Pank üslubunun kraliçası vəfat etdi

Britaniyalı modelyer Vivyen Vestvud 81 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə onun moda evinin “Twitter” səhifəsində dərc edilmiş mesajda deyilir.

Bildirilir ki, o, Londonda ailə üzvlərinin əhatəsində dinc şəkildə ölüb.

“Dünyanın yaxşılığa doğru dəyişməsi üçün Vivyen kimi insanlara ehtiyac var”, – deyə ismarışda əlavə edilib.

Vestvud 1970-ci illərin əvvəllərində bayker və pank geyimlərinin dizaynı ilə məşhurlaşıb. Bu geyimlər ərinin – musiqiçi, modelyer və prodüser Malkolm Maklarenin Londondakı mağazasında satılırdı.

Maklaren “Sex Pistols” pank qrupunun meneceri olanda Vestvud onunla birlikdə artistlərin imici üzərində işləyib.

Sonradan o, öz geyim brendini yaradıb və uzun illər yüksək moda dünyasının inkişafı üçün istiqamət təyin edib, onu pank-rok mədəniyyətinin və yeni dalğa musiqisinin elementləri ilə zənginləşdirib.

“Pank üslubunun kraliçası” 1992-ci ildə Britaniya imperiyasının ordeninin xanım-zabiti elan edilib, 2006-cı ildə isə daha yüksək dərəcəli orden alaraq xanım-komandor olub.

O, ömrünün sonuna qədər qalıq yanacaqlara və nüvə silahlarına qarşı etiraz aksiyalarında iştirak edib, aktiv siyasi mövqe tutub. O, “WikiLeaks”in yaradıcısı, London həbsxanasında saxlanılan Culian Assanja dəstək məqsədilə keçirilən ictimai aksiyaların daimi iştirakçılarından biri olub.

Share: