Kulis.az Ədəbiyyat üzrə Nobel mükafatçısı Anni Ernonun Nobel nitqini təqdim edir.
“Haradan başlayım?” Dəfələrlə gözümü boş səhifəyə dikib özümə bu sualı vermişəm. Elə bil kitabı yazmağa başlamağın açarını və bütün şübhələri birdəfəlik silib atacaq həmin cümləni, o yeganə cümləni axtarıb tapmalı idim. Bu gün, ilk çaşqınlıq – “yəni bu, həqiqətən, mənim başıma gəlir?” – keçəndən sonra təxəyyülüm getdikcə artan dəhşət içinə düşür, eyni zərurətin axınına məruz qalıram. Bu axşam məni dəvət etdiyiniz bu məkanda titrəmədən danışmaq azadlığını və mətanətini bəxş edəcək cümləni tapmaq.
Həmin cümləni tapmaq üçün çox uzağa getməyə ehtiyac olmadı. O, qəfildən peyda oldu. Bütün aydınlığı və şiddəti ilə. Yığcam və ifadəli. Təkzibedilməz. O cümlə düz altmış il əvvəl gündəliyimdə yazılıb. “Öz xalqımın qisasını almaq üçün yazacağam, “j’écrirai pour venger ma race””.
Bu, Artur Rembonun çəkdiyi harayın əks-sədası idi: “Mən əbədiyyən aşağı irqdənəm”. İyirmi iki yaşım vardı, bir əyalət fakültəsində əsasən yerli burjuaziyaya mənsub qızlarla, oğlanlarla birgə ədəbiyyat təhsili alırdım. Fəxrlə və sadədilliklə ehtimal edirdim ki, torpaqsız fəhlələr, fabrik işçiləri və dükan sahibləri, davranışlarına, ləhcələrinə, təhsilsizliklərinə görə xor görülən insanlar silsiləsinin sonuncusu kimi yazıçı olmaq, kitab yazmaq, anadangəlmə olan sosial ədalətsizliyi aradan qaldırmağa kifayət edəcək. Akademik uğurlarım sayəsində hələ məktəb dövründən mənə aşılanmış illüziya ilə ehtimal edirdim ki, fərdi qələbə əsrlərin hökmranlığını və yoxsulluğunu silib apara biləcək. Axı şəxsi nailiyyətlərim bu qədər təhqiri və incikliyi necə unutdura bilərdi? Bax bu sualı özümə heç vaxt verməmişdim. Bəzi bəhanələrim vardı.
Oxumağı öyrəndiyim vaxtdan bəri kitablar yoldaşıma, mütaliə isə məktəbdənkənar təbii məşğuliyyətimə çevrilmişdi. Bu iştahım bir az da dükanına gəlib-gedən müştəriləri yola salanda çox vaxt roman oxuyan, mənim isə tikişlə, toxuculuqla məşğul olmaqdansa mütaliə etməyimi istəyən anamdan gəlirdi. Kitabların bahalı olması, üstəgəl, getdiyim dini məktəbdə kitabların şübhə oyatması onları mənim üçün daha da istəkli edirdi. Don Kixot, Qulliverin səyahətləri, Ceyn Eyr, Qrimm qardaşlarının, Andersenin nağılları, Deyvid Kopperfild, Küləklə sovrulanlar, Səfillər, Qəzəb salxımları, Ürəkbulanma, Yad… oxuduqlarımı təyin edən, məktəb təlimatlarından çox təsadüf idi.
Ədəbiyyat təhsili almağı seçməklə, mənim üçün hər şeydən üstün dəyər olan ədəbiyyatın içində qalmağı, özümü Floberin, yaxud Vircinia Vulfun romanlarına köçürməyi, hətta onları sözün həqiqi mənasında yaşamağa imkan yaradan həyat tərzini seçmiş oldum. Ədəbiyyat özüm də bilmədən sosial mühitimə qarşı qurduğum qitə kimi idi. Yazmağı isə eləcə gerçəkliyi dəyişdirmək imkanı kimi təsəvvür edirdim.
