Kulis.az ilk dəfə 1964-cü ildə Çikaqoda, Playboy jurnalında nəşr olunan, Nabokovla edilmiş ən geniş müsahibələrdən birini təqdim edir. Müsahibəni orijinaldan tərcümə olunub. Nabokovun həmsöhbəti, Playboy adından müsahibəni götürən amerikalı məşhur yazıçı-jurnalist Olvin Tofflerdir.
Müsahibəni ingiliscədən çevirdi: Cavid Quliyev
Bu dövrün bir sıra yazıçıları Kornell Universitetinin sıravi professoru, rusca kəskin səslənən ada sahib Vladimir Vladimiroviç Nabokovun bir kitabı üzərində qızğın mübahisələrə girişmişdilər. Lolita – yazıçının 12 yaşlı nimfetə qarşı (“nimfa”nın kiçildilmiş forması, qədim yunan mifologiyasına görə daşlarda, meşələrdə, bulaqlarda və s. yaşayan təbiət ilahələri, təbiət hadisələrinin qadın şəkli, pəri – tərc.) orta yaşlı bir adamın qeyri-platonik sevgisindən bəhs edən, təkcə ABŞ-də 2.500.000 nüsxə satılan, dahiyanə, tragikomik romanıdır.
O ən çox gəlir gətirən filmə çevrilməklə yanaşı, İcmalar Palatasında kəskin tənqidə məruz qaldı, Avstriya, İngiltərə, Birma, Belçika, Avstraliya, hətta Fransada belə qadağan edildi. Kitabı kəskin tənqid edənlər əsər haqqında “oxuduğum ən iyrənc kitab”, “çox incəliklə saflaşdırılmış çirkab suyu”, “zay əsər”, “murdar”, “kifir”, “əxlaqi çöküş” və “ikrahdoğurucu” kimi fikirlər səsləndirdilər. Kitabın müdafiəçiləri isə, öz növbəsində, əsəri “dahiyanə yazı” və “bütün zamanların dahiyanə komediyalarından biri” şəklində elan etdilər; Nabokov isə Dostoyevskidən Kraft Ebinqə (Richard von Krafft-Ebing – alman psixiatr, məşhur “seksual psixopatiya” əsərinin müəllifi – tərc.) qədər bütün yazıçılarla müsbət mənada müqayisə edildi və bəziləri tərəfindən bu gün də ingiliscənin ən görkəmli stilisti olaraq qəbul edilir. Bəzi pedantlar kitabın, əslində, köhnə dünyanın yeni dünyanı və ya, ola bilsin, yeni dünyanın köhnə dünyanı yoldan çıxaran alleqoriya olduğu nəzəriyyəsini irəli sürdülər. Cek Keruak isə bu cür şəhvətli simvolizmi bir kənara qoyaraq kitabın “klassik sevgi hekayəsi”ndən başqa bir şey olmadığını elan etdi.
Hər halda, ortada Nabokov bu kitabın müəllifi olaraq tamamilə uyğunsuz bir şəkildə şərh olunur görüntüsü hakimdir. Kəpənək kolleksiyasına ipəyatmaz düşkünlüyü olan rus əsilli alim 1899-cu ildə, Sankt-Peterburqda, imkanlı dövlət xadiminin ailəsində dünyaya göz açıb. Bolşeviklər iqtidarı ələ keçirəndə ölkədən qaçaraq İngiltərəyə yollanır və burada, Kembricdəki Triniti Kollecinə, bakalavr pilləsi üzrə qəbul olur. İyirminci və otuzuncu illərdə Paris və Berlin arasında tez-tez vargəl edərək tennis təlimçisi və ingilis-fransız dili müəllimi kimi işləyib maddi baxımdan yaxşı həyat şəraitinə sahib olur; mühacir mətbu orqanı üçün yazdığı qısa hekayə, pyes, şeirləri və ədəbi tənqidçiliyi ilə qalmaqallı yazıçı kimi orta səviyyəli nailiyyətlər əldə edir; rus dilində qələmə aldığı “Hədiyyə”, “Edama dəvət”, “Qaranlıqda qəhqəhə” kimi usta romanlarla tərif almağı və çaşqınlıq doğurmağı bacarır. 1940-cı ildə Fransanın nasistlərin işğalına məruz qalması ilə yenidən qaçqınlıq təhlükəsi ilə üzləşir və arvadı ilə birlikdə ilk dəfə elmi işçi kimi akademik karyerasına başladığı Harvard Üniversiteti nəzdində Müqayisəli Zoologiya Muzeyinin yerləşdiyi ABŞ-ə mühacirət edir. İndi o, əsərlərini ingiliscə – fəlsəfi ziddiyyətlər, yaradıcı metaforalarla zəngin, mürəkkəb ironiya, təzad, çoxdilli söz oyunu, anaqram, mənzum və tapmacalarla aşıb-daşan bir stildə, həm aydınlaşdırıcı, həm də dumanlı bir tərzdə yazır. O, Uelsdə, daha sonra Kornelldə rus-ingilis ədəbiyyatı üzrə professor işlədiyi dövrlərdə daha üç roman – ilk olaraq diktatura təsiri altındakı həyatın narahatedici oyanışına çevrilmiş “Bend sinister (Haram damğası)”; yaşlı, mühacir kollec müəlliminin acınacaqlı və heyrətləndirici portreti “Pnin”; və onu bəlkə də bir gecə içində dünya miqyasında şöhrətə çatdıran şəhvani şedevr – Lolitanı qələmə alır.
Bununla belə, bioqrafik məlumatların bu qısa statistikası Nabokovun görünən tərəflərini təsvir etsə də, az tanınan bu insanın daxili dünyası haqqında heç bir fikir oyatmır; çünki onun yaradıcı intellektini tədqiq etməyə cəhd edənlər üçün o, sadəcə güzgülərlə dolu bir salon olaraq qalmış və əsərlərini qiymətləndirənlərə qarşı yumor effektli laqeyd münasibəti onun anlaşılmazlığı haqqındakı əfsanələri daha da qüvvətləndirmişdir. Fərdi reklam xarakterli mövzulardan qaçdığı üçün nadir hallarda müsahibəyə icazə verir. Yalnız “Playboy” olaraq verəcəyimiz sualları əvvəlcədən onun diqqətinə çatdırdıqdan və materiallarla tanışlıqdan sonra, məzmun diqqətini cəlb etdiyi üçün, müsahibə verməyi məqsədəuyğun hesab etdi.
Müsahibimiz Nabokov son dörd ildir ki, yaşadığı, “Solğun alov” kimi – çılğın redaktorunun gözündən qaranlıq bir şəkildə ortaya çıxan istedadlı şairin fövqəladə hekayəsindən bəhs edən, “Hədiyyə”nin bir növ gecikmiş ingiliscə tərcüməsi olan – romanını qələmə aldığı, İsveçrənin Cenevrə gölünün yaxınlığında yerləşən qədim, zərif bir otelin altıncı mərtəbəsindəki otağının qapısı qarşısında eynəkli, fikirli professor ədasıyla müsahibə etmək üçün gələn müstəqil yazıçı Olvin Toflleri qarşıladı. Nabokovun otağında apardığımız bir həftəlik danışıqlarda yazıçı suallarımızı özünəməxsus hiyləgər mürəkkəblik, səmimiyyət, kinayə və bəlağətli nitqindən doğan dolanbaclı yollarla cavablandırdı. Xəfif rus ləhcəsinin hiss olunduğu qəribə şəkildə bəzədilmiş ədəbi ingiliscə ilə danışır, sözlərini diqqətlə, şüurlu daxili mülahizələr nəticəsində seçir, ifadəetmə məsələsində hərdən sanki özündən şübhə etdiyi hiss olunur və ya dediklərinin məqsədəuyğunluğu barədə şübhəyə qapılırdı. Danışıqlarımıza damğasını vuran yumor və səmimi münasibətlərə baxmayaraq, sanki beynində gizlənmiş müəmmalı kainat onu ətraf fiziki aləmdəki potensial pisniyyətli dünyadan əbədi olaraq uzaqlaşdırırdı. Beləliklə, bir çox tənqidçinin əbəs yerə onun təxəyyül dünyasından bioqrafiyasını təxmin etməyə çalışması kimi, müsahibələrindəki çıxışları da onu ifşa etmək əvəzinə daha da pərdələyir, belə görünür ki, o özü buna üstünlük verir. Lakin inanırıq ki, müsahibəmiz bu çoxtərəfli dahi şəxsiyyətin heyrətamiz görüntüsünü təqdim edə bilib.
– 1958-ci ildə Lolitanın Amerikada nəşr edilməsi ilə şöhrətiniz və sərvətiniz bir günün içində dayanmadan artmağa başladı, hətta az qala 30 ildən çoxdur həzz aldığınız ədəbiyyat dünyasındakı bir sıra həmkarlarınızın reputasiyalarını belə üstələdi, sensasiyalı bestsellerin dünyaşöhrətli müəllifi kimi həm tərif alıb, həm də tənqidlərə məruz qaldınız. Bütün bu mühakimələrdən sonra Lolitanı yazdığınız üçün heç peşmanlıq hiss etdinizmi?
– Əksinə, geriyə dönüb keçmişə nəzər salanda, 1950-1951-ci illərdə Humbert Humbertin balaca, qara gündəliyini yandırmağa qədər gəlib çatdığım anları xatırlayanda canımdan üşütmə keçir. Xeyr, Lolitaya görə heç vaxt peşman olmayacağam. O, üzərindəki baxışlardan asılı olaraq problemləri güzgü effekti ilə qarşı tərəfə əks etdirən gözəl bir pazlın kompozisiyası kimi idi. Sözsüz ki, o digər əsərlərimi – ən azından ingiliscə yazdıqlarımı, Sebastian cəngavərin əsl həyatı, Bend Sinister (Haram damğası), xatirələr kitabımı – geridə qoydu. Amma buna görə ona kin saxlaya bilmərəm. Bu şəhvətli, mistik xanımın qəribə, zərif bir cazibəsi var.
– Baxmayaraq ki, bir çox oxucu və şərhçi onun cazibəsinin zərifliyi barədə sizinlə razılaşmaya bilər, lakin çox az adam onun qəribəliyini inkar edər. Hətta bu o dərəcədədir ki, Stenli Kubrik Lolita haqqında film çəkməyə hazırlaşanda sizdən belə bir sitat gətirilmişdi: “Əlbəttə ki, onlar sujet xəttini dəyişməli olacaqlar. Bəlkə də Lolitanı cırtdan kimi göstərəcəklər, ya da onu 16, Humberti isə 26 yaşında canlandıracaqlar”. Sonda ssenarini sizin yazmağınıza baxmayaraq, bir sıra tənqidçilər filmi mərkəzləşmiş münasibətləri hədsiz şişirtməkdə tənqid etdilər. Nəticə etibarilə ortaya çıxan məhsul sizi qane etdimi?
– Filmin birmənalı olaraq birinci dərəcəli olduğu qənaətindəyəm. Dörd əsas aktyor ən yüksək tərifə layiqdir. Sue Lyonun məcməyidə səhər yeməyi gətirməsi, sviterini uşaqcasına dartışdırması – bunlar unudulmaz aktrisalıq və rejisorluq anlarıdır. Quiltinin öldürülməsi, eləcə də xanım Hazenin ölümü şedevrdir. Bununla belə, qeyd etməliyəm ki, mənim filmin faktiki kompozisiyası ilə heç bir əlaqəm yox idi. Mən olsaydım, vurğulanmamış bəzi şeyləri – məsələn, onların qaldığı motelləri – ön plana çıxarmaqda israrlı ola bilərdim. Etdiyim yeganə şey ssenarini yazmaq idi ki, onun da əsas hissəsi Kubrik tərəfindən istifadə edilmişdir.
– Necə düşünürsünüz, Lolitanın qazandığı ikiqat uğur həyatınıza yaxşı, yoxsa pis təsir edib?
– Artıq dərs deməyin başını buraxmışam; həyatımdakı hər şey dəyişmə ərəfəsindədir. Nəzərə alsaq ki, dərs deməyi, Kornelli, rus yazıçıları və Avropanın dahiyanə əsərləri haqqında mühazirələr yazmağı və oxumağı sevirdim, lakin 60 yaş ərəfəsində, xüsusilə qışda fiziki ağrılarla bərabər dərs demək, hər səhər müəyyənləşdirilmiş saatda qalxmaq, yolda qarla mübarizə aparmaq, uzun dəhlizlərlə sinif otağına doğru hərəkət etmək, Ceyms Coysun Dublininin xəritəsini lövhədə çəkməyə səy göstərmək və ya 1870-ci illərin əvvəllərində Sankt-Peterburq-Moskva qatarının yarıyuxulu vaqonunun təsviri üzərində işləmək – bunları başa düşmədən nə Uliss, nə də Anna Karenina bir məna kəsb edir. Nədənsə ən parlaq xatirələrim imtahanlarla əlaqəlidir. Qoldvin Smitdəki böyük amfiteatr. Saat 8:00-dan, 10:30-a qədər imtahan vaxtı. Təxminən 150 tələbə – yuyunmamış, üzü qırxılmamış gənc oğlanlar və kifayət qədər baxımlı gənc qızlar. Ümumi bir süstlük və fəlakət hissi hakimdir. Saat doqquzun yarısıdır. Yüngül öskürək səsləri, əsəbi boğaz arıtlamaları, səs yığınları, səhifələrin xışıltısı. Fədailərdən bəziləri qollarını başları arxasında kilidləyərək dərin fikrə dalıblar. Mənə yönəlmiş darıxdırıcı bir baxışla qarşılaşıram, bu baxışda ümid, qadağan olunmuş bilik mənbəyinə qarşı duyulan nifrət hakimdir. Eynəkli bir qız sual vermək üçün masama yaxınlaşır: “Professor, Kafka burada bizə filan şeyləri demək istəyir? Və ya bu sualın yalnız bu hissəsinəmi cavab verməyimizi istəyirsiniz?” Kəsilənlər dərnəyi, xalqın bel sütunları dayanmadan cızma-qara etməyə davam edir. Əksəriyyət köntöy şəkildə, sanki bir komanda işinin nəticəsi kimi eynizamanlı olaraq qarşılarındakı dəftərçənin vərəqlərini çevirir. Titrədilən keyimiş biləklər, tutulan qələmlər, xarab olan dezodorant-spreylər. Üzərimə zillənən gözləri tutan kimi onlar həmin an saxta meditasiya nümayişləri ilə tavana doğru qaldırılır. Tərləyən pəncərə şüşələri. Sviterlərini çıxaran oğlanlar. Xüsusi templə saqqız çeynəyən qızlar. On dəqiqə, beş, üç, vaxt bitdi.
– Bir çox tənqidçilər Lolitada elə indicə təsvir etdiyiniz, dəmir qəlib üzərində işləməyə bənzər səhnəyə istinad edərək kitabı Amerika haqqında ustalıqla yazılmış satirik komediya adlandırmışdılar. Sizcə, bu yanaşma doğrudur?
Deməli belə, bir daha təkrar etməliyəm ki, mənim hansısa sosial, əxlaqi satira ilə əlaqəli niyyətim, belə bir xasiyyətim yoxdur. Tənqidçilərin Lolitada insan axmaqlığını lağa qoyub-qoymamağımla bağlı fikirləri məni qətiyyən maraqlandırmır. Amma Amerikanı lağa qoymağımla bağlı xəbərlər yayılanda əsəbiləşirəm.
– Bəs “Amerikan cahilliyi qədər əyləndirici ikinci bir şey yoxdur” fikrini siz yazmamışdınız?
Xeyr, mən belə şey deməmişəm. Bu cümlə konteksdən çıxarılmış və dənizin dərinliyində yaşayan yumru balıq kimi birdən-birə prosesin ortasında partlamışdı. Əgər romana əlavə etdiyim “Lolita adlı kitab haqqında” başlıqlı yazıma nəzər yetirsəniz, orada görərsiniz ki, mən “cahil bayağılıqla (Philistine vulgarity) – bunu həqiqətən əyləndirici hesab edirəm – Amerika və Avropasayağı münasibətlər arasında bir fərq yoxdur” demişəm. Daha sonra davamında deyirəm ki, Çikaqodan olan bir proletar ingilis zadəganı qədər meşşan təfəkkürlü ola bilər.
– Bir çox oxucu sizin “filistinizm” dedikdə daha çox Amerikanın seksual adət-ənənələrini nəzərdə tutduğunuzu deyir.
Bir institut kimi seks, ümumi anlayış kimi seks, problem kimi seks, bayağılıq kimi seks – bütün bunları söz üçün çox cansıxıcı şeylər hesab edirəm. Gəlin seks mövzusundan yan keçək.
– Çox uzatmadan bir şeyi də vurğulayım ki, bəzi tənqidçilərə görə freydizmin dəbliliyi ilə bağlı tikanlı şərhləriniz, amerikalı analitiklərin praktikasına xas şəkildə, mövzuyla tanışlıqdan doğan saymazyanalıq təsəvvürü yaradır.
– Yalnız kitab səviyyəsində tanışlıq. Bu işkəncənin özü zarafat olaraq belə düşünülməyəcək dərəcədə iyrənc və axmaqcadır. Freydizm, onun qrotesk effektli (absurd) eyhamları və üsulları ilə ləkələdiyi hər şey mənə insanların özləri və başqaları üzərində etdikləri ən murdar şarlatanlıq təsiri bağışlayır. Nadanların, mühafizəkarların və xəstə təfəkkürlü insanların pərəstiş etdiyi orta əsrlərdən qalma nəsnələrlə birlikdə onu büsbütün rədd edirəm.
– Xəstələr demişkən, siz Lolitada Humbert Humbertin gənc cazibədar qızlara qarşı iştahının qarşılıqsız qalan uşaqlıq sevgisindən qaynaqlandığını irəli sürmüşdünüz; “Edama dəvət” kitabınızda 12 yaşlı Emmi adlı bir qızın özündən iki dəfə böyük kişiyə qarşı erotik olaraq maraq göstərməsi haqqında yazmışdınız; və ya “Haram damğası” kitabınızda əsərin qəhrəmanı xəyal edir ki, Mariette (onun qulluqçusu) onun qızı rolunu oynamalı olduğu tamaşanın məşqi zamanı qucağında qaşqabaqlı şəkildə oturarkən, bu da oğrun-oğrun ondan həzz almaqdadır. Bəzi tənqidçilər sizin personanıza dair ipucu mahiyyəti daşıyacaq xırdalıqları ortaya çıxarmaq üçün əsərlərinizi nəzərdən keçirərək belə qənaətə gəlmişdilər ki, yetkinlik yaşına çatmayan qızlarla orta yaşlı kişilər arasındakı cinsi cazibə mövzusu kimi təkrarlanan bu cür məsələlər sizin bu mövzuya olan qeyri-sağlam marağınızın nəticəsidir. Fikrinizcə, bu iddia nə dərəcədə doğrudur?
– Məncə, bunu desəm, doğru olar ki, Lolitanı yazmasaydım, yəqin ki, oxucular digər əsərlərimdə və öz evlərində bu cür cazibədar qızları kəşf etməyəcəklərdi. Mehriban, nəzakətli birinin böyük ehtimal elə nəzakət xatirinə mənə, dil qabiliyyətindən asılı olaraq, “Mister Nabokov”, Mister Nabahkov”, “Mister Nabrov” və ya “Mister Nabohkov” şəklində müraciət edib, “Mənim Lolita kimi normal bir qızım var” deməyini çox əyləncəli bir şey hesab edirəm. İnsanlar təxəyyülümün gücünə və sistemli olaraq obrazları, şəxsiyyətləri təkmilləşdirmə qabiliyyətimə çox saymazyana yanaşmağa meyillidirlər və əlbəttə, tənqidçinin də xüsusi növləri olur: yabanı, mənafe cəngavəri, xoşbəxt cahil. Məsələn, kimsə Humbertin Rivieradakı uşaqlıq romantikası ilə 10 yaşım olanda Biarrits şəhərində birlikdə qumdan qalalar düzəltdiyim kiçik Kolettlə (Nabokovun xatirələrində bəhs etdiyi uşaqlıq məhəbbəti, əsl adı Claude Deprès olan 9 yaşlı fransız qız – tərc.) bağlı xatirələrim arasında təhkiyə bənzərliyi aşkar etmişdi. Qaraqabaq Humbert 13 yaşında idi və olduqca ekstravaqant seksual həyəcanlarla bütünləşmişdi, halbuki mənim Kolettlə olan romantikamda erotik arzulardan əsər-əlamət yox idi və bu, tamamilə normal, adi bir münasibət olmuşdu. Həmçinin, sözsüz ki, 9-10 yaşlarında, o dövrdə, indiki kimi mütərəqqi valideynlərin övladlarına öyrətdikləri həyatın yanlış faktları barəsində heç nə bilmirdik.
– Niyə məhz yanlış?
– Çünki balaca uşağın təxəyyül gücü – xüsusilə də şəhər mühitində böyümüş bir uşaq – yabanı arı ilə bal arısının fərqi haqqında nə valideyninin, nə də özünün başa düşdüyü ona verilən qəribə izahları, istər-istəməz, dərhal təhrif edir, ona yeni üslub qazandırır və ya onu tamamilə başqa formaya salır.
– Bir tənqidçinin “sözlərin, frazaların ritminə, harmoniyasına, konnotasiyasına maniakal diqqət” adlandırdığı şey hətta sizin bal və yabanı arınız olan Lolita və Humbertin adlarının seçimində də açıq şəkildə təzahür edib. Bu adlar ağlınıza necə gəldi?
– Nimfetim üçün lirik qıvraqlığa malik kiçildici ifadə vasitəsinə ehtiyacım var idi. Ən duru və parlaq hərflərdən biri “L”-dir. “İta” sonşəkilçisində isə hədsiz latın zərafəti duyulur ki, mənə də bu lazım idi. Nəticədə: “Lolita” ortaya çıxdı. Bununla belə, sizin və bir çox amerikalıların tələffüz etdiyi kimi, ağır, yapışqan “L” və uzun “O” ilə “Lou-lii-ta” şəklində səsləndirilməməlidir. Birinci heca “lollipop”dakı “l” kimi axıcı və zərif olmalı, “li” isə çox kəskin deyilməməlidir. İspanlar və italyanlar bu adı sözsüz ki, tam lazımi işvə və nəvazişli tonda tələffüz edə bilirlər. Başqa bir versiyada isə bu adın mənşəyi olan, gül və göz yaşları içərisindəki “Dolores”də var, əlbəttə. Mənim balaca qızımın ürəkağrıdan taleyi onun şirinliyi və ölgünlüyü ilə birgə nəzərə alınmalı idi. Dolores bundan əlavə onda başqa, daha sadə, tanış gələn və daha infantil effektli kiçiklik görüntüsü yaratmağa müvəffəq oldu. Haze soyadı ilə birlikdə gözəl səslənən, İrlandiya dumanları ilə bütünləşən alman dovşanı – “Dolli”. Bəli, mən bunu dedikdə balaca alman dovşanını nəzərdə tuturam.
– Siz, əlbəttə ki, bununla almancadakı “Haze” sözündan istifadə edib yaratdığınız söz oyununa istinad edirsiniz. Bəs Lolitanın bu yaşı ötmüş məhəbbətini bu qədər hədsiz cəlbediciliklə adlandırmağa sizi nə ruhlandırıb?
– Bu da çox asan idi. İkiqat gurultu, məncə, çox iyrənc və olduqca düşündürücüdür. Nifrət dolu bir insan üçün nifrət dolu bir ad. Bu həm də krallara xas bir addır və mənim də həm itaətkar, həm də sərt təbiətli Humbert üçün bu cür padşahyana bir ehtizaza ehtiyacım var idi. Burada eyni zamanda bir sıra cinaslara da yer verilib və bu müdhiş “Hum”, anasının dediyi kimi, sosial və emosional baxımdan “Lo” ilə bərabərhüquqludur.
– Başqa bir tənqidçi yazmışdı ki, “bu qədər çoxdilli yaddaşdan məhz doğru sözləri uğurla saf-çürük etmək, seçmək və onları bu qədər ortaq tərəflərə sahib mürəkkəb situasiyalarda tam doğru məqamda işlədə bilmək, yəqin ki, gərgin psixoloji əmək tələb edir”. Bu mənada, hansı kitabınızı yazmaq sizin üçün daha çətin başa gəlib.
– Ah, təbii ki, Lolita. Lazımi informasiyaya sahib deyildim; ilk çatışmazlığım bu idi. On iki yaşlı amerikalı bir qızın və Amerikanın necə olması ilə bağlı heç bir təsəvvürüm yox idi. Mən Amerika və Lolitanı özüm yaratmalı oldum. Rusiyanı və Qərbi Avropanı icad etmək təxminən qırx il vaxtımı almışdı, indi isə daha az bir vaxtda oxşar vəzifə ilə üz-üzə qalmışdım. Əlli yaşımda şəxsi təxəyyül dünyama ortasəviyyəli “həqiqəti” regional nüanslardan faydalanaraq daxil etmək gəncliyimin Avropasında olduğundan daha əziyyətli proses idi.
– Rusiyada doğulmağınıza baxmayaraq, Avropada olduğu kimi uzun illər Amerikada işləmiş və yaşamısınız. Güclü bir ümummilli mənsubluq duyğusuna sahibsinizmi?
– Mən amerikalı yazıçıyam, Rusiyada doğulmuş, Fransız ədəbiyyatına yiyələndiyim İngiltərədə təhsil almış, bundan əvvəl isə on beş ilimi Almaniyada keçirmişəm. 1940-cı ildə Amerikaya gəldim və Amerika vətəndaşı olmağa, buranı evim olaraq qəbul etməyə qərar verdim. İş elə gətirdi ki, Amerikanın ən yaxşıları ilə, onun zəngin intellektual həyatı, rahat, xoşxasiyyətli əhatəsi ilə tanış oldum. Özümü dərhal onun nəhəng kitabxanalarına, Böyük Kanyonunun öhdəsinə buraxdım, zooloji müzeylərinin laboratoriyalarında işlədim. Avropada olmadığı qədər çox dost qazandım. Kitablarım, köhnə və yeni olmaqla, heyranedici oxucular qazandı. Siqareti atıb bəhməzli konfetlər yediyim üçün Heybətli Kortesə dönüşdüm (Ernan Kortes (Heybətli Kortes) Meksikanı işğal edən məşhur ispan dənizçidir. Nabokov “Heybətli Kortes” birləşməsi ilə kökəlməsi arasında təşbeh edir. – tərc.). Nəticədə çəkim sıravi 63 kq-dan əzəmətli və gümrah görüntülü 90 kq-a qalxdı. Mənim üçdə birim amerikalıdır, keyfiyyətli Amerikan əti məni isti və təhlükəsiz şəraitdə saxlayır.
– Siz iyirmi ilinizi Amerikada keçirdiniz və heç vaxt sabit bir yaşayış və ya iş yerinə sahib olmadınız. Dostlarınız sizin mütəmadi olaraq motellər, kotteclər, hazır mebelli mənzillər və professorlara məxsus kirayə evlərdə məskunlaşdığınızı deyirlər. Davamlı olaraq müxtəlif məkanlarda məskunlaşmaq səbatsızlıq, yadlaşma kimi hissləri yaşadacaq qədər sizi narahat etmirdimi?
– Əsas, arxa plandakı səbəb olaraq bunu deyə bilərəm ki, fikrimcə, uşaqlıq həyatımın bənzərindən savayı bir həyatı yaşamaq məni xoşbəxt edə bilməzdi. Heç vaxt xatirələrimi tam olaraq nəyəsə uyğunlaşdıra bilməzdim; nəyə görə ümid yeri qoymayan ehtimallara baş vurmalıydım?! Daha sonra bəzi xüsusi səbəblər də var, əlbəttə: məsələn, təkan məsələsi, təkanverici qüvvəyə vərdiş. Özümü Rusiyadan kənara elə şiddətlə, elə qəzəbli qüvvə ilə tolazlamışam ki, o vaxtdan bəri bu yuvarlanma davam etməkdədir. Düzdür, daim o iştahaaçan şeyə – “tam ştatlı professora” dönüşmək arzusu ilə yaşadım, amma həmişə çəlimsiz “ştatdankənar işçi” olaraq qaldım. Bir neçə dəfə öz-özümə “aha, bax bura artıq daimi yuva üçün gözəl bir yerdir” deyən kimi, həmin an ağlımda dünyanın bir küncündə əyləşdiyim zaman qəribə şəkildə məhv edəcəyim digər küncdəki məkanları özü ilə birlikdə qabağına qatıb sürükləyən qar uçqununun vahiməli səsini eşidirəm. Sonda onu deyə bilərəm ki, stollara, stullara, mebellərə, lampalara, kilimlərə çox da əhəmiyyət vermirəm. Bəlkə də bolluq içində keçirdiyim uşaqlığımda maddi sərvətə həddindən artıq bağlılıq anlayışına qarşı daim istehzalı nifrətlə yanaşmağı öyrəndiyim üçün bu belə olub, hətta o dərəcədə ki, inqilab bu sərvəti ləğv edəndə belə heç bir iztirab və peşmanlıq hissi keçirmədim.
– Rusiyada iyirmi, Qərbi Avropada iyirmi, Amerikada iyirmi il yaşadınız. Lakin 1960-cı ildə Lolitanın qazandığı uğurdan sonra Fransa və İsveçrəyə doğru hərəkət etdiniz və o vaxtdan bəri Amerikaya qayıtmamısınız. Amerikalı yazıçı kimliyinizə baxmayaraq, Amerika dövrünüzün bitdiyini hesab edirsinizmi?
– İsveçrədə sırf şəxsi səbəblərə görə yaşayıram; ailəvi və özəl bir kitab üçün xüsusi araşdırma kimi peşəmlə bağlı bəzə səbəblərdən ötrü. Yaxın vaxtlarda Amerikaya, oradakı kitab yığınları və dağ aşırımlarının yanına qayıtmağı ümid edirəm. Nyu-Yorkda ideal şəkildə qurulmuş, ən üst mərtəbədə tamamilə ətraf səslərə qarşı izolyasiyalı, yuxarıdan ayaq səslərinin, haradansa musiqi səsinin gəlmədiyi bir mənzil və ya cənub-qərbdə balaca bir kottec. Bəzən düşünürəm ki, yenidən bir universiteti rövnəqləndirmək, ya heç, ya da ən azından müntəzəm olaraq dərs vermədən, sadəcə orada məskən salıb yazmaq əyləncəli olardı.
– Yeri gəlmişkən, burada – otel otağında bütün hesabatlardan uzaq, oturaq həyat tərzi yaşayırsınız. Vaxtınızı necə keçirirsiniz?
– Qışda təxminən saat yeddi radələrində oyanıram; zəngli saatım böyük, parlaq, qara rəngli, sarı dimdikli, eyvanımı ziyarət edib ahəngdar şəkildə qaqqıldayan Alp qarğasıdır. Bir müddət çarpayımda uzanıqlı qalıb hər şeyi nəzərdən keçirir, gündəlik planlaşdırmalarımı aparıram. Təxminən səkkizdə üzümü təraş edir, səhər yeməyi yeyir, meditasiya edib vanna qəbul edirəm. Sonra günorta yeməyinə qədər iş otağımda məşğul oluram, arvadımla göl ətrafında qısa bir gəzinti etmək üçün vaxt ayırıram. 19-cu əsrin demək olar ki, bütün məşhur rus yazıçıları müxtəlif vaxtlarda buralarda gəzişiblər. Zukovski, Qoqol, Dostoyevski, sağlamlığına zərər vermək üçün otel işçilərinə dilxoşluq edən Tolstoy və bir çox rus şairləri. Daha sonra Nitsa və Roma haqqında da danışmalı çox şey var. Saat bir radələrində nahar edirik, ikinin yarısı iş masamın başına qayıdıram və saat altıya kimi aramsız, müntəzəm işləyirəm. Daha sonra ingilis qəzetləri üçün bir köşkə baş çəkirəm və saat yeddidə şam edirəm. Yeməkdən sonra işləmirəm. Saat təxminən doqquzda çarpayıma uzanıram, on ikinin yarısına kimi oxuyuram və həmin vaxtdan gecə saat birə qədər yuxusuzluqla əlləşirəm. Həftədə təxminən iki dəfə köhnə yuxularımın məhsullarından olan xoşagəlməz obrazların müəyyən dərəcədə yenilənmiş məkanlarda ortaya çıxdığı, ala-toran təsəvvürlər, gündəlik düşüncələrdən müəyyən fraqmentlər, etibarlılığı olmayan mexaniki görüntülərin təzahür etdiyi, mümkün freydist eyhamlar və ya şərhlərdən xali, lakin adətən yorğun gözlərin üzərini örtən göz qapaqlarının daxili səthində meydana çıxan fiqurların qeyri-adi şəkildə dəyişmə prosesinə bənzər, olduqca uzun və yaxşı bir kabus görürəm.
– O düzdür ki, makinadan istifadə etmədən, özü də ayaq üstə yazırsınız?
– Bəli, heç vaxt makinada yazmağı öyrənmədim. Ümumiyyətlə, günə iş otağımdakı klassik dizaynlı, gözəl kürsüdə başlayıram. Daha sonra cazibə qüvvəsinin baldırlarımı didişdirdiyini hiss edəndə sadə quruluşlu yazı masasının arxasındakı rahat oturacağa yayxanır, nəhayət, həmin qüvvə onurğa sütunumla yuxarı dırmaşmağa başlayanda isə kiçik kabinetimin küncündəki divana uzanıram. Bu, ruhoxşayan bir günəş rejimidir. Amma gənc olanda, iyirmi-otuz yaşlarımda tez-tez çarpayımda uzanıb siqaret çəkər və yazardım. İndi işlər dəyişib. Üfüqi proza, şaquli poeziya və oturuşmuş sxolastika alliterasiyanı pozmaqda, seçicilər sinfini təbəddülata uğratmaqdadır.
– Bizə bir neçə təsadüfi qeydləri və ya davam etməkdə olduğunuz əsərdən çıxarışları oxumaqla, bir kitabın cücərməsində iştirak edən faktiki yaradıcılıq prosesi haqqında daha çox məlumat verə bilərsinizmi?
– Əlbəttə ki, xeyr. Zühur etməkdə olan bir rüşeym əsla kəşfiyyat əməliyyatına məruz qala bilməz. Amma başqa bir şey edə bilərəm. Bu qutuda bir sıra indeksli kartlar var, orada müxtəlif, müəyyən qədər də yaxın vaxtlarda etdiyim, həmçinin “Solğun alov”u yazarkən kənara atdığım qeydlər yer alır. Bunlar bir növ xırda imtinalar yığınıdır. Bir neçəsini sizin üçün oxuyacağam. [kartları oxumağa başlayır]:
“Selena – ay. Selengisk – Sibirdə qədim bir şəhər: ay-roket şəhərciyi”… “Giləmeyvə: səssiz qu quşunun dimdiyindəki qara düymə”… “Sürfə: sapdan asılı qalan tırtıl”… “The New Bon Ton Magazine” jurnalının beşinci cildi, 1820, səhifə 312, fahişələr “şəhər qızları” adlandırılır”… “Tələbə romanı oxuyarkən “kitab haqqında öz təsəvvürünü əldə etmək və müəllifin təsirinə düşməmək naminə” əsər haqqındakı pasajların üzərindən keçdiyini açıqlayır”… “Naprapatiya”: dildəki ən eybəcər söz”.
“Və yağışdan sonra muncuqlu məftillərdə bir quş, iki quş, üç quş və heç nə yoxdur. Lehməli təkərlər, günəş”… “Şüursuz zaman – daha aşağıdakı heyvanat aləmi; şüurlu zaman – insan; zamansız şüur – müəyyən qədər daha yüksək haləti-ruhiyyə” … “Biz sözün özü ilə deyil, onların kölgəsində düşünürük. Ceyms Coysun heyrətamiz zehni monoloqlarından savayı əsas səhvi ondan ibarətdir ki, o, sözlərə həddən artıq verbal mahiyyət qazandırır”… “Nəzakət parodiyası: misilsiz “lütfən” ibarəsi – firmaların müştərilərinə göndərdikləri məhsulların üzərindəki çap kağızlarında özləri haqqında sarsaqcasına yazdıqları “Lütfən, gözəl şeylərinizi bizə göndərin” cümləsi”.
“Gecə, lap gec saatlarda, şaxtalı, tərk edilmiş bir stansiya platformasında saf, fasiləsiz, ciyiltili bir gülüş”… “Torso Killer May Beat Chair” manşeti, ola bilsin, “Celui qui tue un buste peut bien battre une chaise” (Bir büstü öldürən bir stulu da yaxşıca məğlub edə bilər. – fr.) şəklində tərcümə oluna bilər”… “Qəzet satıcısı hekayəmin də dərc olunduğu bir dərgini mənə verir: Keyfiyyətli jurnallar gətirmisən”.
“Qar yağır, gənc ata balaca övladıyla çölə çıxır, uşağın burnu çəhrayı albalıya bənzəyir. Nəyə görə bir valideyn yad bir adam onun oğlu və ya qızına gülümsəyəndə dərhal qulağına nəsə pıçıldayır? “Əlbəttə” – ata uşağının qısa bir müddət sorğu-sualla dolub-daşan naqqallığına cavab olaraq deyir; gülümsəməsəydim, qarlı havada sakitcə keçib gedəcəkdilər”… “Sütunlararası: iki ağ sütun arasında qara-mavi səma.”
“Mən, – deyir ölüm, – hətta Arkadya diyarında belə qaçılmazam – bir çoban məzarı əfsanəsi (Arkadia – Qədim Yunan mifologiyasında çobanların, ovçuların asudə şəkildə həyat sürdüyü utopik şəhər – tərc.)”… “Marat kəpənəkləri toplayır”… “Estetik baxımdan tenya (bağırsaq qurdu – tərc.) arzuolunmaz bir kirayənişindir. Ağır seqmentlər mütəmadi olaraq insanın anal kanalından, bəzən zəncirvari şəkildə çölə doğru sürünür və bunun bir sosial utanc mənbəyi olduğu bildirilir.
– Bu cür bir-birilə rabitəsiz təəssüratları, sitatları toplamağa və qeyd etməyə sizi nə ruhlandırır?
– Yeganə bildiyim şey bir romanın inkişaf mərhələsinin lap əvvəlində daxilimdə xırda çay daşları yemək, saman, tük qırıntıları toplamaq kimi istəyin meydana çıxmasıdır. Heç kəs bir quşun aydın şəkildə gələcəkdə öz yuvasını və içindəki yumurtaları və ya ümumiyyətlə, nəyi necə təsəvvür etdiyini anşıra bilməyəcək. Daha sonra şeylərin düzgün adlarını, ölçüsü və rəng tonlarını vərəqlərə tökmək, əslində, yazı işi ilə bağlı əlavə informasiya əldə etmək ehtiyacı yaranmamışdan qabaq belə onları yazıda əks etdirməyim üçün mənə güc gələn qüvvəni xatırlayanda, daha yaxşı bir ifadə tapmaq naminə ilham dediyimiz şeyin onsuz da iş başında hazır dayandığını, səssiz şəkildə ona və ya buna işarə edərək naməlum bir kompozisiya xatirinə məlum materiallar yaratmaqda yardımçım olduğunu güman etməyə meyilli oluram. İlk tanınma sarsıntısından, anidən gələn “yazacağım şey, bax budur” duyğusundan sonra roman ərsəyə gəlməyə başlayır; proses kağız üzərində yox, yalnız düşüncədə irəliləyir və onun çatdığı istənilən mərhələdən xəbərdar olmaq üçün hər konkret frazanın, cümlənin fərqində olmaq məcburiyyətində deyiləm. Daxilimdə xəfif yüksəliş nişanəsi duyur, qəribə bir qıvraqlıq hiss edirəm, bilirəm ki, bütün təfərrüatlar artıq oradadır, əslində, daha yaxından baxsam və maşını dayandırıb daxili bölməsini açsam, onları aşkar şəkildə orada görə bilərəm; lakin, ümumi olaraq, ilham deyilən şeyin mənim üçün tapşırığı tam bitirməsinə qədər gözləməyi üstün tuturam. Elə bir an gəlir ki, mən daxilimdən artıq bütün strukturun hazır olduğu məlumatını alıram. İndi etməli olduğum yeganə şey qələm və ya karandaş vasitəsilə onların qeydiyyatını aparmaqdır. Bütün struktur insan zehnində sayrışmağa başlayanda biz onu bir rəsm əsərinin çəkilməsi ilə müqayisə edə bilərik və onun düzgün formada qavranılması üçün rəsm əsərindəki kimi, tədricən soldan sağa doğru işlənilməsi lazım olmadığına görə, yazıda olan tənzimləmələri həyata keçirərkən əlimdəki fənərin işığını bu rəsmin hər hansı hissəsi və ya zərrəsi üzərinə yönləndirə bilirəm. Romanıma onun başlanğıc hissəsindən başlamıram, dördüncü fəslin kandarına çatmamış, üçüncü fəslə addım atmıram, ardıcıl şəkildə bir səhifədən digər səhifəyə vəzifəsinə sadiq adam şüuruyla keçmirəm; xeyr, kağızdakı bütün boşluqları doldurana qədər bir az oradan, bir az buradan saf-çürük edirəm. Buna görə də romanlarımı, hekayələrimi indeksli kartlarda yazmağı, bütün dəst tamamlandıqdan sonra isə onları nömrələməyi xoşlayıram. Hər bir kart dəfələrlə yenidən yazılır. Makinada yazılan bir səhifə təxminən üç kartdan ibarət olur və nəhayət, düşüncədə canlanan rəsmin tərəfimdən fiziki baxımdan mümkün olduğu qədər inamla köçürüldüyünü hiss etdikdən sonra – təəssüf ki, həmişə bir neçə boşluq qalır – romanı makinada üçlü kopyalar halında yazması üçün arvadıma diktə etməyə başlayıram.
– Bir romanın “düşüncədə canlanan rəsmini” hansı mənada köçürürsünüz?
– Yaradıcı bir yazıçı, hər şeyə qadir olan (Tanrı) da daxil olmaqla, rəqiblərinin əsərlərini diqqətlə öyrənməlidir. O, yalnız parçaları yenidən birləşdirməkdə deyil, həm də verilən dünyanı yenidən yaratmaqda anadangəlmə istedada malik olmalıdır. Biliksiz təxəyyül insanı ibtidai incəsənətin arxa həyətindən, hasarın üstündəki uşağın cızma-qarasından, bazardakı çərənçinin ötürdüyü mesajdan uzağa aparmır. İncəsənət heç vaxt sadə olmayıb. Mühazirə oxuduğum günlərə qayıtsaq: Bir dəfə nəsr və ya nəzmə verilə biləcək ən böyük iltifat təəssüratı altında bir tələbənin səsləndirdiyi “Flober həmişə sadə və səmimi bir üslubda yazır” cümləsindəki həmin o vahiməli “səmimi və sadə” ifadəsinə görə, qeyri-iradi ona aşağı qiymət vermişdim. Qələmlə, az qala, kağızı cıracaq qədər sərt şəkildə həmin cümlənin üstündən xətt çəkdikdə, tələbə həmişə müəllimlərinin ona bunu öyrətdiyindən şikayətlənirdi: “İncəsənət bəsitdir, səmimidir”. Bir gün mütləq bu vulqar absurdizmin mənbəyini axtarıb tapmalıyam. Ohayodakı bir məktəb şagirdidirmi, Nyu Yorkdakı proqressiv bir eşşəkdirmi – bilmirəm. Şübhəsiz ki, incəsənət ən yüksək həddə, ecazkar dərəcədə hiyləgər və mürəkkəb anlayışdır.
– Müasir incəsənət baxımından modern abstrakt rəssamlıq mürəkkəb və ya sadə, səmimi və ya hiyləgər olmaqla, müxtəlif tənqidi yanaşmalara bölünüb. Bu barədə sizin fikriniz nədən ibarətdir?
– Abstrakt və ibtidai incəsənət arasında əsaslı heç bir fərq görmürəm. İkisi də sadə və səmimidir. Təbii ki, bu məsələlərdə ümumiləşdirmə aparmamalıyıq: mühüm olan fərdi sənətkarın özüdür. Lakin bir anlıq “müasir incəsənəti” ümumi anlayış kimi qəbul etsək, o zaman etiraf etməliyik ki, onun problemi bu qədər basmaqəlib, təqlidçi, akademik olmasındadır. Sızanaqlar və ləkələr sadəcə yüz il əvvəlki kütləvi gözəlliyi, italiyalı qızların, gözəl dilənçilərin, romantik xarabalıqların və s. simalarını dəyişdirdi. Lakin eynilə o banal yağlı boyaların arasından daha zəngin işıq və kölgə oyunu, özünəməxsus zorakılıq və mərhəmət zolağıyla əsl sənətkarın əsəri çıxa bildiyi kimi, primitiv və abstrakt sənətin qabarları arasında da qənirsiz bir istedadın parıltısına tuş gəlmək olar. Rəsmlərdə və kitablarda yalnız istedad, fərdi töhfə məni maraqlandırır, nəinki ümumi ideyalar.
– Cəmiyyətə verilən töhfə?
– Bir sənət əsərinin cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Bu, yalnız fərd üçün vacibdir və mənim üçün də ancaq fərdi oxucu mühüm əhəmiyyət kəsb edir. Mən qrupa, cəmiyyətə, kütlələrə və s. əhəmiyyət vermirəm. “Sənət sənət üçündür” şüarına önəm verməsəm də – çünki əfsuslar olsun ki, onun təbliğatçıları, məsələn, Oskar Uayld və müxtəlif zərif şairlər, əslində, saf əxlaq himayəçiləri, didaktiklər idilər – heç bir şübhə ola bilməz ki, bir əsəri qurdlanmadan, paslanmadan qoruyan onun ictimai əhəmiyyəti yox, sənətidir, yalnız sənəti.
– Öz əsərinizin “qurdlanma və paslanmaya qarşı təhlükəsiz vəziyyətdə” qalacağını güman edirsinizmi?
– Əlbəttə ki, bu nailiyyət məsələsində 35 illik plan və ya proqramım yoxdur, lakin ölümümdən sonrakı ədəbi həyatıma dair çox yaxşı təsəvvürə sahibəm. Artıq müəyyən vədlərin yelini hiss etmişəm. Şübhəsiz, eniş-yoxuşlar, uzunmüddətli tənəzzül dövrləri olacaq. İblisin razılığı ilə 2063-cü ildəki qəzetlərdən birini açıram və kitablar səhifəsindəki məqalədə belə bir cümlə qarşıma çıxır: “Bu gün heç kim Nabokovu və ya Fulmerfordu oxumur”. Dəhşətli sual: “Bu bəxtsiz Fulmerford kimdir?”
– Özünü dəyərləndirmə mövzusuna gəlmişkən, bir yazıçı kimi unudula bilmə ehtimalından savayı nəyi başlıca çatışmazlıq hesab edirsiniz?
– Özgünlüyün əskikliyi; paralel, ikinci və üçüncü düşüncələrin verdiyi narahatlıq; hamam otağımda, düşüncəmdə, iş masamın arxasında istənilən lənətə gəlmiş cümləni qondarmadıqca özümü ifadə edə bilməməyin yaratdığı acizlik.
– Belə demək mümkünsə, hazırda olduqca yaxşı işləyirsiniz.
– Bu bir illuziyadır.
– Onda sizin bu cavabınız, haqqınızda deyilən “islaholunmaz kələkbaz”, “mistikaçı”, “ədəbi, casus provokator” tənqidlərinin təsdiqi kimi qəbul edilə bilər. Özünüzü necə görürsünüz?
– Məncə, özümlə bağlı ən çox sevdiyim fakt bundan ibarətdir ki, heç vaxt bir tənqidçinin çərənləmələrindən, qəzəbindən qorxmamışam və ya həyatım boyu heç vaxt kimsədən şərh verməsini istəməmiş, tənqidinə görə kiməsə təşəkkür etməmişəm. İkinci ən sevdiyim fakt isə – yoxsa biri ilə kifayətlənməliyəm?
– Xeyr, davam edin, zəhmət olmasa.
– İkinci olaraq, gəncliyimdən bəri – Rusiyanı tərk edəndə 19 yaşım var idi – siyasi dünyagörüşümün boz qaya kimi müdafiəsiz, dəyişilməz qalması faktı. Bu dünyagörüşü basmaqəlib olduğu ana qədər klassik xarakterə malikdir. Söz azadlığı, düşüncə azadlığı, sənət azadlığı. İdeal dövlətin sosial və ya iqtisadı strukturu məni elə də maraqlandırmır. Arzularım təvazökardır. Hökümət başçısının portretlərinin ölçüsü poçt markasının ölçüsünü keçməməlidir. Edam və işgəncə olmamalı, qulaqlıqda səslənənlər və ya teatrdakı səhnələrdən savayı musiqiyə yer verilməməlidir.
– Niyə musiqiyə yox?
– Musiqi qulağım yoxdur, həmişə bu nöqsanıma görə təəssüflənmişəm. Təxminən beş ildən bir reallaşan konsertə diqqətimi yönəldən zaman oradakı səslərin ardıcıllığını, rabitəsini izləməyə çalışıram, lakin bu proses bir neçə dəqiqədən artıq çəkmir. Vizual təəssüratlar, cilalanmış taxta parçalarının üzərində əks olunan əllər, skripka üzərində çalışan möhnətkeş bir keçəlbaş və daha sonra qısa bir zamanda musiqiçilərin bütün bu hərəkətlərindən hədsiz dərəcədə sıxılmağa başlayıram. Musiqi biliklərim çox cüzidir; bu məsələdə cahilliyimi və bacarıqsızlığımı belə kədərli, ədalətsiz hesab etməyimin xüsusi səbəbi var: Ailəmdə gözəl bir ifaçı var – oğlum. Onun böyük istedadı, bəm səsinin nadir gözəlliyi və dəbdəbəli karyera vədləri – bütün bunlar mənə dərindən təsir edir və musiqiçilər arasındakı texniki məzmunlu müzakirə zamanı özümü axmaq kimi hiss edirəm. Musiqinin bədii formaları ilə ədəbiyyat arasında, xüsusən də struktur məsələləri nöqteyi-nəzərindən çoxlu paralellər olduğunu mükəmməl bilirəm, lakin qulaq və beyin bu əməkdaşlıqdan imtina edirsə, mən nə edə bilərəm?! Lakin şahmatda musiqinin qeyri-adi bir əvəzedicisini kəşf etmişəm – daha doğrusu, şahmat problemlərinin tərtibatında.
– Başqa bir əvəzləyici heç şübhəsiz, sizin ahəngdar proza və poeziyanız olmuşdur. Bir neçə dildə bəlağətli şəkildə yaza bilmə bacarığına malik olan azsaylı müəlliflərdən biri kimi, eyni dərəcədə ustad hesab olunduğunuz rus və ingilis dilləri arasındakı mətn fərqlərini necə səciyyələndirərdiniz?
– Söz sayı baxımından ingilis dili rus dilindən olduqca zəngindir. Bu, xüsusilə isim və sifətlərdə nəzərə çarpır. Ruscanın təqdim etdiyi ən zəhlətökən xüsusiyyət texniki terminlərin kasadlığı, qeyri-müəyyənliyi və yöndəmsizliyidir. Məsələn, ingilis dilindəki “to park a car” (avtomobili dayanacağa qoymaq) kimi sadə bir birləşmə rus dilinə “avtomobili uzun müddət ayaq üstə qoymaq” şəklində tərcümə olunur. Rusca, ən azından, nəzakətli rus dili nəzakətli ingilis dilindən daha formaldır. “Polovoy” sözü “sexual” (seksual) sözünə nisbətən bir qədər nalayiqdir və onun həndəvərində çox fırlanmaq mümkün deyil. Eyni şey ingiliscədə danışıqda hər addımbaşı və tanış şəkildə təzahür edən müxtəlif anatomik və bioloji anlayışların əks olunduğu başqa rusca terminlərinə də aiddir. Digər tərəfdən bəzi hərəkət, jest, emosiya ilə əlaqəli nüansları ifadə edən sözlər var ki, burada rus dili üstünlük təşkil edir. Beləliklə, bir çox önşəkilçinin köməyilə feillərin başlanğıc formasını dəyişərək rus dilində intensivliyin və sürəkliliyin son dərəcə zərif çalarlarını ifadə edə bilərsiniz. İngilis dili sintaktik olaraq çox çevik vasitələrə malik bir dildir, lakin rusca sizə daha da ustacasına bükümlər və döngələr verə bilər. Ruscadan ingiliscəyə tərcümə ingiliscədən rucaya tərcümədən bir az, ingiliscədən fransızcaya tərcümədən isə on qat daha asandır.
– Bir də heç vaxt rus dilində roman yazmayacağınızı demişdiniz. Niyə?
– Rus intellektuallarının böyük və hal-hazırda tam olaraq bilinməyən sürgün erasında – gözəyarı desək, 1920-1940-cı illərdə – mühacir ruslar tərəfindən yazılan və xaricdəki mühacir nəşriyyatlar tərəfindən dərc edilən kitabları mühacir rus oxucular alsalar da, onlar Sovet Rusiyasında tamamilə qadağan edildi. Hekayə və şeirin mövzusundan asılı olmayaraq, bu yaxınlarda ciddi senzuraya məruz qalmış əsərləri yenidən nəşr olunan Kuprin və Bunin kimi bir neçə ölü müəllif istisna olmaqla, vəziyyət hələ də olduğu kimi qalır. Tutaq ki, Parisdə nəşr olunan və bütün azad Avropada satılan bir mühacir romanı o illərdə 1.000 və ya 2.000 tirajla satıla bilərdi ki, bunu bestseller hesab etmək olardı, lakin hər nüsxə eyni zamanda əldən ələ keçməklə 20 nəfər tərəfindən oxunurdu və əgər Şərqi Avropada yerləşən, oxuculara müvəqqəti rusca kitablar verən, sayı yüzlərlə ölçülən kitabxanalar tərəfindən tədarük edilərdisə, ildə ən azı 50 nəfər tərəfindən oxunmalıydı. Sürgün dövrünün II Dünya Müharibəsi ərəfəsində bitdiyini demək olar. Köhnə yazıçılar öldü, rus naşirləri də yox olub getdi, öz əzəməti, canlılığı, saflığı və əks-səda doğuran gücü ilə bu didərgin mədəniyyətinin ab-havası isə istedadı qan azlığından əziyyət çəkən, əyalət təfəkkürlü, rusdilli periodik nəşrlərdən ibarət sərpintiyə dönüşdü. İndi gələk mənim vəziyyətimə: əhəmiyyətli olan maliyyə tərəfi deyildi. Rusca yazdıqlarımın il ərzində mənə bir neçə yüz dollardan artıq qazanc gətirdiyini düşünmürəm və mən guşənişinliyin , yalnız bir oxucunu, yəni özümü məmnun etməyin tərəfdarıyam. Amma yenə də insan, qarşılığı olmasa da, müəyyən qədər əks-sədaya, ölkə və ya ölkələrdə sahib olduğu varlığının mötədil şəkildə yayılmasına ehtiyac duyur; və masanın ətrafında boşluqdan savayı bir şey yoxdursa, ən azından, bunun gurultulu bir boşluq olması, yastıqlı həbsxana kamerasının divarları ilə əhatə olunmamasına ümid edir. İllər keçdikcə Rusiyaya olan marağım azaldı, polis dövlətinə və siyasi təzyiqə qarşı nifrətim geri qayıtmaqla əlaqədar ən mübhəm, əyləncəli xəyallarımın üstündən xətt çəkməyə davam etdikcə kitablarımın gələcəkdə qadağan ediləcəyi ilə bağlı cansıxıcı ehtimallara münasibətdə artıq daha laqeyd mövqe sərgiləməyə başladım. Xeyr, rus dilində başqa roman yazmayacağam, baxmayaraq ki, hərdənbir özüm üçün qısa şeirlər yazıram. Rusca sonuncu romanımı iyirmi beş il əvvəl yazmışam. Amma bu gün bunu kompensasiya edib kiçik amerikalı ilham pərimə ədalət ruhuyla yanaşaraq başqa bir şeylə məşğul oluram. Lakin bəlkə də ilkin mərhələdə bunun haqqında danışmamalıyam.
– Buyurun, zəhmət olmasa, açıqlayın.
– Yaxşı, bir gün Lolitanın mütaliə etmədiyim bir sıra dillərdə – yapon, fin, ərəb – nəşr edilən nüsxələrinin rəflərdəki rəngarəng sütunlarına nəzər yetirərkən ağlıma belə bir fikir gəldi ki, bu tərcümələrin on beş-iyirmi versiyasındakı səhvlər bir yerə toplanılsa, bəlkə də həcm baxımından onların hər hansı birini üstələyər. İlk tirajında çox yaxşı vəziyyətdə olan fransızca tərcüməsini yoxlamışdım, lakin yenə də müəyyən düzəlişləri etməsəydim, qaçılmaz səhvlərlə dolub daşacaqdı. Amma portuqal, ibri, dan dillərinə edilmiş tərcümələri ilə nə edə bilərdim? Daha sonra ağlıma başqa bir şey gəldi. Başqa bir adamın uzaq gələcəkdə Lolitanın rusca versiyasını hazırladığını xəyalımda canlandırdım. Daxilimdəki teleskopu uzaq gələcəkdəki həmin nöqtəyə tuşladım və hər abzasda dəhşətli səhvlərə yol verilə biləcəyini, mətnin tələlərlə dolub daşacağını gördüm. Zərərverici bir xam adamın əlində Lolilatının rus versiyası tamamilə pozulacaq, bayağı ifadələrə, kobud səhvlərə məruz qalacaqdı. Nəhayət, ona görə də özüm tərcümə etmək qərarına gəldim. İndiyə qədər artıq altmışa yaxın səhifə hazırdır.
– Hal-hazırda hər hansı yeni layihə üzərində işləyirsinizmi?
– Yaxşı sualdır. Puşkinin Yevgeni Onegin əsəri üzərindəki sonuncu düzəlişlərimi yenicə bitirmişəm, bu il Bollinqen seriyasında dörd cilddə çapdan çıxacaq, poemanın əsl tərcüməsi birinci cildin kiçik bir hissəsini tutur. Həmin cildin qalan hissəsi, ikinci, üçüncü və dördüncü cildlərində mövzu ilə bağlı çoxlu qeydlər yer alır. Bu əsər 1950-ci ildə, hər dəfə tələbələrim üçün yenidən nəzərdən keçirməkdən təngə gəldiyim Yevgeni Oneginin qafiyəli parafrazları haqqında yoldaşımın “niyə özün tərcümə etmirsən?” kimi gəlişigözəl ifadəsi nəticəsində ərsəyə gəlməyə başladı. Bu da nəticəsi. Təxminən on il əmək sərf olundu. Təkcə indeks üçün üç uzun ayaqqabı qutusunda 5.000 kart istifadə olundu; onları orada, o rəfdə görə bilərsiniz. Mənim tərcüməm, əlbəttə, bir poni, kiçik bir beşik kimidir – sözbəsöz, hərfi tərcümədir. Köçürmənin sədaqətinə hər şeyi qurban vermişəm: zəriflik, ahəngdarlıq, fəsahət, şirinlik, müasir işlənmə metodları, hətta qrammatika.
– Bu etiraf edilən qüsurları nəzərə alsaq, kitab haqqında rəyləri oxumağı səbirsizliklə gözləyirsiniz?
– Özüm haqqında rəyləri, indi və sonrasında ortaya çıxacaq xüsusi fəhmə malik zəkaların şedevrlərini çıxmaq şərtilə, həqiqətən oxumuram və arvadımın topladığı, bəlkə günlərin birində nimfetin iztirablarının qısa tarixini yazmaq üçün Lolita haqqındakı bu hədsiz əyləncəli horra parçalarına bənzər yazılardan istifadə etməli olsam belə, bundan sonra da heç vaxt oxumayacağam. Lakin buna baxmayaraq, otuz il əvvəl yazdığım ilk romanlar haqqında rus mühacir tənqidçilərinin hücumlarını çox aydın şəkildə xatırlayıram. Bu, o yaşlarda həssas olmağımdan-filan qaynaqlanmırdı, sadəcə yaddaşım sözügedən dövrə görə qeyd-şərtsiz daha iti və ayıq idi, həm də axı mən özüm də bir tənqidçi idim. 1920-ci illərdə mütəşəkkil mistisizmə, dinə, kilsəyə – hər hansı kilsəyə – qarşı laqeyd münasibətimi əsla həzm edə bilməyən Moçulski (Konstantin Moçulski – ədəbi tənqidçi. tərc.) adlı bir nəfər mənə cırmaq atmışdı. Ədəbi “proseslərdən” uzaq qaldığım, dövrün şairlərinin hiss etməsini istədikləri “narahatlıqları” dilə gətirmədiyim, Parisdəki kafelərin arxa otaqlarında ortaq ilhama sahib şair qruplarının heç birinə aid olmadığım üçün məni qəbullana bilmirdilər. Yaxşı şair, lakin kobud bir tənqidçi olan Georgi İvanovla bağlı baməzə bir əhvalat da var. Mən heç vaxt o və onun ədəbiyyatçı arvadı İrina Odoevtseva ilə görüşməmişəm; lakin bir gün, 1920-ci illərin sonu 1930-cu illərin əvvəllərində, Berlindəki mühacir qəzetlərdən biri üçün kitabları nəzərdən keçirərkən, onun arvadı Parisdən üzərinə hiyləgərcəsinə qeyd etdiyi “Krala, kraliçaya, Cekə sevgilərlə” aftoqraflı bir romanının nüsxəsini mənə göndərmişdi, mən də bunu “kitabı yazdığınız üçün təşəkkürlər” kimi başa düşməkdə azad idim, lakin bu da onun əlinə belə bir bəhanə verə bilərdi: “Kitabını mənə göndərdiyin üçün minnətdaram”, baxmayaraq ki, ona heç vaxt heç nə göndərmədim. Kitabının acınacaqlı dərəcədə əhəmiyyətsiz olduğu ortaya çıxdı və mən də bunu qısa, xoşagəlməz bir yazıyla dilə gətirdim. İvanov da mən və əşyalarımla bağlı hədsiz şəxsi məzmunlu, kobud məqalə ilə əks-həmlə etdi. Bu sənətin çala-çuxur tərəflərindən biri də ədəbi tənqid vasitəsilə dost və ya qeyri-dost hisslərin ifşasına imkan yaratmasıdır.
– Bir tənqidçinin “gözəl və orijinal ağıla sahib” kimi fikirlərindən əlavə, eyni zamanda “ümumiləşdirici intellekt elə də nəzərə çarpmır” və “ideyalara inanmayan tipik sənətkar” kimi tənqidlərinin də yer aldığı, qarışıq duyğuların təzahürü olan yazısına münasibətiniz necədir?
– Bəzi adamayovuşmaz lepidoteristlər (lepidoptera (kəpənək, güvə) haqqında elm – tərc.), demək olar, eyni əhval-ruhiyyə ilə kəpənəklərin təsnifatıyla bağlı işlərimi tənqid edərək məni ailə və cinsləri araşdırmaq əvəzinə, daha çox altcins və yarımnövlərlə maraqlanmaqda ittiham etmişdilər. Bu cür münasibət, məncə, insanın psixi xarakteristikasından irəli gəlir. Ortasəviyyəli kültürə və hədsiz dar düşüncəyə sahib (filistinist) kəs, bir kitabın böyük olması üçün mütləq böyük ideyaları özündə ehtiva etməli olduğuyla bağlı hiyləgər düşüncədən xilas ola bilmir. Ah, mən bu tipi, bu bezdirici tipi yaxşı tanıyıram. O, bol ədviyyatlı sosial şərhlərdən ibarət nağılları sevir; o, müəllifin düşüncələrində, öz düşüncələrini, iztirablarını kəşf etməkdən həzz alır; o istəyir ki, personajlardan, heç olmasa, biri müəllifin əlində alətə çevrilsin. Əgər o amerikalıdırsa, onda bir qədər marksist qanı var, yox əgər britaniyalıdırsa, kəskin və komik formalı sinfi şüura sahibdir; fikirlər haqqında yazmağı sözlər haqqında yazmaqdan daha asan hesab edir; o hələ dərk etmir ki, müəyyən bir yazıçıda ümumi fikirlər tapmamasının səbəbi, bəlkə də həmin yazıçıdakı konkret ideyaların hələ ümumiləşməməsidir.
– Əksər oxucular tərəfindən həm əhatə dairəsi, həm də önəminə görə universal hesab olunan mövzuları ələ almış Dostoyevski dünyanın ən dahi yazıçılarından biri hesab olunur. Bununla belə, siz yenə də onu “ucuz sensasiyaçı, yöndəmsiz, banal” adlandırdınız. Nəyə görə belə düşünürsünüz?
– Qeyri-rus oxucular iki şeyi başa düşmürlər: rusların heç də hamısı Dostoyevskini amerikalılar qədər sevmir və ona rəğbət bəsləyən rusların da əksəriyyəti ona sənətçi kimi yox, mistik kimi yanaşırlar. O, peyğəmbər, çərənçi jurnalist və diqqətsiz bir komediyaçı idi. Etiraf edirəm ki, bəzi səhnələri, nəhayətsiz məzhəkə ilə dolub-daşan sətirləri fövqəladə dərəcədə əyləndiricidir. Lakin onun xeyirxah qatillərinə və sentimental fahişələrinə, oxucu kimi, bir an belə tab gətirmək olmaz.
– O düzdür ki, Heminquey və Konrad (Cozef Konrad) barəsində “uşaq-muşaq üçün yazan adamlar” ifadəsini işlətmisiniz?
– Bu, dübbədüz onların mahiyyətini ifadə edir. İkisi arasından Heminquey, şübhəsiz, daha yaxşıdır; heç olmasa, onun öz səsi var və füsunkar, son dərəcə bədii notlara malik “Qatillər” kimi hekayəsi ilə öz məsuliyyətini ortaya qoyub və məşhur əsərindəki balığın təsvirini də çox yaxşı verib. Lakin Konradın suvenir mağazasına bənzər üslubuna, balıqqulağı formalı boyunbağılar və butulka içərisindəki gəmilərə xas romantik qəliblərinə dözmək mümkün deyil. Bu iki yazıçının heç birində yazmaq üçün can atdığım nəsə bir mövzu tapa bilmirəm. Düşüncə tərzi və emosional baxımdan onlar ümidsiz yeniyetmədirlər və eyni şeyi, digər bəzi sevimli yazıçılar, eyni otaqda vaxt keçirən ev heyvanları, universitet məzunlarının təsəllisi, dəstəyi haqqında da demək olar və onların bəziləri bu gün həyatdadırlar, ona görə də ölmüş, lakin hələ basdırılmamış yaşıdları qala-qala bu qoca igidlərə əzab verməyə nifrət edirəm.
– Siz özünüz gənc ikən nələr oxuyurdunuz?
– 10-15 yaşlarım arasında Sankt-Peterburqda olarkən həyatımın digər beş illik periodlarında oxuduğumdan daha çox fantastika və poetik əsər – ingilis, fransız və rus dillərində – oxudum. Xüsusilə Uels (Herbert), Po (Edqar), Brovninq (Robert), Kits (Con), Flober, Verlayn (Paul), Rimbaud (Artur), Çexov, Tolstoy və Aleksandr Blok kimilərinin əsərlərinə müraciət etdim. Başqa bir mərhələdə Şerlok Holms, Skarlet Pimpernel, Fileas Foq qəhrəmanlarıma çevrildilər. Əlqərəz, böyük bir kitabxanası olan ailənin tamamilə normal, üçdilli uşağı idim. Sonrakı dövrdə, 20-23 yaşlarımda İngiltərənin Kembric şəhərində olarkən Husman (Alfred), Rupert Bruk, Coys, Prust və Puşkin əvəzedilməzlərim oldular. Sonradan bu sevimli yazıçılardan bir neçəsi – Po, Verlayn, Jül Vern, Emmuska Orkzi (Baroness Orczy), Konan Doyl və Rupert Bruk – nəzərimdə sahib olduqları cazibəni və həyəcanı itirdilər. Digərləri toxunulmaz olaraq qalır və mənə görə, onlar, yəqin ki, dəyişiklik adlanan şeyin çox ötəsindədirlər. 1920-1930-cu illərdəki bir çox həmyaşlarım kimi Paundun (Ezra), Eliotun poeziyasına məruz qalmadım. Onları ilk dəfə təxminən 1945 ərəfələrində bir amerikalı dostumun evinin qonaq otağında oxumuşdum və müqabilində nəinki laqeyd qalmış, hətta insanların bunları özlərinə nəyə görə böyük problem etmələrini başa düşməmişdim. Amma belə güman edirəm ki, məndən daha erkən yaşda kəşf edən oxucular üçün onlar müəyyən sentimental dəyərlərə malikdirlər.
– Oxu vərdişləriniz bu gün necədir?
– Adətən eyni vaxtda bir neçə kitab oxuyuram – köhnə kitablar, yeni kitablar, fantastika, qeyri-fantastika, şeir və bunun kimi şeylər – və çarpayımın baş ucundakı kitab yığını bir neçə cildə düşdükdən sonra ki, adətən hər həftənin sonunda bu baş verir, başqa bir yığın onu əvəzləyir. Fantastikaya aid bəzi kitablar var ki, onlara heç vaxt toxunmuram – məsələn, nifrət etdiyim bir sıra əsrarəngiz hekayələr və tarixi romanlar. Guya “güclü” olan, əslində, sıravi ədəbsizliklər və sel kimi dialoqların aşıb-daşdığı romanları da bəyənmirəm. Əslində, ümidverici bir redaktordan əsəri alanda kitabı onun qədər bəyənəcəyimə ümid edirəm. Amma əlimə götürən kimi əvvəlcə orada nə qədər dialoqun yer aldığına baxıram, əgər bol və davamlı olaraq gözümə dəyirsə, həmin an qapağını sərt şəkildə örtüb çarpayıma girişini birdəfəlik qadağan edirəm.
– Oxumaqdan zövq aldığınız müasir yazıçılar varmı?
– Bəyəndiyim bir neçə nəfər var. Məsələn, Alen Rob-Qriye və Borxes. İnsan onların ecazkar labirintlərində necə də azadcasına və minnətdarlıq duyğusuyla nəfəs alır! Onların düşüncələrinin aydınlığını, saflığını və poeziyasını, güzgüdəki ilğımını sevirəm.
Bir çox tənqidçilər hesab edirlər ki, bu təsvir sizin nəsrinizə heç də az uyğun gəlmir. Sənət formaları kimi nəsrlə poeziyanın bir-birilə qaynayıb-qarışdığını nə dərəcədə hiss edirsiniz?
– Poeziya, şübhəsiz, bütün yaradıcı yazıları özündə ehtiva edir. Mən poeziya ilə bədii nəsr arasında heç vaxt ümumi fərq görə bilməmişəm. Əslində, istənilən uzunluqdakı yaxşı bir şeiri, təkrarlanan və ya təkrarlanmayan qafiyə, ahənglə birlikdə, yaxşı bir nəsr nümunəsinin təmərküzləşmiş forması kimi səciyyələndirmək olar. Prosodiyanın (vurğu, ritm, temp, intonasiya haqqında elm – tərc.) sehri mahiyyət anlayışının ləzzətini tam olaraq ortaya çıxarmaqla prozanı təkmilləşdirə bilər, lakin düz nəsrin özündə də müntəzəmlik, səhih ifadələrin ahəngi, deyim və intonasiyanın təkrarlanan xüsusiyyətləri ilə ifadə olunan fikir növbələnməsi mövcuddur. Çağdaş elmi təsnifatlarda olduğu kimi, bu gün də nəzm və nəsr anlayışımızda üst-üstə düşən bir çox məqamlar var. Aralarındakı bambuk körpüsü sadəcə məcazdan ibarətdir.
– Siz həmçinin yazmışdınız ki, poeziya “rasional sözlər vasitəsilə dərk edilən irrasional ideyalara məxsus sirlərin” təmsilçisidir. Amma çoxları hesab edirlər ki, elmə məxsus konkret biliklərin var olmanın ən mübhəm sirlərini faş etdiyi bir dövrdə “irrasional” amillərə artıq elə də yer yoxdur. Bununla razısınız?
– Bu mənzərə çox aldadıcıdır, jurnalistik illuziyadır. Əslində, insanın elmi təfəkkürü nə qədər genişdirsə, mistik tərəfi də bir o qədər dərin olur. Üstəlik, bu gün elmin hər hansı bir sirrin üzərini açdığını düşünmürəm. Biz, qəzet oxucuları olaraq, bir elektrikin zirəkliyini və ya bir psixiatrın cəfəngiyyatlarını elm adlandırmağa meyilliyik. Bunu, ən yaxşı halda, tətbiqi elm adlandırmaq olar və tətbiqi elmin də xüsusiyyətlərindən biri bundan ibarətdir ki, dünənki neytron və bugünkü həqiqət sabah ölür. Halbuki daha yaxşı mənada, elmi, görünən və hiss olunan təbiətin tədqiqi və ya saf riyaziyyatın və fəlsəfənin poetik ifadəsi kimi səciyyələndirmək olar ki, burada da vəziyyət həmişəki kimi ümidsiz olaraq qalır. Biz həyatın mənşəyini, mənasını, məkan yaxud zamanın təbiətini, təbiətin təbiətini və ya düşüncənin təbiətini heç bir zaman bilməyəcəyik.
– İnsanın bu sirləri dərk etməsi onun ilahi varlıq konsepsiyasında təcəssüm edir. Nəhayət, son sual, Tanrıya inanırsınızmı?
– Tamamilə səmimi olsaq, bunu deyə bilərəm ki, indicə dilə gətirəcəyim şey əvvəllər heç vaxt səsləndirmədiyim fikir olacaq və ümid edirəm bu, sizdə, müsbət mənada bir ehtizazın baş qaldırmasına təkan verər: sözlərlə ifadə edə biləcəyimdən daha çox şeyə bələdəm; o xırda şeyləri ifadə edə bilməzdim, əgər daha çoxuna bələd olmasaydım.