Kulis.az Vüqar Vanın kitab yarmarkasından yazdığı ““Qanun”un fabulası ətrafında” adlı yazısını təqdim edir.
Bakının qaralmış küçələrindən biri ilə – əvvəllər varlı adamların evləri olan, indisə çoxillik his-pasdan qaralmış, indiyədək köhnə daş evlərin qaba, yöndəmsiz, girişlərinin sıralandığı küçəylə təkcə gedirdim.
Həmin küçələrdə qaraşın, qaragöz, yadhisli, yaddüşüncəli adamların nizamsız həyatı qaynayır, o saysız-hesabsız, adsız-sansız adamlar arı qərarsızlığı ilə ora-bura elə hərəkət edirdilər ki, cılız dəqiqliyi, mənasız uyğunluğu, dırnaqarası ciddi həyat tərzləri tənha, xırda, miskin, ləpədöyəndə yox olub gedirdi. Saysız-hesabsız, əbədi insan qaynaşması qəfildən özünün bütün dibsiz dəhşətiylə qarşımda açılmışdı. Şəhəri başdan-başa kəsən yolda, maşınlar davamsız hərəkətlə, nərildəyə-nərildəyə şimala-cənuba şütüyürdülər. İnsanların hər bir hərəkəti sərtləşmiş, yorulmuş, heydən düşmüş, qəzəblənmiş, çaşmış, xarablaşmış görünürdü.
Əlimi vicdanıma qoyub, rahatlıqla deyə bilərəm ki, indiyə qədər işimi heç vaxt yola verməmişəm. Reportaja da, müsahibəyə də, adicə köşə yazısının içinə də ən xırda detalla olsa belə, ədəbiyyat üfürməyə çalışmışam. Ona görə nə vaxt reportaja gedirəm, daim ürəyim çırpınır ki, görəsən, nə yazacağam? Hansı detalı, hansı təsadüfü, hansı təəssüratı daxilimdən keçirib, onu ədəbiyyatlaşdıracağam? Bu suallarla birlikdə “Qanun” nəşriyyatının binasına girdim.
Detektiv, triller janrlarının yanından keçib, yarmarka olan hissəyə – 3-cü mərtəbəyə qalxdım. “Qanun”da 1 il işləmişəm. Buranın işçiləri, binası, kitabları mənə doğmadır. Hər dəfə gedəndə zəhmətsevər, baməzə, qabarlı əlləri olan bütün mətbəə işçiləri ilə bir-bir salamlaşıram. Hər dəfə mənim rəngli corablarıma baxıb gülürlər. Ola bilər ki, mətbəədə işləyən bu adamlar çap elədikləri kitabları oxumayıblar, ümumiyyətlə, həyatda heç bir kitab üzü açmayıblar. Amma o qədər kitablarla iç-içə, qoyun-qoyuna təmasda olublar ki, kitabın işığı onların da simasına yansıyıb, öz-özlərinə, qaldıqları yerdə nurlu adamlar olublar.
Nəhayət, yarmarka keçirilən yerə çatdım. İçəri girəndə heç gözləmədiyim qələbəlik göründü. Çox hissəsini gənclərin təşkil etdiyi bu qələbəlik başlarını aşağı sala-sala kitablarla maraqlanırdılar. Mən də kitablara baxmağa başladım.
Kassada bir oğlan oturub (adının bir əhəmiyyəti yoxdur). Onu “Qanun”da işləyən vaxtlarımdan tanıyıram deyə, tez-tez mənimlə zarafatlaşır. Gülməli, maraqlı oğlandır. Bütün kitabların yerini də əzbər bilir.
Yanına gedib deyirəm:
– Seymur Baycanın “Mənasız hekayələr”i hardadır? Tapa bilmədim. Ver də onu.
– Neynirsən o mənasız hekayələri. Qəşəng, maraqlı hekayələr var, gəl ondan bir kilo çəkim – cavab verir.
Onun bu soyuq zarafatını cavabsız qoyub, yenidən ətrafda dolaşmağa davam edirəm. Hərdən piştaxtanın arxasına keçib, adamlara kitab məsləhət görürəm, həm də “Qanun”un işçiləri mənə etibar edirlər deyə, rahatca davranıram. Saçı qısa kəsilmiş, eynəkli bir qız İsi Məlikzadənin kitabını istəyir. Yerini bilmədiyim üçün kassir oğlandan soruşuram:
– İsi Məlikzadə hardadı?
– Qatarda – o deyir.
Bir təhər “Qatarda” kitabını özüm tapıb müştəriyə verirəm. Bu satıcı oğlanın, deyəsən, kitab satmaq fikri yoxdur. Ya da ancaq mənimlə məzələnir.
– Əjdər Ol lazımdır, hardadı? – soruşuram.
– Nə olursan, ol, Əjdər Olma – cavab verir.
Bu məni əməllicə dolayır. Ona cavab vermək istəyirəm ki, kimsə belimə toxunur. Çevrilib baxıram ki, kim olsa yaxşıdır? Əlbəttə ki, Aytac Sahəd. Tunc rəngli uzun bir ətək geyinib. Aytac həmişə qəribə-qəribə ətəklər geyinir. Deyirəm, Aytac nəsə yorğun görünürsən. Deyir ki, səhər 8-də durmuşam ona görə.
– Sizdə iş 8-də başlayır?
– Yox e, 8-də yuxudan durmuşam – Aytac.
– 8-də durmusan deyə, yorğun görünürsən?
– Hə, 8-də durmuşam, 9-da yerimdən qalxmışam, 10-da yemək yemişəm, 11-də bəzənib-düzənmişəm, 12-də evdən çıxmışam, 1-də işə çatmışam – Aytac.
– Ona görə yorğunsan da. Kim olsa, sənin yerinə yorğun olardı.
– Yaxşı, gedim, gəzim bir az – Aytac deyib gedir.
Bayaqkı eynəkli qız yenidən mənə yaxınlaşıb, Con Boyne “Zolaqlı pijamalı oğlan”ı istəyir. O, elə bilir ki, burda işləyirəm.
Kassir oğlanın yanına gedib soruşuram:
– Zolaqlı-pijamalı oğlan hardadı?
– Özünçün istəyirsən? – deyir.
– Yox, o qız üçün – başımla qızı göstərib cavab verirəm.
– Vallah, bayaq burdaydı, sonra harasa getdi.
– Kim getdi? – soruşuram.
– Zolaqlı-pijamalı oğlan – gülə-gülə cavab verib, kitabın yerini göstərir.
Onun kitablarının adı ilə zarafatlaşmağı xoşuma gəlir.
Bu anda Şahbaz bəy (Şahbaz Xuduoğlu) mikrofonu götürüb danışır. Alıcılara kitab məsləhətləri verməyə başlayır. Kutzenin “Maykl K.-nın həyatı və zəmanəsi”ni, Bussatinin “Tatar çölü”nü, Koelhonu, Xalid Hüseynini və sair kitabları məsləhət görür. Kitab oxumaqdan, uşaqlara kitab oxutdurmağın faydasından danışır. Deyir ki:
– Yaşlı nəsil şikayət edir ki, gənclər oxumur. Siz bizim zala baxın. Hansısa yaşlı adam var burda? Hamısı gəncdir. Kitabları indi gənclər oxuyur. Şikayətlənən yaşlı nəsil isə ancaq deyinir.
Bu anda yanımda duran 60-lı yaşlarda bir kişi mənə baxıb deyir:
– Qardaşoğlu, belə pis çıxmasın, indi mən nə oldum?
– Ay dayı, ümumi deyir Şahbaz bəy. Baxın görün sizdən başqa burda yaşlı adam var?
– Həm mən hələ qocalmamışam e.
– Qocalmısız axı. Belə qocalmamaq olar? Neçə yaşınız var?
– 63.
– Qocasız da, mənim 22 yaşım var.
– Qoca olsam da, ruhum cavandır – çarəsizcə deyir.
– Əlbəttə, əsas ruhdur – deyib ona təskinlik verirəm. Amma özümü çox pis hiss edirəm. O, təəssüf ki, mənim ironiyamı tutmadı və arzuolunmaz bir vəziyyət yarandı.
– “Riyo-Pyedranın sahilində ağladım” kitabı var? – bayaqkı qız yenidən soruşur?
– “Riyo-Pyedranın sahilində ağladım” kitabı var? – kassir oğlandan soruşuram.
– Ağlamağa başqa yer tapa bilmədin? Gərək ancaq Riyo-Pyedranın sahilində ağlayasan? Hə, ordadı, düz qabağında. Yaxşı bax.
Kitabı qıza verirəm. O daha sonra Rauf Raqifoğlunun “Əvvəla salam” kitabını istəyəndə, boğaza yığılıb, özümdən asılı olmadan ona cavab verirəm ki, “Əleyküm-salam”. Qız gülümsəyir və sakitcə yanımdan uzaqlaşır.
– Bilirsən mən hansı institutu bitirmişəm? – kassir oğlan məndən soruşur.
– Hansı institutu?
– Saatları ayarlama institutunu. (Ahmet Hamdi Tampınarın məşhur romanı – V.V)
Bir oğlan yaxınlaşıb Giulia Endersin “Füsunkar bağırsaq” kitabını istəyir. Mən məcbur olub, yenidən kassir oğlandan soruşanda o cavab verir:
– Bizim kənddə də bir kişi beləydi. Sonra öldü. Kitabla-filan düzəlmir. Tutuldusa, ölürsən. Sağa bax, ordadı.
– “Siqareti tərgitməyin yolları” bəs? O hardadı?
– Qoy çıxım siqaret çəkim, gəlirəm – deyib, doğrudan da, siqaret çəkməyə çıxır.
Bir az da sərgini gəzib, adamlara baxdım. Kitab alan adamlar necə gözəldir. “M” teatrının qurucusu Vidadi Həsənovla görüşdüm. Bir neçə kitab aldım. Çıxanda Şahbaz bəylə, əvvəlki iş yodaşlarımla sağollaşmışdım ki, kassir oğlan son zarafatını da edib məni yola saldı:
– Hara gedirsən? – soruşdu.
– Evə – cavab verdim.
– Oldu, görüşərik. “Gecən şeir”ə. “Evə gedəndə sevgi al”.