Taclı virus haqqında düşüncəli etüd

Taclı virus haqqında düşüncəli etüd

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Dilarə Adilovanın “Taclı virus haqqında düşüncəli etüd” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

Taclı virus haqqında düşüncəli etüd

VƏ YA

Bir ildən bir az artıq zaman fərqi ilə

Covid –19 keçirənlərə ithaf olunur

Mənim Covid-19 deyilən başbəlası ilə tanışlığım ümummilli… yoox, dünyəvi baş tutsa da, qəbullənməyim hardasa, 5 ay sonra, iyul ayında, yayın və koronanın cırhacırında – “daşlar yerindən oynayanda“ reallaşdı. 2020-ci il Covid-19-un egidası altında keçmişdi. Dünyanın bütün diqqəti virusda cəmlənsə də, uzun illərin (visokosnıy) ən uzunu olan 2020 başqa qlobal hadisələrə də səhnə olur, yaddaşda qalırdı. Qarabağda neçənci dəfə alovlanan müharibə pandemiya kimi ilin açar sözlərindən idi. O ağır günlərdə İctimai fikir anbaan yenilələnirdi. “Qızıl milyardlıq əhali” həqiqətmi, mifmi? “Doğrudan Covid-19 belə təhlükəlidi, yoxsa adicə qripdi? Müalicə xəstəxanada aparılsa yaxşıdı, yoxsa ev şəraitində? Vaksin vuraq-vurmayaq? ”kimi dilemmalara cavab axtara-axtara qalmışdıq. Masştablı epidemiyalar tarix boyu insanları müharibələrdən çox qırıb. Müharibə “göydən” düşmür, insan ona psixoloji hazırlaşır. Heç nədən alovlan pandemiya isə tarixi hadisələri belə dəyişməyə qadirdir. Şöbəmizin xanım əməkdaşı 70% şüşələşmə ilə klinikaya yatırılanda içimdən silkələnib virus barədə bütün ironiya və şübhələrimə son qoydum. Anladım ki, “kurdun şakası yoxdur”. Amma üzbəsurət görüşüm xeyli gecikdi. Bütün iş yoldaşlarım, ətrafım xəstələnib, bir-birini yoluxdurduğu kimi eləcə də, məsləhətləri, reseptləri ilə sağaldıb qurtarandan sonra növbə bizim ailəyə yetişdi. Qəribədir ki, ayrı-ayrı evlərdə yaşasaq da, hamımız birdən tutduq. Tutalım ki, qızımın, oğlumun ailəsini mən yoluxdurdum… İşdən gətirib hamıya caladım. Bəs bacılarım, Salyanda yaşayan qohumlarım? Hamı birdən bu azara mübtəla olub yorğan-döşəyə düşdü… Koronavirus”şünaslar” “hər kəsin başına gələ bilər”, – deyə onu sevgi-məhəbbətlə müqayisə edirdilər… Yaşı, vaxtı, zamanı yoxdur.

Bir gün bacılarım zəng vurdular ki, bəs Binəqədi bazarına gedirik, orada hansısa balıqdan satırlar, gəl sən də gedək… Həm balıq alarıq, həm də oraları gəzərik… Təəccübləndim. Bazar mənim “sahəm” deyil, “profilim” heç deyil, yadıma gəlmir bazarda nə vaxt olmuşam… Onlar da bazar həvəslisi deyillər. Bəs bu balıq sövdası hardan çıxdı? Özü də koronanın meydan sulayan vaxtında… İki daşın arasında, SMS-icazə ilə… Çox vacib imiş… Aha, əlbəttə… gəzməyə yer tapıblar… Bazar… “Yox” dedim, həvəsim yoxdu, balıq da yemirəm… Qısası, imtina etdim. Mənə “oyunpozan-filan” deyən Zeynalova bacıları “drujno” bir-birinə qoşulub üz tutdular Binəqədiyə. Bilmirəm nəyi necə aldılar (çünki ardınca üstümüzə o qədər problem töküldü ki, təfərrüat kimin yadına düşürdü?), amma bazardan təptəzə “Britaniya stammı” ilə qayıtdılar. (Onlarla getmədiyim üçün qurtulduğumu zənn edirdim. Amma… “sən saydığını say” – deyiblər…) İldırım sürəti ilə korona bacılarımın ailələrini, balıq qonaqlığına yığışan hər kəsi bürüdü. Haradasa bir gündə 30 nəfər yoluxdu. Bu hələ harasıdır? Diqqətli oxucumun yadıındadırsa, ən çox yoluxma yas yerlərində olurdu. Rəfiqəm danışırdı ki, korona olduğumu bilmədən Lənkərana yasa getmişəm. Bir palatka adamı – hardasa 200 nəfəri yoluxdurub qayıtmışam. Bu hadisəni eşidəndə illər əvvəl xəbər portallarını dolaşan, aparıcıların gizli təbəssümlə oxuduqları bir əhvalat yadıma düşdü… Demək, Amerikanın hansı ştatındasa, 80 yaşlı kişi sükan arxasında qəfildən idarəetməni itirir. Reaksiya zəif, reflekslər sıfır, göz görmür, özünü idarə edəcək halda deyil, o ki, qala maşını… İşi fırıq görən qoca çox fikirləşməyib avtomobili verir yaxınlıqdakı bazara… Kafası öylə çalışır. Günün günorta çağı… Bazar qaynayır. Və qoçaq camaatı biçə-biçə gedir… Taa maşını hara isə çırpıb özünü də ağır zədələyənə qədər. Xəbər belə başa çatırdı: “Əgər qoca hansı möcüzə ilə isə sağ qalsa, sayı bilinməyən ölən-yaralanan üçün məhkəmə qarşısında cavab verməli olacaq”. Belə… Düşünürəm ki, canımızda bir azacıq nikbinlik, arsızlıq demirəm, müsbət emosiya ehtiyatımız olmasaydı, bizim xalq pandemiyadan daha ağır itki ilə çıxardı… Necə deyərlər, kök arıqlayınca, arığın canı çıxar…

Qayıdıram xəstələnməyimin tarixinə… Hər şey belə başladı…

Bir səhər oyanıb bədənimdə lənətəgəlmişin əlamətlərini hiss edəndə barmağımı dişlədim. Testsiz də bildim ki, covidəm. Çox mehriban, canıyanan iş kollektivi olduğumuzdan votsap qrupumuzda xəstəliyin başlanması, davamı və müalicəsi addım-addım izlənilmişdi. Amma o qədər də pis deyildim… “Doktor”larımın təyinatı əsasında nə lazımdı, aldırdım. İnzivaya çəkilib ciddi yataq rejiminə keçdim. Yaxınlarım məndən telefonla xəbər tuturdular.

– Necəsən?

– Lap yaxşı. Dərmanlarımı içirəm, heç kimlə kontaktda olmuram…

5 gün keçdi… Nə öskürürdüm, nə də qızdırmam var idi. Amma covid olduğumu dəqiq bilirdim. Gözümün qabağında bu qədər adam xəstələnib sağalmışdı. Məndə yüngül forma idi. Çünki tədbirimi almışdım, həm əvvəlcədən limon-zəncəfil, vitamin kompleksi ilə immunitetimi qaldırmışdım, həm də yoluxan kimi tez üstünə düşmüşdüm.

Nə deyim?! Qoydularki…

– Necəsən?

– Yaxşıyam…

– Qızdırman var? Öskürürsən? İybilmə, dadbilmə itib?

– Yox, görünən bir əlamətim yoxdur, amma koronayam, yüngül keçirirəm…

– Bacıcan, səndə heç nə yoxdur, psixolojidir, boş-boşuna özünü dərmanla yükləmə…

– Əcəbdir, oruc tutmağın dərdindən özünü vurub xəstəliyə (Ramazan ayı idi) və s.

Hərə bir tərəfdən tökülüşdü üstümə, başladılar ağıl verməyə. Mənim bəyəm belə güclü əsəbim var? Deyiləm, deyiləm də… Yorğanı kənar edib durdum ayağa. Ev-eşik, iş-güc… Normal həyatıma qayıtdım. Normal olmasa da, mümkün olan qədər. Səhəri gün də xəstələndiyim üçün saxladığım orucuma davam elədim. Daha 5 gün keçdi. Altıncı gün korona bütün görünən əlamətləri ilə məni necə yıxdısa, bir də 2 aydan sonra özümə gəldim. Ailədə hamı bir-birinə dəydi. Qızım məni yataqdan çıxarıb elə pijama ilə təcili öz evinə apardı. Artıq onlar da tutmuşdular. “Öhö-öhö” mənzili başına götürmüşdü. Referans gəlib evdə test götürdü, 6 nəfərdə pozitiv! Oğlumun ailəsi də öz evlərində yatırdı. Niyə indiyə qədər test verməmişdim? Birincisi, intuisiyanı qoyuram bir tərəfə, hər kəs fiziyini tanıyır. Sonra da, xəstənin çoxluğundan çağırış briqadası ələ düşmürdü. Nəhayət, onları evə buraxmağa qorxurdum… Min yerə girib-çıxırlar, arxalarınca necə dezinfeksiya edəcəkdim?

Ev şəraitində etdiyim müalicə fayda vermirdi. Halsızlıq son həddə çatmışdı, qolumu belə tərpədə bilmirdim (korona keçirənlər bilər ancaq). Saturasiyam da sürətlə aşağı düşürdü. Bunlar heç, ən başlıcası, qızıma ürəyim yanırdı. Özü, böyük ailəsi xəstə, mən də üstündə, xərclərdən də danışmıram… Ani qərar verdim: “Ayka, mən xəstəxanaya gedirəm”. Bu o aralar idi ki, klinikanın adı ağır hallanırdı… Hamı bir-birini qorxudurdu: “Kim ora düşür, ölür”. İndi onları düşünəcək halda deyildim. Başladım araşdırmağa, hara gedim? “Modul”lar ağzına qədər dolu idi. Bəxtimi sınayıb təcili yardım çağırdım. Vəziyyətimin ağırlığını görüb dərhal qospitalizə etdilər. Ayrıca, ikinəfərlik palata nə gəzirdi? Dedilər, “bunu tapmısan, sevin”. Başladı müalicə, rentgen, analizlər, sistem, Iynə, dərman… Nəfəs ala bilmirdim, öskürəkdən boğulurdum. Palatadakılar məndən də ağır idilər, aparata qoşulanlar da var idi. Amma heç birinin psixolojisi mənimki qədər pozulmamışdı, hamı öz keyfində, yüksək morelində, yemək-içməyində, deyib-gülməyində idi. Hətta, buraya istirahət evi kimi baxan, girəvə tapıb özünün yanaşı xəstəliklərini müalicə etdirənlər də var idi. Axşamlar hamı evi ilə, ailəsi ilə heç nə olmamış kimi telefonla saatla görüntülü danışırdı. Məndən başqa. Onlara dəli kimi baxırdım. Axı necə ola bilər, belə ağır virus qapasan, evindən, əzizlərindən uzaq düşüb tək-tənha yad yerə, yad adamların arasına düşəsən, amma bunu sakit qəbul edəsən, dərd etməyəsən, ağlayıb-sıtqamayasan. Bu qədər pofigist olmaq olar? Heç kimlə danışmırdım, zənglərə cavab vermirdim. Susmağımda “sarsılmaz” idim. Bacım yazırdı ki, görəsən nə vaxtsa bizimlə danışacaqsan, yenə əvvəlki kimi olacaqsan? Koronovirus həm də münasibətləri, hissləri sınağa çəkirdi. Mən tez sınanam, indi isə tamam məhv olmuşdum, elə bil bina üstümə uçmuşdu, altında qalmışdım. Endorfinim sıfıra düşmüşdü. Dünyadan küsmüşdüm. İnana bilmirdim ki, bunlar mənim başıma gəlir. (Guya mən kimdənsə artıq idim). Xəstəxana hara, mən hara? Sonradan oğlum mənə dedi ki, heç xəstəliyini düşünmürdüm, bilirdim sağalacaqsan, fikrimdə olan o idi ki, mama orada nə edir, yad şəraiti necə qəbul edir, necə baş çıxarır və dözür? Hədsiz vasvasıçılığımı, komfortuma düşgün olduğumu bilirdi. Hər zəng vuranda da soruşurdu: “Orda neynirsən? Gəlim səni aparım”. Özüm lirik, şərait epik, vəziyyət dramatik idi. Prosedürum olmayanda üzüqoylu çarpayıda uzanıb ağlayırdım. Deyim ölüm qorxusu məni didirdi, yox. Düzünü desəm, heç o barədə düşünmürdüm də. Takılıb qalmışdım xəstələnməyimin səbəbinə. Axı mən xəstələnməli deyidim… Özüm-özümü ağırlaşdırdım. Müalicəmi etsəydim, oruc tutmasaydım (Allah savabından əskiltməsin) başıma da bunlar gəlməyəcəkdi. Özü də vaksindən sonra… Ağırlaşmağım mənə taleyüklü məsələlərdə özüm qərar verməyi, qərarımda qəti olmağı, sonra da başqalarını günahkar çıxarmamağı öyrətdi. Mənim yolum xəstəxanaya nə vaxt düşüb? Başladım düşünməyə… 6 yaşım olanda sarılıq tutmuşdum. Qarayev xəstəxanasında yatırdım. Uzun müddət qaldım orada, infeksion olduğu üçün yanıma heç kəsi buraxmırdılar. Anam ora “türmə” deyirdi. Özü də tibb işçisi olmasına, əlaqələrinə baxmayaraq, heç bir vəchlə içəri keçə bilmirdi. Ancaq pəncərədən baxırdım. Anam üçün çox darıxırdım. Həə, yadıma düşür, onda da bütün günü üzümü pəncərənin dəmir qəfəsinə söykəyib ağlayırdım. Özümün kiçik, üstündən ötən müddətin qoca olduğuna baxmayaraq, orada keçirdiyim hər gün demək olar yadımdadır. Hətta, mənimlə yatan uşaqları da xatırlayıram, azərbaycanlı az idi. Sonraa… məni bərpa üçün Bilgəhdəki uşaq sanatoriyasına göndərdilər. Bir həftə sonra anam əlidolu yanıma gələndə qızını arıqlamış, ağlamaqdan üzü-gözü şişmiş görüb geri qaytardı. İnsan dəyişmir ki… Nə 6, nə 66… İki dəfə də oğlumla xəstəxanada yatmışam, onda da həm uşağın vəziyyətindən, həm ürəyimin sıxılmağından güc vermişdim göz yaşlarıma. Palatanı görməmək üçün bulkanı əlimdə tutub pəncərə qabağında yeyirdim.

Deyirlər, Allah-təala heç kəsi bacardığından artıq yükləməz. Kaş ki, mənə bu qədər güvənməsəydi!..

– Dilarə xanım…

Kimsə üzərimə əyilib məni çağırırdı. Cavab vermədim, guya yatmışam.

– Bütün günü belədir, dinmir, danışmır. İki halda həyat əlaməti bildirir, öskürəndə, bir də ağlayanda.

– Qalxın, gedək bir az söhbət edək…

Ara məsafəsi ilə ikimiz də maskada şöbə müdirinin kabinetində oturmuşduq. Gülümsünüb dedi: – İndi guya mən özümü qoruyuram da? Burda çalışanların hərəsi neçə dəfə covid keçirib. Yenə də qara verirəm… Xəstəliklə ağıllı şəkildə mübarizə aparmaq lazımdır. Biologiyanın qanunu budur. Yoxsa virusdan qorunub, psixolojini sıradan çıxarmaq olar. Bir də, igidin igiddən nəyi artıqdır? Əlbəttə, ehtiyatı… Saçınızın nə gözəl rəngi var…

Əlimi saçıma atdım. Rəngini xatırlamaq İstəyirdim. Sonra da candərdi gülümsündüm. Yalnız indi başımı qaldırıb ətrafa və həkimə baxdım. Şöbə müdiri deyilən Ülviyyə xanım 20 yaşlarında, uzun, kerotin saçlı, hündür, model görkəmli qız idi. (Sonra bildim ki, 28 yaşı var). Xalatının arasından şalvarının cırıqları görünürdü. Yəni, bizim bildiyimiz yaşlı, ağırbaşlı və qabaritli doktor, üstəlik də şöbə müdiri statusuna heç uyğun gəlmirdi. Yeri gəlmişkən deyim ki, kilinikada yaş baxımından elə ən böyük deyəsən Ülviyyə xanım idi. Personal yuxarıdan aşağıya gənc oğlan və qızlardan ibarətdi. Covid-19 ətrafına özü kimi qeyri-trivial komanda toplamışdı. Əksəriyyət uzmanlığı Türkiyədə bitirmiş virusoloq -“covidoloq”lar, bizim Tibb Universitetinin yuxarı kurs tələbələri, gözəl-göyçək tibb bacıları, sanitarlar idi. Hə, burada tibbi müəssisədə təzə vəzifə də gördüm, porter… Mənası aparan, daşıyan deməkdir. Personal da, xəstələr də ən çox onu çağırırdılar. Pasientləri klinikadaxili hara lazımdı aparır, yardımçı olurdu. Başlanğıcda onlara, professionallıqlarına şəkk ilə yanaşsam da, işlərinə etibar etməsəm də, müalicəyə dair suallarımla kompetensiyalarını açıq şübhə altına alsam da, sonda bu gənc kollektivdən böyük minnətdarlıq hissi ilə ayrıldım. Yəni, mənim tibb, təbabət, müalicə, həkim davranışı və etikası haqqındakı təsəvvürlərim yaxşı mənada alt-üst oldu…

– Telefonunuzu verin mənə, sizi internetə qoşum ki, darıxmayasınız . İkitərəfli pnevmoniyasız. Bir az dözməli olacaqsınız. Sizi tənəffüs aparatına bağlamıram, beyninizi qurudar. Danışdıq? Nə sözünüz olsa, müraciət edin. Qorxmayın, morelinizi də yüksək tutun. Stres immuniteti sıradan çıxarır. Yaşamaq həyatdan ikiəlli yapışmaq deyil, həyatı qiymətləndirməkdir. Heç kəs bu dünyanı özü olmadan təsəvvür etmir və istəmir. Amma bu fikrin bir astar üzü də var. Kimsə düşünmür ki, mən doğulmamışdan da milyon illər qabaq həyat olub, davam edib. Dünya fırlanır, camaat minib-düşür. Kim harda qoşuldu-qoşuldu… Elə deyil? Düz demirəm?

Doktorum pauzasız söhbəti dəyişdi: – Hə, info üçün deyim ki, burada sizə vurulan dərmanlar apteklərdə satılmır, “spes”dir. 4 gündən sonra xeyrini hiss edəcəksiniz. Ümumi toparlanmağa gəldikdə isə – 2 həftə çəkəcək…

Günü-günə elə də oldu. Əsl həkim odur ki, yanından ayrılanda xəstəyə bir yüngüllük gəlsin. O nə gərəkdisə başa saldı, mən də nə gərəkdisə nəticəmi çıxartdım. Həkimlər sentimental olmur, ümid vermir, özlərini sığortalayırlar. Amma burada hamı təskinlik verir, heç kim qorxutmurdu.

Palataya qayıtdım. Deyir, əgər situasianı dəyişə bilmirsənsə, ona münasibətini dəyiş… Təcili bu gərginlikdən, təşvişdən xilas olmalıydım, bir az da keçsəydi, depressiya adlanan dərin çuxurdan çıxa bilməyəcəkdim. Yelkənlərimi endirdim. Evə zəng vurub mənə yeni əyin-baş gətirmələrini xahiş etdim. Müvafiq tapşırıq da verdim. Onsuz da fasiləsiz tərlədiyim üçün (ağırlaşmanın birinci əlaməti) çoxlu paltara ehtiyacım var idi. Sonra da… Mənim 2 dəst gözəl ev kostyumum var idi ki, biri güllü atlasdan, biri də 3 predmeti olan “ansambl”. Heç geyinməmişdim, eləcə dolabda dururdu. Hər dəfə götürəndə “birdən xəstəxanaya düşərəm, lazım olar”, – deyə düşünüb, qaytarıb yerinə qoyurdum. Özü də pandemiyadan xeyli qabaq. İndi düşünürəm ki, o sözü mənə dedirdən dedirtmişdi. Axı ürəyimdən keçə bilərdi ki, institutla ezamiyyətə gedə bilərəm, konfransa qatıla bilərəm, orada oteldə gərəyim olar… Yox! Xəstəxana ki, xəstəxana! Tam sağlam adam. Özü də guya Allah eləməmişkən, xəstələnsəydim, daha mənə pijama tapılmayacaqdı. Sadəcə, özüm də bilmədən kainata mesaj ötürdüm, o da qəbul etdi. Mənə də arzu-niyyət, hətta düşüncəmə belə hakim olmaq dərsini verdi. Demək, əzizləyib xəstələnməyim üçün saxladığım, həmin o tərifli kostyum elə xəstəxanaya da qismət oldu. Bir-iki dəfə geyinəndən sonra dezinfeksiya üçün 90 dərəcədə yuyuldu, rəngi qarışıb neçə ilin əskisinə döndü.

Yaxşı şeylər niyyət edin!

Əziz oxucum! Səni müalicəmin təfərrüatı ilə daha artıq yormayıb deyim ki, 4 ağır gün ağır keçdi. 5-ci gün səhər oyananda birdən-birə yaxşılaşdığımı hiss etdim. Virus sınmış, tacı başından düşmüşdü. Bir az özümə gəlmişdim. Kimsənin dərdi gözünün qabağında olmasın. Yavaş-yavaş palatada edilən söhbətlərə qulaq verməyə, telefonumda yığılıb qalmış mesajları oxumağa başladım. Buraya gəldiyim gündən heç kim yadıma düşməmişdi, elə canımın hayında idim. Hətta, bəzən elə bilirdim ki, artıq ölmüşəm, özümə ruh haqqında filmlərdə olduğu kimi kənardan baxıram. Cismimiz ruhumuzun məskunlaşdığı məbəddir. Tez-tez “Qiyamət” surəsini xatırlayırdım. “Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?”—deyəcəkdir. Xeyr, o gün heç bir sığınacaq olmayacaqdır”. Eynən… Dəyişdirilməsi mümkün olmayan Quran ayəsi dediyimiz bu… Heç kimə güzəşt yox idi. Hər kəs təklikdə mücadilə aparırdı. Ən yaxınına belə əl uzada, kömək edə bilmirdin. Dəhşətli zamanlar idi.

Virusun geri çəkildiyini görən içimdəki həyat eşqi zəif də olsa, özümə qayıtmağa cəhd edirdi.

Bugün yenə çox gözəlsən həyat.

Hər şeyə rəğmən…

Ah! Mənim yaşama sevincim,

Dur, səni gözlərindən öpəyim… (N.Hikmət)

Mənim çarpayım qapının ağzında idi. Balışımı götürüb o biri tərəfdən qoydum. Koridoru, gedib-gələni görmək üçün. Özümə əyləncə axtarırdım, həm də artıq beynimdə müəyyən eskizlər cızılırdı, əlimdəki işi bitirəndən sonra “mən necə koronavirus oldum” mövzusunda əsər yazacağıma əminliyim artırdı. (Covid öz virusunu ədəbiyyata da salmışdı). Bütün günü personal at ilxısı kimi birdən və hamı bir yerdə ayrı-ayrı xəstələrin üstünə qaçırdı. Burada iş qaynayırdı. Əvvəl istədim deyəm həyat qaynayırdı, amma düzgünü – həyatla ölüm çarpışırdı. Ağ xalatlıların (indi uniforma standart olmasa da) iş rejimi, həyat tərzi məni həmişə maraqlandırıb. Nə iləsə təbabətlə yazıçılığın bir əlaqəsi var. Çünki hər iki peşənin ünvanı, predmeti insandır. Dünyada tanınmış və sevilən nə qədər yazıçı var ki, müalicə həkimi kimi praktika keçiblər. Oxucunu cəlb edən də əhvalatları birinci şəxsdən – professionaldan eşitməkdir. A.Konan-Doyl, Somerset Moem, bizim N.Nərimanov… Rus ədəbiyyatında isə bu bir ənənə halını almışdır. M.Bulqakov, V.Aksenov da Hippokrat andı içmişdilər. A.P.Çexov deyirdi ki, mənim arvadımdan – tibbdən başqa, üstəlik sevgili ədəbiyyatım da var. Yeri gəlmişkən, Çexov ən məşhur əsərlərindən olan “6 nömrəli palata”nı vəba epidemiyası zamanı yazıb. Özünün “qadın və məhəbbət elementləri olmayan, darıxdırıcı” hesab etdiyi bu povest müasirləri tərəfindən ən yüksək qiymətini almış, yazıçının “kasıb məzmundan belə dərin ideya” çıxarmaq bacarığı alqışlanmışdır. Anam cərrahiyyədə işlədiyindən o qədər maraqlı hadisələr danışırdı ki… Təyinatla rayon xəstəxanasında işləyirmiş. Bir gecə növbətçi olanda həkimlərin otağında yatıbmış, qızıl saatını da qolundan açıb yanına qoyub. Deyir, bir də xışıltıya oyandım. Gördüm siçan mənim saatımı aparır. Saatı xilas edə bilib. Ən çox da ona sevinib ki, iş yoldaşlarından şübhələnməkdən yan keçib. Siçanın qızılbaz olduğunu bilən bilir. Amma o darmacalda kimin ağlına gələrdi ki, oğru siçandır?

Bizi də dəvət eləmişdi həkimlərin həyatından olan filmlərə baxmağa. Tibbi prozanın həmişə öz oxucusu, tamaşaçısı olub. 90-cı illərdə Mərkəzi Televiziya ilə Çexoslovokiyanın istehsalı olan “Şəhərin ucqarındakı xəstəxana” tibbi saqası nümayış olunurdu. Maraqlı süjet xətti olan bu filmə həm də anama görə baxırdım. Sonradan belə mövzuda filmlərə daha çox həvəs göstərməyə başladım, xüsusən seriallara. Amerikanın 15 sezondan ibarət “Təcili yardım”, rusların 9 sezonluq “Sklifosovskiy” tele-xitləri, yenə də Amerika kinokompaniyasında çəkilmiş “Narkoz” trilleri polislər haqqında maraqla baxdığım filmlər kimi favorim olmuşdu. Pasientin həyata qaytarılması uğrunda mübarizə mənə düyünə düşmüş cinayətin açılması qədər adrenalin verirdi. Vaxtilə ekrandan izlədiyim bu dramları indi gözümlə görürdüm. “Modul”da gündüzlər terapiya, səs-küy, get-gəl, qaşhaqaç çox olurdu. Gecə çöküncə xəstələr palatalara çəkilir, işıqlar sönür, personal dincəlməyə gedirdi. Bax, onda mənim zamanım gəlirdi. Qarşıda uzun bir gecə məni gözləyirdi. “Yuva”mdan çıxır, müşahidələrimə başlayırdım. Klinikaya kənardan yemək qəbul edilmirdi, zatən nə lazımdı artıqlaması ilə verirdilər. Ancaq müəyyən meyvələrə icazə var idi. Oğlum da, evi tikilmiş mənə 10 kq. banan-armud gətirmişdi. Tək adama! Elə bil öynəlik görməyib. Sanki dünyanın axırı idi. Məkan “qırmızı zona” elan olunduğundan geri qaytara da bilməzdim. Armudu heç xoşlamıram, özü də “düşes”… Palata yoldaşlarım da tərs kimi ağır şəkərdən əziyyət çəkdikləri üçün “yardım” edə bilmirdilər. “Başımın çarəsinə” tək baxmalıydım. Meyvəmi, fincanımı və planşetimi götürüb yeməkxanaya gedirdim. Orada həmişə iri samovarlar qaynayırdı. Kofedən içib meyvə ilə məşğulat edə-edə əsas məqsədimi həyata keçirməyə, məcbur düşdüyüm bu şəraitdən faydalanmağa çalışırdım. Gecə mənim idi. Gələcək əsərim üçün material yığmağı, küsmüş ilham pərimin könlünü almağı düşünürdüm. Təsəllim, xilasım ancaq bu ola bilərdi, yoxsa ki, qara-qara fikirlərdən, qorxudan, darıxmaqdan şəkililər demiş “pozulmaq” (ağlını çaşdırmaq) olardı. Bura cüt gəlib (ər-arvad) tək qayıdanları da gördüm. Korona heç kimə rəhm etmirdi, ölüm bəhanə tapırdı. Yatdığım şöbədə koronanın fəsadından ağlını itirib dəli olan da var idi. Ortayaş kişi lüt soyunub koridorda o baş-bu başa qaçırdı. Hamı bir-birinə qarışmışdı, xəstələr, tibb işçiləri. Gördüyüm mənzərədən, qorxudan və immunitetin kəskin düşməyindən ağzım uçuqlamışdı ki, uzun müalicədən sonra iki aya sağaldı. Gördüklərim Şekspirin 5 aktlı faciəsi deyildi, hər gün sağımda və solumda kimlərsə həyata “əlvida” deyirdilər. Elə ki, sanitarlar tələm-tələsik palataların qapılarını bağlayırdılar, bilirdik ki, dəhlizlə hansı bədbəxtinsə meyidini aparırlar. (Sonralar oğlum dedi ki, hər gün sənin yanına gələndə klinikanın həyətində molla salah çəkirdi). Meyidi sahibinə vermirdilər, morqda yuyub-kəfənləyib dəfnə hazır edirdilər. Adətən deyirlər ki, qohum-əqrabaya sonuncu əziyyəti rəhmətə gedəndə verirsən. Amma o baxımdan indi “rahatçılıq” idi. Az sayda adam ölüsü ilə uzaqdan vidalaşır, nə ehsan verir, nə xərcə düşürdü. O vaxt hamı elə hesab edirdi ki, bu qayda karantin bitəndən sonra da davam edəcək, daha bir də əvvəlki şan-şöhrətli yas mərasimləri, toylar keçirilməyəcək. (Ay-hay! Bura Azərbaycandır, həyat öz məcrasına düşən kimi, 100 nəfərlik nədir, 1000 nəfərlik toy məclisləri quruldu). Domoklun qılıncı hər xəstənin başının üstündə idi. Hər an halın dönə bilərdi. Tək xəstələrin yox, həkimlərin də. “Ən çox batan yaxşı üzənlər olur”. Elə zaman idi ki, tanımadığın adamın ölümünə də laqeyd qala bilmirdin, hər kəsin ölümü hamı tərəfindən şəxsi faciə kimi qəbul edilirdi. Elə bil ölümləri sayırdıq. Elə bil niyə? Biz primitivcəsinə ətrafımızda barmağımızla, Operativ Qərargah, Ramin Bayramlı statistika ilə…

Hər səhər Aydın doktor gəlir, mənimlə dəhlizdə tənəffüs hərəkətləri edirdi. Addımlarımızı sayır, dayanır, nəfəs alır, yenə davam edirdik.

