Nə dəyişdirdi bizi… – Fuad Biləsuvarlı yazır

Nə dəyişdirdi bizi… – Fuad Biləsuvarlı yazır

 

Kiçik rayondan baş götürüb şəhərə gəldim. Dedim bəlkə burda darıxmaram. Amma şəhərdə o qədər haqsızlıqlar, mərdimazarlıq görürəm ki, hərdən öz-özümə deyirəm İlahi, bu adamları sənmi yaradıbsan? Niyə bir-birimizə qarşı belə aqressivik? Niyə bir-birimizi sevmirik? Ancaq mərdimazarlıq, ancaq kiməsə pislik edirik. Nə dəyişdirdi bizi. Yediyimiz yeməkmi? İçdiyimiz sumu? Oturub, fikirləşib, düşünüb baş sındırıram. Amma ki, xeyri yoxdur. Çarəsiz halda suallarıma cavab tapa bilmirəm. İşim yoxdu deyə, hamı məndən qaçır. Tənhalıq, təklik məni çox yorur. O qədər üzümə işli- güclü gülən dostlarım var ki, onlar da dar günümdə yanımda deyillər. Elə bil dünyanın axırıdı. Çox təəssüflər olsun ki, hamı özünü və öz ailəsini fikirləşir. Mənim kimi əlacsız, kimsəsizlər qalır qıraqda. Ara vuran kim, bir-birini öldürən kim. Daha nələr, nələr. İşdən ötrü kiminsə işi bir-birindən keçirsə məddahlıq edirlər. Yaltaqlar, məddahlar da ölkəmizi zəhərli göbələklər kimi basıb. Heç bizə düşmən lazım deyil. Düşmən elə bizim içimizdə. Çox ağrılı- acılı dövrana gəlib çıxmışıq. Eyni zamanda da həddən ziyadə qorxulu zamandayıq. Bir çoxları kimi mən də kənddə doğulub, kənddə böyümüşəm. Qonşularımızla biz çox mehriban olmuşuq.Yadıma gəlir. Qonşular bir atım çaya, çörəyə görə bir-birinə ağız aça bilirdi. Əbəs yerə bu söz dillərdə məşhur deyildi. Filankəs filankəslə od qonşusu olub. Aylar illəri, illər ayları qovduqca görürəm ki, yox başınıza dönüm əyyam, zaman, dövran həminki deyil. Mənim gördüklərim sanki bir yuxu imiş, nə bilim, canım sizə desin əfsanə imiş. Yıxılanı baltalayırıq, metrolarda, avtobuslarda kiçiklərə yer vermirik. Guya ki, avropalaşırıq, xariciyə inteqrasiya edirik. Beləmi inteqrasiya edirik? Vallah, xaricilər etmədiyi qələtləri, suçları bizimkilər edir. Hansı yaxşı cəhətləri onlardan götürmüşük? Maşınlar, telefonlar, kompüterlər, bütün texniki avadanlıqlar hələ də xaricdən bizim ölkəmizə gəlir. Nefti, qazı, pambığı bol olan ölkənin xaricidən hələ də geri qalmağı acınacaqlıdı. Bizim alimlər də kürsülərə yapışıb qalıblar. Bu, hər sahədə belədir. Hətta parlamentdə də. 30 ilə yaxındı ki, seçilənlər var. 80 yaşında, 90 yaşında əzrayil gəlib onları ölümlə “mükafatlandıraraq” onları kürsülərdən qoparmalıdır. Nə yazıq ki, maləsəf dövləti, milləti, xalqı düşünmürlər. Hamısı özünü, övladlarını fikirləşir. Görəsən, biz bu təxəyyüldən haçan azad olacağıq? Gənclərə, cavanlara yol açmaq lazımdır. Xarici sivil ölkələrdə bizdəki kimi deyil. Bizdəkilər ancaq kapital toplayırlar. Hər kəs öz mənafeyini güdür. Bu, nə vəzifə hərisliyi, xəstəliyidi bilə bilmirəm. Bilmək istəsəm də yenə də bilməyəcəm. Bəs yaxşı bu alimlər yüz illərdi nə fikirləşirlər? Nə düşünürlər? Özləri işləmək istəmirlər. Bunu hardasa, yaşlarına görə, qocalıqlarına görə bağışlamaq olar. Bəs yaxşı nəvələri yaşında uşaqlara niyə yol açmaq istəmirlər? Maraqlısı da odur ki, heç kim də onlara heç nə demir. Demirlər ki, gözünüz üstünüzdə qaşınız var. XXI – ci əsr bizim üçün çox çətin əsrdi. Kasıbçılıqdan çinlilər kimi millətimiz az qala bir-birin ətin yeyəcək. Belə hallara görə ürəyim çox ağrıyır. Min dərdimin biri də artır. Mən də bu xalqın, elin balasıyam. Allahım, çoxlarını necə də daş ürəkli yaradıbsan. Qarşısında yıxıl, öl. Sənə kömək edən olmayacaq. Şəxsən mənim özümə, istedadıma şair-jurnalist kimi dəstək olan yoxdur. Hərdən nənəmə deyirəm. Deyirəm nənə mən elə bil bu ölkənin vətəndaşı, xalqın, elin, millətin oğlu deyiləm. Şair kimi şairəm, jurnalistəm, müsahibələr götürürəm, yazılar yazıram, mahnı mətnləri də yazıram. Hətta mahnı da bəstələyirəm. Amma bunları sadalamağımın nə mənası. Çifayda. Dərdini kimə deyəsən? Varmı dərdə baxan?
Necəki qəzetlərin birində çalışırdım üzümə gülənlər çox idi. Amma qəzetdə də torbamı tikib məni ordan uzaqlaşdırandan sonra yalançı dostlarımın üzünü tanımağa başladım. Mənim də bədbəxtçiliyim ondadı ki, adamları gec tanıyıram. Hamını özüm kimi, öz ürəyim kimi bilirəm. Bu da ən mənfi cəhətimdi. Neynim ki, məni də Allahım belə yaradıb. Mən başqa cür ola bilmərəm. Belə yaranmışam, ailədə,nəsildə belə görmüşəm. İşim olanda istedadımı üzümə deyirlər. İşim olmayan kimi Şamaxı batan kimi batıram. Arada çoxu özünü canıyanan kimi göstərib statuslarıma rəy yazırlar. Şair ailə həyatı qur, evlən. Sənin toyuna gələk, toyunda yeyək, içək, şənlənək, oynayaq. Amma biri demir ki, ay Fuad, gəl sənə bacardığımız qədərilə bacardığın iş sarıdan kömək edək. Heç olmasa, yağmırsınız, yağmırsınız. Barı, guruldamayın.
Əvvəl düşünürdüm ki, get-gedə hər şey dəyişəcək, çiçəklənən ölkəmizdə rifahımız yaxşılaşacaq. Ancaq görürəm ki, yox gündən-günə aclıq, dilənçilik baş alıb gedir. Gərək əyriləri, əskikləri qələmə alıb yazasan. Bəlkə dediklərim, yazdıqlarım böyüklərin qulağına çata. Yaxşı düşünən vaxtı mənim kimi çətinliklər girdabında boğulanlara, ehtiyac məngənəsində sıxılanlara təsəlli kimi bu şeirimi yazmışdım.

Döz! Düzələcək!

Sənə çox dedilər dostlar, tanışlar:
“Az qalıb… Bu dünya döz, düzələcək.
Bir az səbirli ol, bir az toxdaq ol,
Çölləri, düzləri gəz, düzələcək…”

Fikirdən ürəyim yanan bir kürə,
Dərdim axıb getmir araza, kürə.
Dedilər, qələmi sən qoyma yerə,
Yorulmaq bilmədən yaz, düzələcək.

Fələk hər vaxt mənə qəmdən don biçir,
İmtahan etməyə hey məni seçir.
Çox da ömrüm-günüm qış kimi keçir,
Dedilər: “gələcək yaz, düzələcək.

Heç nəyin dərdini gəl çəkmə sən də,
Qəlbini eyləmə hey kündə-kündə.
Yalanla başını qataraq gündə
Alsan bu dünyadan həzz, düzələcək!”

Müəllif: Fuad Biləsuvarlı

Sonra gördüm heç nə düzələn deyil. Dünyanın evini elə yıxmayıblar ki, dünya bir də düzələ. Bu şeirimi yazdım.

Ümid yox dünyanın düzəlməyinə

Ölkədə bir iş yox mənimtək düzə,
Qapılar açılmır heç üzümüzə.
Şairi xəyanət edirsə sözə,
Ümid yox dünyanın düzəlməyinə.

Şəhərə çıxmağa yoxdu yol pulu,
Kədər nuş edirik bir boşqab dolu.
Məni bağışlasın ölkənin qulu,
Ümid yox dünyanın düzəlməyinə.

Qaçıb üzümüzdən təbəssüm, gülmək,
Bəndə də heç edə bilməyir kömək.
Qazana bilmirik bir tikə çörək,
Ümid yox dünyanın düzəlməyinə.

Fəhlələr acından ölür hər səhər,
Xörək əvəzinə yeyirlər qəhər.
Düzlərin önünə çəkildi çəpər,
Ümid yox dünyanın düzəlməyinə.

Bakıda qurdlardan gözlə özünü,
Az danış boşuna doğru, düzünü.
Ay Fuad, müxtəsər elə sözünü,
Ümid yox dünyanın düzəlməyinə.

(Fuad Biləsuvarlı)

P.S. Bilmirəm, kimin şeirindədi bu, misralar. Amma çox gözəl deyib:

Ulu Tanrı, özün qoru bu xalqı,
Bizə qalsa, biz düzələn deyilik…

 

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

Share: