Sən vəfat edəndə nə yaşın var idi ki, ustad- vur-tut 58. İndi mən 58 yaşa qədəm qoyarkən bunu daha çox anlayıram. Daha çox başa düşürəm ki, ömrünün ən məhsuldar dövründə amansız ölümə tuş gəlmisən…
Fəqət, bu qısa ömründə hansı uğurlara imza atmamısan ki, uşaqlıq illərini arxada qoyandan, ali təhsilə yiyələnəndən sonra səkkiz il “Azərbaycan müəllimi” qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmisən. Daha sonra səkkiz il də “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifəsini icra etmisən. 1966-1983-cü illərdə Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışmısan. 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləmisən. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olmusan.
O qədər yazara əl tutmusan ki, o qədər adamı sevindirmisən ki, birdir, ikidirmi xeyirxah əməllərin, saymaqla bitməz…
Müxtəlif əcnəbi müəlliflərin əsərlərinin tərcüməsi, bir çox kitabların tərtibi keçib ömür yolundan. İyirmiyə yaxın bədii kitab ərsəyə gətirib, yaratdıqlarını oxucularına təqdim etmisən. Onlardan bir neçəsini mütaliə etmək mənim də taleyimə yazılıb. “Toy gecəsi”, “Vətən çağıranda”, “Qağayı fəryadı” adlı kitabların bu sıradadır…
1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində dünyaya gəlmişdin. 1985-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində bizi tərk edib getsən də, Səni unutmamışıq, ustad. Yasaydın yanvarın 5-də ad gününü qeyd edəcəkdik…
Ruhun şad, yerin cənnət olsun, Əlfi Səhlik oğlu- Azərbaycanın unudulmaz yazıçı, publisist, tərcüməçi oğlu, Əlfi Qasımov!..
Elman ELDAROĞLU