Həmin may yaman küləkli keçirdi. Hətta deyirdim ki, mayın adını dəyişib külək qoymaq lazımdır. Gecələr xüsusilə artırdı. Binanın başqa yerlərində yox, məhz yeməkxanasında güclü əks-səda verirdi. Pəncərələrin şüşələri titrəyirdi. Amma mən öyrəncəliydim. Yaşadığım bina da səsə dayanıqlı deyil. Elə bil evimin akustikasını özümlə gətirmişdim. Hər şey tam olsun deyə, E.Morrikonenin “Professional” filmindən “Küləyin ağlaması” melodiyasını özüm eşidəcək səslə çaldırırdım. Bura həm də xəstəxananın “daxili mətbəxi” idi. Çox mətləblərdən, sirrlərdən burda xəbər tuturdum, çox məsələlərdən burda hali olurdum. Virusun inkişafından, ölən-qalandan, gözlənilən yumşalmalardan və sairədən burda ilk ağızdan eşidirdim. Deyirlər ki, yazmaq üçün “K” hərfi ilə başlayan 3 şey lazımdır. Birinci, kofe! Aha, o varımdı, içirəm. Sonra… karandaş… Yoxumdu, işlətmirəm, kompüterdə yazıram. Bəs neyləyim? Aha, tapdım, o da “K” hərfi ilə başlanır. Necə deyərlər, o olmasın, bu olsun! Üçüncü, bu mövzuda indiyə qədər yazılmış Kitablar! Bəs İ.Nyuton nə deyirdi? “Əgər mən daha uzağı görürəmsə, “nəhənglərin çiyni üzərindən baxıram” – deməkdir. Oxuduqlarım da beynimin alt və üst cərgələrində sıralanıb. Darlıq etsələr də. Demək, hazıram…

Əlbəttə, yazdığın sahəni yaxşı bilməlisən. Sevməyin tələb olunmur. Məsələn, H.X.Andersen uşaq yazıçısı-nağılbaz olub, amma uşaqları elə də sevməyib. Nəzəri, praktiki biliklərin oldu, yetər. Nəzəriyyə mütaliə ilə əldə edilirsə, digərləri təcrübədə qazanılır. Demək, vəziyyət o qədər də pis deyil, düşdüyüm bu durumun içində yumşaldıcı məqamlar var ki, onları da qaçırmamalı, ”kəndimi xəfifə, işimi ciddiyə” alıb, fürsətdən istifadə etməliyəm. Onsuz da artıq xəstələnmişəm, ağlayıb özümü öldürməkdən bir şey çıxmaz. Necə deyərlər, xəstə tələsər, armud vaxtında yetişər. Onsuz da, həkimlər barədə yazmaq epizodik də olsa, ağlımdan keçmişdi. Qaldı qığılcımı alovlandırmaq, yəni məqsədi reallaşdırmaq…

Gecələr bufetə düşmək mənim üçün bir növ rituala çevrilmişdi. Burdan xoşum gəlirdi. Kapuçino rəngində divarları, iri pəncərələri var idi. Mənə bir söz demirdilər, sadəcə, özümü soyuğa verməməyi , ara məsafəsi saxlamağı məsləhət görürdülər. Maska da öz yerində. Mütləq idi. Hər yerdə qoyulmuşdu. “Maska maskadan aralı düşməz”, – ya da “uzaq düşməz” deyə öz-özümə düşünürdüm. (Dilimiz yeni “atalar sözləri” ilə, lüğətimiz yeni “neologizm”lərlə zənginləşirdi). Personaldan kimsə stoluma yaxınlaşır, halımla maraqlanır, bir şeyə ehtiyacım olub-olmadığını soruşurdu. Ya da, elə-belə söhbət edirdik. Bir gecə yenə bufetdə yer-yataq salmışdım. Uzaqda oturan cavan oğlan dəfətarağını götürüb stoluma yaxınlaşdı. “Görürəm yaxşısız. Amma öz aramızdır, yaman panikersiz ha. Həm də dözümsüz. Aləmi qatmışdız bir-birinə. Adım Caviddir”. Xatırladım… Mən daxil olan günün gecəsi də bu oğlan növbətçi idi. Ən pis vaxtım idi. Əziyyətimi çox çəkdi. Nə iynə vurdusa, səhər məni oyada bilmirdilər… Beşinci kursda oxuduğunu, hər gün Maştağadan gəlib-getdiyini söylədi.

– Görün o dəfə başıma nə gəlib… Səhər basabas avtobusa minmişəm, tutacaqdan tutub dayanmışam. Qarşımda da bir rus qadın oturub. Avtobus qəfil tormoz verər, mənim də yumruğum dəstəkdən açılıb dəyər bu arvadın başına.Yazığın gözlərində şimşək çaxdı. Şəhərə qədər başını tutub ağladı.

İstər-istəməz Cavidin əllərinə baxdım. İlahi, bu boyda da əl olar? Kvazimodanın əllərinə oxşayırdı.

– Bəs sən dedin?

– Heç… Dedim “bağışdə…”

Dəhşət! Bu boyda həngamənin müqabilində quruca “bağışdə”. Həə, filmdə deyildiyi kimi “oldu də”. Bilirdim belə vəziyyətə gülmək yaxşı deyil, amma nə edim, özümü saxlaya bilmirdim, situasiya gülməli idi, mən də çöpə gülən…

Öz növbəmdə ona hara getsə özü ilə papka daşıyan rəfiqəmdən danışdım. Covid tutduğu üçün vaksin vurdurmayan sovetdənqalma qanunpərəst Familə müəllimə restoranda ofisianta tələb edilmədiyi halda “Təbib”in mesayını, necə faiz şüşələndiyini, KT-nin cavabını, qan təhlillərini göstərir, izah edirdi. Müştərilərə xidmətdə qaçhaqaçda olan uşaq axırı dedi: “Ay xala, bu kağız-kuğuzu mənə niyə göstərirsən? İşim var axı”. Cavid də: – Hə,elədir, SSRİ son sovet adamı dünyasını dəyişəndə dağılacaq, – deyib güldü.

– Amma virusla əlaqədar müvəqqəti Atletlər kəndində qalıram. Mənə sərf edir. Subay oğlanam. Həm evdəkiləri qoruyuram, həm də yolum qısalır. Klinika bizə maşın da ayırıb, yeməklə də təmin olunuruq. Təkadamlıq nömrədə qalıram.

Mənim janrım olmasa da, maaşla maraqlandım. Doğrudan da maaş yüksək imiş, deyiləndən də artıq. Risk təhlükəsini isə heç kim ləğv etməyib. Zərbəni ilk qəbul edən həkimlər olmuşdu. Qara siyahı günü-gündən artırdı… Hələ onun mənəvi tərəfini demirəm… Heç bir peşə həkimlik qədər həyəcan yaşatmır.

Atletlər kəndi… İndi yaman dəbdə idi. Xaricdən gələnləri izolyasiya edir, 2 həftə burda saxlayırdılar. Camaat dolayırdı ki, virus haradan gəlməyindən asılı olmayaraq, “kitayskidi ki, kitayski”. Çin bir güllə də atmadan Üçüncü Dünya müharibəsini udmuşdu. Yadımdadır ki, pandemiyada ad gününə toplaşmışdıq. Əsas çoxuşaqlı ailələr idi. Mən zarafat elədim ki, yoluxma olsa total olacaq, hamımızı basacaqlar Atletlər kəndinə. Deyirlər ora otel kimidir, təminatı da əladır. 4 kiçik uşağı olan gənc qadın qulaqlarını çəkdi ki, sizə nə var, oturub əsərinizi yazacaqsınız. Mən bu qədər uşaqla bir otağın içində nə edəcəyəm?

Heç olarmı ki, süjetin lirik-romantik qolu olmasın? Gecələr bir “paroçka”nı da izləyirdim. Yeməkxananın bir küncünə çəkilmiş Vüqar həkim və tibb bacısı Səidənin məhəbbət romanına istər-istəməz şahidlik edirdim. Klinikalarda peşələrindən dolayı şəxsi münasibətlər başqa müəssisələrdən fərqli olaraq daha çox inkişaf edir. Şərait özü şərait yaradır. Bunlardan başqa daha bir cütlük var idi. İkisi də klinikaya təzə gəlmişdi. Onlar hələ roman “yazmağa” yeni başlayırdılar. Bir-birindən bir az aralı otururdular, daha çox susurdular. Mənim olmayan bir frazanı xatırladım… “Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir”. Bu köhnə və yeni sevgililər mənim gecə məkanımın ayrılmaz tərkib hissələri idilər.

Mənim xəstəxana sərgüzəştlərim finala doğru gedirdi. Nəhayət, 20 gündən sonra, mayın 19-u evə buraxıldım. Bunun üstünə xəstələnməyə başladığım və evdəki uğursuz müalicə müddətini də gəlsək, mənim üstümdə nə qədər adam xəstələnib sağaldı. Çıxışda oğlum məni ağ qızılgüllərlə gözləyirdi. Düzdür, mənim covid macəram bununla bitmədi, evə qayıdandan sonra virusun geridə buraxdığı fəsadları ilə çarpışmalı oldum. Bu həmin zamanlar idi ki, Yer hansısa “yad planetin cəhənnəmi” adını almışdı. Növbəti dalğada omikron da məndən yan keçmədi. Nə edim, virusun xoşuna gəlmişdim. Heç cür əl çəkmirdi. Mənim qədər test verən yəqin ki, olmayıb. Sağalandan sonra da pozitiv çıxırdı. Burun-boğazımı limonla təmizləyib (virusu aldatmaq üçün) test götürəndən xahiş edirdim ki, çubuğunu çox dərinə salmasın. Həm yara olmuşdu, həm də istəyirdim o sovxayaqalmış NEQATİV axır ki, çıxsın. Amma yaşadıqlarımla müqayisədə bunlar heç nə idi… Və ya… daha başqa hekayəyə süjet ola bilərdi. Uzun müddət məndən əl çəkməyən depressiya və apatiya dirəncimi görüb nəhayət ki, yoxa çıxdı. Hər halda həyat mənə comərd davrandı. Ordan çıxmaya da bilərdim, daha doğrusu sağ. Allah özü “bitdi” demədisə, muştuluğumu istərəm, “bitməmişdir” deməkdir. Sağaldığını, lap elə sağalmağa doğru getdiyini hiss etmək ən böyük xoşbəxtlik imiş!

Covid-19-un ikinci ili davam edirdi. Yaxud ikinci Covid ili… Meqapandemiya da dünyaya qarışıb Günəşin ətrafında fırlanırdı. 8 milyard adamla birlikdə…

Share: