Azərbaycan vətəndaşları bayram günlərində harada istirahət edəcək?

Azərbaycan vətəndaşları bayram günlərində harada istirahət edəcək?

2023-cü ilin gəlişinə sayılı günlər qalıb.

Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr – 4 yanvar tarixləri Azərbaycanda qeyri-iş günləri elan edilib.

Bəs ölkə vətəndaşları bayram günlərində harada istirahət edəcək? “Report” bununla bağlı vəziyyəti araşdırıb.

Turizm sektoru üzrə mütəxəssis Rəhman Quliyev deyir ki, hər il olduğu kimi, bu il də Azərbaycan vətəndaşları arasında bayramı ölkə xaricində keçirmək istəyən şəxslərin sayı az deyil: “İnsanlar daha çox Türkiyənin İstanbul və Antalya şəhərlərinə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə – şou-proqramlar keçiriləcək hotellərə üz tutur. Rusiyanın iri şəhərləri də vətəndaşlarımızın seçimi arasında ilk yerlərdədir. Yessentuki, Kislovodsk kimi yerlərə getmək istəyənlər də var. Eyni zamanda, bu ərazilərdən də Azərbaycana turistlər gəlir”.

Onun sözlərinə görə, maddi imkanları nisbətən məhdud olanlar isə Azərbaycanın bölgələrində dincəlməyə çalışırlar: “Koronavirus (COVID-19) pandemiyasından qalmış qadağalar, qonşu ölkələrlə quru sərhədlərin bağlı olması turistlərin xeyli hissəsinin ölkədən çıxışına çətinlik yaradır. Ekonom büdcəli turistlərimiz daha çox regionlarda istirahət etməyə üstünlük verir. Onları yerləşdirmək üçün kifayət qədər komplekslər var. Əvvəlki illərə nisbətən keyfiyyət və qiymətdə də stabilləşmə mövcuddur. Bu da sağlam rəqabətdən irəli gəlir. Pandemiyadan əvvəl bölgələrdəki hotellərin qiymətlərinə baxanda deyirdik ki, bir ailənin Antalyaya gedib istirahət etməsi bizim hotellərə getməkdən daha sərfəlidir. Bu gün isə belə deyə bilmərik. Azərbaycandakı hotellər artıq həm qiymət, həm də keyfiyyət baxımından yaxşı xidmət göstərməyə başlayıblar. Zaman keçdikcə bütün mənfi hallar aradan qalxacaq”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, vətəndaşlarımız daha çox daxili turizmə üstünlük verir: “Bu da təbiidir. Son illər baş verən müxtəlif hadisələr, o cümlədən pandemiya, dünyadakı müharibələr, iqtisadi çətinliklər fonunda insanlarımız vətənimizdə istirahət edir. Bu səbəbdən də Azərbaycanda daxili turizmin ümumi turizm sektorunda xüsusi çəkisi artıb. Vətəndaşlarımız əsasən Quba, Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Zaqatala, Qax, İsmayıllı, Lerik, Lənkəran kimi bölgələrimizdə yeni il bayramını keçirməyə gedirlər. Sadaladığım ərazilərdə turizm üçün gözəl infrastruktur yaradılıb, yüksək standartlara cavab verən hotellər inşa edilib. Bu hotellərdə qiymətlər onların dərəcələrindən asılı olaraq dəyişir, münasibdir”.

“Yeni ildə xaricə getmək istəyənlərin isə sayı azdır. Nisbətən imkanlılar Türkiyənin bir sıra şəhərlərinə, Dubaya, eləcə də Çexiya, Polşa, Sloveniya, Xorvatiya kimi Mərkəzi və Şərqi Avropa ölkələrinə üz tuturlar. Ümumilikdə xaricə getmək istəyən turistlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır”, – deyə M.Ağakərimov əlavə edib.

Share: