Teatrdan çıxarıldı, ən yaxın rəfiqəsi ailəsini dağıtdı, küçələrdə gecələdi – Tanınmış aktrisamız haqqında bilmədiklərimiz…

Teatrdan çıxarıldı, ən yaxın rəfiqəsi ailəsini dağıtdı, küçələrdə gecələdi – Tanınmış aktrisamız haqqında bilmədiklərimiz…

Kulis.az aktrisa Sona Babayeva haqqında on maraqlı faktı təqdim edir.

Sona Babayeva 8 noyabr, 1941-ci ildə Bakıda doğulub. Erkən yaşda valideynlərini itirdiyindən yaxınları tərəfindən uşaq evinə yerləşdirilib.

***

Uşaq evində olan zaman uşaq evinin müdiri Bahar adlı müəllim onun qayğısını çox çəkib. Sona xanımın çox gözəl səsi olduğundan tez-tez rus dilində olan, yetimlikdən, anasızlıqdan bəhs edən bir mahnını zümzümə edirmiş. Uşaqlar da onun bu ifasını diqqətlə dinləyib, sonda onu alqışlayarmışlar.

Günlərin birində isə Sona mahnını bitirəndən sonra görür ki, onu heç kim alqışlamır. Bu zaman o, qapının yanında dayanıb onlara baxan Bahar müəllimi görür. Müəllim ona yaxınlaşıb deyir:

“Soniçka, qızım, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam”.

***

Uşaq evində yaxşı oxumayan uşaqları sənət məktəblərinə, fabriklərə göndərirdilər. Yaxşı oxuyanları isə saxlayırdılar ki, 10-cu sinifi də bitirsin. 10-cu sinifdə Sona bütün uşaq evi üzrə pioner baş dəstə rəhbəri seçilir.

O, həm oxuyur, həm də işləyir, o vaxtın pulu ilə 450 manat maaş alır, həmin maaşla fabrikə göndərilən iki rəfiqəsinə də əl tutur. Ancaq sonradan öyrənir ki, rəfiqələri fabrikdə işləyib yaxşı pul alırmışlar.

***

10-cu sinfi bitirəndən sonra sənədlərini İncəsənət İnstitutuna verir. 1960-cı ildə İnstitutun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olur. Artıq müstəqil həyata qədəm qoyan Sona uşaq evindən ayrılmalı olur. Uşaq evindən xaric olunan Sona kimsəsiz, evsiz-eşiksiz, küçələrdə qalır. Bir həftə bulvarda yatır. Dərsləri 2-ci növbə başlayan aktrisa dərsdən çıxandan sonra kafeyə gedir, sup yeyir, axşam yenidən bulvara gəlir. İnsanlar seyrəkləşən kimi kolların arasına girib yatır.

***

Günləri yola verə-verə yaşayan aktrisanı günaşırı milislər tutub aparır, sorğu-sual edəndən sonra isə yenidən buraxırdılar. Aktrisa həmin günləri xatırlayarkən deyir:

“Soyuqlar başlamışdı, daha küçələrdə qala bilmirdim. Soyuq idi, dözmürdüm. Universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt da bizim kursda Şahmar Ələkbərov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Səfurə İbrahimova, Həsən Əbluc, Nurəngiz Nur və bir çox tanınmışlar oxuyurdu. Şahmar dedi ki, gedək bizdə qal. Gedib bir həftə Şahmargildə qaldım. Bir ay Həsən Əbluc, bir ay da bizdə bir oğlan oxuyurdu, onlarda qaldım. Gördüm ki, mümkün deyil, gəlib Rauf müəllimə dedim ki, mənim qalmağa yerim yoxdur, istəyirəm universitetdən çıxım. Ağaxanı çağırıb, ona birotaqlı ev tapmağını tapşırdı. Ağaxan mənim üçün cuhud bir qadının evində sığınacaq tapdı. Mən də o vaxt 22 manat stipendiya alırdım. Məcbur olub 15 manat kirayə pulu verirdim, 7 manatla isə dolanırdım”.

13 sentyabr, 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa sevdiyi oğlanla ailə həyatı qurur. Bu evlilikdən onun bir oğlu dünyaya gəlir. Ancaq bir müddət sonra aktrisanın ailəsi onun yaxın rəfiqəsi tərəfindən dağılır. Sona xanım ərinin ona xəyanət etdiyini öyrənən kimi ondan ayrılır. Oğlunu tək böyütməyə qərar verir.

***

Sona xanım rejissor Mehdi Məmmədovun tələbələrindən olub. Mehdi Məmmədova onu və Səfurə İbrahimovanı Milli Dram teatrına gətirir. Aktrisa burada rejissorun “Şadlıq sorağında” əsərində iştirak edir. Sona xanımın tərəf müqabili Ceyhun Mirzəyev olur. Tamaşa uğurlu olsa da, aktrisa, nədənsə, dram teatrındakı atmosferə uyğunlaşa bilmir. O, müsahibələrinin birində bu haqda deyir:

“Bizi uşaq evində bir başqa cür böyütmüşdülər. Ona görə biz çox qorxurduq. Mən də bunların bir-biri ilə zarafatlarını görürdüm, nəsə mənə qəribə gəlirdi. Bir gün də rəhmətlik Əli Zeynalov gəlib məni üzümdən öpmək istəyəndə onu itələdim və qaçdım. Getdim, çəkildim qırağa. O-bu, məşqə gəlmədim. Mehdi Məmmədov məni çağırdı, dedi, qızım peşiman olacaqsan, qayıt gəl. Amma özümə söz verdim ki, mən bir daha ora getməyəcəyəm. 3-cü kursda oxuyanda rejissor Zəfər Nemətov və Kərim Həsənov məni Gənc Tamaşaçılar Teatrına dəvət etdilər. Hərdən öz-özümə deyirəm ki, Akademik Milli Dram Teatrında qalsaydım, bəlkə də, həyatım başqa cür olardı… Allahın qismətidir”.

Aktrisa “Mahmud və Məryəm”, “Oliver Tvistin macəraları”, “Əcəl atı”, “Qaraca qız”, “Əlincə qalası”, “İki ağanın bir nökəri”, “Məkkəyə gedən yol” tamaşalarında, “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Dalan”, “Muradına çatan günəş” filmlərində maraqlı rollar ifa edib.

***

57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisası olan Sona xanım təqaüd yaşı tamam olduğu üçün işdən çıxarılır. O, hazırda oğlunun ailəsi ilə birlikdə yaşayır. Ən böyük arzusu nəvəsinin toyunu görməkdir. Aktrisa 10 dekabr 2018-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.

Share: