“Maya” sənədli filminin çəkilişləri yekunlaşıb.
Bu barədə APA-ya filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.
O bildirib ki, filmin çəkilişlərinə artıq yekun vurulub: “Sənədli film hazırda montaj prosesindədir, 2023-cü ilin ilk aylarında təqdim olunacaq”.
Rejissor filmin əzablı, iztirablı qadın taleyindən bəhs etdiyini vurğulayıb: “Filmin qəhrəmanı Maya, iki müharibə görüb. Uşaq yaşlarından dəhşətli faciələr yaşayıb: köçkün həyatı, erkən evlilik, ərəblə izdivac, məşəqqətli həyat, puç olmuş arzular, ümidlər… Çəkilişləri Ağdam, Bərdə və Sabirabadda gerçəkləşib”.
Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montajçı Aydan Əhmədova, prodüseri Tahir Tahiroviçdir. Filmin bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir-Qasımdır.