Qan Turalı yazır…
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında müzakirələr futboldan çox kənar mövzular üzərində aparılır. Oyunların başlaması ilə mövcud tendensiyanın arxa planı keçəcəyi gözlənilsə də bu belə olmadı. Hələ də futboldan kənar müzakirələr davam edir.
Çempionat ilk dəfə mütləq monarxiya rejiminin hakim olduğu bir ölkədə keçirilir. Ancaq FIFA-nın demokratiya dərsindən aldığı qiymətlər də heç yüksək deyil. 1978-ci il çempionatı da hərbi xuntanın hökmranlıq etdiyi, minlərlə müxalifətyönlü şəxsin həbsxanaya atıldığı, öldürüldüyü Argentinada keçirilmişdi.
Qətərə çempionatı da Ərəb Millətləri Liqası ya da İslam Konfransı Təşkilatı yox, məhz FIFA vermişdi. Və bu seçimdə nə qədər çirkli oyunlar oynanıldığı da istər mediada, istərsə də “Netflix”də yayımlanana “FIFA-nın iç üzü” mini serialında sübuta yetirilmişdi. Ancaq bütün bunlardan sonra Avropanın Qətərdə insan hüquqlarının pozulması, LGBT məsələsi, spirtli içki qadağası ilə bağlı qınaqları arxadan atılan daşa daha çox bənzəyir.
Kiçik bir məqamı xatırladaq. 2010-cu ildə UEFA prezidenti, bir futbol əfsanəsi Mişel Platini Fransa prezidenti Sarkozidən Elisey Sarayında keçiriləcək bir nahara dəvət alır. Nahara gələn Platini süfrə başında Qətər əmirinin oğlunu, FIFA prezidentinin qətərli müavini ilə qarşılaşır.
Platini “Netflix”in qeyd etdiyimiz serialında Qətərə səs verdiyini belə izah edir: “Doğrusu, Sarkozi mənə Qətərə səs verməyi xahiş etmədi. Ancaq Fransanın maraqlarına uyğun şəkildə Qətərə səs verməyi tələb etdiyini mən o görüşdə aydın şəkildə başa düşdüm”. Sanki bu çempionat Fransanın milli maraqlarını qorumalıymış kimi…
Və səsvermədə iştirak edən şəxslər də hərəsi bir cür razı salındıqdan sonra çempionat Qətərə verilir. Halbuki ABŞ bu çempionatı çox istəyirdi və ABŞ-ın heyətinin başında da keçmiş ABŞ prezidenti Bill Klinton dayanırdı. Doğrudur, ABŞ-nin FBI və məhkəmə sistemi əli ilə korrupsiyaya bulaşan FIFA üzvlərinin bir qismini həbsə yollamağı bacardı. FIFA prezidenti istefaya getməyə məcbur oldu, Platiniyə futbol idarəetməsi ilə məşğul olmaq bir neçə il müddətinə qadağan edildi.
Ancaq bütün bunların fonunda günahın çempionatı istəyən və bunun üçün böyük maliyyə xərcləyən Qətərın yox, FIFA-nın və onun korrupsiyalaşmış məmurlarının üstündə olduğu aydın şəkildə görünür.
FIFA-nın hazırkı prezidenti də stadionlarda tətbiq edilən spirtli içki qadağasına “üç saat içməsəniz ölməzsiniz” kimi bir cavab verməklə uğrunda hansı ənənələrin hökm sürdüyünü aydın şəkildə göstərdi. Məsələ spirtli içki içmək deyildi, məsələ insanların azadlığına müdaxilə etmək idi.
Məsələ spirtli içki ilə də yekunlaşmır. Almaniya, Belçika Danimarka, Uels, İngiltərə və İsveçrə milli komandalarının kapitanları meydana qollarında LGBT-yə dəstək üçün “One love” yazılan sarğı ilə çıxmağı planlaşdırsa da FIFA buna görə kapitanları sarı kartla cəzalandıracağını bildirdi. Və bu yeddi federasiya ortaq bir açıqlama ilə çıxış edərək qərarlarından imtina etdiklərini açıqladı.
Demək, bu qədər söz-söhbət, bu qədər dəstək bir sarı kart qədər dəyərli deyildi. İngiltərə millisinin kapitanı Harri Keyn qərarla razılaşmayaraq öz federasiyasını qınadı. Almaniya yığması isə matçın əvvəlindəki komanda fotosunda əlləri ilə ağızlarını bağlayaraq FIFA-ya etiraz etdi. Ancaq bu qədər… Kapitanların əksəriyyəti “One love” sarğısını taxmadı.
Ancaq ən cəsur münasibəti İran yığmasının oyunçuları nümayiş etdirdilər. İranda hökumət əleyhinə aksiyalara dəstək göstərən İran millisinin oyunçuları onları hansı cəzanın gözləyəcəyini heç şübhəsiz ki bilirdilər. Aksiyaçılara dəstək göstərən İran futbolunun əfsanəsi Əli Dayedən hələ də xəbər yoxdur. Amma bu qorxu onlara mane olmadı. Himni söyləməkdən imtina edən iranlılar bu cəsur hərəkətləri ilə sarı kartdan qorxan avropalı həmkarlarına gözəl bir dərs verdilər.
Və bu mənzərə sübut edir ki, azadlıq uğrunda danışmaq yox, döyüşmək lazımdır…