İstəyimi və qürurumu sındıran səbəb ilk romanımın iki-üç naşir tərəfindən rədd edilməsi – onun yeganə məziyyəti yeni forma axtarışı idi – deyildi. Buna səbəb rolların cinsiyyətə görə müəyyən edildiyi, kontrasepsiyanın qadağan olunduğu, hamiləliyin yarıda kəsilməsinin cinayət sayıldığı cəmiyyətdə qadın və kişinin varlığı arasındakı fərq yükünün kəskin şəkildə hiss olunduğu həyat şəraiti idi. Evlənib iki uşaqlı ana olmuşdum, dərs deyirdim, bütün ev işləri mənim üstümdəydi, beləliklə, mən yazıdan, xalqımın qisasını alacağım barədə verdiyim sözdən get-gedə uzaqlaşırdım. Mən Kafkanın “Məhkəmə”sindəki “Qanun qarşısında” pritçasını orada öz taleyimin cizgilərini görmədən oxuya bilmirdim: təkcə mənim üçün düzəldilmiş qapıdan içəri girmədən, təkcə mənim yaza biləcəyim kitabı yazmadan ölmək.
Mən hələ şəxsi və tarixi şərtləri nəzərə almıram. Mən tətil üçün evə gələndən üç gün sonra atamın ölməsi, özüm kimi aşağı təbəqədən gələn tələbələrlə dolu sinifdə müəllimlik etmək, dünyanın hər yerindəki etiraz hərəkatları: bütün bu amillər məni gözlənilməz və həssas yollarla əcdadlarımın dünyasına, “soy”uma qaytardı, yazmaq istəyimə məxfilik və mütləq təxirəsalınmazlıq keyfiyyəti qazandırdı. Artıq içimdə iyirmili yaşlarımdakı “heç nədən yazmaq” illüziyası yox idi; artıq əsas məsələ ört-basdır edilmiş yaddaşdakı danışılmamış mətləblərə dalmaq, xalqımın yaşayışına işıq salmaq idi. Yazaraq məni köklərimdən uzaqlaşdıran daxili və xarici səbəbləri anlamaq lazım idi.
Yazıda heç bir seçim aşkar görünmür. Lakin mühacir olaraq artıq valideynlərinin dilində danışmayanlar və ictimai sinfindən üz döndərib tərəfini dəyişənlər artıq eyni dilə aid deyillər, başqa sözlərlə düşünüb, özlərini başqa sözlərlə ifadə edirlər, hamısı eyni cür əlavə maneələrlə üzləşirlər. Dilemma. Onlar ədəbi əsərlərində və yaxşı bildikləri dildə öz köklərinin dünyasını, gündəlik həyatı, iş və insanın cəmiyyətdəki yerini təsvir edən hisslərdən və sözlərdən qurulmuş heyran olduqları ilkin dünyanı təsvir etməkdə çətinlik çəkirlər, hətta, bu, bir növ qeyri-mümkün olur. Bir tərəfdə əşyaları adlandırmağı öyrəndikləri dil – bütün kobudluğu və səssizliyi ilə – var. Məsələn, Albert Kamyunun “Hə ilə Yox arasında” adlı gözəl mətnində ana ilə oğul arasındakı intim mübadilə kimi. O biri tərəfdə isə heyran olduqları, mənimsədikləri əsər modelləri var; məhz bunlar sayəsində o ilkin dünya çölə açılıb, hətta bu yüksəlişə görə özlərini onlara borclu hiss edir; bəzən də həmin modelləri əsl vətən kimi qəbul edirlər. Mənimkilər Flober, Prust, Virciniya Vulf idi. Amma yenidən yazmağa başlayanda onların heç biri köməyimə çatmadı. İçimi yarıb keçən uçurumun köklərini qoparmaq, nümayiş etdirmək və anlamaq üçün “yaxşı yazmaq”dan, gözəl cümlələrdən – tələbələrimə də məhz belə yazmağı öyrədirdim – uzaqlaşmalı oldum. Qəfil içimdə qəzəbi və istehzanı, hətta kobudluğu ifadə edən dilin hay-küyü qopdu; bu, tez-tez alçaldılmışlar və təhqir olunmuşlar tərəfindən həqir görülməyin, utanc və utanmaqdan yaranan utanc hissinin xatirəsinə yeganə cavab kimi istifadə olunan ifrat və qiyamçı dil idi.
Tezliklə – başlamağın başqa yolunu təsəvvür edə bilmirdim – sosial varlığımdakı çatın hekayəsini, tələbəlik dövründə düşdüyüm vəziyyətə, fransız hökumətinin hələ də qadınları məhkum etdiyi çirkin vəziyyətə, arxa küçələrdəki abortçulardan birinin əlində hamiləliyimi gizli şəkildə bitirmək kimi üsyankar vəziyyətə lövbərləmək mənə ağlabatan göründü. Mən gənc qız bədənimdəki hər şeyi təsvir etmək istəyirdim; həzzin kəşfini, reql dövrünü. Beləcə, özüm də fərqinə varmadan, 1974-cü ildə nəşr olunmuş ilk kitabımda, yazılarımı yerləşdirəcəyim sfera, sosial və feminist sfera kimi müəyyənləşmiş oldu. O vaxtdan etibarən xalqımın qisasını almaqla cinsimin qisasını almaq eyni şey olacaqdı.
Yazı haqqında düşünmədən həyat haqqında düşünmək mümkündürmü? Yazmağın varlıqların və əşyaların qəbul edilmiş, mənimsənmiş təsvirlərini gücləndirməsi, yoxsa pozduğunu düşünməmək olarmı? Məgər qiyamçı yazı şiddət və istehza ilə boyunduruq altındakıların düşüncələrini əks etdirmirmi? Oxucu mədəni cəhətdən imtiyazlı olduqda, real həyatda olduğu kimi, kitabın personajına qarşı eyni zəhmli və aşağılayıcı dünyagörüşünü qoruyub saxlayırdı. Buna görə də hekayəsini danışmaq istədiyim atama qarşı bu cür dözülməz baxışlardan qaçmaq üçün və bunu bir növ xəyanət hesab etdiyim üçün dördüncü kitabımdan etibarən neytral, obyektiv yazı dilini məmnimsədim, heç bir metafor və ya emosiya nişanəsi olmayan “düz” dilə keçdim. Artıq şiddət nümayiş edilmirdi; onu yazı yox, faktlar ortaya çıxarırdı. Həm gerçəkliyi, həm də gerçəkliyin verdiyi hissləri ifadə edən sözləri tapmaq, mövzu nə olur-olsun, əsərlərimin əsas məsələsi olub və hələ də belədir.
Mənim üçün “Mən” deməyə davam etmək vacib idi. Ədəbi mənada birinci şəxs – əksər dillərdə danışmağı öyrəndiyimiz andan ölənə qədər mövcud olduğumuz birinci şəxs – uydurma kimi təqdim olunan “mən” əvəzinə, müəllifə istinadla istifadə edildikdə çox vaxt narsistik hesab olunur. Xatırlatmaqda fayda var ki, o vaxta qədər memuarlarında öz döyüş rəşadətlərindən bəhs edən zadəganların imtiyazında olan “Mən”, Fransada XVIII əsrin demokratik fəthi, fərdlərin bərabərliyi və onların da hekayə mövzusu olmaq hüququnun təsdiqi idi; Jan-Jak Russonun “Etiraf”ların birinci önsözündə iddia etdiyi kimi:“Qoy heç kim etiraz etməsin ki, bir xalq adamı olaraq mənim oxucuların diqqətinə layiq deyiləsi sözüm yoxdur. […] Hansı qaranlıqda yaşayıram yaşayım, Krallardan daha çox və daha yaxşı düşünməyimin səbəbi, ruhumun hekayəsinin onlarınkından daha maraqlı olmasıdır.”
Mənim motivasiyam bu plebey qüruru deyildi (hərçənd, bunu desəm də…), “Mən”i (həm maskulin, həm feminen formada) hissləri – yaddaşın ört-basdır etdiyi, ətrafımızdakı dünyanın hər yerdə və həmişə bizə bəxş etməyə davam etdiyi hissləri tutan kəşf aləti kimi istifadə etmək istəyi idi. Hissin bu ilkin şərti mənim üçün həm bələdçi, həm də araşdırmamın həqiqiliyinə zəmanət oldu. Ancaq hansı məqsədlə? Mənim məqsədim həyat hekayəmi danışmaq və ya onun sirlərindən azad olmaq yox, yaşanmış bir vəziyyətin, hadisənin, romantik münasibətin şifrələrini çözmək, beləliklə, ancaq yazının mövcud edə biləcəyi, hətta bəlkə də digərlərinin şüuruna və xatirələrinə ötürə biləcəyi şeyləri aşkara çıxarmaq idi. Axı sevginin, ağrının və yasın, utancın universal olmadığını kim deyə bilər? Viktor Hüqo yazırdı: “Heç birimiz yalnız özünəməxsus həyatı yaşamaq şərəfinə malik deyilik”. Lakin hər şey amansızcasına fərdi şəkildə yaşandığı üçün – “bu, mənim başıma gəlir” – onları yalnız kitabdakı “Mən” şəffaflaşdıqda və oxucunun “Mən”i onu bir növ işğal etdikdə olduğu kimi oxuna bilər. Başqa sözlə desək, sözügedən “Mən” transpersonal olarsa, yəni yeganə olan universal olana qovuşarsa.
Müəyyən oxucu kateqoriyası “üçün” yazmaqdan yox, bir qadın və daxili mühacir kimi öz təcrübələrimdən, yaşadığım illərin uzun-uzun xatirələrindən, başqalarının təsviri və sözlərinin sonsuz təchizatçısı olan indidən “itələnərək” yazmaqdan ibarət olan yazı öhdəliyimi bu cür dərk etdim. Yazılı şəkildə əhd etdiyim bu öhdəlik əminliyə çevrilmiş inamla da dəstəklənir – kitab şəxsi həyatı dəyişdirən, yaşanmış, boğulmuş təcrübələrin tənhalığını parçalamağa kömək edən, insanların özlərini yenidən dərk etməyini mümkün edən vasitəçi ola bilər. Danışılmayan şeylər gün üzünə çıxanda siyasiləşir.
Biz bu gün bunu kişi iqtidarını darmadağın edən sözləri tapan, İrandakı kimi, onun ən arxaik formasına qarşı qiyam edən qadınların üsyanında görürük. Lakin demokratik bir ölkədə yazı ilə məşğul olsam belə, qadınların ədəbiyyat sahəsində tutduğu yer barədə düşünməyə davam edirəm. Onlar hələ də yazılı əsərlərin istehsalçısı kimi legitimlik qazanmayıblar. Fransada və dünyanın digər yerlərində elə intellektual kişilər var ki, onlar üçün dünyada hələ də qadınların yazdığı kitablar sadəcə yoxdur; onlar heç vaxt bu əsərlərdən sitat gətirmirlər. Yaradıcılığımın İsveç Akademiyası tərəfindən tanınması bütün qadın yazıçılar üçün ədalət və ümid nişanəsidir. İctimai dildə öz ifadəsini tapmayan, yəni ancaq başına gələnlərin hiss etdiyi sinif və/və ya irq, həmçinin, gender əsaslı zorakılıq münasibətlərinin gün üzünə çıxarılması, həm fərdi, həm də kollektiv emansipasiyanı mümkün edir. Gerçək dünyanı dilin, bütün dillərin daşıdığı təsvirlərdən və dəyərlərdən aralayaraq deşifrə etmək, ictimai nizamı pozmaq, iyerarxiyanı sonlandırmaq deməkdir.
Lakin mən ədəbi yazının oxucu idrakından asılı olan siyasi təsirini özümün hadisələrə, konfliktlərə və ideyalara münasibətdə tutmalı olduğum mövqe ilə qarışdırmıram. Mən İkinci Dünya Müharibəsindən sonra böyüyən post-müharibə dövrünün adamıyam. O vaxt yazıçılar və intellektuallar özlərini fransız siyasətinə münasibətdə əks-cəbhədə mövqeləndirirdilər və qeyri-ixtiyari sosial mübarizəyə cəlb olunurdular. Onların sözləri və öhdəlikləri olmasaydı, hər şey daha fərqli olardımı – bu gün bunu demək çətindir. İndinin dünyasında, informasiya mənbələrinin çoxluğu, təsvirlərin sürətlə keçib-getməsinin bizi qəribə bir laqeydliyə alışdırdığı dövrdə insanın sənətə fokuslanması yoldançıxarıcıdır. Lakin həm də (hələ də Rusiyanın başındakı diktatorun apardığı imperialist müharibənin şiddəti ilə maskalanan) Avropada, demokratik ölkələrdə qətiyyətlə özünə yer edən geriçəkilmə, özünəqapanma ideologiyası yüksəlişə keçir. Əcnəbilərin və mühacirlərin təcrid edilməsinə, iqtisadi cəhətdən zəif olanların tərk edilməsinə, qadın bədənlərinin nəzarəti üzərində qurulmasına əsaslanan bu ideologiya mənim üçün, eləcə də insan dəyərinin həmişə və hər yerdə eyni olduğunu düşünən bütün insanlar üçün son dərəcə sayıq olmağı tələb edir.
Mənə mümkün ən yüksək ədəbi mükafatı verməklə tənhalıq və şübhə içində aparılan şəxsi araşdırmalardan, yazılardan ibarət işimin üzərinə parlaq işıq tutulur. Bu işıq gözümü qamaşdırmır. Mənə verilən Nobel mükafatını fərdi qələbə hesab etmirəm. Bunu bir növ kollektiv qələbə kimi görməyim nə qürurumdan, nə də təvazökarlığımdan irəli gəlir. Mən bu qüruru cinsindən və ya ictimai cinsiyyətindən, dərisinin rəngindən və mədəniyyətindən asılı olmayaraq bütün insanlar üçün bu və ya digər şəkildə azadlıq, bərabərlik və ləyaqət ümidində olanlarla; gələcək nəsilləri, acgözlüyü ucbatından həyatı hamı üçün get-gedə daha yaşanmaz hala gətirən azsaylı insanlara baxmayaraq, Dünyanın təhlükəsizliyini düşünənlərlə bölüşürəm.
İyirmili yaşlarımda xalqımın qisasını almaqla bağlı verdiyim sözə yenidən baxanda onu yerinə yetirib-yetirmədiyimi deyə bilmirəm. Məhz verdiyim bu sözdən və əcdadlarımdan – erkən yaşda ölümə aparan işlərə öyrəşmiş zəhmətkeş kişilərdən və qadınlardan, ona – ədəbiyyata üsyan etmək və onu dəyişdirmək istəyi də daxil olmaqla, məni erkən yaşlardan müşayiət edərək başqa dünyalara girişimi və başqa formalarda mövcud olmağımı təmin edən ədəbiyyatda – bu səslər ansamblında onlara yer vermək arzusuna və ehtirasına sahib olacaq qədər güc və hirs əldə etmişəm. Bir qadın və sosial qaçqın kimi, səsimi özünü hələ də emansipasiya məkanı kimi təqdim edən ədəbiyyata həkk etmək üçün.
İngiliscədən çevirdi: İlahə Əkbər