“Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatın həcmi 500 milyard dollar civarındadır. Onun 50 milyard deyilərək mediada işıqlandırılması yolverilməzdir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert diqqətə çatdırıb ki, işğal dövründə vurulan ziyana görə ermənilərdən təzminat beynəlxalq hüquq normalarına uyğun olaraq tələb edilməlidir:
“30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıblar. Həmin ərazilərdə iki iqtisadi rayon mövcud idi. Kəlbəcər-Laçın iqtisadi rayonu və Yuxarı Qarabağ iqtisadi rayonu. Bu rayonlar təbii ehtiyatlarına görə çox zəngin rayonlardı. Həmin ərazilərdə mis, molibden, civə, qızıl yataqları mövcuddur. İşğal illəri ərzində Ermənistan bizim faydalı qazıntıları istismar edərək öz büdcəsinə doldurub. Üstəlik, bu işin icrası üçün bir neçə xarici şirkəti də dəvət eləyib və onlar da Azərbaycanın təbii sərvətlərinə külli miqdarda ziyan vurublar. Media tez-tez təzminatla bağlı yazılar verir və baxıram, Ermənistanın Azərbaycana 50 milyard dollar ziyan vurduğu deyilir. Mən düşünürəm ki, bu illər ərzində Ermənistanın vurduğu zərər daha böyük olub”.
Ekspert qeyd edib ki, təhlil etdikdə ermənilər 28 il boyunca hər il üç milyard dolları tək qızıl yataqlarının istismarından əldə ediblər:
“Bunu 28-ə vuranda 84 milyard dollar edir. Söhbət hələ yalnız qızıl yataqlarından gedir. Torpaqlarımızda üzüm, taxıl, əkin sahələri var idi. Ermənistanın illik taxıl tələbatı 200 000 tondur. Bu tələbatın 150 min tonu Qarabağdan əldə olunurdu. Tarixi-mədəni irsimizi özününküləşdirib qədim irs nümunələrimizi, əntiq sayılan çox dəyərli tarixi irsimizi müxtəlif kolleksionerlərə satıblar. Uzun illər ərzində Şuşaya, qədim alban mədənlərinə turist cəlb ediblər. Bunlar da nəzərə alınmalıdır. Eyni zamanda şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb, Yer üzündən silinib. O kənd və şəhərlərin infrastruktrunun qurulmasına milyardlar sərf edilmişdi, işğal illəri ərzində həmin şəhərlərin potensial iqtisadi qazancı da məhv edilib”.
Həmsöhbətimiz bildirib ki, ötən illər ərzində Azərbaycan ərazilərində fəaliyyət göstərmiş və təbii qazıntıların istismarı ilə məşğul olmuş xarici şirkətləri də məhkəməyə verib təzminat tələb etməliyik:
“Bildiyimə görə, bir neçəsi haqqında beynəlxalq məhkəmələrə müraciət edilib. Amma bu, yetərli deyil. Təəssüf ki, müharibənin başa çatmasından iki il keçsə də, hələ təzminat məsələsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər olunmayıb. Mənim hesablamalarıma görə, Ermənistan Azərbaycana yarım trilyon civarında zərər yetirib. Dünya Bankının metodologiyasına görə, dörd mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.
Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan yalnız dağıntılar ilə məhdudlaşmamalıdır. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda ümumi daxili məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası mövcuddur”.
Sayad Həsənli