Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksikada səfərdə olub

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksikada səfərdə olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində E.Əmirbəyov Meksika xarici əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano, Meksika Senatının sədri Alexandro Armenta Mier, Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda, eləcə də Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-lərin nümayəndələri ilə görüşüb, çoxsaylı müsahibələr verib.

Görüşlər zamanı E.Əmirbəyov ölkəmizin BMT TŞ qətnamələrinə uyğun olaraq 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalında olmuş ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri, orada tikilən “ağıllı” şəhərlər və “ağıllı” kəndlər, qısa müddət ərzində inşa edilən hava limanları, icra edilən infrastruktur və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.

Həmçinin, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün hazırda ciddi maneələrin olduğunu, həmin ərazilərin Ermənistan tərəfindən kütləvi minalandığını, hətta iki il bundan əvvəl İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlının həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycan ərazilərinin erməni silahlı dəstələri tərəfindən hələ də qanunsuz olaraq minalanmağa davam etdirildiyi, bir neçə gün öncə Sarıbaba yüksəkliyinin şimal istiqamətində yerləşən ərazidən 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd piyada əleyhinə minanın aşkar edilməsinin bunun əyani sübutu olduğu vurğulanıb.

Təcavüz, soyqırımı, etnik təmizləmə və çoxsaylı müharibə cinayətlərinin qurbanı olduqdan sonra belə, Azərbaycanın regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, həmçinin regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar.

Görüşlərdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusilə siyasi, iqtisadi-ticari sahələrdə əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə və yeni səviyyəyə yüksəltmək üçün böyük imkanlar yaradacağı diqqətə çatdırılıb. Nümayəndəmiz həmçinin keçmiş münaqişə dövründə Meksika hökumətinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bundan sonra da Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində Meksika tərəfindən dəstək göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.

Meksika rəsmiləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin nümayəndəsinin səfərinin ikitərəfli münasibətlərə, sözsüz ki, müsbət təsir edəcəyini bildirib və Azərbaycan hökumətinin Meksika ilə münasibətlərə göstərdiyi bu diqqətə görə məmnunluqlarını izhar ediblər.

Meksika xarici əlaqələr nazirinin müavini xanım Karmen Moreno Toskano Azərbaycan ilə Meksika arasında əməkdaşlığın, xüsusilə iqtisadi-ticari, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensialın mövcud olduğunu bildirib. O, Meksikanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Cənubi Qafqazda sülh prosesinə dəstəyini davam etdirəcəyinə əminliyini bildirib və Azərbaycanın regionda davamlı sülhə nail olacağına ümidini ifadə edib.

Meksika Senatının sədri Alexandro Armenta Mier Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, əsasən hər iki ölkənin mədəni və ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Meksikanın daima beynəlxalq hüquq normalarından çıxış etdiyini qeyd edən senator regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Meksika Senatı tərəfindən dəstəkləndiyini qeyd edib.

Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycanın Meksika üçün daima dost ölkə olduğunu, Mexiko şəhərinin Tlakskoake meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin, eləcə də Mexiko şəhərinin mərkəzi küçələrinin birində salınmış Meksika-Azərbaycan Dostluq Parkının bunun bariz nümunəsi olduğunu qeyd edib. Deputat həmçinin, öz əzəli torpaqlarını erməni işğalından azad etdikdən sonra qısa müddət ərzində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması istiqamətində əldə etdiyi nailiyyətlərin, o cümlədən, sadəcə, iki il müddətində həmin ərazilərə “ağıllı” şəhərlərin salınmasının, iki beynəlxalq hava limanının tikilməsinin təqdirəlayiq olduğunu bildirib.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Xavyer Kasige Zarate Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu bildirərək, regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan konstruktiv addımların da Meksika hökuməti tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.

Meksika Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib, Meksika hökumətinin daima dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və davamlı sülhün tərəfdarı olduğunu nəzərə alaraq, bu məsələdə də Azərbaycan hökumətini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Share: