“Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi çox vacibdir” — Viktor Ponta

“Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi çox vacibdir” — Viktor Ponta

“Bu gün Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” həm Rumıniya, həm də bütün Şərqi Avropa üçün çox vacibdir. Rumıniyanın Baş naziri olduğum müddətdə Azərbaycan və Gürcüstanla siyasi və iqtisadi əməkdaşlığı yüksək qiymətləndirdim və inkişaf etdirdim”.

Bu fikirləri “AZƏRTAC”a müsahibəsində Rumıniyanın 2012-2015-ci illərdə sabiq Baş naziri, “Pro Romania” partiyasının sədri Viktor Ponta bildirib.

O qeyd edib ki, Azərbaycan bu çətin dövrdə Avropa üçün ciddi, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi özünü sübut edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi indi çox vacibdir. Avropa Azərbaycanın bu anda və gələcəkdə sahib olduğu bu çox mühüm rolu qəbul etməlidir:

“Hazırda Azərbaycan və Gürcüstanın bu enerji layihəsində Rumıniya və Macarıstanla əməkdaşlıq etməsi Ukrayna müharibəsi və Avropadakı enerji böhranı kontekstində müsbət strateji qərar, əməkdaşlıq və dostluq mesajıdır”.

“Rumıniya Qara dəniz hövzəsində onun dostları olan Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan ilə iqtisadi və siyasi əlaqələri gələcəkdə daha çox inkişaf etdirməlidir. Bu uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini dərinləşdirmək ölkələrimizin ümumi maraqlarına uyğundur”, – deyə o vurğulayıb.


Share: