Üç dövrə – Xəyyam Rəfilinin hekayəsi

Üç dövrə – Xəyyam Rəfilinin hekayəsi

Kulis.az “Hekayə günü” layihəsindən Xəyyam Rəfilinin “Üç dövrə” hekayəsini təqdim edir.

Məni Bilal əminin yasına aparmadılar. Anam dedi, hələ yaxşı sağalmamısan, orda sənə baxa bilmərik. Bərk-bərk də tapşırdı ki, günortadan sonra dərmanlarımı içim. Amma mən özümü çox yaxşı hiss edirdim. Son bir ildə bu qədər yaxşı olduğum yadıma gəlmirdi. Düzü, hələ də xəstəliyimin nə olduğunu anlaya bilmirdim. Keçən il yay tətilində məndən dörd yaş böyük olan əmim məni də özü ilə dağdakı pioner düşərgəsinə aparmışdı. Dağların üstünə məxmər yorğan kimi sərilmiş meşədə çadırlarda qalırdıq. Az qala, hər gecə yağış yağırdı. Elə bil o dağlarda günün yarısı yay olurdu, yarısı payız. Qohum-əqrəba deyirdi ki, uşağa nə olubsa, orda olub; möhkəm soyuqlayıb. Düşərgədən gələndən iştahdan kəsildim. Halsızlıq, zəiflik məni əldən saldı. Rəngim də saraldı. O həkim, o molla, o pir qalmamışdı məni aparsınlar.

Türkəçarə sözünü də elə o vaxtı öyrənmişdim. Hərə üstümdə bir təcrübə aparırdı. Bir gün dedilər ki, bu uşağı sağaltsa, Mığdət kişi sağaldacaq. Həmən pioner düşərgəsinin olduğu dağların arasında bir kəndin mollası idi Mığdət kişi. Anam belə şeylərə çox da inanmırdı, atam isə kökündən heç nəyə inanan deyildi. Amma əl hər yerdən üzüləndə adam inanmadığına da ümid bağlayır. Palçıqlı bir dekabr günü yığışıb, getdik həmin dağlara. Kənddə ilk qabağımıza çıxan adam mollanın evini bizə göstərdi. Mığdət kişini görəndə bir az qorxdum. Bu dünyadan olan adamlara oxşamırdı. Mənim indiyə kimi tanıdığım müəllimlərlə, qohum-əqraba ilə heç oxşarlığı yox idi.

Ömrümdə ilk dəfə saqqallı adam görürdüm. Özü də ağ saqqallı. Ayağında dizinə qədər uzanan rəngli, hörmə yun corab vardı. Corabın da üstündən çarığa oxşayan çust geymişdi. Əynində də nə pencəyə, nə də plaşa oxşayan uzun, boz paltar. Gözümü başındakı dümağ fəsdən çəkə bilmirdim. Torpaq döşəməli otağın ortasına kətil qoyub, məni o kətilə oturtdu. Otaqdan nəm iyi gəlirdi. İçəridəkilərə: “siz çıxın” – deyəndə, anama necə baxdımsa, anam tələsik: “mən qala bilərəm, əmi?” – deyib, qapıdan kənara çəkildi. Molla xırıltılı səsi ilə: “sən qal, amma səsini çıxartma” – deyəndə, məni soyuq tər basdı. Bu yarıqaranlıq, nəm otaqda nələrin olacağını təsəvvür eləyə bilmirdim.

Hamı çıxdı. Molla əlinə kitab alıb, nə isə oxuya-oxuya ətrafımda fırlandı. Qabağımdan keçəndə diqqətlə kişinin gözlərinə baxırdım, gözümün qabağından itəndə də anamın gözlərində mollanı tapmağa çalışırdım. Ətrafımda üç dövrə vurandan sonra, əlini başıma qoyub, bilmədiyim dildə sözlər pıçıldamağa başladı. Qulağım hər dəfə tanış söz eşidəndə, az qalırdım deyəm ki, “nə deyirsən?” Deməyə qorxurdum. Nəhayət, bu ayin xətasız-bəlasız bitdi. Molla Mığdət qapını açıb, çətin əməliyyatı bitirmiş cərrah ədası ilə otaqdan çıxdı. Qapıda ayaq saxlayıb: “gəlin, sən bura gəl” – dedi. Tez durub, anamın əlindən tutdum ki, məni burda tək qoymasın. Yan otağa keçəndə yadıma düşdü ki, bayaqkı otağın pəncərəsi yox idi. Bu otaq daha işıqlı və istiydi. Döşəməsi də palazdan idi. Molla mütəkkənin üstündə oturub, əl boyda kağıza nəsə yazdı, sonra onu üç dəfə qatlayıb, anama verdi.

– Bunu tikərsən uşağın paltarına. Bu uşağa din düşməninin adını qoymusuz. Gərək ad qoyanda məsləhət edəydiniz. Hər adı uşağa qoymazlar. Bunun adını dəyişməsəniz, on yeddi yaşından o tərəfə yaşamayacaq.

Elə belə də dedi. Qıp-qırmızı, hamının yanında. Ondan sonra nə dediyini eşitmədim. Bir də onda özümə gəldim ki, atam mollanın yanında qalıb, biz çölə çıxmışıq. İçəridən səs gəlirdi, amma heç nə başa düşə bilmirdim. Atam çıxanda böyük əmim soruşdu: “nə verdin?”. Atam da bir kəlmə dedi: “razı qaldı”.

İndi başa düşdüm ki, atam mollaya pul verirmiş. Özümü saxlaya bilmədim:

Bu deyir oğlun öləcək, sən də ona pul verirsən? Muştuluq alırdı bizdən?

Əmim üstümə çəmkirdi:

– Ayə, kiri!

Daha heç nə demədim.

Evə gəldik. Hərə bir tərəfdə oturub, kömür sobasının hənirtisinə qızınırdı. Heç kimin cınqırı çıxmırdı. Ürəyimdə deyirdim ki, görən mən ölsəm, bu adamlar nə edəcəklər? Qəfil sobada kömürmü çırtıldadı, ya kimsə qurcalanıb boynunumu xırçıldatdı, bilmədim, amma elə bil hamının ağzı birdən açıldı. Sən demə bunlar bayaqdan mənə təzə ad fikirləşirmişlər. Nənəm hamını qabaqladı:

Bəlkə, rəhmətlik kişinin adını qoyaq? – üzünü də mənə tutub: hə balam, xoşun gəlir babanın adından? – deyəndə, necə “yox” dedimsə, elə bil beş aydır yorğan-döşəkdə yatan xəstə mən deyildim. Hiss elədim ki, cavabım hamının xətrinə dəydi, səsimi yumşalda bildiyim qədər yumşaltdım:

– Yox e, o köhnə addı. Heç on yaşında da Məmmədəli olar?

Doğrudan da, ad qoymaq nə çətin işmiş? Adam da özünə ad qoya bilər? Yaxşı ki, uşağın adını ağlı kəsməyəndə qoyurlar. Onda da gərək elə ad qoyalar, böyüyəndə utanmaya. Mənim öz adımdan xoşum gəlirdi. Adımı dəyişmək istəmirdim.

Balaca əmim – məndən dörd yaş böyük olan – dedi:

– Gəlin adını Ömər qoyaq. Öz adına da yaraşır.

Böyük əmim bozardı:

– Ayə, sən nə boş-boş danışırsan? Mığdət kişi deyir uşağa piyanıskanın adını qoymusuz, gedin dəyişin. Sən də lap kökündən vurursan. Deyirsən uşaq elə sabah ölsün?

Hərə bir tərəfdən “Allah uzaq eləsin! Allah uzaq eləsin!” deyəndən sonra, atamın Güllər bibisi söhbətə qoşuldu:

– Mən deyirəm uşağa sonsuz Qaratel ad qoysun. Alıuşağı tayfasında kimin uşağı olur, adını sonsuz Qaratel qoyur. Hamısı da maşallah sap-sağlam.

Özü sonsuz olsa da, əli yüngüldü Qaratel arvadın.

Buna da nənəm etiraz elədi.

– Bir o qalmışdı, kənddə desinlər ki, Xanməmmədli tayfasının uşağı ölürdü, Alıuşağı tayfası adını qoydu, dirildi.

Anam elə təzə ağzını açıb:

– Ay balam, adnan adam ölsə elə Ömər Xəyyamın özü ölərdi. – demişdi ki, məhləni səs-küy bürüdü. Əmioğlum təngnəfəs özünü içəri atdı.

– Bilal əmi yenə içib gəlib, hamını döyür.

Evdə bir mən qaldım, bir anam, bir də nənəm. Nənəm Bilal əminin qarasına deyinməyə başladı:

– Ali təhsilli müəllimdi, gör özünü nə günə qoyur? Çıxartdığı oyuna bax? Günaşırı içir o zəhrimarı, nə uşağa gün verir, nə də o yazıq qıza. Allah niyə beləsini öldürmür? Elə mənim gül kimi balamı… – deyəndə, anam səsləndi:

– Ay xala, uşaq eşidir axı. Həm də Bilal özü pis adam deyil. İçki çıxardanın evi yıxılsın! Onu içirdəndədi günah. Demir bunun balaları yazıqdı.

Anam, bəlkə də, düz deyirdi, Bilal əmi yaxşı adam idi. Yox, dəqiq yaxşı adam idi. Uşaqları vardı. Uşaqları olan müəllim pis adam ola bilməzdi. Amma mən yenə də ondan qorxurdum. Heç vaxt yanına getməmişdim. Özü məni çağıranda da qaçırdım. İçməyəndə heç danışmazdı, elə-hey başını aşağı salıb, nəsə fikirləşərdi. Uşaqları da qaradinməz, başıaşağı idilər. Bilmirəm bu onlarda xasiyyət idi, yoxsa hamısı həmişə nədənsə utanırdı? Ayıq vaxtı bir dəfə də məni yanına çağırmazdı ki, barı gedim səsini eşidim. Ayıq vaxtı çağırsaydı, gedərdim. Bir dəfə az qala yanına gedəcəkdim, onda da utandım. Keçən payız kənddə toy vardı, səsi bizim məhləyə kimi gəlirdi. Yola tərəf gedəndə, gördüm ki, Bilal əmi çəpərin ayağındakı heyva ağacının altında toyun səsinə qol qaldırıb, oynayır. Utanmasam, gedib, mən də oynayardım. Kaş gedəydim.

Bir azdan atam gəldi:

– Apardım yıxdım yerinə, yatdı. Uşaqları da yolladım nənəsigilə. Bu gecə orda qalsınlar, sabah hamısı yadından çıxacaq, – dedi.

İndi fikir verdim ki, mollanın yanından gələndən atam birinci dəfədi danışır. O da Bilal əmi haqqında. Öz-özlüyümdə atamdan incidim ki, heç məni fikirləşmir.

Axşam anam mənə iki acı dərman verdi, yerimə uzadıb, üzümdən öpdü. Atamın məni nə vaxtsa öpdüyü yadıma gəlmir. Atam yatmağa gələnə qədər oyaq qalmağa çalışdım. Birdən məndən danışar, eşitmərəm. Elə də oldu. Atam otağa girən kimi, anama dedi: “Hazırlaş, sabah sizi Bakıya aparacam. Burdakılardan bir şey çıxana oxşamır”. Guya özümü yatmışlığa vurmuşdum, Bakı adını eşidəndə, hər şey yadımdan çıxdı. Yerimdən qalxıb, anamdan soruşdum:

– Bakıya gedirik?

Anam başı ilə təsdiqləyəndə, sevincimi gizlədə bilmədim.

– Ura! Bakıya gedirəm. Ura!

Atam əli ilə ağzını örtüb:

– Sus. – elədi. – Gəzməyə getmirik e, həkimə gedirik.

– Olsun. Əsas odu Bakıya gedirik.


***

Maşın məhlədən çıxanda, dünən olanların hamısı yadımdan çıxmışdı. Yola burulanda, maşının yanı ilə qaçan uşaqların qışqırığı qəfil kəsildi. Qabağa baxanda, Bilal əmini arxın qırağında, daşın üstündə oturan gördüm. Biz yaxınlaşanda əlindəki siqareti arxa atıb, ayağa durdu. Başı ilə atama salammı verdi, sağolmu dedi bilmədim, amma mənə baxıb, gülümsündü. Elə qəşəng güldü. Sevincək:

– Ata, Bilal əmi mənə güldü. – dedim.

Atam güzgüdən arxaya baxıb:

– Hə, Bilal gülə də bilir – dedi.

Yaşıl dağlar bizi boz təpələrə, boz təpələr düzlərə təhvil verə-verə, Bakıya yola salırdı. Yolun yorucu uzunluğundan nə vaxt bezib, başım anamın dizlərində yuxuya getdiyimi hiss eləmədim. Bir də onda ayıldım ki, anam məni səsləyir:

– Dur dənizə bax. Bakıya çatırıq.

Dəniz tamam yadımdan çıxmışdı. Bakıda dəniz də var axı. Başımı qaldıranda nə qədər su gördüm, ilahi! Bu qədər su bura hardan axıb, gəlib? Özü də göm-göy. Suyun nə qədər ağır olduğunu dənizə baxan kimi hiss edirsən. Anamdan soruşdum:

– Bu qədər su bura hardan gəlir?

– Çaylar dənizə tökülür – dedi.

– Bizim kəndin arxı da dənizə tökülür onda?

– Bilmirəm, ola bilər.

Fikirləşdim ki, bizim arx da dənizə tökülürsə, səhər Bilal əminin arxa atdığı siqaret də yəqin burda olar. Dəniz doğrudan da çox böyük idi. İlk dəfə idi o uzunluqda üfüq görürdüm. Kəndimizdə hara baxsan, dağ-dərə görərsən. Bu uzunluqda üfüq mənə bir az da vahiməli gəldi. Yolumuz hardan düşsə, mən dənizi axtarırdım. Dəniz görünməyən yerdə də səmaya baxırdım. Səma da bir növ dəniz kimidi, amma yüngüldü.

Günortadan bir az keçmiş Lökbatana çatdıq. Atamın əmisi oğlu orda yaşayırmış. O gecə onlarda qalıb, sabah həkimə gedəcəkdik. Burda mənə qəribə gələn ilk şey havanın qoxusu oldu. Maşından düşən kimi tanımadığım iyi hiss elədim. Buranın qoxusu başqa cür idi. Torpaq da vardı, ara-sıra ağaclar da, amma kəndin iyi yox idi. Yəqin burnuma dəyən dənizin qoxusuydu. Atamın əmisi oğlugildə gəbə-palaz olsa da bura kənd evinə oxşamırdı. Kəndə aid olan şeylər də o birilərindən ayrı dururdu elə bil.

Səhər obaşdan durub, yemək yedik. Büllur stəkanda şirinçay içdim. Yuxa dürməyi yox idi, anam bazar çörəyinin üstünə yağ-pendir qoyub, mənə verdi. O da dadlı idi. Ayrı cür idi.

***

Məni xəstəxananın birinci mərtəbəsində, daş döşəməli otağın ortasında oturtdular. Otaq təmiz idi, nəm iyi də yox idi. Hər tərəf ağappaqdı, bircə otağın pəncərəsi yox idi. Başında molla Mığdətin fəsinə oxşayan ağ papağı, əynində də elə Mığdətin əynindəki boyda ağ xalatı olan kişi dilimə baxdı, gözlərimə baxdı, sonra boynundan salladığı boru ilə kürəyimdən ciyərlərimə qulaq asdı, üç dəfə ətrafımda fırlanandan sonra, atama dedi ki, gedin, laboratoriyada qandan analiz verin, sonra bura qayıdın.

Laboratoriya eşidəndə, ağlıma fantastik filmlərdəki, tüstülü, mavi işıqlı otaqlar gəlmişdi, elə deyilmiş. İki qapı o tərəfdə eyni otağa girdik. Tibb bacısı iynəni damarıma sancanda gözləri üzümdə qalmışdı. Cınqırımı da çıxartmadım. Deyəsən mənə yazığı gəlmişdi. İşini bitirəndə dedi ki, yazıq uşağın səsini çıxartmağa heyi də qalmayıb. Düzü, mənim də ona yazığım gəlmişdi. Belə də sənət olar? Səhərdən axşama qədər adamların qanını çəkir. Otaqdan da qan iyi gəlirdi.

Həkimin yanına qayıtdıq. Dedi, “gedin, sabah gəlin, analizin cavabı hazır olsun, müalicə yazacam”.

Səhəri gün həkim, ağ masasının üstündə əl boyda kağıza səliqə ilə nəsə yazıb, atama verdi. Anama da dedi:

– Qızım, kənd yeridi, sizdə olmamış olmaz, uşağa çoxlu tut bəhməzi yedirdin. Bir az qaraciyəri böyüyüb. Yazdığım dərmanları da üç ay verin içsin. Üç aydan sonra görsəniz yaxşı olur, bir ay da davam edin, bitirin. Yox, görsəniz yenə yaxşı olmadı, üç aydan sonra bir də gəlin yanıma.

Çölə çıxanda atam bir az ləngidi. Bu dəfə artıq başa düşdüm ki, həkimə də pul verir.

***

Novruza qədər həkimin yazdığı dərmanların vaxtını bir dəqiqə də gecikdirmədim. Yalan olmasın, üç balon da bəhməz yedim. Bəhməzi də sonsuz Qarateldən aldılar. Dedilər, sonsuz olduğuna baxma, əli yüngüldü, kənddə ən yaxşı bəhməzi Qaratel arvad qaynadır.

Üç ay Qaratelin bəhməzini yedim, faydası olmadı, başım yenə yastıqda idi.

Martın axır günləri idi, Bilal əminin xəbəri çıxan gündən düz üç ay əvvəl. Mən hələ də xəstəxana çarpayısına oxşayan divanda uzanıb, arada televizora baxırdım, arada da “Başsız atlı” kitabını oxumağa çalışırdım. Kinosuna baxdığım üçün kitabı oxumağa heç həvəsim yox idi, amma başımı qatmağa başqa məşğuliyyət də tapa bilmirdim. Qulağım elə qapıda qalırdı ki, kimsə gəlib, söhbət eləsin, başım qarışsın. Ən çox da pəncərədən görünən qovaq ağacı məni yorurdu. Yarpaqlarını külək çevirəndə elə bilirdin ağacı qurğuşundan töküblər.

Səhər saat 9-da qapı döyüldü. Bu vaxtı qapımızın döyülməsi nadir hadisə idi. Qapımız döyülürdüsə, gələn mütləq yad adam idi. Anam qapını açdı.

Salam-kəlam, xoş gəlmisən keç içəri. Amma… – deyəndə, qapıdakı adam:

– Yox, mən uşağa baş çəkməyə gəlmişəm. Necədi? – dedi.

– Necə olacaq? Elə həmişəki kimi. Uzanıb divanda.

Mən hələ də gələnin kim olduğunu görə bilmirdim. Səsi tanış gəlirdi amma heç kimə oxşada bilmirdim. Qapıya tərəf çönəndə, Bilal əmini qapıdan əyilib, içəri boylanan gördüm. Qorxmadım. Heç qorxmadım. Gəlib, yanımda oturdu. Əlini alnma çəkdi. Əlindən siqaret iyi gəlirdi. Üzümə baxa-baxa:

– Gəlin, sən mənə bir çay ver, – dedi.

Anam çıxan kimi, ayağa qalxdı, divanın küncündən yapışıb, irəli çəkdi. Sonra o biri küncünə keçdi. Səsə anam geri qayıdıb:

– Bilal qardaş, nə edirsən? – deyəndə

– İşin olmasın. – deyib, divanı otağın ortasına sürüdü. Üç dəfə başıma dolandı. Hər dəfəsində də “Allah, bu uşağın nə dərdi var, mənə ver. Allah, bu uşağın nə dərdi var mənə ver. Allah, bu uşağın nə dərdi var mənə ver.” – dedi.

Anam qapının ağzında quruyub, qalmışdı. Sonra Bilal əmi əyilib astaca alnımdan öpdü. Elə qəşəng güldü, amma nəfəsindən tüstü iyi gəlirdi. Elə bil hardasa xəzəl yanırdı.

Bilal əmi qapını açıb, çölə çıxanda pəncərədən evə yaz havası doldu. Pərdəni itələyib, evə axan külək Bilal əminin arxasınca qapını necə çırpdısa, ana-bala ikimiz də diksindik. Pəncərənin qabağındakı qurğuşun qovağın bütün yarpaqları mənə sarı çönmüşdü. Yam-yaşıl idi.

Səhəri gün yeməyimi masada yedim. Bir həftədən sonra uşaqlarla oynamağa qoymasalar da çölə ayaq açdım. Bir gün eşitdim ki, Bilal əmi pis olub, həkim çağırıblar. İki aydan sonra da Bilal əmini Bakıya apardılar. Atam danışanda eşitdim ki, qaraciyəri çürüyüb. Anama dedim:

– Bakıya nahaq aparıblar. Biz getdik nə oldu ki? Həkim deyəcək bəhməz ye, o da tərs adamdı, onsuz da yeməyəcək.

Bir axşam atam evə kefsiz gələndə, pis bir şeyin olduğunu anlamışdım. Anama dedi ki, sabah Bilalın meyitini gətirəcəklər.

Səhərə kimi yata bilmədim. Elə bilirəm mənim Bilal əmiyə can borcum var. Mənim də xəstəliyimi özü ilə apardı. Məni Bilal əminin yasına aparmadılar, canları sağ olsun. Amma mən əlimin içi kimi bilirəm, o gün heç kim Bilal əmi üçün mənim kimi ağlamadı.

Share: