Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Murad Muradovun “Güzgüdə Yaşar” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Güzgüdə Yaşar
Günlərin bir günü etdiyim əməllərin cəzasını çəkəcəyimi bilirdim. Yazdığım romanın on üçüncü bölməsini tamamlayan gecə yuxumda ilana döndüyümü görəndə, o günün gəldiyini anladım.
***
Adi axşamların birində sevimli payızlıq kurtkamı götürüb evdən çıxıram. Günəşin solğun şüaları altında sarı yarpaqların torpağa səssizcə səpildiyi, gözəl bir payız günündə başlayıram küçələri, parkları qarış-qarış gəzməyə. Çılpaq təbiət öz əzəməti və gözəlliyi ilə məni valeh edir. Yolüstü ilk qarşıma çıxan kafenin şüşə qapısın açıb içəri keçirəm. Ətrafa boylanıram, siqaret tüstüsündən göz-gözü görmür. Ağız deyəni qulaq eşitmir. Neon işıqlar adamın gözlərini qamaşdırır. Küçəyə baxan masaların birində əyləşib pivə sifariş edirəm. Bir qədər sonra təxminən yaşı altmışı haqlayan, saç-saqqalı ağarmış, bığları seyrəlmiş, burnu boksçuların burnuna bənzəyən, hündür boylu bir kişi içəri girir. Bir neçə addım atıb, kafenin ortasında dayanır. Saçları aylarla daraq, şalvarı, köynəyi ütü görməyib. Pencəyinin düymələri yoxdur. Ayaqqabılarının dabanı tamam yeyilib. Gözümü ondan çəkə bilmirəm. Çalışıram, bunu hiss etməsin. Kişi bir xeyli masalarda əyləşən adamları süzür. Elə bu vaxt kərtənkələyə oxşayan, əyninə yaşıl xələt geyinmiş, arıq, uzunboylu ofisiant qadın əlindəki pivə bakalını, noxud dolu boşqabı yandakı masaya qoyub səsinin gur yerinə salır:
– Çölə çıx!.. Çıx, deyirəm sənə! Müştəriləri narahat eləmə, eşitmirsən?!
O, yerində tərpənmədən, dinməzcə durub. Demək olar ki, heç nə vecinə deyil. Yazmaq istədiyim romanın qəhrəmanı niyə məhz bu insan olmasın?
Axtardığım öz ayağı ilə gəlib. Dərhal müdaxilə edirəm:
– Dəyməyin, icazə verin, gəlsin. Mənim qonağımdır.
Dava-dalaşa hazırlaşan həyasız arvadlar kimi əllərini belinə qoymuş ofisiant qadın məni başdan ayağa məzmunsuz və dəxlisiz baxışları ilə süzür. Sonra balaca qapıdan mətbəxə girib, gözdən itir. Yaşlı adam bomboş, kor bir baxışla üzümə gülümsəyir. Başı ilə təşəkkür edib geri dönür, çıxışa tərəf yönəlir.
Arxasınca gedib, onun qolundan tuturam.
– Əmi, zəhmət olmasa gəlin mənim masamda əyləşin, bir az ordan-burdan söhbət edək.
Şalvarının arxa çibindən bozumtul əl dəsmalını çıxarıb alnının, üz-gözünün, boynunun tərini silir. Sonra əlini qoltuğuna salıb qurdalanır və deyir:
– Elə bildim, itirmişəm. Burada imiş.
O, qoltuğundan çıxardıqlarını bir müddət ovucunda sıxıb saxlayır.
Sonra ovcunu açır.
Sayıram. Səksən qəpik.
– Qardaşoğlu, əmiyə qırx qəpik pul versən əla olar. Bir bakal pivə içmək istəyirəm. Yaman susamışam. Ciblərimi eşələyirəm, qəpik yoxdur. Ona bir manat uzadıram. Pulu alır. Əlli qəpik qaytarır.
– Bəs edir, – deyir.
Etiraz edirəm:
– Gəlin mənim masamda əyləşin. Pivə də məndən olsun.
Bir az fikirləşəndən sonra razılaşır. Stulu çəkib ağır-ağır, ehtiyatla oturur. Onu necə danışdıracağımı, nədən başlayacağımı bilmirəm. Gözü yol çəkir. Görünür, çoxdandır təraş olmayıb, ondan tər iyi gəlir. Ofisiant qadının əsəbi halda gətirib masaya zərblə qaxdığı pivə bakalını birnəfəsə başına çəkir. Bığındakı köpüyü silir, yapışqan əlini mənə uzadıb təşəkkür edir, getmək üçün icazə istəyir. Onu belə tez buraxa bilmərəm. Ancaq nə qədər israr etsəm də, razılaşmır. Bilirəm ki, həddindən artıq göstərilən diqqət zəhlətökən olur. Mən də onunla birgə masadan qalxıram. Hesabı ödəyib kafedən çıxıram. Hara getdiyimi, başıma nələr gələcəyini bilmirəm. Yol boyu əllərini dayanmadan yelləyir, gah ağacdan yarpaq qoparır, gah yanından keçdiyi divarı sığallayır. Siqaret yandırıram. Tərs-tərs üzümə baxır:
– Cavansan, qardaşoğlu, çəkmə o zəhirmarı. Utanıram. Dodağımdakı siqaret gilizini tullamaq istəyirəm. Gülümsəyib, əlini çiynimə toxundurur:
– Eybi yox, bu səfər atma. Birini də əmiyə ver,- deyir.
Ona bir giliz siqaret uzadıram.
– Burda yolumuz ayrılır. Çox sağ ol, -deyir.
Ürəyimdə: “Bu olmadı da” – deyirəm.
Axırıncı fürsətimdir. Çox fikirləşmədən ona yalan danışıram.
– Əmi, mən başqa rayondanam. Getməyə yerim yoxdur. Mənə kömək
etsəniz, sevinərəm.
Gözlərimin içinə baxır. Baxışlarımı ondan qaçırıram. O, qabağa düşüb, addımlamağa başlayır. Mən də onun arxasınca gedirəm.
– Əmi qurban, bax o restoranla geyim dükanının arasındakı ağaclığı görürsən?
Başımı tərpədirəm:
– Görürəm, əmi.
– Ay sağ ol, əmin o ağaclıqda qalır. Buyurub qonağım ola bilərsən.
İstədiyim də budur. Razılaşıram.
– Öncə gəlin marketə baş çəkək, – deyirəm. Ürəynizdən keçən nəsə var?
-Yox-yox!.. Heç nə istəmirəm. Sən özün üçün nə istəyirsənsə, al,- deyir.
Tələm-tələsik bir şüşə araq, üç yüz qram kolbasa, iki çörək, iki yüz qram pendir, bir şüşə meyvə şirəsi, turşu və bir qutu siqaret alıb, cəld geri qayıdıram. Marketin qarşısında məni gözləyir. Onu görüb ürəyim rahat olur. Sıx və hündür otluğun içindən keçib dediyi yerə çatırıq. Bura yiyəsiz bir bağdır. Bağın bir neçə yerində sıx gicitkən kolu var.
– Buyur, keç mənim villama!-deyib, yolu göstərir.
Özünü evindəki kimi hiss et.
Gülümsəyirəm:
Onun qara gözlәrindәn mәsumluq vә sadәlövhlük yağır.
– Əladır hər şey…
Uçuq-sökük, kvadrat şəkilli daxmanın köhnəhal divarlarının suvağı yer-yer tökülüb. Tavanın ortası sallanıb. Qaranlıq, natəmiz və cansıxıcıdır. Boy-boya düzülmüş qab-qaçaq da yaman gündədir. Haçansa kartof qızardılmış qara bir tavanın içində yağ donub.
Çoxdan buradasınız?
– Artıq on dörd ildir.
– Heç darıxmırsız?
– Yox, bu yerlərə əvvəl-axır öyrəşirsən. Hətta, sevməyə başlayırsan. Toz basmış bu daxmada tәk qalıram. Tәbii ki, tarakan vә siçanları nәzәrә almasaq. Tanımadığım bir yerdə tanımadığım bir insanın yanındayam. Əllərini bir-birinə sürtüb aldıqlarımı səliqəylə torbadan çıxarır, yerə sərdiyi kartonun üzərində kiçik bir süfrə açır:
– Vaxtdır, bəlkə, başlayaq? – deyir.
Beynimdә canlandırdığım dialoqu sona çatdırmağa macal tapmamış onun qalın sәsi məni dәrin fikirdәn ayıldır. Əlləri əsə-əsə hər ikimizə araq süzür. Ürəyim siqaret çəkmək istəyir. Çətin olsa da, dözürəm. Ağ çörəklə arasındakı kolbasa dilimini yeyib qurtarandan sonra bığının altında dodaqları tərpənir:
– Adım Yaşardır. Altmış bir yaşım var. Başıma gələnlər məni on dörd ildir ki, küçələrə salıb. Başqa çıxış yolu tapmadım… Adıma çıxmayan söz qalmadı, dost-aşna qıraq dolanmağa başladı, qohum-qardaş cəmdəyimə tüpürdü, ailəm məni fələyin caynağına verdi. İki qız övladım var. Xaricdə yaşayırlar. Kiçik qızım məni yanına aparmaq istəsə də, razılaşmadım. Kürəkən yanında qala bilmərəm. Həyat yoldaşım illər öncə başqa birisinə qoşulub, gedib… Gör bir necә әdalәtsiz hәyatdır!
Neylәyim?! Əsәbilәşib özümdәn çıxım, yoxsa tәәssüflәnib özümü qınayım?!
İstәnilәn halda, yaxınlarım haqlıdır – qismәti lәnәtlәmәk lazımdır, çünki günah yalnız ondadır.
“Əgәr “qismәt” deyilәn şey olmasaydı, biz hamımız başqa cürә olardıq”.
Utancaq və günahkarcasına başını aşağı salır.
Gәrginlik, sıxıntı vә mәyusluq hissi durmadan artır.
Ona yazığım gəlir. Az sonra məndən:
– Sən niyə belə kədərlisən? – qoluma toxunub soruşur.
– Nə isə, qanımızı qaraltmayaq, gəl söhbəti dəyişək, – deyib, əlimlə onun dizinə toxunuram.
Araya axmaq bir sükut çökür. Uzandıqca uzanır. O yenə araq süzür. İçkinin təsirindən, havanın soyuqluğundan getdikcə sərsəmləyirəm. Bədənim keyiyir. Dünya başıma hərlənir. Bir xeyli xəyala dalıram, hətta mürgüləyirəm də. Yaşar əminin danışdıqları mənim üçün birbaşa ikinci, üçüncü sezonundan baxmağa başladığım serial kimidir. Davam etməliyəm, vəziyyət mən istəyən deyil, nəticə məni qane etmir. Nəsə çatmır. Öyrənməli çox şey var. Ağzına qədər doldurduğu plastmas stəkandakı arağı birnəfəsə başına çəkir, bığlarını əlinin dalı ilə silib, düz gözümün içinə baxır. Sonra ayağa qalxıb qapıya sarı gedir. Bir ayağını çölə çıxarıb heç çəkinmədən işəyir. İşini bitirir, geri qayıdıb əyləşir:
– Hər şey öz axarı ilə gedir, – deyib, məni sakitləşdirməyə çalışır.
Qonşu restoranın damındakı göyərçinlərin qurultusu eşidilir.
Qalxıb getmək istəyirəm.
– Getmə, məni tək qoyma! Təklikdən cana doymuşam, – Yaşar əmi yalvarmağa başlayır.
Deməyə söz tapmıram, barmaqlarımı şaqqıldatmağa başlayıram.
– Əmi, soyuqdur e mənə, üşüyürəm…
Kələ-kötür, sərt döşəkcənin altından köhnə, amma səliqəli qalmış qara bir papaq çıxarıb, mənə uzadır:
– Əmin bunu gecə yatanda geyinir.
Papağı ondan alıb, başıma keçirirəm.
Necə də bəxtəvər görünür.
Onun yorulub, gərilən sifəti tanınmaz dərəcədə dəyişir:
– Stəkanını bəri ver, – deyir.
O yenə araq süzür. Səhərə yaxındır. Bərk soyuqdur. Sonrakı hadisələr bir göz qırpımında baş verir. Nə vaxt yuxuya getdiyimdən xəbərim olmur. Ayılıram, səhər açılıb. Günəşin şüaları üzümə düşür. İsti məni xoşhal edir. Gecә çox içməyim özünü büruzə verir. Başım gicәllәnir. Əlimi uzadıb kətilin üstündəki yarımçıq su stəkanını götürürəm, suyu başına çəkirəm. Ətrafa göz gəzdirirəm. Yaşar əmi gözə dəymir. Arabir yaxınlıqdan maşınlar ötüb keçir. Burda qalmaq artıq təhlükəlidir. İstəmirəm məni kimsə görsün. Aradan çıxmaq lazımdır. Hansısa gözəgörünməz qüvvənin təsiriylə dayanıram, geri dönürəm. Anlaşılmayan bir hiss mənə bu daxmadan getməyə mane olur. Gerçəkliklə sehr bir-birinə qarışıb ayrılmaz olur. Qapıdan uzaqlaşıram. Bu yad daxma mənim üçün ilk başdan həyəcan yaratsa da, indi bu həyəcan hissi yoxa çıxıb. Bu daxma ruhumun dərinliklərindəki əzabı dindirmək üçün sonuncu ümid qığılcımını yenidən alışdırır; mənim üçün təsvirolunmaz bir həyatın başlanğıc dəqiqələrini yaşayıram. Boşluqda mövcud olmaq indi mənə hüzur verir. Aradan bir neçə gün keçir. Gözüm divara bərkidilmiş güzgü sınığına sataşır. Güzgüdən mənə saçları pıtlaşmış, ovurdları batmış, xortdana oxşayan bir adam baxır. Bu üzü haradasa görmüşəm, haradansa tanıyıram.
Kimsə məni çağırır:
– Yaşar əmi, ay Yaşar əmi! Evdəsən? Atam sənə isti çörək göndərib.
Başımı qapıdan çıxarıb sakitcə cavab verirəm:
– Hə, bala, evdəyəm, gəl.