Tanınmış rejissor, aktyor Aqil. M. Quliyev son günlər Azərbaycan Dövlət Kukla Teatrında gedən yoxlamalar, teatrın direktoru Rəşad Əhmədzadəyə qarşı baş verən qərəzli münasibətə, haqsızlıqlara görə feysbuk səhifəsində paylaşım edərək münasibət bildirib.
Kulis.az xəbər verir ki, o, digər sənət adamlarını bu məsələyə biganə qalmamağa səsləyib:
“Mənə maraqlıdır ki, indiyə qədər bu Nazirlikdən nə mədəniyyət, nə hörmət görən “ziyalı”, “ağsaqqal”, “ağbirçəklər”… Nə qədər susub, özünüzü kor və kar kimi göstərəcəksiz? Susmaqla iş düzəlmir… Bu sahədə, hələ ki, mərdanə çalişan, kollektivin doğrudan da, hörmətini qazanan, 5 kişi qalıbsa, biri də Rəşad Əhmədzadədir…
P.S. Belə də ki, illərdi mənim adımın üstündən qırmızı xətt çəkən Nazirlik, bizə hörmət qoymadız, özünüzə hörmətiniz olsun heç olmasa”.
Xatırladaq ki, bu il noyabr ayının 18-də Mədəniyyət Naziri Anar Kərimovun imzası ilə nazriliyin daxili nəzarət şöbəsi azərbaycan Dövlət Kukla Teatrında yoxlama əmri verilib. Ancaq yoxlamanın gedişatından narazı qalan teatrın direktoru Rəşad Əhmədzadə dekabrın 8-də mətbuat konfransı keçirərək baş verənlərə münasibətini bildirib. Həmçinin o, yoxlama başlanan ilk gündən onun yanında olan, onu dəstəkləyən medaia nümayəndələrinə təşəkkürünü bildirib.