Bap-balaca boyu var, dam doluca toyu var…
Amma yetərincə problemləri də yox deyil.
Özlərinə min cür təşbehlə haqq qazandırsalar da, balacaboy qızların dərdi böyükdür.
Moderator.az balacaboy qızların boyları ucbatından rastlaşdığı problemləri təqdim edir:
1. Aşağıdan kəsdirmədiyiniz və ya qatlamadığınız paltarınız demək olar ki, yoxdur.
2. Bəzən sensorlu qapılar belə sizi tanımaz. Şüası boyunuza hesablanmadığından qapının ağzında çırpınar, tullanarsız.
3. Metronun əsas tutacağına əliniz çatmadığından tutmadan getməyin manifestini yazmısınız.
4. Kollektiv foto çəkdirmək məşəqqətdir. Ən çox da uzunboyluların yanına düşərsiz. (Bəzən də özləri qəsdlə yanınızda olar.)
5. Boyunuzla bağlı edilən bütün zarafatlara kompleksli olmadığınızı sübut etmək üçün gülmək məcburiyyətinda qalarsız.
6. Qarşınızdakı nəzakət göstərib əyilməsə görüşüb-öpüşmək üçün salto atmaq qədər absurd xəyallar qurarsız.
7. Qıçlarınız da uzun olmadığıdan uzunboylu sevgiliniz gəzərkən (adətən uzunboylu olur ) siz az-qala qaçırsız: “Sevgilim, harasa tələsmirik ki, bir az asta gedək”. (Halbuki tələsirsiz)
8. Aldığınız 3 kilo, bədəninizdə 30 kilo kimi görünər.
9. Çox arıq olanda da, sizə tanımadığınız yaşıdlarınız belə “qızım”, – deyə müraciət edəcək. Qınamayın, belədə 12 yaşlı yeniyetmədən fərqlənmirisiz.
10. Kinoteatrların oturacaqlarında bəzən ayağınız yerə çatmadığından filmin sonunda şişmiş olurlar.
11. Yağışlı havada hər dəfə küçəyə çıxanda çətirinizlə orta hesabla 2-3 şəxsi kor etmək ehtimalınız var.
12. Çarəsizlikdən adınızın əvvəlinə qoyulan “şirin”, “çəpiş”, “balacam”, “sərçə” kimi sifətlərdən xoşlanarsız, amma belə olduqda da adamı sonda saya salmırlar.
13. Hündürdaban ayaqqabı sizin üçün lüks yox, ehtiyacdır.
14. Üzünüzün gözəlliyindən başqa sizi sudan quru çıxaracaq heç bir fiziki özəlliyiniz yoxdur.
15. Amma bütün bunlarla yanaşı, çox şirinsiz və bu özəlliyiniz ucbatından sizə heç vaxt qıyılmaz.
Bir də, unutmayın, Şakira da qısaboydur.