Xəzangül Hüseynova: “Xatirələr məni məcbur edir ki…”

Xəzangül Hüseynova: “Xatirələr məni məcbur edir ki…”

17 dekabr şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovanın ad günüdür. Kulis.az 75 illik yubileyini qeyd edən Xəzangül xanımla müsahibəni təqdim edir.

– Xəzangül xanım, bu gün yubiley yaşınızı qeyd edirsiniz. Öncə bu münasibətlə təbrik edirik. Gəldiyiniz yola geri dönüb baxanda peşmanlığınız çoxdur, ya “yaxşı ki…”ləriniz?

– Hələ böyük Nizami demişdi ki, keçmişə daş atmaq yetimin malını yeməkdən daha pisdir. Geriyə tez-tez baxıram. Özünü dünyanın sevgisinə bələnmiş kimi yaşayan; küləklə, çiçəklə, ağacla danışa bilən qızcığazla hər zaman bir yerdə ömür sürürük… Nə yaxşı ki, bu belədir. O, mənimlə olmasa, yəqin ki, Xəzangül də ola bilməzdi.

Heç vaxt nəyə görəsə peşman olmamışam. Razı olub, olmadığım nə varsa, Göylərin hökmü kimi qəbul etmişəm. Alın yazımla dərdləşməyi bacarmışam. Kaşları ovundura bilmişəm.

– Özünüzü ən çox nədə şanslı hesab edirsiniz? Sizin ən böyük şansınız nədir?

– Ən böyük şansı bu dünyaya azərbaycanlı kimi gəlməyi hesab edirəm. Ulu dərkin ən uca nöqtəsində duran millətin nümayəndəsi olmaq nə gözəl.

– Məhəbbət şeirləriylə qəlbləri oxşayan Xəzangül xanım üçün sevmək daha önəmlidir, yoxsa sevilmək? Niyə?

– Sevmək daha önəmlidir. Yeri, Göyü, bütün canlı və cansızları sevməyi bacaran insan yəqin ki, mütləq sevilən olar…

– Planlı insansınız, yoxsa zaman və tale nə gətirsə, onu yaşamaqla kifayətlənmisiniz?

– Heç vaxt yaradıcılıq planım yox, arzum olub. Hansısa bir mövzuda yazmaq arzusu.

– Gəncə ədəbi mühitinin dünəni və bu günündən danışaq…

– Gəncə ədəbi mühiti deyəndə istər-istəməz XI-XII əsr Gəncə ədəbi mühitinin intibah dövrü yada düşür. O dövr dünyanı heyrətdə qoyan Nizami Gəncəvi və Məhsəti Gəncəvini bəşəriyyətə təqdim etmişdi. O vaxtdan dünya ədəbiyyatının ən uca zirvəsində yer tutan Nizami heç bir vəchlə öz yerini kimsəyə vermir. Elə o zamandan bəri ulu Gəncəmiz ədəbi tarixində hər zaman öncül yerlərdə fəaliyyəti ilə diqqətdə olub.

İndi də Gəncə ədəbi mühitində güclü şair və yazıçıların imzaları ölkəmizdə və ölkəmizdən kənarda yaxşı tanınır.

– “İlham” Ədəbi Birliyi sizə – şair Xəzangülə və müəllim Xəzangülə nə verə bildi?

– “İlham” Ədəbi Birliyi mənim yazar kimi qəbul olunmağımda müstəsna rol oynayıb. Yazıçı Qərib Mehdinin rəhbərlik etdiyi bu birlikdə şeirdə, nəsrdə məqsəd və nəticənin bir-birini tamamlaması, misraların poetik yükü, fikrin və mövzunun özünəməxsusluğu öndə duran tələblər idi. Diskussiya tənqid üzərində qurulurdu.

Mən o birliyə gedəndə ancaq söz qoşurdum, şeir yazmırdım. Duyğuların poetik ifadəsini “İlham” Ədəbi Birliyi öyrətdi.

– Bəs Azərbaycan ədəbiyyatı tarixinə nələri, kimləri qazandırdı?

– Bu birlik ədəbiyyatımıza Aydın Murovdağlı, Qəşəm Nəcəfzadə, Sərvaz Əsgərli, Eldar, Musa Urud, Xosrov Natil, Nizami Aydın və başqaları kimi tanınmış yazarları bəxş etdi.

– Heç xanım adı çəkmədiniz. Gəncə ədəbi mühitinin istedadlı xanımlarından kimləri misal göstərərdiz?

– Gəncə ədəbi mühitində öz sözü, öz izi olan xanım yazarlarımız mənim qürur yerimdir. Yazıçılardan Rəfiqə Sadıqova, Nüşabə Əsəd Məmmədli, Ümbülbanu, Fərruxə Umarova, Gülafət və başqaları, şairlərdən Aləmzər Əlizadə, Ceyhunə Mehman, İradə Aytel, Gülnarə Sadiq, Zülfiyyə Yaqub, Minayə Abdullayeva, Almaz Yusifqızı, Mələk İsmayıl, Ofeliya Mədət qızı və başqalarının adını çəkə bilərəm ki, öz yaradıcılıqlarıyla ədəbiyyatımızı zənginləşdirirlər.

– Uzun illər təhsil sahəsində işləmisiniz. Təhsilimizin bu günündə nəyi necə görmək istəyərdiniz?

– Təhsil sistemində uzun müddətli fəaliyyətim bu həyatda ayaq üstə durmağıma stimul oldu. Həm rəhbər, həm müəllim kimi tamlığın vəhdətindən irəli gələn fəlsəfi davranış və insani münasibətlərin dialektikasını mənə öyrətdi. Mən şagirdlərin daxili dünyasına girdikcə o dünyanın əsrarəngizliyinə, möhtəşəmliyinə heyran qalaraq (yaxşı oxuyan da, oxumayan da) onlardan öyrənib, onlarla gah uşaq, gah da böyük olurdum. İstər keçmiş, istərsə də indiki təhsilin uğuru müəllim-şagird münasibətində olan qarşılıqlı hörmət və bir-birinə olan böyük sevgidən asılıdır.

– Ümumən yaradıcılığınıza nəzər salanda adama elə gəlir ki, daha çox esselərinizdə özünüzü tam aydın və rahat ifadə edə bilmisiniz. Yoxsa bu da yazıçı manevridir?

– Yaradıcı insan üçün nəsr, poeziya, dramaturgiya və esse ancaq onu narahat edən mövzuların hansı formada ifadə edilməsinin meyarından asılıdır. Belə hallarda forma məzmunu, məzmun da formanı özü tapır. Necə ki, heca vəzni, sərbəst, əruz vəzn-hərəsinin öz duyğulu dili var. Bir neçə ildir ki, yapon şeir formalari məni çox cəlb edir. “Hauki”, “tanka”, “canquain” kimi şeir növləri var ki, bunlarda nə qafiyə, nə də şeirlər uzun olur. 3, 4, 5 misralıq fəlsəfi, həm də yumorlu şeirlərdir. Amma hər misranın heca tələbi var.

– Yapon şeir formalarından bəhs etdiniz. Yaradıcılığınızda bu nümunələrə yer verirsinizmi? Bu formada qələminizi sınamısınız?

– Yapon şeir formalarına müraciətim Türkiyədə “Hauki ömür kadar kısa şiir” səhifəsi ilə tanışlığımdan başladı. Hauki üç misradan ibarətdir, 5-7-5 hecalı olur. Qafiyə qadağandır. Tanka 5-7-5-7-7 hecalı, cinquain 2-4-6-8-2 hecalı olur. Bütün bunlar çox maraqlıdır. Mən də bu formalara müraciət edirəm. Hətta yaxın gələcək üçün “Yapon şeir formaları” adlı kitabımı nəşrə hazırlayıram.

– Vətən müharibəmiz və ədəbiyyatımız… Gəncə ədəbi mühitində 44 günlük qəhrəmanlıq dastanımız barədə hansı əsərlər yazıldı, ictimaiyyətə təqdim edildi?

– 44 günlük Vətən müharibəmiz zamanı bütün Azərbaycan yazarları kimi, Gəncə yazarları da ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza həsr olunmuş yazılarla dövrü-mətbuatda, televiziya kanallarında çıxış etdilər. Mənim “Dəmir yumruq” pyesim Gəncə Dövlət Dram Teatrında Gəncə 2 saylı ASAN könüllüləri tərəfindən uğurla oynanıldı. Təbii ki, müharibədən hələ iki il keçib, bu mövzu bundan sonra da işlənəcək, ədəbiyyatımızı, incəsənətimizi bəzəyəcək.

– Türkiyəli araşdırmaçı və tərcüməçi Mina Urqan deyirdi ki, “yaş artdıqca insan xatirələrini yazmalıdır”. Yazırsınızmı? Yazırsınızsa, o xatirələrdə ədəbiyyata naxış olan nələr var?

– Mənim xatirələrim gah şeir, gah hekayə formasında doğulur. Gündəlik yazmıram. Yaddaşımda həkk olunan xatirələr məni məcbur edir ki, onlar ya hekayə, ya da şeir şəklində bu dünyada yaşasınlar.

– Gənclərin ədəbiyyatından danışaq bir az da… Gəncə ədəbi mühitindən kimlərin yaradıcılığına güvənirsiniz?

– Gəncə ədəbi mühitində güclü, istedadlı gənc yazarlar yetişir. Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsində hər həftənin cümə günü, saat 14:00-da yığıncağımız olur. Gənc, orta, yaşlı nəsil yaradıcı insanların, qələm sahiblərimizin yeni yazılmış əsərləri oxunur, təhlil və tənqid olunur. Bizi ən çox sevindirən gənclərin öz yazıları ilə bizi heyrətdə qoyması olur. İstər-istəməz qürurlanırsan ki, ədəbiyyatımız bütün zamanlarda güclü zəmin üzərində öz sözünü deyəcəkdir.

– Hər kəsin paytaxta axışdığı, ədəbi mühitin Bakıda daha coşğun olduğu dövrdə sizi Gəncədə nə saxladı?

– Heç zaman ədəbi mühitdə inkişafım üçün harda yaşamağım mənə önəmli olmayıb. Yazmağı daxili ehtiyacdan doğan bir əta kimi qəbul etmişəm. Təki, yazım, iç dünyam rahat olsun.

– Ana Xəzangül, nənə Xəzangül nəyə gülümsəyir?

– Hər iki Xəzangül Azərbaycan adlı məmləkətimizin bəşəriyyəti heyrətdə qoyan gücünün və qüdrətinin önündə sevinir, bu böyük sevginin təsirindən xoşhallıqla üzü Göyə gülümsəyir.

– Yaradıcılığınızdakı son durum necədir? Hansısa əsər üzərində işləyirsinizmi?

– Yazmasam, sanki özümü boşluqda hiss edərəm. Təbii ki, indi də yaradıcılığımı davam etdirirəm, yarımçıq əsərlərim üzərində işləyirəm. Elə birini bayaq dedim. “Yapon şeir formaları” adlı kitabım yaxın zamanlarda oxucuların ixtiyarına veriləcək.

525 qəzeti

Share: