Bir müddət əvvəl BMT femisidlə (femisid – cinsiyyətinə görə qadınların öldürülməsi – red.) bağlı yeni hesabatını açıqlayıb.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə hər saat beşdən çox qadın və qız ailə üzvü tərəfindən öldürülüb.
Sənədə əsasən, keçən il bütün dünyada qətlə yetirilən 81 100 qadının yarıdan çoxu – 45 000-i (56%-i) əri, sevgilisi və ya digər qohumu tərəfindən öldürülüb.
Azərbaycanda da ailə üzvü tərəfindən öldürülən qadınların sayı az deyil.
Bunun qarşısını almaq üçün hansı addımlar atmalıdır?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, dünyada qadınlara qarşı ayrı-seçkiliyin dərinləşməsinə pandemiya dövründə daha çox rast gəlinib:
“Bu problemin daha çox yaxın qohumlar, partnyorlar tərəfindən törədilməsi vurğulanmalıdır. Qızların və qadınların qətlləri məişət zəminində zorakılıq cinayətidir. Təəssüf ki, hesabatda qeydə alınan, sadəcə, ölüm faktlarıdır. Dünyada psixoloji, iqtisadi, cinsi zorakılıq hallarına məruz qalan qızların və qadınların hamısı qeydiyyata alınmır.
Real statistikaya baxsaq, dünyada qadınlara və qızlara qarşı cinsi əsaslı zorakılıq faktlarının sayı daha çoxdur. Təşkilat tərəfindən qadınların daha çox səlahiyyətləndirilməsi, məşğulluq sahəsində qadınların peşə hazırlığı, qadınların qərar vermədə, siyasi vəzifədə sayının çoxalması ilə bağlı ölkələrə çağırış edilir”.
E.Səfərov əlavə edib ki, ölkəmizdə də qadınların qətlləri ilə bağlı vacib tədbirlər həyata keçirilməlidir:
“Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda qısqanclıq, ailə münaqişəsi çərçivəsində 46 qadın öldürülüb. Təəssüf ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilməyib. Bu, problemi aradan qaldırmaq üçün koordinasiyanı gücləndirməyə kömək ola bilər.
Bu plan olmasa da, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci ildə Məişət zorakılığının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib.
Sözügedən planda sığınacaqların fəaliyyəti təkmilləşdirilib, “qaynar xətt” yaradılıb. Eyni zamanda, qeyri-hökumət təşkilatlarının sayının artırılmasına və onlara təlimlərin daha çox keçirilməsinə ehtiyac var”.
Komitə rəsmisi vurğulayıb ki, gender, məişət zorakılığı, cinsi ayrı-seçkiliklə bağlı maarifləndirmə davamlı aparılmalıdır:
“Cəmiyyətdə patriarxal yanaşma dəyişməlidir ki, bu da nəslin dəyişməsi ilə mümkündür. Cavan nəslin savadlılığının artırılması vacibdir. Eyni zamanda, bu sahədə Cinayət Məcəlləsində qəbul edilən maddələrin effektivliyi də əsasdır”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əvvəllər bəzi hallar olurdu ki, həftədə üç-beş qadın öldürülürdü:
“Mətbuatda gedən qətl xəbərləri əsasında deyə bilərik ki, ötən il Azərbaycanda ailə üzvləri tərəfindən 70 qadın öldürülüb. Qadınların ölümləri ilə bağlı beynəlxalq təşkilatlar da narahatlıq keçirdiklərini bildirirlər. Ölkəmizdə sığınacaqlar, operativ müdaxilələr var, amma bu daha çox uşaqlar üçündür.
Qadınların zorakılıqla üzləşdikləri vəziyyətlər üçün xüsusi bir proqram yoxdur. Bildiyiniz kimi, qadınların əksəriyyəti zorakılığa məruz qaldıqda qorxduğu üçün polisə müraciət edə bilmir”.
O qeyd edib ki, ölkəmizdə qadınların ölümü ilə bağlı SOS siqnalı olmalıdır:
“Qadınları ailə üzvləri namus cinayəti adı altında qətlə yetirirlər. Yaxınları tərəfindən öldürülən qadınların olması və çoxluğu cəmiyyət üçün təhlükəli tendensiyadır və qarşısı alınmalıdır”.
İlhamə Əbülfət