A, yoxsa P? – Tural Cəfərli

A, yoxsa P? – Tural Cəfərli

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Tural Cəfərlinin “A, yoxsa P?” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

A, yoxsa P?

“Biz heç də təbib deyilik, biz ağrıyıq”.

Aleksandr Gertsen

…Mən özümü ilk dəfə atamın sərxoş halda anamı necə döydüyünü görəndə tanıdım. Sonra bu barədə heç düşünmədim. Daha sonra Tiflisin kükürd hamamlarında işlədiyim vaxtlarda yəqinləşdirdim ki, insan insanın canavarıdır.

Tomas Hobbsun fəlsəfəsi düşüncələrimə hopmağa başlayıb. Düşüncələrim deyəndə ki, mənim elə də böyük düşüncələrim yoxdu. Ancaq son vaxtlar təbii, ya qeyri-təbii olaraq fəlsəfə ilə maraqlanıram. Kirayədə qaldığım evin yiyəsi ağı xəmircəkli bir dul qadındı. Yanından keçəndə adamın ağzı ürəyinə gəlir. Sidik qoxusunun tütün qoxusuna qarışdığı bu gürcü arvadı əvvəllər fəlsəfədən mühazirələr deyib. Tələbələrindən biri indi tanınmış alim-filosof Şalva Nutsubidze tez-tez onu yoluxur, ona müxtəlif növ şərablar gətirir. Adlarını asta çəkib barəsində ətraflı danışdıqca istər-istəməz bu şərablara meylim artırdı. Adlarını qohumlarımdan çox bildiyim bu şərablardan içdikcə əməlli-başlı filosofluq eləməyə başlayırsan.

Kükürd hamamlarında tez-tez dava düşürdü. Bura daha çox cinsi zəifliyi olan və arvadları tərəfindən sıxışdırılan kişilər gəlirdi. Rəvayətə görə, Ağa Məhəmməd Xan Qacar 1795-ci ildə Tiflisi işğal edəndə ona bu hamamlarda çimərsə, “kişiliyi” bərpa olunacaq deyirlər (Qacar 6 yaşında xədim edilmişdi). Lakin kükürd hamamının nəticəsini görməyən Qacar hikkəsindən bütün şəhəri darmadağın edir. Qacar kimi indi də bəzi kişilər heyfini hamamdan alıb, az da olsa təskinlik tapırdılar.

Bilmirəm fikir vermisinizmi, küçələri ensiz və dar olan şəhərlərin ayrı bir mistikası, cazibəsi olur. Tiflis də belə şəhərlərdəndi. Qudiaşvili meydanında oturub ətrafdakıların nizamsız var-gəlində özümü unuduram. Birdən burnuma kirayə qaldığım ev yiyəsinin qoxusu gəlir, dik atılıram, özümə gələnə kimi xeyli vaxt keçir. Deyəsən hələ uzun müddət bu qoxunu duyacam…

Atamın ölümü məni sarsıtmadı. Sadəcə olaraq ölümündən qabaq bir az kövrək olmuşdu, bir az da fağır. Əslində görkəmi ilə uzlaşmayan bu halı məni təəccübləndirirdi. Anamı döydüyü günlərin xatirələrini içimdə gəzdirdikcə sıxılırdım. Dişlərimi qıcayıb, alnımı ovuşdurur, barmaqlarımı bir-birinə keçirib sıxırdım. Başa düşürdüm ki, bu psixoloji zədəni heç cürə sağalda bilməyəcəm. Hələ üstəlik bu zədəni özümdən sonra uşaqlarıma da ötürəcəm. Onlar da öz uşaqlarına. Beləcə irsi zədələrlə davam edən bir bioloji faktın mövcüdluğu davam edəcək.

Qayıdaq atamın son halına. Hə, bir də onu deyim məndən böyük bir bacım da var. İndi ərdədi. Uşaq olanda bir yerdə oynayıb, bütün günü ora-bura qaçardıq. Aramızda kod olan sualı tez-tez soruşardıq. Bu sual A yoxsa P? idi… Hə, açıqlaması bir az qəribədi. Atamız işdən gələndə kim onun durumunu birinci yəqin etsə, bu barədə bildirməli idi. Yəni A- ayıq, P-piyan anlamına gəlirdi. Əlbəttə, ən sevimli cavab A idi, P cavabına o qədər məyus olurdum ki… Bu barədə heç kimə danışmzadım. Hətta anam da bu barədə bilmirdi…

Bu yaxınlara kimi elə bilirdim ki, əlifbamızda iki hərfin əhəmiyyəti o birilərindən çoxdu. A və P hərflərinin. Hərdən öz-özümə gülüb, anlaşılmaz baş hərəkətlərimlə kənardan qorxulu bir görkəm yaradıram. İçimdə ac bir canavar ulayır. Bu ac canavar ulaması elə bir vahiməli hal alır ki, yatanda da səksənirəm. Mənim içimdə ulayan bu ac canavar bir az da atamı xatırladır. Anamın döyüldüyü anların kadrlarla əks olunduğu bir film izlədikcə parçalandığımın fərqinə varıram. Parçalarımı ancaq kükürd hamamlarında toplaya bilirəm. Bir də gürcü arvadının qoxusunda özümə gəlib, ayılıram. Başqa vaxtlar key kimi dolanıram. Ən zəhləm gedən işlərdən biri də, küçədə tanımadığım adamların məndən hansısa ünvanı sorşmağıdı. Bilsəm də, demirəm. Elə bilirəm, desəm nəsə olacaq. O adam gedib, ya kimisə öldürəcək, ya da özünə nəsə edəcək. Bu da mənim uşaqlıqdan aldığım psixi zədələrdən biridi. Hətta buna görə anam məni həkimə də aparıb. Ancaq bir xeyri olmayıb.

