarlığımı edərsən, həm də Vaskanı gəzdirərsən.
Maksud ayağa qalxdı. Bütün bədəni əsirdi. Nazik ayaqları bu titrəyişə tab gətirmədi, o, dizi üstə çökdü. Üstünə yüyürən Vaskanın boynunu qucaqlayıb yenidən hönkürdü.
Sankt-Peterburq