Kürdəmirdə “Ford” “KamAZ”a çırpılıb, ölən və yaralanan var

Kürdəmirdə “Ford” “KamAZ”a çırpılıb, ölən və yaralanan var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini, 31 yaşlı Qınçıyev Rəvan Ramazan oğlunun idarə etdiyi içi müxtəlif meyvələrlə dolu “Ford” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan, Tovuz rayon sakini Cəfərov Akifin idarə etdiyi mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının qoşqusuna çırpılıb.

Hadisə nəticəsində “Ford”un sürücüsü R.Qınçıyev və sərnişini, Balakən rayon sakini Elvin Oktay oğlu Kərimov müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayraq, E.Kərimov xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: