Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mahir Rəsulun “Bulaq rəngli yaşıl atlar” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.
Bulaq rəngli yaşıl atlar
Guya hər şey yalnız ağ və qara rəngdə olsaydı nə dəyişərdi ki?
Mənim görüşmək üçün heç vaxt olmadığı qədər israr etməyim onun az-maz cəsarətini alt-üst edib, əminəm. Allah bilir indi qara-qara nələr düşünür. Ancaq yenə də bu söhbətin yaxşı nəsə vəd etmədiyinə, acı sonluqla bitəcəyinə özünü hazırlamış kimi görünür. Ürkək ceyran kimi qarşımda oturub və sual dolu baxışları üzümə zillənib. Onun bu didərgin halını, sadəliyini, baxışlarının təmizliyini elə sevirəm ki! Bir ömür boyu bax beləcə dayanıb sakitcə gözlərini seyr etmək, o eşq dolu gözləri gecə-gündüz köhnəlməyən, azalmayan, əskilməyən sevgimlə qamarlayıb, qucaqlayıb bağrıma basmaq istəyirəm. Ancaq daha etiraf etməliyəm və bu, hər şeyin sonu ola bilər. Deyəsən, o da bunu hiss edib. Sanki qəddar caninin edam hökmünü oxuyacaq hakimə baxdığı ümidsizliklə üzümə baxır. Nəmli gözləri elə gözəldir ki! Heyf ki, mən onun dünyada mənim üçün hamının gözlərindən gözəl bir cüt nur saçan gözlərinin rəngi üçün heç bir tərif deyə bilməyəcəm. Bu, tanış olduğumuz ilyarım, nişanlandığımız səkkiz ay ərzində, toyumuza cəmi bir həftə qalmış ondan gizlədiyim, “açılarsa, hər şey bitər” deyə qorxduğum, hətta özümdən də qoruduğum yeganə sirrimdir. Ancaq indi, bu saf və tərtəmiz baxışların məni hər şeyi etiraf etməyə səslədiyi bir vaxtda cəsarətimi toplayacaq və ona deyəcəm ki…
-Bunu səndən gizlədiyim üçün məni bağışla, dünyada hamıdan, hər şeydən çox sevdiyim (belə romantik danışmağı əvvəlcədən planlaşdırmışam. Bilirəm, o mənim belə danışığıma heyran olur həmişə və bu, çox şeyi dəyişə bilər). Etiraf edirəm, mən sənin üzünün rəngini seçə bilmirəm, ancaq üzündəki işığa vurulmuşam! Gözəlliyinə varlığım qədər əmin olsam da, gözlərinin rəngini də görə bilmirəm. Rəng koruyam mən, daltonikəm!
O, ya mənim həyəcanımdan, tanışlığımız müddətində heç vaxt görmədiyi təlaşımdan, ya da həqiqətən normadan artıq saf olduğu üçün key-key üzümə baxır.
-Daltonik bilmirsən nə deməkdir?
– Yox…
– Bu, bir xəstəlikdir.
– Necə? Xəstəlik?! Qorxuludur?!
Bir anın içində bətninin atdığını, bənizinin ağardığını hiss edirəm. İlahi, nə qədər qorxdu bir anda. Onun mənim üçün belə qorxması xoşuma gəlir və axmaqcasına düşünürəm ki, kaş, xəstəliyim qorxulu olaydı. Məsələn, ona deyəydim ki, cəmi 45 gün ömrüm qalıb. O isə gözəl gözlərindən leysan kimi yaş axıdaraq sarılaydı mənə, “Yox, ölmə! Mən sənsiz yaşaya bilmərəm! Ölmə, qurban olum! Mən də səninlə öləcəm!” deyəydi. Ürəyimi bərkidib onu özümdən itələyəydim. Kaş bu fədakarlığımı da yanlış anlayaydı, onu özümdən soyutmaq, mənə qarşı nifrət yaratmaq üçün etdiyimi başa düşməyəydi. Qismətimlə barışmış kimi deyəydim ki, yox, belə danışma, sən yaşamalısan! Xahiş edirəm, uzun müddət ürəyində saxlama məni. Çalış xatirələrimizi də, adımı da oradan tez sil ki, başqa birisinə yer açılsın. Və bu sözləri deyən kimi onun çılğınlıqla etiraz etməyini gözləyəydim. Arxayın olaydım ki, o, heç vaxt məni unutmayacaq, başqa heç kimi sevməyəcək. Yəqin bunu biləndən sonra gecələr yuxumu qaçıran ölüm qorxusu da azalardı, daha əzrayılı gözləmək məni dəhşətə gətirməzdi.
Ancaq indi mənim 45 günlük ömrüm qalmayıb. Ən azından belə bir həkim rəyi yoxdur. Dünyada milyonlarla insan daltonik olaraq öz normal həyatına davam edir, bəzən hər şeyi öz rəngində görənlərdən çox yaşayır. Hətta bir çoxu xoşbəxtdir də. Mənim xəstəliyimi qorxulu edənsə bunu indiyədək ondan gizləməyim, öz rəngində görə bilmədən sevməyimin səmimiliyinə yaranacaq şübhə, inamı sarsılacağı üçün hər şeyi bitirə bilmək təhlükəsidir. Olsun, mən daha bu yalanla yaşamaq istəmirəm!
– Yox, elə də qorxulu deyil. Bircə işıqforda problem yaşadır mənə, hamı dayananda dayanıram, arxadakı maşınlar siqnal verəndə bilirəm ki, getmək lazımdır. Ayrı maşın olmayanda isə işıqfor hansı rəngdə yanır yansın, basıb keçirəm, elə bilirəm yol mənimdir.
Gərginliyi azaltmaq üçün gülürəm. Daha doğrusu, guya bu şit zarafatıma gülməyə çalışıram. Halbuki işıqforla bağlı dediyim ağ yalandır. Axı, hərəkəti tənzimləyən bu qurğunun hansı gözünün hansı rəngdə yandığını və hansı yananda nə etmək lazım olduğunu rəngləri seçə bilmədən də əzbərləmək çətin deyil. O isə yenə dediklərimə inanmış kimi görünür, məyusluğu bir az da artır. Bircə bu qalmışdı ki, işıqforu da dərd eləsin!
– Bilirsən, hər şeyi görürəm, ancaq öz rəngində deyil. Necə izah edim axı sənə? Təxminən belə, dünyanı ağ-qara görürəm. Köhnə televizorlar vardı əvvəllər, sən xatırlamazsan yəqin, ancaq ağ-qara göstərirdi. Bax indi mənim gözlərim elədir. Bu, irsi xəstəlikdir deyirlər, mənim ana babamda da olub. Nəsildən nəslə keçirmiş, əsas da kişilərdə özünü göstərirmiş. Məsələn, evlənəndə uşaqlarımız olsa qızım yox, oğlum daltonik doğula bilər.
– Evlənsək oğlumuz da daltonik ola bilər?
Aha, ayrılmaq üçün bundan ciddi səbəb? Kim istəyər oğlu xəstə doğulsun?
– Dəqiq deyil, ancaq həkimlərin fikrincə, ehtimal çoxdur. Olmasını istəmərəm. Olsa da normal qarşılamaq lazımdır. Çünki rəngləri seçə bilməsəm də, bu mənim digər insanlar kimi yaşamağıma, sevinməyimə, kədərlənməyimə, ağlamağıma, gülməyimə, ən başlıcası sevməyimə mane olmur.
Baxışlarında tərəddüd var. Gərək onu inandırım ki, mən öz rəngsiz dünyamda sizin rənglərin əhatəsində olduğunuzdan da xoşbəxt yaşamağı bacarıram. Bunu məhz indi, o qərar verməmiş etməliyəm. Yoxsa bu yazıq görkəmli qız qəfildən qəddarlaşa, hər şeyə nöqtə qoyub üzünü çevirib gedə bilər. Bəlkə də bu onda alınar. Ən pisi də odur ki, əgər getmək istəsə, saxlaya bilmərəm onu. Daha doğrusu, saxlamağa cəhd etmərəm. Bunu özümə sığışdırmaram. Daltonik qürurum buna imkan verməz. Bu qədər xudpəsəndəm!
-Balıqları çox sevirəm, demişdim sənə yadındadırsa. Səbəbini bilirsən?
Balıqlar hardan çıxdı? Yenə key-key üzümə baxır. Bu dəfə əsəbiləşirəm, bu qız niyə bunca sadəlövh və aciz baxışlıdır axı. İlyarımdır onun dəyişməsi, güclənməsi, dünyaya bir başqa nəzərlərlə baxması üçün nə qədər çalışıram, xeyri yoxdur. Bəlkə, elə fürsətdir. Bəlkə, böyük məhəbbətimə rəğmən ayrılmaq ən doğrusudur? Hardan gəlir ağlıma bu gic-gic fikirlər?
– Balıqları tutmağı sevirsən, bişirməyi, yoxsa yeməyi?
– Onlarla danışmağı.
Bu dəfə sanki dəliyə baxırmış kimi baxır – təlaş və qorxuyla. Bəlkə də elə bilir başım tam çatmır və buna səbəb daltonik olmağımdır. İndiyə qədər bunu hiss etmədiyinə görə ürəyində özünü danlayır. Tanrının qarasına danışır, sızıldayır ki, belə talesizlik niyə onun qarşısına çıxıb? Bir də yadına salmağa çalışır ki, mənim başqa nə vaxt, hansı normal olmayan hərəkətimi görüb. Bəlkə də xatırlayır, bir dəfə rəngini seçə bilmədiyim gülləri iyləyəndə ona “necə də yeməlidir” demişdim. Yadına düşdüsə tam batdım, ağlı başında adam niyə gülləri yemək istəsin? Mənsə özümdən tam arxayınam:
-Balıqlar insanları saatlarla sakitcə, etiraz etmədən dinləməyi bacarırlar. Onlarla hər söhbəti eləmək olar. Üzgəclərini həzin-həzin yelləyərək səninlə razı olduqlarını bildirir, baxışları ilə də dediklərimi təsdiqləyirlər. Bax, indi səndən xahiş edirəm, balıqlar kimi diqqətlə, sona qədər dinlə məni. Bu dediklərim çox vacibdir və bizim gələcək taleyimizi dəyişə bilər.
Gözlərindən narazılıq oxuyuram: “Mən nə zaman səni dinləmirəm, sözünü kəsirəm?..”
-Mən daltonikliyin anadangəlmə olduğuna inanmıram. Heç irsi xəstəlik olmasına da. Deyirlər, gözün arxasında rəng dedektoru, onun hüceyrələrində isə konuslar yerləşir. Bax, həmin o konusların içərisində qırmızı, yaşıl və mavi rəngli üç rəng piqmenti olmalıdır ki, hər şeyi öz rəngində görə biləsən. Bu piqmentlər olmadıqda, ya da az olduqda həmin xəstəlik yaranır. Sənə daha sadə dillə izah edim. Rəngli printerin katricini görmüsən? Yan-yana üç rəng qutusu olur həmin katricdə. İşlətdikcə azalır, qurtarır. Bu zaman rəngli nəyisə, məsələn, səhər günəşin doğması mənzərəsini çapa verirsən, əvvəlcə kompüterin ekranına rənglərin bitdiyi ilə bağlı xəbərdarlıq gəlir, daha sonra printerdən ağ-qara şəkil çıxır. Günəş öz rəngində olmur təbii ki. Nə ağ, nə qara rəngdə də olmur. Mənim gördüyüm kimi işıqlı olur, vəssalam. Guya günəşin işıqlı olduğunu və istilik yaydığını bilmək kifayət etmir?
Daltonikliyin anadangəlmə olduğuna ona görə inanmıram ki, mən nə vaxtsa rəngli görmüşəm dünyanı. Çoxdan, lap çoxdan. Ya hələ anamın bətnindəydim, ya da yeni gəlmişdim dünyaya. Güclə xatırlasam da, yaddaşımın dərin yerinə yazdım, qoymadım yadımdan çıxsın. Qeyri-adi rənglər idi və hamısı baxdığım hər yerdə elə gözəl harmoniya yaratmışdılar ki! Bu rənglərin yalnız mənə məxsus olduğunu da, hər kəsin gördüyü rənglərdən fərqləndiyini də bilirdim.
Sonra qəfildən nə baş verdisə rənglər yoxa çıxdı. Yəqin hüceyrələrdəki konuslar aşdı, içindəki rəng piqmentləri töküldü. Bəlkə də bilmədən incidib küsdürmüşdüm onları, xətirlərinə dəymişdim. Ya bəlkə özləri niyəsə getmək istədilər. Axır necə baş verdiyini xatırlamıram. Bir gün hiss elədim ki, dünyanın rəngi dəyişib mənim üçün. Daha heç nə əvvəlki rəngində deyildi. Elə bildim, səbəb dünyanın özündədir, ətrafımda olan hər şeydədir, rəngləri solub hamısının. Sonra vaxt keçdikcə, böyüdükcə anladım ki, yox, mən dəyişmişəm. Daha dəqiqi, mənim gözlərim. İlk vaxtlar monotonluq sıxırdı məni, incidirdi. Alışdım get-gedə. Ancaq rəngləri də unutmadım, unutmaq istəmədim. Ona görə də mən daltonikliyin anadangəlmə və irsi olduğuna inanmıram. Heç oğlum olarsa, rəng koru doğulacağına da inanmıram.
– Yəni deyirsən, oğlumuz olsa…
– Oğlumuz olsa, həm sənin, həm də mənim varlığımdan, bir-birimizə olan sevgimizdən qürur duyacaq. Onun gəlişi ilə xoşbəxt olmağımızdan xoşbəxt olacaq. Əsas da xoşbəxt olmaqdır. İnsan xoşbəxt olanda hər şeyi öz istədiyi rəngdə görə bilər, bütün rənglər yerinə qayıdar. Xoşbəxt ola bilməyənlər üçün onsuz da dünya ya ağ-qara, ya da boz rəngdədir.
– Haqlısan. Mən sənin yanında xoşbəxt hiss edirəm özümü. Deməsəydin, heç daltonik olduğunu bilməzdim. Ancaq sən bir az qəribəsən…
Vəziyyət nisbətən düzəlir deyəsən. Şükür, təhlükə sovuşur, bir daltonik də arzuladığı xoşbəxtliyə çata bilər. Doğrudanmı bu qədər əzabı boşu-boşuna çəkmişəm? Doğrudanmı, hər şey yaxşı yekunlaşacaq? Gərək lap elə ilyarım əvvəl, təzə tanış olan vaxt edəydim bu söhbəti. Ona deyəydim ki, sənə gətirdiyim çiçəklərin nə rəngdə olduğunu bilmirəm, onları quruluşuna, gözəlliyinə və ətrinə görə seçmişəm. Deyəydim, səni üz cizgilərinə və ruhuna görə sevirəm. Qəribəyəm deyir? Desin də. Ona da alışacaq. Bu dünyada hərə bir cür qəribədir onsuz da. İndi ona yuxularımdan danışacam, onda bəlkə daha yaxşı anlayar məni. Gözlərimi yumub xatırlamağa çalışıram:
– Səni sevəndən rəngli yuxular görürəm. Gündüzlər məhrum olduğum rəngli dünya gecələr yuxularımı süsləyir. İkimiz oluruq o rənglərin arasında. Biz o yuxularda əl-ələ tutub qıpqırmızı çəmənliklərdə gəzişir, sapsarı torpağın üstündə ayaqyalın qaçırıq. Yamyaşıl bulaqların buz kimi suyundan içir, bir-birimizin üstünə su çiləyirik. Şabalıd rəngli buludlar başımızın üstünə toplanıb ağappaq kölgə salır üstümüzə. Bizi işıqlı, boz rəngli günəşin istisindən qoruduğu üçün buludlara minnətdarlıqla baxırıq.
Bir dəfə hərəmiz bulaq rəngli yaşıl bir atın belində başı çəhrayı qarla örtülmüş uca dağlara doğru gedirdik. Sən dedin, gəl ötüşək və atları dördnala çapmağa başladıq. Ancaq dağın ətəyinə çatmamış mənim mindiyim atın ayağı büdrədi, üzüstə yıxılanda mən də yumalanıb palıd rəngli daşa çırpıldım. Huşumu itirmişdim, sənin yanaqlarından süzülən bənövşəyi göz yaşları üzümə düşəndə ayıldım. Sonra qalxdım. Mənə heç nə olmamışdı. Bu vaxt atlarımızın par-par yanan qanadlarını açdığını gördük. Uçub getdilər. Biz dağların zirvəsinə çıxa bilməyəcəyimizi anlayıb geri döndük. Atlarımızın qanadlanıb uçmasına gülə-gülə geri qayıdırdıq.
Bir dəfə isə budaqları ağırlıqdan yerə dəyən qırmızı bir bağda meyvə yığırdıq. Qara, palıd, boz rəngli meyvələr elə yetişib şirələnmişdi ki. Sən hərəsindən bir dişlək alıb mənə uzadırdın. Mənsə sırf sən dişləmisən deyə hamısını yeyirdim. Sonra alma ağacına dırmaşdım, ən hündür budağının ucundakı iri almanı dərib sənə gətirdim. Uzandıq ağacın altında. Hərəmiz bir dişlək ala-ala almanı tumlarına qədər yedik. Hətta mən sənin başını qatmaq üçün ağacın qırmızı yarpaqlarını göstərib almanın tumunu da yedim, əlimdə bircə saplağı qaldı. Sənsə bunu başa düşüb narahat oldun ki, birdən mədəmi incidər.
Bir dəfə də…
Nəhayət, gözlərimi açdım. Rəngli yuxularımın ona necə təsir etdiyini ağ-qara da olsa görmək istəyirdim. Ancaq… Ancaq o, yox idi. Dünyada mənim üçün hamının gözlərindən gözəl bir cüt nur saçan gözləri heyrət və sevgiylə üzümə zillənməmişdi. O getmişdi. Gözlərimin yumulu olmasını fürsət bilib sakitcə, səssizcə, yuxularımı sona qədər dinləmədən çıxıb getmişdi. Həmişəlik.
Nədənsə təəccüblənmədim. Ancaq kədərlə düşündüm ki, daha rəngli yuxular görə bilməyəcəm.