“Azərbaycan Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırır”.
Müstəqil.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına dair şərhində bildirilir.
Qeyd edək ki, dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın yolu ilə bağlı “Ermənistan Azərbaycana qarşı” (№ 4) işində müvəqqəti tədbirlər haqqında qərar qəbul edib.
Azərbaycan XİN bəyan edib ki, AİHM-in qərarı Üçtərəfli Bəyanata uyğun olaraq, xüsusilə “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir.
“AİHM-in qərarı, həmçinin Rusiya sülhməramlı kontingenti tərəfindən yol boyu nəqliyyatın tənzimlənməsi üzrə öhdəliklərin yerinə yetirilməsi, o cümlədən humanitar və tibbi yardımların keçməsinə şərait yaradılması səbəbindən “Azərbaycan hökumətinin Laçın dəhlizindəki vəziyyətə nə dərəcədə nəzarət etdiyinin mübahisəli olduğunu və aydın olmadığını” qeyd edir”.
Dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst və təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib.
Azərbaycan hökuməti, Azərbaycan ərazilərində hərəkət azadlığı ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, habelə onların Laçın yolu vasitəsilə daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir.
Azərbaycan həmçinin, məcburi köçkün ailələrinin və icmalarının evlərinə qayıtmasının qarşısını almaq üçün qəsdən Laçındakı mülki əhalinin evlərində yerləşdirilmiş, 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Azərbaycana daşınması üçün Ermənistan tərəfindən Laçın yolundan istifadə edilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Ermənilər tərəfindən qəsdən basdırılmış minalar Azərbaycanda mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.
Kobud insan hüquqları və beynəlxalq hüquq normalarının pozulmasına dair sübutlar Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Şurası və BMT Baş katibi də daxil olmaqla müxtəlif beynəlxalq qurumlara təqdim edilib.
Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək”, – XİN-in yaydığı məlumatda qeyd olunub.
Müstəqil.Az