“Azərbaycanda erkən nikahla bağlı olan bəzi istisna hallar aradan qaldırıla bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Erkən nikahla bağlı məsələyə toxunan Bahar Muradov bildirib ki, qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir: “18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında, müəyyən səbəblər nəzərə alınaraq, nikah bağlamağa icazə verilir. Qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzi hallarda neqativ hallar baş verir.
Özü-özlüyündə 18 yaş yetkinlik yaşı sayılırsa, hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət Komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb, qanunvericilik təşəbbüsü edib. Sizdən dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə istisna aradan qaldırılsa, nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Erkən nikah termini bununla da dilimizdən çıxacaq”.
Eldar Tanrıverdi