Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Eşqin Məməmədovun “Kətmən sapı” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Kətmən sapı
Dörd, bəlkə də, beş aydan çox olardı ki, Zərdab torpağına bir gilə yağış düşməmişdir. Səhər tezdən qırmızı əjdaha kimi günəş odlu nəfəsini bu diyara püskürürdü. Yol kənarlarında seyrək yovşanlıq , bəzi xam yerlərdə sıx iydə , yulğun ağaclarının üstünü toz dənəcikləri dərindən öpüb ,sanki boz libas geyindirmişdir. Avtobazanın, kolxozstroyun maşınları lap tezdən yerdəki tozu havaya qaldırardılar. Toz burulğanı tədricən dumanlıq yaradıb , səmada lay-lay qalırdı. Axşam mal-qoyun gələn zamanlar lap göz-gözü görmürdü. İstilər həddən ziyadə insanların əməyinə təsir edirdi. Kür və Qarasu çaylarında suyun səviyyəsi çox aşağı düşmüşdür. Qarasuda demək olar su qəhətə çıxmışdır. Axşamüstü Karl Marks kolxozun mərkəzi olan Gəlmə kəndindən keçirdim , təsadüfən qulağım birqadirlərin söhbətinə qonaq oldu. Xanməmmədli kəndindən olan qabaqcıl birqadir Mamedov Şirin kişi deyirdi:
– Yoldaş Hacıyev, bu il çox quraq olacaq. İndidən pambıq suyuna bir çarə tapmalıyıq. Yoxsa işimiz fəna olacaq.
Digər birqadir və işçilər bu nurani kişinin sözünə qüvvət verirdilər.
Mən o zamanlar Raykom binasında, qaravulçu işləyirdim. İşim qurtarandan sonra bu kəndin içindən keçib , kəsə yolla evimə üz tuturdum.
Karl Marks kolxozuna qonşu kolxoz Puşkin kolxozu idi. Bura Məmmədqasımlı, Gödək Qobu, Pərvanlı, Sarıqaya, Qoruqbağı və sair kəndlər daxil idi. Bu kəndlərin zəhmətkeşləri bizim insanlardan bir xeyli seçilirdi. Onların öz ləhcəsi, həyat tərzi vardı. Bir az qaba və kobud insanlar idilər. Rəngləri qara, boy-buxunlu, ətli-qanlı adamlar idilər. Onlar daha çox zəhmətkeş və çalışqan insan obrazını yaratmışlar.
Pambıq yığımı Puşkin kolxozun qadınlarını təmiz əldən salmışdı. Səhər gün hələ üfüqü bəzəməmiş , onlar ağ kişi rubaşqası geyinib, bədəvilər kimi bürünüb, kolxozun lapetli traktorlarına doluşub, sahələri dənizə tökülən qağayılar kimi bəzəyirdilər. Uşaqlı analar onları belələrinə şəlləyib, işlərini tuturdular. Uşaqlar ağlamasın deyə , onların əlinə üstünə şor çəkilmiş nazik çörək parçası verərdilər. Bir az irihal uşaqlar səhərdən, gün batana kimi tozanağın içində ağnayardılar. Günorta nahara çıxanlar, Allah verəndən açıb, şorundan, mürəbbəsindən, paxla və badımcandan doyunca yeyərdilər. Yaxınlıqda su arxı olanda özlərini suya atıb, canlarından istini qovmağa çalışırdılar. Bəzən Yevlaxdan qalxan dərman səpən təyyarələr onların da üstünə dərman səpər və beləcə naharı məhv edərdi.
Günlərin birində Puşkin kolxozuna hay düşdü ki, bəs Respublikasının birinci katibi rayona gələcək və onların kolxozunda qonaq olacaqdır. Sədr və başqa vəzifəli şəxslər saxta gözəllik yaratmaq üçün əlhaya düşdülər. On günün tamamında birinci katib bu kolxoza gələsi oldu. Hamını kolxozun həyətində sıra ilə düzmüşdülər. Lap qabaqda ağ bantikli qız uşaqları əllərində çiçək dəstələri düzülmüşlər. Onlar birinci katibi salamlamalı idi. İki saat sonra birinci katib və yan yörəsi nəhayət gəlib yetişdilər. Pionerlər rəqsə başladılar, əllərində çiçək dəstələri olan qız uşaqları kiçik addımlarla irəliləyib rəhbəri salamladılar. Tədbir öz axarı ilə davam etdi. Sonda yoldaş birinci katib kolxozçulara üzünü tutub, dedi:
– Kimin sualı varsa buyursun, eşidirəm.
Bu artıq rəsmiyyətdən kənar bir dialoq olacaqdı. Bu zaman raykom, kolxoz sədri və digər vəzifəli şəxslər pörtmüş və təntimiş halda , gözlərini bərəldib kimin dillənəcəyini səbirsizliklə gözləyirdilər. Bəlkə də, ürəklərində heç kim dilənməsin deyə , dua da edirdilər…
Bu zaman yerdən uca bir qadın səsi eşidildi .
– Yoldaş sədr, mənim sözüm var. Olar ?
Bu qadın Nisə xala idi. Nisə xala orta yaşlı, dolu, böyük sinəli, qara, ötkəm bir qadın idi. Onu gün təmiz yandırmışdır. Qara sifətində sarı çilli ləkələr əmələ gəlmişdir. Burunu çox böyük idi. Burnun ucu dəyirmi masanı xatırladır. Onun ağ köynəyinin qarşısı açıq idi. Hər dəfə o nəfəs alanda iri döşləri qalxıb-düşür sinə dekoltesi aydın görünürdü. Nisə xalanın bədəni üzünə nisbətən ağ qalmışdır. Amma sinəsinin boynuna yaxın yerləri qırışmışdır. O izdihamı yarıb, mikrofona yaxınlaşıb uca və gur səslə dedi:
– Əvvəla, yoldaş sədr, xoş gəlmisiniz. Mənim narazılığım var.
– Nə razılıq, buyurun.
– Biz qadınları bu kişilər çox işlədirlər. Gündüzlər kətmənlə, gecələr kətmən sapı ilə.
Bunları eşidən camaat və rəhbərləri gülmək tutdu. Tədbir bu minvalla sonuclandı.