Ötən gün Heydər Əliyev adına Mərkəzdə YAP-ın 30 illiyinə həsr olunan tədbirdə iştirak edən qonaqlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, partiyanın idarə Heyətinin üzvü Vasif Talıbovun iştirak etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub.
Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.
Dünəndən sosial şəbəkədə sözügedən iddia müzakirələrə səbəb olsa da, YAP bu barədə heç bir rəsmi açıqlama yaymayıb. “Qafqazinfo” olaraq mövqe öyrənməyə çalışsaq da, mövzu ilə bağlı heç bir münasibət bildirilməyib.
Naxçıvanın Bakıdakı nümayəndəliyi də sualı eşidəndən sonra telefonu bağlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Naxçıvan Bank”ın “Bakı” şöbəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, noyabrın birində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. Bundan sonra isə sosial şəbəkələrdə bunun hələ başlanğıc olduğu, yaxın vaxtlarda Naxçıvanın Muxtar Respublika statusunun da ləğv olunacağına dair iddialar irəli sürülüb. Məsələyə, hətta Milli Məclisin sədri statusunda belə reaksiya verilib. Belə ki, noyabrın 5-i baş tutan iclas zamanı Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazılır: “Naxçıvan MR-in statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.