Rəqəmsal lirə ilə ilk ödəniş həyata keçirildi

Türkiyə Mərkəzi Bankı cümə axşamı rəqəmsal türk lirəsi ilə ilk əməliyyatı həyata keçirib.

“Rəqəmsal türk lirəsi layihəsinin birinci mərhələsi çərçivəsində şəbəkə daxilində ilk ödəniş əməliyyatı uğurla tamamlanıb. Bank 2023-cü ilin birinci rübündə maraqlı tərəflərlə birlikdə həyata keçirdiyi bu sınaqları davam etdirəcək”, – mərkəzi bankın bəyanatında deyilir.

Bildirilir ki, 2023-cü ildə bəzi türk bankları və maliyyə texnologiyaları şirkətləri rəqəmsal lirə platformasına əlavə olunacaq. Sistemin sınaqları daha intensiv rejimdə və çoxlu sayda iştirakçı ilə davam edəcək.

Həmçinin, platformaya daxil edilmiş paylanmış hesablama sisteminin işinin sınaqdan keçirilməsi, rəqəmsal lirənin ödəniş ekosisteminə və ani ödəniş sisteminə inteqrasiyası planlaşdırılır.

Qeyd edək ki, Mərkəzi Bank və səlahiyyətli orqanlar həmçinin hesablaşmalarda rəqəmsal milli valyutadan istifadənin iqtisadi və hüquqi əsasları üzərində işləmək niyyətindədirlər.

Mənbə: Anadolu

Share: