Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
Kulis.az xəbər verir ki, 28 noyabr 2022-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Fond tərəfindən yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən çox əsirlik Türk mədəniyyətinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstan ilə mümkün yeni əməkdaşlıq istiqamətlərindən bəhs edib.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Macarıstanın Vezprem şəhəri və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı olan Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib, həmçinin Fondu bu proseslərə dəstək verməyə dəvət edib.
Bununla yanaşı, görüşdə Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.