Salon adı söyüşə bərabər kimi səslənirdi – Gözəllik salonundan reportaj

Kulis.az Samirə Əşrəfin gözəllik salonundan hazırladığı reportajı təqdim edir.

Tanış pillələri qalxanda, bir küçük hikkəli səslə üstümə hürməyə başladı. Pillələri qalxa-qalxa səsi ilə məni müşayiət edən bu ağ, zərif tükləri olan küçük ona əhəmiyyət vermədiyimi görüb sahibini axtarmağa başladı. Otuz ilə yaxındır insanları gözəlləşdirməklə, onlara parıltı, şarm, özünəinam bəxş edən Bahar xanım məni qarşılayır. İtini tez qucağına alır. Onu sakitləşdirir, həm də məni salamlayır.

– Xoş gəlmisiniz, Samirə xanım. Bu belədi, kənar adam görəndə belə hay-həşir salır.

Mən qətiyyətlə bildirirəm ki, nə qədər haray qoparır-qoparsın, amma mənə toxunmasın.

– Narahat olmayın, qızları çağıracam indi aparsınlar.

Hal-əhvaldan sonra masa arxasına keçirik. Bahar xanım otuz ilə yaxındır ki, əsasən tanınan insanları, müğənniləri, aktrisaları bəzəməklə, onların üz-gözünə, saçına əl gəzdirməklə məşğuldu. Loru dildə desək, onun əlindən keçməyən məşhurumuz qalmayıb. Onunla söhbətə gənclik illərindən başlayıram:

– Neçə yaşından bu sənətə başlamısınız?

– 25 il olar. Bəlkə də, daha çox. Əslində, mən bu işə evimizdən başlamışam. Rəssamlıq qabiliyyətim var. Salon işinə girənə qədər şəkillər çəkirdim. Bunu özüm ürəkdən edirdim. Görünür içimdə Allahın bəxş etdiyi qabiliyyət vardı. Mən o enerjini necəsə çıxartmalı idim. Orta məktəbdə yuxarı siniflərdə oxuyanda, məşhur aktrisaların, müğənnilərin saçlarına baxıb, öz saçımı da elə kəsirdim, yığırdım. O vaxt Aydan Şenerin saç stili dəbdə idi. Mən də qaşımı, gözümü elə bəzəyirdim. Qonşu qızlar da baxırdılar, xoşlarına gəlirdi, deyirdilər, bizi də elə bəzə. Elə-elə başladım. Həvəsim də var idi. Çox tez bir müddətdə pulla işləməyə başladım. Heç vaxt havayı işləməmişəm. İlk dəfə “uçenik” kimi işləyəndə, mənim müəllimlərimin yanında müştərilər gəlib məni istəyirdilər. Çox həyəcanlanırdım. Çünki o müəllimlər bu sahədə çox məşhur və peşəkar idilər. Mənim bu sahədə ilk peşəkar müəllimim Seva Mədətova olub.

– Bu günə qədər yüzlərlə adamı bəzəmisiniz. Sizin iş prosesinə fikir verəndə, bu işi ürəklə etdiyiniz dərhal hiss olunur. Peşəyə sevgidi, ya peşəkarlıq?

– Birincisi, əlbəttə ki, sevgidi. Uşaq vaxtı anam və bacım salona gedəndə, məni də özüylə aparırdılar. Salonun qapısında dayanıb orda işləyənlərə həsədlə baxırdım. Deyirdim, kaş böyüyəndə mən də salonda işləyərdim. Amma mənim rəssamlıq arzum da vardı. Tez-tez müxtəlif şəkillər çəkirdim. Ailə qurandan sonra yoldaşım dedi, get, rəssamlığı oxu. Amma mənim buna vaxtım olmadı. On beş il ümumiyyətlə şəkil çəkmədim. Salon sənətinə çətinliklə gəlmişəm. Evdən başlasam da, müstəqil işləsəm də, çətinliklər çox olub. “Uçenik” gedəndə, 21 yaşım vardı. O vaxt pis baxırdılar bu sənətə. Anam qəti şəkildə icazə vermirdi. Salon adı çəkiləndə, əsəbiləşirdi. Salon adı söyüşə bərabər kimi səslənirdi.

– O Stereotip yenə də müəyyən mənada qalıb…

– Qalıb. Amma salon elə bir yerdi ki, hər kəs, hətta müştərilər də, özlərinə uyğun yer axtarıb ora gedirlər. İşçilər də elədir. Əgər işçi xoşlamadığı yerə gedirsə, orda qərar tutub qala bilməz. Gec-tez uzaqlaşıb ürəyincə olan yerə gedəcək.

Bahar xanım danışdıqca mən onun iri iş masasına göz gəzdirirəm. Burada dünyanın ən bahalı kosmetik məhsulları yan-yana düzülüb. Qablaşmalardan hiss olunur ki, o, lazım olan hər şeyi əlinin altında saxlamağı xoşlayır. Bahar xanım deyir ki, salon elə bir yerdi ki, orada təmizlik mütləq şəkildə vacibdir:

– Təmizlik çox vacibdir. Fırçalarn yuyulması, təmizlənməsi. Çünki bəzən müştəri çox olur. Əlimizin altında təmiz əşyalar olmalıdır.

– Sizin dövrünüzün ən məşhur salon ustası kimlər idi?

– O vaxtı ən populyar olanı Ruxa idi. Ruxadan sonra mən çıxdım. Çoxları bunu qəbul etmir, amma bu, faktdır.

Bahar xanım bizim gəlişimizdəndir, ya nədrisə, çox gözəl bəzənib. Daha çox dəbdə olan qəhvəyi tonlarla bəzəndiyi üçün çoxdandır özüm üçün müəyyənləşdirdiyim sualı verirəm:

­– Ənlik, göz rəngi, dodaq boyası, bir sözlə, bütün simalar qəhvəyi tonlara üstünlük verirlər. Amma indi nədənsə, yaraşan da, yaraşmayan da ancaq qəhvəyi tonlarda bəzənir. Nədir bunun səbəbi?

– Biz sovet dövrünün adamlarıyıq. Öyrəşmişdik ki, rəngarənglik olsun. Gördüklərimiz də daha çox rus müğənnilər, aktrisalar idi. Mavi göz boyası, qırmızı dodaq boyası da onların favorit rəngləri idi. Bizə də onlardan keçib bu rənglər. Amma bizim adamlar sarışın deyil. Amma siz dediyiniz qəhvəyi çalarlar bizdə həmişə dəbdə olub. Mən də bir rəssam kimi həmişə təbii tonlardan istifadə etmişəm. İndi sadəcə olaraq digər vizajistlər nəyi görürlər, onu təkrarlayırlar, korreksiya edirlər. Ona görə də, hamı bir-birinə bənzəyir. Amma ümumilikdə qəhvəyi tonlar, belə deyək də, bu günün dəbidir.

– Kimlərlə işləmək sizə asan, kimlərlə işləmək çətindir?

– Müğənnilərlə işləmək çətindir?

– Niyə?

– Ona görə ki, onlara vaxt çox gedir.

– Kaprizləri də olur yəqin…

– Deməzdim hamısı kaprizlidir. Məşhurların içərisində tək-tük də olsa, dəxilsiz yerə adamı incidənlə olur. Belələrini çalışıram ki, uzaqlaşdırım. Amma məşhurlarla detallı işləyirik. Onlara vaxt gedir. Çünki efirə çıxırlar. Çalışırıq ki, onlar getdikləri çəkilişlərə uyğun olsunlar. Asan müştərilərə qaldıqda isə, bütün müştərilərimlə işləmək mənə asandır. Çətinlik məsələsini də özüm üçün demədim. Sadəcə məşhurlarla iş daha çətindir, nəinki adi insanlarla. Amma mənim üçün bu sənətin çətinliyi yoxdur.

– Müştəriləriniz daha çox hansı yaş qrupundan olan xanımlardı?

– Otuz, qırx yaşdan yuxarı xanımlar. Yaş artdıqca xanımlar cavan və gözəl görünmək istəyirlər. Məncə, bu onların ən təbii haqqıdır.

– Qocalmaq qorxusu başlayır…

– Yox, deməzdim qocalıq qorxusudur. Bu qadınlar özlərini sevirlər. Mən onları başa düşürəm.

– Bir azdan sizin yanınıza Mətanət İsgəndərli və Gülüstan Əliyeva gələcəklər. Onlar necə müştəridirlər?

– Çox əla, yaxşı müştərilərdir. Hərəsinin mənim üçün öz yerləri, müsbət tərəfləri var. Elə müştərilərim var ki, mən onları ildə bir dəfə görürəm. Onlar toydan toya gedəndə, çox yaxşı görünmək istəyəndə, məni seçirlər. Amma müğənnilərin işi toyla əlaqədardı. Demək olar ki, hər gün toyda olurlar, həm də mənim yanıma gəlirlər. Çox vaxt gələn müştərilər mənə ailələrindəki problemləri danışırlar, məsləhətlər alırlar. Məşhurların da çoxu həmişə mənə deyir ki, səninlə danışanda, adam sakitləşir, pozitivə köklənir.

Söhbətimizin bu yerində tanınmış müğənnilərdən biri salona girir. Bahar xanım pıçıltı ilə həmin müğənnini gözləmədiyini deyir. Pillələri qalxan müğənni zarafatla Bahar xanımın köməkçisinə başına gələn əhvalatı nəql edir. Tanınmış müğənni bizə çatanda şok keçirirəm. Hər zaman efirdən çox göyçək görünən bu xanım indi makyajsız çox solğun, yorğun və yaşından çox-çox böyük görsənir. Təxminən bir dəqiqə müğənninin öyrəşmədiyim simasına nəzər yetirirəm. Deyəsən, o, hiss edir məsələni. Gülə-gülə deyir ki, bəs necə, bizi gözəlləşdirən can-ciyərimiz Bahardı da. Bahar xanım müğənninin sifətinə krem çəkə-çəkə söhbətinə davam edir:

– Həmişə mənə deyirlər ki, sənin əlin yüngüldü. Saçımızı kəsəndə, tez uzanır. Mən də çalışıram ki, xanımlar bura gələndə, rahatlaşsınlar, dincəlsinlər.

– İş prosesində maraqlı əhvalatlar olub?

– Aktrisa Dilarə xanımla biz “Çal-çağır” verilişində iki ildən çox birgə işləmişik. O vaxtlar xanımlar gözləyirdi ki, Dilarə xanım hər dəfə efirə hansı makiyajda, saç düzümündə çıxacaq. 2001-ci ildə bir dəfə Dilarə xanımı növbəti verilişə hazırlayanda, dedi, Bahar, bu gün yay sarafanı geyinəcəm, amma ona uyğun şlyapam yoxdur. Onda mən Dilarə xanımın öz saçından, heç bir əlavə saç istifadə etmədən yay şlyapası düzəltdim. Verilişdən sonra hər kəs həmin saç düzümündən danışırdı. O saç düzümü məndən sonra dəbə düşdü. Bir çox saç ustaları həmin dəbdən istifadə etdi.

– Məşhurlardan kimisə bəzəmək arzunuz olub?

– Yox. Əksinə, uzun müddət bu işlə məşğul olmaq istəməmişəm. Yorulmuşam.

– Misalçün, Sibel Canı bəzəmək istərdiniz?

– Yox. Amma Ebru Gündəşi bəzəmişəm. O vaxtı Bakıya gələndə, məşhur otellərin birində qalırdı. Mən yoldaşımla getdim. Sadə bir makiyaj etmişdim. Saçını yığmaq lazım idi, amma yığmadıq, elə sadə düzləşdirmə etdim.

Qapının zəngi yenidən çalınır. Mətanət İsgəndərli gəlir. Bahar xanım söhbəti sonlandırmaq qərarına gəlir. Müştəriləri ilə məşğul olmağa başlayır. Fotoqrafımız İlkin salonu, divardakı şəkilləri çəkir. Bahar xanımın qızı itinin şəklini çəkməyimizi istəyir. Sən demə onun iti Kellinin bu gün 4 yaşı tamam olurmuş. Kellinin də şəkillərini çəkib Bahar xanımı iki məşhur müğənni ilə təkbətək qoyub salondan çıxırıq. Kelli bizim gedişimizi hiss edib, ardımızca hay-həşir salır. Salondan çıxanda, Kellinin səsi qaranlığın içində əriyib yox olur.

Share: