2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan bəzilərini sizlərə təqdim edirik:
1. Yerdə “əldəqayırma Günəş”
Şimali Kaliforniyadakı “Lourens Livermor” Milli Laboratoriyasının alimləri nüvə sintezi üzrə rekord qıran təcrübə keçiriblər. Belə ki, elm adamları Milli Alovlanma Təsislərində (NIF) saniyənin 100 trilyonda biri üçün 1,3 meqacoul enerji ayrılmasına nail olublar.
Nüvə sintezində iki atom birləşərək daha ağır bir atom meydana gətirir və böyük miqdarda enerji buraxır. Bu proses təbiətdə baş verir – məsələn, Günəş məhz nüvə sintezi vasitəsilə (hidrogen atomlarını birləşdirərək heliumu əmələ gətirməklə) enerji yaradır.
Ən sadə termonüvə sintezi hidrogenlə qidalanır. Alimlər ümid edirlər ki, zaman keçdikcə nüvə sintezi “əhliləşdirilə” və okeanlarda bol olan hidrogendən istifadə etməklə nisbətən təmiz enerji mənbəyinə çevrilə bilər.
2. Fəhlə kimi işləyəcək və musiqi duyumu olan insanabənzər robotlar
Amerikalı milyarder İlon Maskın texnologiya sahəsinə qoyduğu investisiyalar barədə hamı məlumatlıdır. Lakin bunlardan ən maraqlı olanlardan biri “Optimus” humanoid robotudur.
“Tesla AI Day 2022” tədbirində təqdimat zamanı ilk prototipin müstəqil şəkildə ayaq üstə hərəkət etdiyi və musiqinin ritminə uyğun olaraq qollarını yelləyə bildiyi görünüb.
İnsanabənzər texnika həmçinin çiçəkləri sulayır, müəyyən ev işləri görür.
Maskın sözlərinə görə “Optimus” “Tesla” avtopilotunun təchiz olunduğu eyni sensorlardan istifadə edir. Robotun gələcəkdə, məsələn, anbarda fəhlə kimi işləyə biləcəyi vurğulanıb. Onun enerjisinin tam bir iş günü üçün kifayət edəcəyi gözlənilir.
Daha bir insanabənzər robot “Xiaomi” tərəfindən Pekin sərgisində təqdim edilib. Bu yaxınlarda humanoidin internet istifadəçilərinə musiqi qabiliyyəti də nümayiş olunub: Parametrləri insana mümkün qədər yaxın (boyu 177 sm, çəkisi isə 52 kq) olan “CyberOne” təbildə ritm tutarkən videoya çəkilib.
Kadrlarda robotun təbillərə inamla vurduğunu, həmçinin pedallardan istifadə edərək musiqinin ritminə uyğun başını tərpətdiyini görmək olar.
3. Avropada ilk kvant kompüteri: 1 həftəlik əməliyyat 1 saniyədə
2022-ci ilin əvvəlində Almaniyanın Yülix şəhərində Avropanın ilk kvant kompüteri – kubitlərinin sayı 5 mini ötən “Advantage” buraxıldı.
Kvant hesablamaları “kombinatorial optimallaşdırma”da (riyaziyyatçıların dili ilə desək) ixtisaslaşmış bir sahədir. Əslində, bu, mümkün olan ən yaxşı həlli tapmaq üçün çoxsaylı variantların təhlilindən ibarətdir: hansı qiymətli kağızlara investisiya etmək, hansı dərman kombinasiyası daha yaxşı işləyir və ya elektrik avtomobillərini daha ucuz necə istehsal etmək olar…
Çox abstrakt səslənir?
Tutaq ki, nahar masasında on nəfəri elə əyləşdirmək istəyirsən ki, axşam hamı üçün mümkün qədər rahat keçsin. Seçmək üçün üç milyondan çox kombinasiyamız var. Bəli, klassik kompüter optimal həlli tapmağa kömək edə bilər. Ancaq daha böyük vəziyyətlərdə belə hesablamalar aylar çəkəcək, çünki adi kompüter bütün mümkün birləşmələrdən növbə ilə keçəcək.
Lakin kvant kompüterləri kombinasiyaları eyni vaxtda təhlil edir və biz nəticə daha tez əldə olunur.
Adi kompüter bəzi kombinator hesablamaları üçün bir həftə sərf edəcəyi halda, kvant kompüteri ilə eyni əməliyyat cəmi bir saniyə çəkir. Bəli, bir həftə əvəzinə bir saniyə…
4. Plastikdən yüngül, poladdan möhkəm material
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri plastikdən daha yüngül, lakin poladdan daha möhkəm olan yeni ultra nazik material hazırlayıblar.
2DPA-1 adlanan yeni material möhtəşəm xüsusiyyətlərə malikdir. Polimer çox nazik və yüngül olsa da, onun möhkəmlik həddi poladdan iki dəfə çoxdur, deformasiyası üçün isə güllə keçirməz şüşədən altı dəfə çox güc tələb olunur. Bundan başqa qaz və mayelər üçün tamamilə keçilməzdir.
Bu materialdan hətta binaların tikintisi üçün də istifadə oluna bilər.
5. Bəşər tarixində ilk təcrübə: Yerdən müdaxilə ilə asteroidin trayektoriyası dəyişdirildi
Bəşər tarixində ilk dəfə Yerdən idarəolunan zondla kosmik cismin trayektoriyasının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.
DART zondunun “Dimorf” (“Dimorphos”) adı verilən asteroidlə toqquşması NASA tərəfindən canlı yayımla nümayiş olunub.
Elm adamlarının sözlərinə görə, toqquşmadan sonra səma cisminin orbiti dəyişib.
Qeyd edək ki, sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmurdu. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılıb.
6. Qardan elektrik enerjisi
Yaponiyanın Honsü adasının şimalında yerləşən Aomori şəhərinin hökuməti qardan istifadə etməklə elektrik enerjisi istehsal etməyi planlaşdırır.
Bildirilir ki, küçələrin təmizlənməsi zamanı yığılan qar hovuza atılacaq, içinə xladagentli borular çəkiləcək. Xladagentdə qurğunun qarla soyudulan hissəsi ilə xarici hava və günəş tərəfindən qızdırılan hissəsi arasında yaranan temperatur fərqinə görə, xladagentin konvektiv axını yaranacaq. O, turbini fırladacaq, nəticədə elektrik enerjisi istehsal ediləcək.
Tokio Elektrik Rabitə Universitetinin professoru Koci Enokinin hesablamalarına görə, elektrik enerjisi istehsalının bu üsulunun səmərəliliyi günəş panellərindən istifadə etməkdən daha yüksək ola bilər. Bundan əlavə, elektrik enerjisi istehsal etmək üçün qardan istifadə ekoloji cəhətdən daha təmizdir.
7. Ayın səthində su
Tarixdə ilk dəfə olaraq “Çanye-5” (“Chang’e-5”) Ay stansiyası orbital zondu Yerin təbii peykinin səthində su aşkar etdi.
Əslində “Çanye-5” aparatı Aya 2020-ci ilin dekabrında eniş edib. Kosmik cihaz Aydan torpaq nümunəsi götürüb və ətrafdakı Ay qayasında müşahidələr aparıb. Məhz Ay səthinin bu spektroskopik görüntülərində alimlər suyun varlığına dair dəlillər tapıblar.
Mineralogik Spektrometrlə aparılan ölçmələrə görə, Ay qruntunda su milyonda 120 hissəyə qədərdir (Bu, konsentrasiyanın ölçüldüyü nisbi dəyərdir, yəni Ay qruntunun milyon hissəsinə 120 hissə su var). Yerin standartlarına görə, bu son dərəcə kiçik göstərici olsa da, super quru Ay üçün inanılmaz dərəcədə böyükdür.
Bundan əvvəl alimlər təbii peykimizdə suyun mövcudluğuna dair sübutlar tapıblar. Bununla belə, o, Yerə çatdırılan torpaqdan çıxarılıb və ya qurğular səth üzərində uçuş zamanı müşahidə məlumatları toplayıb. Yeni dəlillər isə eniş yerində ölçmələrdən gələn ilk sübutdur.
8. Atom saatlarından daha dəqiq lazer siqnalları
Qərbi Avstraliya Universitetinin alimləri ən uzun lazer şüası üzrə dünya rekordu müəyyənləşdiriblər. Siqnal 2,4 kilometr məsafəyə atmosferə ötürülüb.
Lazer şüaları atom saatlarının qlobal şəbəkəsinin yaradılması üçün vacibdir. Bu şəbəkə fizikanın fundamental qanunlarını daha yaxşı başa düşməyə, qaranlıq materiyanı tədqiq etməyə, Yerdə və kosmosda daha dəqiq marşrut qurmağa kömək edəcək.
Elmi işin müəllifləri vurğulayıblar ki, atom saatları şəbəkəsinin yaradılması digər məsələlərlə yanaşı, Eynşteynin nisbilik nəzəriyyəsini sınaqdan keçirməyə imkan verəcək. Yerdə və kosmosda iki atom saatının vaxtını dəqiq müqayisə etməklə, ümumi nisbi nəzəriyyənin harada işlədiyini və harada işləmədiyini müəyyən etmək olar. Əgər Eynşteynin fikirləri doğrudursa, o zaman Yerin cazibə qüvvəsindən daha uzaqda olan saatlar bir az daha sürətli işləməlidir.
Mümkün qədər səmərəli işləmək üçün bu saatlar atmosferin qatları vasitəsilə etibarlı şəkildə bir-birinə bağlanmalıdır. Alimlər bunu lazer şüaları ilə etməyi planlaşdırırlar.
Yeni təcrübənin yaratdığı şüa atom saatından 1000 dəfə daha stabildir.
9. Dünyanın ən qədim əlifba yazısının deşifrəsi
Əlifba eramızdan əvvəl 1800-cü ildə yaranıb və kənanlılar tərəfindən, sonra isə dünyanın əksər dilləri tərəfindən istifadə edilib. Yaxın vaxtlara qədər İsraildə heç bir mənalı kənan yazısı tapılmayıb (müxtəlif artefaktlar üzərində iki-üç söz istisna olmaqla).
Lakin cari ilin noyabr ayında vəziyyət dəyişdi: elm adamları kənan dilində (Canaanite dialects) təxminən eramızdan əvvəl 1700-cü ilə aid bütöv bir cümlə tapıblar. Fil sümüyündən hazırlanan kiçik darağa həkk olunan yazı bitlərə qarşı ovsundur.
Əslində daraq qədim Təl-Laxişdə 2017-ci ildə tapılıb. Yazının hərfləri çox kiçik həkk olunub, ona görə də onları yalnız 2022-ci ildə – artefaktın sonrakı işlənməsi zamanı müəyyən etmək mümkün olub.
Darağın üzərində 17 kənan hərfi var. Əlifba yazısının ixtirasının ilk mərhələsində olan formaca arxaik hərflərlə kənan dilində yeddi söz yazılıb: “Bu köpək dişləri saç və saqqaldakı bitləri kökündən məhv etsin”.
Qeyd edək ki, minlərlə il əvvəl kənanlılar indiki İsrail, Fələstin, Livan, Suriya və İordaniya ərazilərində yaşayıblar.
10. Kainatın ilk rəngli fotosu
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Ceyms Uebb” Kosmik Teleskopunun ilk elmi görüntüsünü yayımlayıb. Bu şəkil kainatın indiyə qədər çəkilmiş ən dərin və ən rəngli şəkli kimi qeydə alınıb.
Fotoda 4,6 milyard il əvvəl meydana çıxan SMACS 0723 qalaktika topası əks olunub.
“Minlərlə qalaktika, o cümlədən indiyə qədər spektroskopiyada müşahidə edilən ən zəif obyektlər ilk dəfə “Ueyb”in görmə sahəsinə daxil oldu. Nəhəng kainatın bu parçası səmanın qum dənəciyi ölçüsündə bir sahəsini əhatə edir”, – deyə agentlik şəkli təsvir edib.
11. Yerdə Marsda yaşaya biləcək bakteriyaların aşkarlanması
Kosta Rikada Poas vulkanını araşdıran tədqiqatçılar Laquna Kalyente krater gölündə “Acidiphilium” cinsinə aid canlı bakteriyalar tapıblar. Elm adamlarının fikrincə, tapılan mikroorqanizmlər Marsın səthində oxşar şəraitdə potensial həyatın necə mövcud ola biləcəyini göstərir.
Laquna Kalyente dəniz səviyyəsindən 2,3 km yüksəklikdə yerləşir. Onun ətraf mühiti Yer üzündəki ən sərt mühitlərdən biridir. Çox yüksək kükürd tərkibinə, həmçinin -0,87 və 1,5 arasında dəyişən turşuluğa malikdir. Gölün temperaturu 38-90 dərəcə arasındadır.
Ən inanılmaz olanı isə tədqiq olunan ərazidə mineralların tərkibinin Mars planetindəki Qusev kraterinin mühitinə bənzəməsidir.
12. Təxminən 50 min il yaşı olan virusun “dirildilməsi”
Rusiya, Almaniya və Fransadan olan alimləri Sibirin əbədi buzlaqlarında yaşı on minlərlə il olan bir neçə virus aşkar ediblər. Onlar Yukeçi alasında gölün dibinin 16 metr dərinliyində tapılıb. Virusların ən qədimi 48,5 min il orada olub.
Tədqiqatçılar nəhəng DNT tərkibli 13 virus müəyyən edə biliblər, hətta onlardan birini yenidən canlandıraraq laboratoriyada çoxaltmaq mümkün olub. Virusların heyvanlar və bitkilər üçün təhlükəsiz olduğu iddia edilir. Belə bir virus yalnız ən sadə canlı orqanizmləri yoluxa bilər.
Elm adamlarının fikrincə, iqlim dəyişikliyi və planetdə orta temperaturun yüksəldiyi bu günlərdə belə mikroorqanizmlərin öyrənilməsinə ehtiyac var. Bu, əbədi buzların əriməyə başlamasına, nəticədə sərbəst qalan virusların yeni infeksiyaların yaymasına səbəb ola bilər.
Alimlər bu gün virusları öyrənməyin mümkün pandemiyaya əvvəlcədən hazırlaşmağa imkan verəcəyini düşünürlər.
Emilya Tağıyeva