Kulis.az Məti Osmanoğlunun “İtirilmiş kəndin elegiyası” adlı yazısını təqdim edir.
Azərbaycan ədəbiyyatında öz səsi, sözü və izi olan Əlabbasın “Köçəri quşların nəğməsi” adlı kitabında (Ankara, “Bengü” nəşriyyatı, 2022) toplanmış əsərlər indi tarixə çevrilmiş təzadlarla dolu bir dövrün rəngarəng insan mənzərələrini bir araya gətirir.
Əlabbasın zəmanəyə qiyam qaldırdığı 1980-ci illərin əvvəli, əslində, tariximizin böyük bir epoxasının sonunun başlanğıcı idi. Artıq Sovet cəmiyyətinin həm siyasi və iqtisadi, həm də mənəvi süqutu yetişmişdi. Həmin illər elə ədəbiyyatın özündə də yeni bir keyfiyyət mərhələsinə keçid dövrünün ərəfəsi idi.
Ədəbiyyatın və oxucunun üzərində böyük təsiri olan “altmışıncılar” deyilən ədəbi nəslin yaradıcılığında dərin tərəddüdlər müşahidə olunurdu. Nəsrdəki lirizmlə tarixin ləngərli gedişatı arasındakı ahəng pozulmağa doğru gedirdi. Bir qədər sonra İsa Hüseynov “altmışıncılar” üçün manifest səciyyəsi daşıyan “Yanar ürək”dən imtina edəcək, ortaya “İdeal”ı qoyacaqdı. O, bununla təkcə bir romandan deyil, “altmışıncılar”ın kredosundan, poetik sistemindən, düşüncə tərzindən, hətta öz yazıçı kimliyindən də imtina edəcəkdi: yazıçı missiyasını və idealını Muğanna təxəllüsü ilə axtaracaqdı.
Bütöv bir epoxanın “Qiyamət”inin (Çingiz Aytmatov) qopmasına, “Qətl günü”nün (Yusif Səmədoğlu) gəlməsinə, “Ölüm hökmü”nün (Elçin) verilməsinə az qalırdı.
Ancaq hələ 1970-ci illərin qurtaracağı idi. Universitet məzunu, öz doğma yurdunda ana dili və ədəbiyyat müəllimi işləyən Əlabbas kənddəki dəyişmələri, cəmiyyətdəki ictimai-əxlaqi metamorfozları, ən əsası da həyatla ideal arasındakı təzadları birbaşa “hadisə yerində” müşahidə edir və onları bədiiləşdirməyə çalışırdı.
Nəsrimizin “Köhnə kişi”si belə yarandı.
Bu povestdə Əlabbasın yazıçılıq fərdiliyi zamanın hekayəsini yaratmaq, qaldırdığı ictimai və əxlaqi problemləri bədii düşüncə ipinə düzə bilmək və mətnlə oxucunun ünsiyyətini qurmaq bacarığında idi. Təcrübəsiz Əlabbas ədəbiyyata, bəlkə, özü də tam fərqində olmadan usta təhkiyəçi kimi gəlmişdi. “Köhnə kişi”də, eləcə də bu kitabdakı digər əsərlərdə oxucunun diqqətini insan xarakterləri qədər müəllifin, sözün yaxşı mənasında, “uydurduğu” sərgüzəştlər, xarakterlərin təbiətindən gələn əhvalatlar cəlb edir.
Oxucuya təqdim olunan əhvalatlar ictimai həyatda gedən proseslərin məntiqi kontekstindən doğduğuna görə müəllif sanki mətni və mətndə baş verənləri kənardan müşahidə edir, oxucu mətni öz mülahizəsinə uyğun qavrayır və yenidən “yaradır”. Yaşı altmışı haqlamış Muradın mühafizəkar kənd mühitində ərə təzə getmiş qadınla – Qaratellə sevgi macərası bu povestin mətnindən kənarda inandırıcı görünməyə bilər. Lakin mətnin təqdimatı bu nataraz münasibətə bəraət verir, natarazlığın yaratdığı faciə əsaslandırılır. İflas etmiş ictimai münasibətlər, mahiyyətini itirmiş əxlaqi dəyərlər faciənin səbəbi kimi qavranılır. Mərdi qova-qova namərdə çevirən zamanın içində Muradı oxucu şəraitin qurbanı kimi tanıyır. Əslində, Muradın hərəkəti, xüsusilə ailəsinə, fədakar həyat yoldaşına, övladlarına xəyanət edib, qızı yaşında qadına uyması mahiyyətcə ikrah doğuran hadisədir. Lakin müəllif bu hadisənin üzərində əvvəldən sonadək maraqla izlənilən təhkiyə qurur, oxucu ilə təhkiyə və təhkiyəni şərtləndirən həyat, ictimai münasibətlər arasında mütənasib ünsiyyət yaranır.
Qızlığı, qadınlığı, insanlığı, taleyi doğma qardaşı tərəfindən alverə qoyulan Qaratelin özündən qırx yaş böyük Murada sığınması onun öz mühitinə etirazı, qiyamı idi. Vaxtilə kolxozun sədri işləmiş, lakin Qaratelin qardaşı Səfi başda olmaqla namərd dəstəsinin əli ilə “vurulmuş” Murad da bu yöndəmsiz addımı atanda – Səfinin bacısına meyl eləyəndə qarşısındakı namərd dəstəsindən intiqam alacağını düşünmüşdü.
Ancaq qiyam mənəvi dəyərləri iflas etmiş cəmiyyətin qurbanları olan Muradın və ailəsinin, eləcə də Qaratelin faciəsinə çevrilir. Qardaşının təzyiqi ilə zorla prokurorun qohumuna ərə verilən, lakin tezliklə özünün satlığa qoyulduğunu dərk eləyən Qaratel qardaşının dözülməz fiziki işgəncələrinə məruz qalır, Murad isə səbəbi oxucuya da, özünə də bəlli olmayan bəhanə ilə həbs edilir.
Muradın ailəsi, sözün həqiqi mənasında, ortada qalır. Bir yandan mühitin tənələri, bir yandan da daxili vicdan əzabı Qarateli faciəvi qəhrəmana çevirir. Beş qızla bir damın altında qalmış Gülab – Muradın arvadı doğuş zamanı öləndən sonra Muradın kimsəsiz qalmış övladlarına Qaratel sahiblik edir. Beləliklə, “namus təəssübkeşi” olan cəmiyyətin gözdən saldığı Qaratel, həmin cəmiyyətin itirməkdə olduğu “köhnə kişi” dəyərlərinin daşıyıcısı kimi diqqəti çəkir. İkili standartlarla yaşayan, Səfiyə və prokurora baxanda şərəfsizliyə göz yuman, Qaratelə və vəzifədən uzaqlaşdırılmış Murada baxanda “namus damarı tutan” cəmiyyətdə ərinə xəyanət eləyən Qaratelin hərəkəti əxlaq meyarı səviyyəsinə yüksəlir.
“Gümüşü gecələr” povestinin də əsas “tədqiqat” obyekti, problematikası kəndin mənəvi iflasa düçar olmasıdır. Görünür, bu, fərdlərdən asılı olmadan tarixin yetişdirdiyi bir gerçəklikdir, tarazlığın pozulmasından irəli gəlir.
İlk ciddi qələm təcrübəsində Əlabbasın qaldırdığı əsas ictimai problemlərdən biri də kəndin şəhərləşmə qarşısında çarəsiz vəziyyətə düşməsi, kəndin əsrlərdən bəri mühafizə etdiyi dəyərlərinin silkələnməsi, yerindən qopması idi. Kənd öz müvazinətini itirməyə məhkum edilmişdi. Bu, zamanın verdiyi rəhmsiz hökm idi. Əlabbas buna qarşı qiyam qaldırmış və yaradıcılığının ilk dövründə “Qiyamçı” adlı nəsr əsərini yazmışdı.
“Qiyamçı”da təqdim olunan hadisələrin baş verdiyi tarixin özü mürəkkəb və qarışıq olduğu kimi, təhkiyə də yumaqdan sökülən ip kimi qarışıq düşür, obrazların xarakterləri, düşüncələri, hiss və duyğuları qrafik rəsm əsərində olduğu kimi dolaşıq salınmış cizgilərin labirinti içində verilirdi.
“Köhnə kişi”də də qrafik rəsm elementlərindən yerində və ustalıqla istifadə olunub. Həbsxanadan qayıdan Muradın əhatəsindəki “çəpər elə bil baş bitirmişdi, gətirdiyi bar sifət idi…”. “Muradın dönməyini görcək, nədənsə, o adamlar bir nəfər kimi tez-tələsik çəpərdən gödək oldular…”. Tək-tək sifətlərin deyil, sifətləri tanınmayan baş(lar)ın da təqdimatı – zamanın ümumiləşdirilmiş mənzərəsini yaratmağa xidmət edir. Fərdlər deyil, kütlə, çoxluq zamana qarışıb itir…
“Gözmüncuğu” povestində kəndin qəmli nəğməsi iki yeniyetmənin sevgisi işığında canlandırılır. Kənd insanlarının təbiətindən doğan lirizmlə yumorun bir-birinə qaynayıb-qarışdığı, gülüşlə hüznün bir-birini üzvi şəkildə tamamladığı bu povestdə də kəndin başının üstünü almış məhkumluğa daxili müqavimət, dilə gətirilməyən etiraz duyulmaqdadır. Kənddən şəhərə gedib kəndə şəhərli kimi qayıdanlar kəndin içində nə qədər yad və əhəmiyyətsiz görünsələr, lağlağı hədəfi olsalar belə, kənd başını onların arxasınca çevirmək, onlar gedən tərəfə boylanmaq zorundadır. Artıq ilmələr sökülmək ərəfəsindədir. Şəhərdən gələn açıq-mixəyi rəngli “Volqa” – o dövrün ən dəbdəbəli minik avtomobili kəndin gözmuncuğunu, Turacı və onun anasını kənddən köçürüb şəhərə aparır…
Turacla bir həyətdə, eyni məhəllədə böyüyən Tale qızın arxasınca stansiyaya gedən yola düşür. Əhvalatın dramatik tərəfi isə budur ki, sevdiyi insanın qarasına düşüb şəhərə yola çıxan Taleyi “doğma diyarın bənzərsiz mənzərələri, yasəməni rəngə çalan qayalıqları, dərə və düzənləri” daha “öz qoynuna səsləmir”…
Zamanın gətirdiyi ictimai gərilmələr təkcə insanların həyatını dəyişmir, həm də təbiətin tarazlığını, təbiət-cəmiyyət münasibətlərini laxladır, yerindən oynadır, insanlar kimi təbiətin də faciəsinə yol açır. Bunun bədii ifadəsini “Təpəl” povestində görürük. Kənd həyatına, kəndli məişətinə, kəndin yaddaşında yaşayan qədim adət-ənənələrə, söz və ifadələrə dərindən bələd olan Əlabbas bu əsərdə etnoqrafik etüdlər yaratmağa aludə olmadan sözü nəsr təhkiyəsinə düzməyə üstünlük verir və bununla da həm əsər, həm yazıçı, həm də oxucu qazanır. “Təpəl”də təhkiyə iki baxış bucağından təqdim olunur. Mətn bir tərəfdən müəllifin təqdimatında Təpəl buğanın “tərcümeyi-halına” – doğulduğu gündən ölməyə gəldiyi günəcən yaşadıqlarına işıq tutur. “Mətn içində mətn” kimi verilən digər hekayə isə kolxoz naxırının qaydalarına alışa bilməyən buğanın naxırdan uzaqlaşıb, yenidən öz doğulduğu həyətə qayıtmağını, yol boyunca başına gələn dramatik macəraları əks etdirir.
“Mən deyirdim axı, buğa bura ölməyə gəlib, – qocalıb əldən düşmüş Nurməmməd kişi doğmaca adamını itirənlər kimi pencəyinin qolunu gözünə basıb, səs-küyə həyətə yığılan qonum-qonşuya başa salırdı, – deyirdim axı mən…”.
Povest bu cümlələrlə bitir. Əslində isə mətnin poetik enerjisi ilə oxucu təması buradan başlayır. Bu povestdə kolxoz naxırında özünə yer tapa bilməyən buğa metafora kimi qavranılır. Sahibinin qapısına ölməyə gələn Təpəl təbiətlə cəmiyyət arasında paralel gedən prosesləri əyaniləşdirən bir obraz kimi maraq doğurur. Mətnin alt qatında Təpəlin ölümü ilə “köhnə kişi” dəyərləri arasında genetik bir bağlılıq olduğu düşüncəsi də yer alır…
Dəyərlərinə arxa çevirən kəndin yetirmələri şəhərdə də özünə yer tapa bilmir. Artıq XXI əsrin bədii faktı olan “İkinci oğul” povestində kənddən şəhərə gələn gəncin başına gətirilənlər qələmə alınıb. Müəmmalarından gec baş açdığı şəhər Məzlumu – şəhərdəki dostlarının bu adla tanıdıqları saf kəndli oğlanı namussuz bir ömür yaşamağa məhkum eləyir. Halbuki həmin oğlanın atası vaxtilə namus üstündə azadlığından keçib.
Əlabbasın kəndli obrazı şəhərdə qoltuq altında sıxılsa da, içində “Məni binamus elədiyiniz bəs deyil, indi də qeyrətimlə, kişiliyimlə alver eləyirsiniz?!” qiyamı baş qaldırsa da, zamanın və öz vicdanının məhkumluğundan azad ola bilmir…
***
Bu gün nə Əlabbasın dəyərlərini özünə qaytarmaq istədiyi, uğrunda qiyam qaldırdığı o kənd var, nə də o insanlar. Əlabbasın povestləri isə itirilmiş kəndin ağrı dolu elegiyaları kimi səslənir. Həmin kəndin də, həmin insanların da hekayəsi ona görə böyük maraq və qüssə doğurur ki, müəllif o zamanın tarixini bədii sözə çevirib, sözün yaddaşına həkk eləyib. Bədii sözün sehri də elə bundadır.