Azərbaycana gələn turistlər səfər üçün daha çox yay aylarını seçirlər.
Azərbaycanın daha çox turist qəbul etdiyi 10 ölkə üzrə olan göstəriciləri təhlil etdikdə görmək olar ki, turistlərin ölkəmizə daha çox səyahət etdiyi müddətlər fərqli olub. Amma ümumilikdə, turistlər səyahət üçün daha çox martdan sonrakı ayları, xüsusilə yay aylarını seçiblər.
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana Rusiyadan 592 828 xarici vətəndaş gəlib ki, onların da çoxu – 119337 nəfəri ölkəmizə iyul ayında səfər ediblər.
Yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana səfər edən 349 807 turist səyahət üçün daha çox avqust ayını seçiblər. Həmin ayda Azərbaycana Gürcüstandan 48 839 nəfər əcnəbi vətəndaş gəlib.
İrandan bu ilin ilk 8 ayı ərzində Azərbaycana 249 228 turist gəlib ki, onların da çoxu – 67 760 nəfəri ölkəmizə mart ayında səfər edib.
Bu il Türkiyədən ölkəmizə 193 857 xarici vətəndaş gəlib ki, onların da çoxu – 27 668 nəfəri Azərbaycana avqust ayında səyahət edib.
Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) isə yanvar-avqust aylarında Azərbaycana 73 235 nəfər səyahət edib. BƏƏ-dən gələn turistlərin say çoxluğu iyulda (15 847 nəfər), daha sonra isə avqustda (13 192 nəfər) qeydə alınıb.
Ötən il Azərbaycana İraqdan 43 729 nəfər gəlib ki, onların da 12 393 nəfəri ölkəmizə avqust ayında səfər edib.
Qeyd edilən müddətdə Ukraynadan Azərbaycana 39 553 xarici vətəndaş gəlib ki, onların 6636 nəfəri iyulda ölkəmizə gəlib.
Bu ilin ilk 8 ayında Səudiyyə Ərəbistanından Azərbaycana 26 176 turist gəlib. Onların çoxu – 12 106 nəfəri avqustda ölkəmizə səfər edib.
Bu dövr ərzində Qazaxıstandan Azərbaycana 24 922 turist gəlib. Onlardan 5031 nəfəri ölkəmizə səyahət üçün iyul ayını seçib.
İlk onluq siyahısında təmsil olunan sonuncu ölkədən – Birləşmiş Krallıqdan Azərbaycana 21 884 turist gəlib ki, onların da çoxu – 4411 nəfəri iyunda ölkəmizə səfər edib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Azərbaycana gələn turistlərin ölkədə qalma müddəti 5-7 gündür. Turistlər səfər müddətlərinin 3-4 gününü Bakıda qalır, qalan günləri isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir.