“LANDAU School”un şagirdləri beynəlxalq bilik yarışmasında ölkəmizi uğurla təmsil edərək 36 medal qazanıblar.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən “LANDAU School” özəl orta məktəbinin şagirdləri ABŞ-nin nüfuzlu ali təhsil müəssisəsi olan “Yale” Universitetində keçirilən “The World Scholar’s Cup” beynəlxalq bilik olimpiadasının yekun turunda iştirak ediblər.
Azərbaycanlı şagirdlər hər il dünyanın 70-ə yaxın ölkəsindən 15000-dən çox məktəblinin iştirakı ilə keçirilən bilik olimpiadasının ilk 2 mərhələsində – Bakıda keçirilən “Local” və Dubayda baş tutan “Global” turlarında müxtəlif nailiyyətlər əldə etməklə “Yale” Universitetinin ev sahibliyi etdiyi finala vəsiqə qazanmışdılar.
Yarışmanın finalında “LANDAU School” şagirdləri ümumilikdə 18 qızıl və 18 gümüş medal əldə ediblər: Kamran Hüseynov – 4 qızıl, 4 gümüş, Fatimə Əliyeva – 4 qızıl, 3 gümüş, Murad Hidayətzadə – 4 qızıl, 1 gümüş, Ziyad İsmayılov – 2 qızıl, 4 gümüş, İsmayıl Qurbanəliyev – 2 qızıl, 3 gümüş, Rəsul İsmayılov – 2 qızıl, 3 gümüş.
Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlamış “LANDAU School” Azərbaycanda müasir tədris təcrübəsinə uyğun metodoloji yenilikləri tətbiq etməklə təhsil sahəsində özünəməxsus mövqeyə sahib olan özəl orta məktəbdir. Hazırda 3000-dən çox şagirdin təhsil aldığı və Qafqazın ən böyük özəl orta təhsil müəssisələrindən biri olan “LANDAU School”da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
LANDAU Education Group-a ən böyük layihəsi olan “LANDAU School” ilə yanaşı, “LANDAU Kindergarten” (uşaq bağçası), “LANDAU PreSchool” (məktəbəqədər təhsil müəssisəsi), “PreLANDAU kursları” (“LANDAU School”a qəbul olunmağa hazırlıq, həm də riyaziyyat və ingilis dili üzrə biliklərini təkmilləşdirmək istəyən digər məktəblərin şagirdləri üçün nəzərdə tutulmuş kurslar),” LANDAU Academy” (müəllimlər üçün ixtisasartırma kursları) və “Leznik & Co.” tədris mərkəzi (yerli və xarici universitetə hazırlaşan abituriyentlər üçün hazırlıq kursları) layihələri də daxildir.