Yaralı halda sona qədər döyüşən qəhrəman — Riyad Əhmədov…

Yaralı halda sona qədər döyüşən qəhrəman — Riyad Əhmədov…

20 dekabr Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Milli Qəhrəmanın anadan olmasından 66 il ötür. Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.

1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, daha sonra təhsillə bağlı Minskə yollanıb. Azərbaycana qayıtdıqdan sonra – 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdamın  müdafiəsi uğrunda mübarizə aparıb. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınıb.

Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə məşhur Daşaltı əməliyyatı olub. 1992-ci il yanvarın 25-də keçirilən əməliyyatda Azərbaycan Ordusu 90 nəfərdən artıq şəhid verib. Onlarla hərbçimiz itkin düşüb. Əməliyyatda xüsusi təyinatlı dəstənin komandiri olan Riyad Əhmədov da itkin hərbçilərimiz arasında olub.

Daşaltı əməliyyatında düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb. Bakıdan gələn yüksək rütbəli iki nəfər Riada deyib ki, sənin əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Onda Riad xidməti vəsiqəsini və tapançasını təhvil verib sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib.

Daşaltı əməliyyatı zamanı zabitlərdən ibarət peşəkar qrup formalaşdırılıb. Bu dəstə böyük işlər görüb. Riadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. Riad döyüş zamanı yaralansa da, bunu cəbhə yoldaşlarına hiss etdirməyib. Əsgərlərini həvəsləndirmək üçün daimi zarafatlar edib. Döyüş yoldaşları deyir ki, Riad döyüşə yaralı formada davam edib. Lakin getdikcə sayları azalırmış.

Axrıncı dəfə onu döyüşdə möcüzə nəticəsində sağ qalmış İlyas adlı bir döyüşçü görüb. Riad ayağından yaralanıb. 3-4 saat qan itirib. İlyas deyib ki, Riad, gəl səni döyüşdən çıxaraq. Razı olmayıb.

Riadın atası Fikrət Əhmədov Sovet dövründə uzun illər partiya-sovet işlərində çalışmışdı. Kommunist Partiyası Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdu. 1988-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdı. Uzun illər yüksək vəzifələrdə işləmiş Fikrət Əhmədovun oğlu döyüş bölgəsinə getməyə bilərdi. O, atasının vəzifəsindən və nüfuzundan istifadə etməklə özünə rahat həyat yolu seçmədi. Oturaq işlə kabinetdə məşğul olmağı yox, ön cəbhəni seçdi.

Döyüş yoldaşları deyir ki, Riadın tez-tez işlətdiyi və ən çox sevdiyi ifadə “Azərbaycanın suverenliyi” ifadəsi imiş. Əsgərlərini bu cümlə ilə motivasiya edərmiş.

Daşaltı əməliyyatı uğursuzluqla nəticələnsə də, Riad Əhmədov və cəbhə yoldaşları əməliyyat zamanı ermənilərin 80-ə yaxın canlı qüvvəsini və bir neçə texnikasını məhv ediblər. Bu onun sonuncu döyüşü olub. Daşaltıdan sonra Riad Əhmədovun nə öldüyünü görən olub, nə də ondan xəbər alan olub. Təəssüf ki, bu günə qədər də Riyad Əhmədovla bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən “İgidnamə” sənədli, “Qayıt Riad” bədii-sənədli filmi çəkilib.

Riad Əhmədovun 2 övladı yadigar qalıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bu gün Daşaltını düşməndən azad edib. Daşaltının qisası daş altında qalmayıb. Bu gün də Milli Qəhrəmanımızın yolunu gözləyən dostları, ailəsi, 2 övladı və Milli Qəhrəmanın adını daşıyan Riadla birgə 4 nəvəsi var.



Share: