Müasir dövrdə avtomobillərin funksionallığı və texniki cəhətdən üstünlüyünün artırılması məqsədilə yeniliklər tətbiq edilir. Lakin bəzən bu yeniliklər özünü istənilən şəkildə doğrultmadığı üçün bəzi problemlər yaşana bilir. Nəqliyyat vasitələri satışa çıxarıldıqdan sonra aşkarlanan məsələlər bu problemin bir qədər də dərinləşməsinə səbəb olur. Çünki artıq həmin seriya üzrə istehsal olunan və sistemində nasazlıq olduğu aşkar edilən nəqliyyat vasitələri vətəndaşlar tərəfindən alınmış olur.
Bəzi şirkətlər problemlər aşkarlanan zaman öz reputasiyalarını qorumaq məqsədilə məsuliyyəti öz üzərinə götürür və nöqsan aşkarlanan seriya üzrə nəqliyyat vasitələrini geri çağırırlar.
Buna misal olaraq deyək ki, “Tesla” ABŞ-da 321 min avtomobilini arxa işığın nasazlığına görə geri çağırıb. “Mercedes-Benz” avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38 mindən çox avtomobili geri çağırmışdı. İki il öncə “Hyundai Motors” şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırmışdı.
Əslində bu həm də təhlükəsizlik qaydalarına da ziddir. Bəs bu prosedur Azərbaycanda işləyirmi?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, bu proses Azərbaycanda həyata keçirilmir.
Onun sözlərinə görə, ay yarım öncə Çində istehsal edilən avtomobillərdən birinin geri çağırılması ilə bağlı məlumat yayıldı:
“Heç 2 min kilometr məsafə qət etməmiş nəqliyyat vasitəsinin mühərriki sıradan çıxdı. Yeni avtomobil olsa da, belə bir problem yaşandı. İstehsalçı avtomobilləri geri çağırdı. Həmin geri çağırılma ilə bağlı bəyanatda qeyd edilib ki, bu avtomobillərə azərbaycanlı alıcılar tərəfindən düzgün yanacaq tökülmür”.
E.Hüseynov onu da əlavə edib ki, bənzər problemlə qarşılaşan istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ərizə ilə bağlı müraciət göndərmişəm:
“Rəsmi şəkildə istehlakçının hüquqlarının qorunmasını tələb etmişik, çünki həmin problemin aradan qaldırılması üçün 8 min manat tələb edilir. İstehlakçı bundan sonra da eyni yanacaqdan istifadə edəcək. Ümumiyyətlə məndə olan məlumata görə, bu kimi problemlərdən dolayı şirkətlərin nəqliyyat vasitələrini geri çağırması prosesində Azərbaycan iştirak etməyib. Təkcə avtomobillərin geri çağırılmasında deyil, ümumiyyətlə bir çox ölkələrdə hətta qida məhsulları, digər mallar da geri çağırılır, lakin ölkəmizdə belə bir sistem işləmir. Azərbaycanda bu məsələ demək olar ki yox səviyyəsindədir, bu da o deməkdir ki, istehlakçı siyasəti bərbad vəziyyətdədir.
İstehlakçıların hüquqlarının qorunması ilə məşğul olan qurum müstəqil orqan kimi fəaliyyət göstərməlidir”.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, zaman-zaman nəhəng avtomobil istehsalçıları hər hansı bir modelin geri çağırılmasını elan edirlər:
“Bu o demək deyil ki, avtomobillər ümumiyyətlə zavoda qayıdırlar. Bu o deməkdir ki, istehsal prosesində avtomobilin hansısa ehtiyat hissəsində müəyyən nasazlıq olub və bu daha sonra aparılan testlər və ya nəqliyyat vasitəsinin istismarı zamanı ortaya çıxıb. Sonra aşkarlanan qüsurların istehsalçı tərəfindən aradan qaldırılması həmin istehsalçının öz alıcılarına, istehlakçılarına və ən başlıcası öz brendinə hörmətlə yanaşmasından xəbər verir.
Bu gün artıq avtomobillərin geri çağırılması məsələləri sadələşdirilib. Rəsmi distribüterlər onlara məxsus olan internet portallarında yeni sistem yaradıblar. Məsələn, avtomobilin BAN (VİN) nömrəsini həmin portala daxil etməklə alıcı nəqliyyat vasitəsi barədə bütün məlumatı əldə edir. Həmçinin həmin avtomobilin hər hansı ehtiyat hissəsində qüsur varsa, bu barədə məlumat almış olur”.
Bəs avtomobilin geri çağırılma prosesi necə baş verir?
E.Cəfərov deyir ki, əgər avtomobildə həmin qüsur varsa, nəqliyyat vasitəsinin sahibi həmin brendin ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerinə müraciət edir:
“Həmin müraciət əsasında nəqliyyat vasitəsinə baxış keçirilir. Həmin qüsur aradan qaldırılır. Ehtiyat hissələrin dəyişdirilməsi, yerinə quraşdırılması həyata keçirilir. Bunun üçün avtomobil sahibi heç bir ödəniş etmir. Bütün proses rəsmi dilerin öz hesabına həyata keçirilir”.
Könül Cəfərli