“Gələn ilin oktyabr ayına qədər Xaçınçay su anbarında təmir-bərpa işlərinin tamamilə başa çatması nəzərdə tutulub. İstəyirik suyun yığılmasını təmin edək və 2024-cü ilin payız suvurmasını bununla təmin edə bilək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov Xaçınçay Su Anbarına mediatur zamanı bildirib.
O qeyd edib ki, hazırda ərazidə iki növbəli iş rejimi tətbiq olunur.
R.Aslanov əlavə edib ki, son 30 ildə mənfur qonşularımız tərəfindən bir sıra ərazilərimiz, o cümlədən də Xaçınçay Su Anbarının ərazisi işğala məruz qalıb. İşğaldan azad olunandan sonra 2020-ci ildə Prezident tərəfindən Dövlət Su Komissiyası yaradılıb: “Komissiyanın sədri və üzvləri dəfələrlə bu ərazidə olublar. Yerində tanış olanda anbar elə bərbad vəziyyətdə idi ki, demək olar ki, tamamilə dağıdılmışdı. Eyni zamanda bənd də qəzalı vəziyyətdə idi. Bununla bağlı komissiya iclaslar keçirdi və orada təcili tədbirlər görülməsi tapşırıldı. İlk növbədə ərazi minadan təmizləndi, sonra isə iqtisadi-texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması tapşırıldı və dərhal bununla bağlı müsabiqə elan olundu. Müsabiqənin qalibi elan olunandan sonra işlərə başlanıldı. Müsabiqənin qalibi Körpü Bina Tikinti şirkətidir. İki ay öncə işə başlanılıb. Təkcə bəndin yamacının beton hissəsi 80 min kv.m-ə yaxın aşınmışdı. Aşınan hissəsi sökülüb çıxarılıb. 80 faizə qədər hissədə bərpa işləri tamamlanıb. 20-30 sm qalınlığında beton vurulur”.
R.Aslanov bildirib ki, yamacda görülən işlərlə yanaşı suqəbuledici qurğular çox pis vəziyyətə düşmüşdü, mənfur qonşular tərəfindən qapıları sökülüb aparılmışdı. Qapıların, estakadanın bərpası, su qəbuledici qurğunun bərpası paralel olaraq həyata keçirilir: “Digər tərəfdən bəndin qəza sutullayıcısında müəyən bərpa işləri həyata keçirilir. Bununla yanaşı magistral kanalın 7 km hissəsində suburaxma qabiliyyəti 3,2 kub metr saniyədir. Burada betonlama işlərinə başlanılıb”.
Qeyd edək ki, Xaçınçay Su Anbarı 1964-cü ildə tikilib. Xaçınçay Azərbaycan ərazisində formalaşır, təqribən dəniz səviyyəsindən 1800 metr hündürlükdən mənbəyini götürür. Çayın mənbəyi qrunt suları, yeraltı sular və yağış sularıdır. Xaçınçay Su Anbarı tikilməklə Ağdam rayonunun 7 min hektar əkin sahəsini suvarma ilə təmin edib.
Gülnar Əliyeva