Sahibkar Elnur Nəcəfov Dövlət Satınalmaları Nəzarət Xidmətinin qanunsuz şəkildə tenderdə özünə yaxın olan şirkəti qalib etdiyini, bu halın bir neçə dəfə təkrarlandığının iddia edir.
“Qafqazinfo”ya müraciət edən sahibkar bildirib ki, 2022-ci ilin mayında Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə idarəsi Subartezian nasos aqreqatlarının satın alınması tenderində ilkin nəticələrə əsasən onun şirkəti ən uyğun təkliflə çıxış edib.
E.Nəcəfovun sözlərinə görə, şirkəti – “Rapid Services Azerbaijan” MMC 2 ay 16 gün sonra heç bir xəbərdarlıq edilmədən tenderdən uzaqlaşdırılıb. Səbəb kimi isə təqdim edilən bank zəmanətinin məbləğinin tələb olunandan 81 qəpik aşağı olması göstərilib: “Sonrakı iki iddiaçı da müxtəlif səbəblərlə tenderdən uzaqlaşdırıldı və 4-cü yerdə olan “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim şirketi”nin Azərbaycandakı filialı qalib elan olunub. Qeyd edim ki, bizim təklifimizlə qalib elan olunan şirkət arasında 264 623 manat qiymət fərqi mövcud idi. Üstəlik, qərar 20 gün müddətində elan olunmalı idisə, 2 ay yarım keçdikdən sonra müəmmalı şəkildə “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim şirketi” qalib elan edildi. Görünən odur ki, bu, məqsədli şəkildə edilib.
Bu ilin mayında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə idarəsi subartezian nasos aqreqatlarının satın alınması tenderini elan etdi. “Rapid Services Azerbaijan” MMC olaraq bizim də iştirak etdiyimiz tenderin zərflərinin açılışı iyulda baş tutdu. İlkin nəticələrə əsasən, şirkətimiz ən uyğun təkliflə və tələb olunandan da artıq keyfiyyətli məhsullarla çıxış etdi. Qalib elan olunacağımızı gözləsək də, tender komissiyası 2 ay 16 gün keçəndən sonra heç bir rəsmi açıqlama vermədən (halbuki 20 gün müddətində cavablar açıqlanmalıdır) “e-tender” portalında iddiaçı kimi tenderdən uzaqlaşdırıldığımızı gördük. Səbəb kimi isə təqdim etdiyimiz bank zəmanəti məbləğinin tələb olunandan 81 qəpik aşağı olması göstərilmişdi. Daha sonra 2 və 3-cü yerdəki iddiaçılar da müxtəlif səbəblərlə tenderdən uzaqlaşdırılmış və 4-cü yerdə olan “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı müəmmalı şəkildə qalib elan olunmuşdu. Qeyd edim ki bizim təklifimizlə qalib elan olunan şirkət arasında 264 min manat qiymət fərqi mövcud idi.
Vəziyyətlə əlaqədar Dövlət Satınalmalarına dəfələrlə müraciət edib, əskik olan 81 qəpik bank zəmanətinin tender mahiyyətinə heç bir təsir etmədiyini bildirsək də, bu müraciətlərimizin heç biri araşdırılmadan bizə şablon cavab göndərildi. Halbuki texniki sənədlərdə hər hansı çatışmazlıq olanda 2 gün ərzində səhvin düzəldilməsi üçün iddiaçıya müraciət olunur. Yəni heç bir tərəf üçün əhəmiyyət daşımayan 81 qəpik əskik bank zəmanəti ciddi pozuntu deyildi və aradan qaldırıla bilərdi. Görünən odurki tenderi təşkil edən komissiyanın əsas məqsədi “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim” şirkətini qalib etmək olub.
Ümumiyyətlə istənilən tender prosesində udan tərəf ilk növbətə dövlət büdcəsi olmalıdır. Hazırki vəziyyətdə büdcə 264 min manat itirir. Dövlət Satınalarmalarına Nəzarət şöbəsi belə bir israfa göz yumub, tender nəticəsini ləğv etməli halda bütün müraciətlərə sadəcə şablon cavablar verir.
Bu bizə qarşı ilk belə hal deyildi. 2021-ci ildə Göyçay Suvarma Sistemləri idarəsi tərəfindən təmir işləri üçün materialların satınalınması məqsədilə təşkil olunmuş tenderdə biz ehtimal qiymətindən 20 faiz aşağı təkliflər çıxış etmişdik. Qanuna görə, onlar başqa bir şirkəti qalib etmədən öncə bizə sorğu verməli idilər. Lakin komissiya bizim təklifimiz haqqında heç bir sorğu etmədən, tələb olunan məhsulların texniki parametrlərini, nümunələrini tələb etmədən, heç bir araşdırma aparmadan ikinci yerdə olan iddaçını 46000 manat qiymət fərqini nəzərə almadan qalib elan etdi.
Bundan başqa, 2021-ci ildə təşkil olunan Şirvan Meşə Melorasiya İdarəsinin təşkil etdiyi LOT-1 Cari təmir işləri üçün inşaat materiallarının satın alınması tenderində isə 37.38 m3 ağac materialı qiymət cədvəlində 3738 m3 göstərilərək tenderdə ciddi prosedur pozuntusuna yol verilib. Əvvəlcədən sövdələşmiş 3 şirkət bu vəziyyətdən xəbərdar olduqları üçün qiyməti miqdara uyğun yazıblar. Biz xəbardar olmadığımız üçün təklifimiz bir milyondan yuxarı olub.
Yüksək iştirak haqqları ödəyərək iştirak etdiyimiz, ən uyğun qiymətlərə keyfiyyətli məhsulları tədarük etməyə çalışdığımız tenderlərdə artıq neçənci dəfədir ki, qanun pozntularına yol verilir. Müraciətlərimiz araşdırılmır. Bu, xüsusilə Melorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərində baş verir. DSNX və Melorasiya və Su Təsərrüfatı ASC kimlərinsə mənafeyi naminə dövlət büdcəsinin israf olunmasına göz yumur”.
İddialarla bağlı Dövlət Satınalmaları Nəzarət Xidmətinin tabe olduğu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Melorasiya və Su Təsərrüfatı ASC-ə sorğu ünvanladıq. DSNX-dan sorğumuza cavab verilmədi. MST-dən isə bildirildi ki, “Rapid Services Azerbaijan” MMC-nin “Azmelsutəsərrüfat” ASC-nin rəhbərliyinə və digər qurumlara Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsində keçirilmiş tenderlə bağlı dəfələrlə ünvanladığı eyni məzmünlu müraciətlərinə baxılıb:
““Rapid Services Azerbaijan” MMC-nin İstehsalat Komplektləşdirmə İdarəsində keçirilmiş tenderlə bağlı bank təminatı bir faizdən az olduğu üçün satınalan təşkilat tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilib. Xidmətin (09.09.2022-ci il saylı AİBNDX 01/11-5/2358S saylı) məktubuna əsasən “Dövlət satınalmaları haqqında” Qanununun 32.1 ve 33.1-ci maddələrinə istinad edilərək, tender təkliflərinin qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunda muəyyənləşdirildiyi müddət tender zərflərinin açılışı günündən sonra azı 30 bank günü təşkil etməli olduğu bildirilib.
Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin bir faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti-mövcud Qanunun tələblərinə uyğun olaraq tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çох olmalıdır. Həmin Qanunun 36.3, 36.5 ve 36.5.3-сu maddələrinə əsasən satınalan təşkilat tender təklifini yalnız о halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab vermiş olsun. Tender təklifləri formal tələblərə uyğun gəlmədiyi halda həmin təkliflər tenderdən kənarlaşdırılır.
Tərəfimizdən “Rapid Services Azerbaijan” MMC-nin təklifinin qiymətləndirilməsinin mümkünlüyü barədə müraciətə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaların vahid internet portal vasitəsi ilə təqdim edilmiş tender təklifinin təminatının tender təklifinin bir faizi həcmindən az olduğunu nəzərə alaraq onun tender təklifinin müsabiqədən kənarlaşdırılması məqsədəmüvafiq hesab edilib.
2021-ci ildə keçirilən tenderlə bağlı daha əvvəllər etdiyi müraciətlər araşdırılaraq cavablandırılıb”.
Amin Nəzərli