***

Əhvalatı yaxından başlayıb, uzaqdan davam etdirdiyimə görə, üzr istəyirəm, əziz oxucum. Amma elə məsələlər var ki, onları elə necə gəldi danışmalı, izah eləməli, içini tökməlisən.

…Onda qış hələ öz sərt üzünü göstərməmişdi. Yadımdadır, bir gecə bərk şaxta oldu, nətər soyuq idisə, nəfəsim buxar qatarına oxşuyurdu. Qulaqlarım soyuqdan balacalaşmışdı. Həmin gecə kükürd hamamında adam əlindən tərpənmək olmurdu. Qonşumuz beş uşaq atası Kote də hamamda idi. Canı qızmırdı. Arvadını yataqda yuxuya verib, hamama gəlmişdi. Hamı Kote ilə məzələnirdi. “Kote də hamama gəldisə, vay bizim halımıza” qəhqəhə çəkən lopa bığlı kişilər elə bil dünyanın ən xoşbəxt adamları idi…

Tiflis elə köhnə Tiflisdi. Burada işi-gücü olan, ciddi, məsuliyyətli bir həmyerlimə rast gəlmədim. Tək-tük alverçilər idi, onların da adına yüz söz deyirdilər. Yaşadığım İsani rayonunda müəllim-həkimləri nəzərə almasaq, demək olar ki, hamı veyil-veyil gəzib, günlərini keçirirdilər. Bir dəfə öz-özümə bir statistika qurdum. Məlum oldu ki, İsani rayonunda cəmi on nəfərin sürücülük vəsiqəsi, bir nəfərin isə qırmızı diplomu var. O da ana tərəfdən yəhudi idi.

İsaninin havası yaxşıdı, suyu pis. Kürün suyunu içməkdən mədəm birtəhər olub. Hərdən dükanlarda satılan sairme suyundan alıb içirəm. O da bizim suların yerini vermir. Tiflisə yolun düşsə, Mtatsminda dağının üstündə yerləşən Narikala qalasını ziyarət etməyi unutma, əziz oxucum. Əldə edəcəyin təəssüratla bir ömür boyu unudulmaz həzz alacaqsan. Dağın zirvəsindən şəhərə gözəl mənzərə açılır. Bu mənzərəni gözlərinlə görməyi şiddətlə tövsiyyə edirəm. Yerli əhali bu qalanı “qısqanclıq doğuran qala” adlandırırlar. Həqiqətən, qala adamda qısqanclıq doğururur. Bilmək istəsən tarix baxımında qalanın elə də böyük əhəmiyyəti yoxdur. Ancaq görkəminə söz ola bilməz.

Tərslikdən kirayə evin yiyəsinin adı və soyadı kod sualımla eynidi. Bu məni hər dəfə qıcıqlandırsa da, öyrəşmişəm. Anna Papişvilinin gözlərində qəribə bir ümid var. Sanki bu ümid heç vaxt ölməyəcək. Nəyə desəniz and içərəm ki, qadının gözlərindəki ümidin bir faizi məndə olsaydı bütün Tiflisi alardım… Ancaq içimə çökən ümidsizliklə heç özümə yer tapa bilmirəm. Mənim sevgilim də yoxdu. Əslində biri var idi, düzü pis də qız deyildi, nədənsə yola getmədik. Mənim axsaq arzularım onun şütüyən arzularına çatmırdı. Beləcə biz ayrıldıq. Sonra eşitdim ki, intihar edib. Deyilənə görə atası onu zorlayırmış. Bu barədə mənə heç vaxt danışmamışdı. Bircə onu bilirdim ki, atası əyyaşın biridi. Ancaq qızın arzuları o qədər həyati idi ki…

Qanım qaralanda köhnə qəbiristanlığa gedirəm. Qəbir daşlarının üstündəki yazıları oxuyub təskinlik tapıram. Təsirli epitafiyalar var. Ancaq mənim ən çox xoşuma gələn budu: “Sizi ayağa qalxıb, qarşılaya bilmədiyimə görə üzr istəyirəm” Epitafiyaya bax e… Adam lap ölüb, baş daşına yazdırmaq istəyir…

Bu ümidsiz və arzuların olmadığı İsani rayonunun bir özəlliyi də ondadır ki, oraya gələn adam bir şey haqda düşünür: “Burdan necə xilas ola bilərəm?” Ancaq xilasın mahiyyətində özündən qaçış durur. Yoxsa belə hər şey qaydasındadı… Buranın necə bir yer olması barədə uzun-uzun danışmaq olar. Ancaq uzun danışıb səni yormaq istəmirəm, əziz oxucum.

***

Bir ara şıdırğı yağışlar yağırdı. Tək-tük adamların əlində çətir görmək olardı. Nədənsə Tiflisdə yağışdan gizlənmirlər. Əksinə yağışa qucaq açırlar. Elə bil yağış bu şəhərin doğma bir adamıdı. Hamı onu qucaqlamaq, özünə çəkmək istəyir. Bircə bu üfunət qoxan Anna yağışa nifrət edir. Hərdən onu yağışın altında saxlayıb doyunca islanmağını görmək istəyirəm. Bəlkəı iyi dağıla. Yoxsa bu arvadın iyindən başım hələ çox çatlayacaq.

İllər öncə verdiyim bir sualın cavabında tapdığım kədəri və sevinci başqa heç bir sualın cavabında tapa bilmirəm. A, yoxsa P sualı mənim həyatımın sualı oldu. Bu sualın cavabı indi məni düşündürmür. İndi məni bu sualın taleyində olan mistik bir yaşam düşündürür. Daha mənim üçün “A, yoxsa P” sualı həmişə cavabsız qalacaq…

Share: